MİA

  • 10 143

Tolerantlığın Azərbaycan nümunəsi - TƏHLİL

image

Öz şərəfli tarixi boyunca Azərbaycan fərqli millətləri, ayrı-ayrı dinlərə mənsub toplumları bir dövlət altında sülh içində birləşdirib

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq və dostluq şəraitində yaşadığı ölkə kimi tanınıb. Tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasihüquqi qaynaqlarda, sənədlərdə yaşayır.

Həm milli, həm dini Azərbaycan

Multikulturalizmin müxtəlif modelləri- ABŞ, İsveç, Avstraliya, Kanada modeli kimi növləri olmasına baxmayaraq, Azərbaycanın dünyaya təqdim etdiyi model bir çox mütərəqqi dövlətlər tərəfindən rəğbətlə qarşılanır və nümunə kimi tətbiq edilməkdədir. Bu model tarixi köklərə bağlı olduğu üçün daha dayanıqlıdır. ABŞ-ın Yuta və Oreqon ştatlarının Senat və Nümayəndələr Palataları tərəfindən Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamənin qəbul edilməsi qeyd edilənlərə bariz nümunədir

Tarix boyu Azərbaycan xalqının mədəniyyətinin əsas xüsusiyyətlərindən biri olan tolerantlığa xüsusi dəyər verilib. Fərqli mədəniyyət və inancların nümayəndələri ilə birlikdə, eyni dövlətdə, eyni hökumətin nəzarətində tolerantlıq çərçivəsində həyatlarını harmoniya içində davam etdiriblər. Qədim Azərbaycan İslamı qəbul etdikdən sonra da tolerantlıq, bərabərlik, ədalət və insan sevgisi kimi təməl dəyərlərini İslam inanc və prinsipləri ilə qarışdırmış, öz tarixindəm müxtəlif mədəniyyət və adət-ənənələri bu bu inancla bütünləşdirib, özünəməxsus İslam təsviri və anlayışı yaradıb.

Beləliklə, tarixi mənşəyi baxımından cəmiyyətimizin təməl dəyərlərindən biri olan tolerantlıq anlayışı müxtəlif amillərin təsiri ilə xalqımıza xas xüsusiyyət qazanıb. Ölkəmizdə tolerantlığın müxtəlif inanclara, mədəniyyətlərə və həyat tərzlərinə hörmətlə yanaşması anlamında dərk edilməsi həm də sosial sabitliyə və həmrəyliyə töhfə verməklə cəmiyyətin sistemli bir bütövlükdə mövcudluğunu qoruyub saxlayıb. Müqəddəs Ramazan bayramında ölkə başçısı İlham Əliyevin verdiyi ziyafət süfrəsində bütün dinlərin liderlərinin təmsil olunması Azərbaycandakı tolerantlıq anlaşıyışının sadəcə sənədlərdə deyil, real həyatda olduğunu görmək olur.

Həmçinin biz Azərbaycandakı tolerantlığın ən güclü nümunəsini 44 günlük müharibədə də gördük. Dinindən, milliyətindən asılı olmayaraq bütün gənclər vətən üçün cəbhəyə axışdı. Eynilə I Qarabağ Müharibəsində olduğu kimi II Qarabağ Müharibəsinin də dini-etnik mənsubiyyəti fərqli olan qaziləri, qəhrəmanları, şəhidləri oldu.

Azərbaycan - etnik-dini dözümlülük simvolu

Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Azərbaycan mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti olan çoxmillətli, çoxkonfessiyalı ölkə kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanıdır. Qərbdə “tolerantlıq” sözü ilə ifadə edilən bu anlayışın bildiyimiz mənası “başqalarının fikirlərini, düşüncələrini və hisslərini bizimkinə zidd olsa belə, qəbul etmək, dözmək və hörmət etmək” kimi şərh edilir. Azərbaycan xalqının mədəniyyətində tolerantlığın inkişaf tarixi diqqətlə araşdırıldıqda, bu anlayışın inanc və mənəvi baxımdan özünəməxsusluğu aydın görünür.

İslam ənənəsinin formalaşdırdığı əxlaq çərçivəsində tolerantlığın dəyəri nəticələrindən asılı olmayaraq dini-mənəvi vəzifə kimi qəbul edilir. Bizim mədəniyyətimizdə özünəməxsus məzmun və məna daşıyan tolerantlıq anlayışı qərbdə maarifçiliklə başlayan tolerantlıq təcrübələrindən daha uzun bir tarixə malikdir. Ona görə də qədim türk-islam mədəniyyətinin hər mərhələsində tolerantlığın və insanın başqa dinə mənsub insana olan hörmət və sevgisinin tərənnüm edilməsi bu təməl dəyərlərə verilən önəmin göstəricisidir.

Tolerantlığa əsaslanan cəmiyyətlərin formalaşmasında bir çox amillərlə yanaşı, qədim azərbaycanlıların İslam dinini qəbul etməzdən əvvəlki dini inanc və adətlərinə bağlı olması böyük təsir göstərib. Tarix boyu təktanrıçılığa inanan xalqımız İslam dininin mənimsənilməsində buna görə çətinlik çəkmədi. Allah-insan münasibətlərinin müəyyənləşdirilməsində dinin qaydaları, təbliğ etdiyi doğrular mühüm əhəmiyyət kəsb edir. Həmçinin unutmaq olmaz ki, qədim türk mədəniyyət ənənəsində tolerantlıq insan olmaq oxu üzərində inkişaf edib. Öz şərəfli tarixi boyunca Azərbaycan onlarla xalqı, fərqli dinlərə mənsub toplumları bir dövlət altında birləşdirib, onların sülh və qardaşlıq şəraitində yaşamasına şərait yaradıb.

Qarşılıqlı hörmət dinləri də qardaşlaşdırır

Türklərin İslamı qəbul etməsindən sonra özünəməxsus şəkildə inkişaf etdirdikləri tolerantlıq anlayışı və dini-islami mətnlərə göstərdikləri dəyər tolerant həyatın bir həyat tərzinə çevrilməsinə səbəb olub. Doğrudur, dini kitablarda insanların bir-biri ilə sülh şəraitində yaşaması üçün bir çox normalar göstərilir, başqa dinlərin nümayəndələrinə qarşı münasibətə yön verilir, amma bununla belə daha dərin sosioloji təhlil edəndə görürürk ki, bu mətnlərdə tolerantlığın inkişafı üçün uyğun olduğunu düşündüyümüz sosial çevrəni, mühiti nəzərə almağı da tələb edir. Ortaq dəyərlərin və əxlaqi inancların vəhdətindən yaranan abu-hava ictimai nizamın və sabitliyin təmin edilməsində əhəmiyyətli rol oynayır. Bir dinin başqa dinə nifrət aşılaması, bir inanca malik insanın əks inanca mənsub insana qarşı aqressiyası mühitində bu sabitliyi təmin etmək mümkün olmazdı.

Ümumiyyətlə, sosial nəzəriyyəçilər sosial həyatın təşkilində ilkin şərtlərdən biri olan inteqrasiyanın təmin edilməsində dinin mühüm rol oynadığını qəbul edirlər. Tolerantlığın dəyəri ailə münasibətlərindən tutmuş dini münasibətlərin və mədəni fəaliyyətə qədər sosial həyat üçün son dərəcə əhəmiyyətlidir. Tolerantlığın əksi olan fanatizm həyatın bütün təbəqələrində durğunluq, dar düşüncə və intellektual gerilik deməkdir. Fanatik dini baxışı olan ölkələrdə bu baxımdan həmişə problemlər yaranır.

Qədim Azərbaycan tarixinə tolerantlıq nöqteyi-nəzərindən nəzər saldıqda görürük ki, əcdadlarımız istər İslamdan əvvəlki dövrdə, istərsə də İslamı qəbul etdikdən sonra digər inanc mənsublarına qarşı son dərəcə tolerant olublar. Şübhəsiz ki, türk mədəniyyətində asanlıqla fərqləndirilə bilən tolerantlıq anlayışına töhfə verən bir çox amillərlə yanaşı, manixeylik, zərdüştilik, buddizm kimi müxtəlif dini ənənələrin mənsubları ilə bir yerdə yaşama təcrübəsi və onların digər mədəniyyətlərlə təmas və qarşılıqlı əlaqə qurma imkanları da vardır. Azərbaycan elə bir ölkədir ki burada bir müsılman din xadimi yəhudi din xadiminin övladının toyunda iştirak edir, xeyir-dua verir.

Nəticə etibarı ilə qloballaşmanın təsirlərinin sosial həyatın bütün sahələrində hiss olunduğu müasir dünyada dini prinsiplərin müasir inkişaflar çərçivəsində özünəməxsusluğunu qoruyub saxlaya bilməsi bir az da dini təmsil edən şəxsiyyətlərdən asılıdır. Dini liderlərin humanist çıxışları, tolerant davranışları bütün bir dini icmaya örnəkdir. Qədimdən bəri el ağsaqqalarının inkişaf etdirdiyi və mənimsədiyi tolerantlığın dəyəri modern dünyamızda da zənginləşdirilməlidir.

Ortaq dəyərlər etnik, dini, siyasi, sosial, mədəni mənsubiyyətindən asılı olmayaraq bu tolerant ölkədə yaşayan hər bir insan üçün ümumi ehkamlara söykənir. Bu günlərdə rəhmətə gedən dəyərli İslam din xadimi Hacı Şahinin vəfatına bütün dinlərin nümayəndələrinin eyni dərəcədə təsirlənməsi bu tolerantlığın ən bariz nümunəsi deyilmi? Dini mənsubiyyətindən asılı olmayaraq bütün ictimaiyyət din xadiminin vaxtsız vəfatına kədərləndi. Ölkəmizdə yaşayan hər kəs üçün ortaq dəyər anlayışının olması tolerantlığın simvolu olmaq üçün yetərli səbəb deyilmi?

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər