PDF Oxu

MİA

  • 21 106

Nüvə dilemması: təhlükəli enerji, yoxsa enerji təhlükəsizliyi – ARAŞDIRMA

image

Azərbaycanda Çernobıl əlillərinə xüsusi qayğı göstərilir. Dünyanı xilas edən həqiqi qəhrəmanlar buna layiqdirlər

Bəşəriyyətin atom-nüvə texnologiyasının gücü və dəhşətləri ilə tanışlığı 1945-ci ilə təsadüf edib. 2-ci dünya müharibəsində faşist Almaniyasının təslim olmasından 3 ay sonra ABŞ tərəfindən Almaniyanın müttəfiqi olan Yaponiyaya qarşı atom bombalarının tətbiqi qlobal şok effekti verdi. Avqustun 6-da və 9-da Xirosima və Naqasaki şəhərlərinə atılan 2 atom bombası bu şəhərləri yer üzündən sildi, yüz minlərlə insanı bir anda külə döndərdi, milyonlarla insanı ağır şüalanmaya məruz qoydu. Bu bəşər tarixində görünməmiş bir qırğın idi, yüz minlərlə insanın görünməyən düşmən tərəfindən öldürülməsi...

1949-cu ildə qlobal güc balansını təmin etmək üçün SSRİ-də də atom bombası yaradıldı, lakin bu bomba heç vaxt tətbiq olunmadı. Sovet İttifaqı atom texnologiyasından dinc məqsədlərlə istifadəni qarşıya məqsəd olaraq qoymuşdu və atom enerjisi əldə etmək üçün elmi işlər aparırdı. Nəhayət1954-cü ildə SSRİ-də (Obninsk şəhərində) dünyanın ilk Atom Elektrik Stansiyası (AES) işə salındı. Sonralar bu cür stansiyaların ABŞ və Avropada da tikilməsi ilə dünyada atom enerjisi bumu başladı.

Lakin 1986-cı ildə SSRİ-də tarixin ən böyük texnogen qəzasının baş verməsi bu prosesi bir qədər ləngitdi. 1986-cı ilin aprelin 26-da SSRİ-nin və dünyanın ən modern texnologiyalı stansiyası sayılan Çernobıl AES-in 4 nömrəli reaktorunda partlayış oldu. Və bəşəriyyət atom erasının növbəti dəhşətli xəbərdarlığı ilə tanış oldu.

Çernobıl faciəsi niyə və necə baş verdi?

1986-cı il, aprel ayının 25-i. Ukrayna SSR-in Pripyat şəhəri yaxınlığındakı Lenin adına Çernobıl Atom Elektrik Stansiyasının 4 nömrəli reaktorunda elektrik cərəyanını dövrədən ayırandan sonra turbinlərin nə qədər dövr edəcəyini və bu yolla onun növbəti iş gününə hansı səviyyədə hazır olacağını müəyyən etmək üçün xüsusi test keçirilməsinə hazırlıq işi görülür...

"Qaçış rejimi" adlanan belə rejim turbogeneratorun rotorunun kinetik enerjisindən təminatçı və əsas sirkulyasiya nasoslarının stansiyanın elektrik enerjisindən məhrum olacağı təqdirdə, AES-in daxili ehtiyaclarını təmin etmək üçün istifadəsinin mümkünlüyü sınaqdan keçirilməliydi.

Belə dayandırmalar zamanı adətən qeyri-standart və ya müxtəlif proqramlar çərçivəsində avadanlığın reqlament sınaqları keçirilirdi. Bu, həm də ekstremal vəziyyətlər zamanı stansiyanın iş rejiminin saxlanması üzrə proqram təminatının formalaşdırılması üçün edilirdi. Əvvəllər də belə testlər keçirilmişdi, lakin heç bir problem yaranmamışdı. Bu dəfə elə olmadı…

Saat 23.46. SSRİ-nin və dünyanın ən güclü nüvə fiziklərindən biri olan Analoti Dyatlovun tapşırığı ilə operator reaktorun gücünü 500 MVt-a salır, sonra isə sistem lokal avtomatik tənzimləmə sisteminə keçirilir.

Saat 01.00. Cəmi 24 dəqiqədən sonra dünyaya hansı fəlakətin üz verəcəyini ağlına belə gətirməyən texniki personal elektrik cərəyanını kəsir, turbinlərə gedən soyuducu su tədricən azalmağa başlayır. Reaktor vasitəsilə elektroenerji və istilik sərfiyyatının belə artımı mütləq şəkildə buxar həcmini aşağı salırdı. Buxar isə nüvə enerjisi ilə işləyən reaktorun soyuması üçün əsas şərtdir.

Bir qədər keçir, reaktora daxil olan su qızmağa başlayır. Lakin həmin su soyuq qalmalı, reaktorun ətrafındakı borularla fırlanaraq qızmalı və buxara çevrilməli idi.

Saat 01.22. Turbinlərdə su çatışmazlığı kritik həddi keçir. Operator aztəzyiqli reaktoru bağlamaq istəyir. Lakin artıq gec idi. Operator reaktorun gücünü nəzərdə tutulmuş səviyyədə saxlaya bilmir və enerji blokunun gücü 30 MVt-a düşür.

Saat 01:23. "Qaçış" enerjisinin verildiyi generatora qoşulmuş nasosların sırəti aşağı salındığından reaktor qızmağa başlayır. Reaktorun "hərarət"i maksimuma çatır və son çarə olaraq operator pultundan AZ-5 qəza söndürmə rejimi aktiv edilir.

Saat 01:24. Reaktorun içindəki nüvə yanacağı borucuqları əriyib, qrafit çubuqlar geri çəkildiyindən reaktor üzərində nəzarət imkanı itirilib, soyutma sistemləri də sıradan çıxıb. Artıq heç bir qüvvə bu dəhşətli qəzanın qarşsıını almağa qadir deyil...

Ard-arda 2 dəhşətli partlayış baş verir və reaktor darmadağın olur. Güclü zərbə reaktoru əhatə edərək onun xarici aləmlə əlaqəsinə imkan verməyən 1200 tonluq qoruyucu dəmir çəmbəri yerlə yeksan edir. Partlayışdan dərhal sonra böyük yanğın başlayır. Gecəni gündüzə çevirən güclü alovları və yuxarı buxarlanan ultrabənövşəyi radioaktiv toz kolonunu onlarla kilometr məsafədən seyr etmək mümkün idi.

“Sarkofaq” əməliyyatı: dünya belə xilas edildi

Bu, atom elektrik stansiyaları tarixində indiyədək rast gəlinməmiş ən dəhşətli qəza idi, onunla necə mübarizə aparılacağı heç kimə aydın deyildi. Nə SSRİ-də, nə də dünyada belə bir praktika yox idi. Həyəcan siqnalı ilə stansiyaya üz tutan çox sayda yanğınsöndürən maşınları reaktor üzərinə da fasiləsiz su şırnaqları yönəldirdilərsə də, bu, heç bir effekt vermədi. İlk dəqiqələrdə zənn edildiyinin əksinə, bu adı yanğın deyildi. Yanğınsöndürənlər bütün gecəni mübarizə aparsalar da, reaktrodakı yanğını söndürmək mümkün olmadı, yalnız yanğının yayılmasının qarşısı alındı. Ölümcül dozada radiaktiv şüalanmaya məruz qalan yangönsöndürənlər geri çəkildi və xəstəxanaya yerləşdirildi.

Səhər saatlarından Sovet ordusunun kimyəvi mübarizə briqaları əraziyə yönəldildi, qəza idarəetmə komissiyası və operativ qərargah yaradıldı, fəlakətin böyüməsinin qarşsını almaq üçün bütün mümkün tədbirlər görüldü. Lakin reaktora yaxınlaşmaq mümkün deyildi və qəzadan əvvəl tam doldurulmuş reaktordakı nüvə yanacağının böyük həcmdə havaya buxarlanması davam edirdi.

Aprelin 27-də 50 min əhalisi olan Pripyat şəhərində və stansiya ətrafındakı qəsəbə və kəndlərlə yaşayan əhali, ümumilikdə 135 min nəfər sakin evakuasiya olunur. Onlar bir daha heç vaxt öz evlərinə dönə bilməyəcəklərini bilmirdilər…

9 gün, 9 gecə 2 minə yaxın vertolyot və təyyarə minlərlə avtotexnika partlayış baş verən 4-cü blokun üzərinə fasiləsiz olaraq qum, çınqıl və digər maddələr tökürlər. Reaktora radiopultla idarə olunan sürücüsüz avtomaşınlarla müxtəlif kimyəvi materiallar da tökürlər. Şüalanma o qədər güclü idi ki, bu texnikalar da sıradan çıxdı. Ümid ancaq canlı qüvvəyə qalmışdı. Könüllülük əsasənda xüsusi qruplar yaradıldı və mübarizə davam etdi. Qısa müddətdə blokun üzərində 5 min tondan ibarət qum və çınqıl dağı əmələ gəlir.

Reaktor betona gömülür. Lakin, 130-dək Azərbaycan vətəndaşının da qatıldığı “Sarkofaq” əməliyyatı ciddi nəticə vermir, təhlükəli şüalanma yenə də davam etməkdə idi... Ən dəhşətli təhlükə isə qarşıda idi- reaktorun altındakı 200 tonluq qızmış radiaktiv kütlə qalın beton divarları ərtiməkdə idi və təcilli qarşısı alınmasa bu radiaktiv kütlə yaxınlıqdakı su kanallarına, gölə və yeraltı sulara qarışaraq çox böyük bir əraziyə yayıla, Avropanın yarısını zəhərləyərək on miyonlarla insanı öldürə bilərdi. Kimlərsə reaktorun ətrafındakı yeraltı anbarlarda toplanmış radiaktiv sulara baş vurmalı və cəmi bir neçə dəqiqə ərzində orada müvafiq kranları axtarıb tapmalı və bağlamalı idi. 3 Sovet insanı könüllü olaraq bəşəriyyəti xilas etmək üçün ölüm mənbəyinə daldılar və göstərdikləri möcüzəvi qəhrəmanlıq sayəsində milyonları xilas etdilər. Həmin qəhrəmanlara orada abidə ucaldılıb.

Partlayışdan sonra heç bir sərhəd tanımayan radioaktiv şüalanma on minlərlə kvadrat kilometr məsafəni öz təsiri altına almışdı. Hava axınları radiaktiv buludların əvvəl şimal və qərb, daha sonra isə cənub və şərq istiqamətində də yayılmasını təmin etdi. Avropa qitəsinin şərqində bütün canlı aləmə güclü zərbə dəydi, nəinki insanlar, bitkilər və heyvanlar da güclü şüalanmadan, radioaktiv tozdan zərər çəkdi.

Çernobıl əlili Vüqar Xəlilov o günləri belə xatırlayır: “Üzərimizdə şüaölçən cihaz var idi. Lakin ona heç ehtiyac da yox idi, havada şüalanmanın səviyyəsi o qədər yüksək idi ki, şüaları gözlə görürdük. Çəkilirdik kölgəyə, gün düşən tərəfə baxırdıq. Bənövşəyi, qəribə rənglər görürdük. Havada, suda, torpaqda- hər yerdə şüa vardı…”.

“Çernobıl”ın sirri əbədi olaraq betona gömüldü

İlk günlərdə ölkə rəhbərliyi qəzanın səviyyəsini gizlətməyə çalışdı. Sovet rəhbərliyi qısa müddətdə radiasiyanın azalacağına və nəticələrin aradan qaldırılacağına ümid edirdi. Əhali arasında ajiotaj yaratmaq istəmirdilər.

Lakin artıq bölgədə yaşayanlar güclü şüalanmanı aşkar hiss etmiş, SSRİ-nin hər yerində Çernobılda baş verən faciədən xəbər tutmuşdular. Radiaktiv bulud az qala bütün Avropanı bürümüşdü. Amerika peykləri də qəzanı qeydə almışdılar.

Nəhayət Sovet İttifaqının rəhbəri Mixail Qorbaçov Çernobılda AES-də atom qəzası baş verdiyini Mərkəzi Televiziyadan etiraf etdi. Bu açıqlamadan sonra AES ətrafında yaşayan əhali kütləvi şəkildə ərazini tərk etdi.

Ölən və yaralananlarla bağlı müxtəlif rəqəmlər səslənir. Qəza zamanı 2 nəfər həlak oldu, sonrakı günlərdə ölənlərin sayı 30-u ötdü. Sonrakı dövrdə isə şüalanmadan ölənlərin sayı artdı.

Qəzanın nəticələrini aradan qaldırmaq üçün bütün mümkün tədbirlər görüldü, 7 min azərbaycanlı da daxil olmaqla 600 mindən artıq Sovet insanı qəhrəmancasına mübarizə apardı. Onların çoxu şüalanmaya məruz qalaraq müxtəlif xəstəliklərə tutuldular, lakin dünyanı qorxunc bir təhlükədən xilas etdilər.

Çernobıldakı qəzanın əsl səbəbi haqda müxtəlif versiyalar var. AES-in 4-cü reaktorundakı qəzanın operatorun səhvi, sınaqların düzgün hesablanmaması, reaktora kürə ildırımının düşməsi, SSRİ-ni çökdürmək üçün Qərb dövlətlərinin stansiyaya yerləşdirdiyi əməkdaşın təxribatı…

Lakin şahidlərin və mütəxəssislərin çoxu texniki nasazlığa ya da operatorun səhvinə inanmır. Versiyalar arasında öncədən stansiyaya yerləşdirilmiş xarici xüsusi xidmət orqanlarının adamının fəlakətə qəsdən səbəb olduğu da var. Məhz bu hadisədən sonra SSRİ böyük itkilər verdi və fürsətdən yararlanan ABŞ başı daxili problemə qarışmış Sovet İtifaqının beynəlxalq mövqelərini zəiflətdi. Üstəlik, AES yaxınlığındakı çox nəhəng radar antenaları divarı Avropa və Amerika üzərində “quş uçurtmurdu” və bu sistem də AES-dən qidalanırdı, qəza ilə birgə o da sıradan çıxdı. Bu da versiyanı gücləndirən əsas arqumentlərdən sayılır.

Baş operator, SSRİ-nin və dünyann ən güclü nüvə fiziklərindən olan Anatoli Dyatlovun sözlərinə görə, gecə yarısına yaxın o, stansiyanın ərazisində reaktor qrafitinin aşkarlanmasından sonra reaktorun məhv olacağına əmin olub. Bu məlumat 4-cü enerji blokunun növbə nəzarətçilərindən biri Yuri Trequbun xatirələri ilə də təsdiqlənir. Bu da diversiya versiyasını gücləndirir.

Əsl sirr isə, AES-in heç vaxt açılmayacaq beton sarkofaqı altında əbədi olaraq gömülüb.

“Kabuslar şəhəri”ndə əbədi donmuş həyat

SSRİ-yə bu qəza çox baha başa gəldi- AES-lərin verdiyi qazancdan da xeyli baha. Hazırda Çernobılın 30 kilometr radiusundakı ərazilər ölü zona hesab edilir və orada insanların yaşaması qəti qadağandır…

5 milyon hektara yaxın torpaq radioaktiv şüalanmaya məruz qaldığı üçün indiyədək istifadəsiz qalıb. Qəzanın fəsadlarının aradan qaldırılması üçün Çernobıl AES ətrafında onlarla kiçik qəsəbə və kənd məhv olunub. 1970-ci ildə salınmış müasir və gözəl Pripyat şəhəri isə kabuslar şəhərinə çevrilib.

İ.Siqsqordun “Palle dünyada tək-tənha” adlı nağılının motivləri əsasında çəkilmiş Sovet multfilmi mənə həmişə Pripyat şəhərini xatırladır. Balaca Palle yuxuda görür ki, şəhərdə hamı yoxa çıxıb, küçələrdə evlərdə heç kim yoxdur, həyat donub… Çernobıldan çəkilmiş sənədli filmlər eyni mənzərələri nümayiş etdirir və bu səhnələr adamı dəhşətə gətirir.

Boş, adamsız, sakit, səliqəli və müasir bir şəhər. Sanki həyat bir anlığa dayanıb, insanlar harasa yoxa çıxıblar. Evlərin çoxunun qapısı açıqdır, stolun üstündə yeməklər, bağçalarda oyuncaqlar, məktəblərdə dərs ləvazimatları, zovod-fabriklərdə istehsal avadanlığı, küçələrdə nəqliyyat, parklarda karusellər… hər şey əbədi olaraq donub qalıb...

Şəhərdə və ətrafında yüksək radiasiyalı minlərlə vertolyot, müxtəlif avtotexnika və traktorların “əbədi paradı”nı görmək olur. “Kabuslar şəhəri”ndə insan qismən təhlükəsiz halda bir də ancaq 300 ildən sonra yaşaya biləcək. Bu ərazi ancaq 50 min ildən sonra tam təhlükəsiz hala isə gələcək...

Bu qəza bəşəriyyətin taleyinin hər an böyük təhlükə altında olduğu barədə hələ ötən əsrin ortalarında alimlər tərəfindən edilən xəbərdarlığın necə vacib olduğunu bir daha ortaya qoydu. Lakin tarix göstərdi ki, insanlar bu “dərs”dən nəticə çıxara bilməyiblər.

AES tərəfdarları üçün növbəti “soyuq duş”

2011-cü ildə martın 11-də Yaponiyada zəlzələ və sunami sonrası baş vermiş “Fukusima” AES qəzası “Çernobıl”ı təkrarladı. “Fukuşima”nın radiasiyası yeraltı sulara və Sakit okeana da qarışdı. Qəzadan sonra AES-in ətrafındakı dəniz sularında radiasiya 10 min dəfə artdı. Milyonlarla insan, yüz milyonlarla canlı radiaktiv şüalanmaya məruz qaldı. Güclü şüalanmadan 1 milyonadək insanın xərçəngdən öləcəyi güman edilir.

“Fukusima”da ciddilik risk səviyyəsini aşaraq ən yüksək səviyyəyə- 7 bala çatdı. Qəzadan sonra havaya buraxılan radioaktiv tullantıların həcmi Çernobıl AES-də baş vermiş analoji qəzadan 20 dəfə çox idi.

…Bəlkə digər ölkələri anlamaq olardı, amma 1945-ci ildə ABŞ-ın atdığı 2 atom bombasından sonra nüvə radiasiyanın dəhşətli nəticələrini görmüş, güclü şüalanmadan yüz minlərlə qurban vermiş yaponlar üçün AES tikməyi bağışlanmaz səhv saymaq olar...

Tarix göstərdi ki, ən yüksək texnoloji imkanlara və ən güclü alimlərə malik olan ölkələr belə AES qəzasının öhdəsindən gələ bilmədi. Ümumiyyətlə, Yaponiyadakı qəza AES tərəfdarları üçün növbəti “soyuq duş” oldu. Halbuki, Çernobıl qəzasını “unudan” bəzi alimlər AES-lərin vacibliyini cidd-cəhdlə müdafiə edirdilər.

“Fukusima” qəzası AES-in xidmətindən istifadə edən ölkələrin hamısında ciddi təşvişlə qarşılandı. Bəzi ölkələr AES-ləri bağladı, bəziləri yenilərini tikməyi dayandırdı. Lakin enerjiyə tələbatın fasiləsiz artması və iqtisadi gəlir dövlətləri “yoldan çıxarır”. Görünən odur ki, bu proses “3-cü Çernobıl” faciəsinədək davam edəcək.

Sağlam həyat və iqtisadi gəlirlər arasında seçim

Atom Elektrik Stansiyası bir və ya daha çox sayda nüvə reaktorunun yanacaq kimi radioaktiv maddələri istifadə edərək elektrik enerjisi istehsal edən stansiyadır. AES-lərin əsas yanacaq xammalı urandır. Bu elementin dünyada mövcud ehtiyatı tam hesablanmasa da, quruda və suda olan uranın 500 ilə kifayət edəcəyi ehtimal olunur.

Neft-qaz ehtiyatının isə cəmi 70 ilə kifayət edəcəyi proqnoz edilir. Üstəlik, digər enerji növlərinə görə, atom enerjisinin xeyli ucuz başa gəlməsi hökumətləri “yoldan çıxarır”. Necə dəyərlər, enerji təhlükəsizliyi və iqtisadi gəlirlər əksər dövlətlər üçün ölüm-qalın məsələsinə dönüb.

Qeyd edək ki, kiçik qəzaları nəzərə almasaq, indiyədək dünyada 3 böyük atom qəzası qəza baş verib - biri ABŞ-da, biri SSRİ-də, biri də Yaponiyada. Bir neçə dəfə isə “Tanrı insanların üzünə gülüb” - qəzanın qarşısı son anda alınıb.

1978-ci ildə dünyada 200-dən artıq AES var idi. Hazırda bu rəqəm 440-a çatıb. Onlardan 300-ün istismar vaxtı keçib.

ABŞ-da 104, Fransada 59, Yaponiyada 54, Rusiyada 31, Almaniyada 19, Cənubi Koreyada 16, Kanadada 14, Ukraynada 13, İsveçdə 11, Çində 5 AES var. Amma Çində daha 5-i də inşa edilir.

Fransa AES-lər vasitəsilə enerjiyə olan tələbatının 80, Litva 74, Ukrayna 47, Yaponiya 34, Ermənistan 33, İngiltərə 23, Almaniya 22, ABŞ 20, Rusiya 15 faizini təmin edir.

2030-cu ilədək isə, AES-lərin sayının azı 2 dəfə artacağı gözlənilir. Artıq 70-dən artıq ölkə atom elektrik stansiyası tikəcəyi haqda MAQATE-ni xəbərdar edib və bu siyahı genişlənməkdədir.

Bununla yanaşı, qabaqlar AES-lərə malik olan, lakin sonradan öz əhalisinin sağlamlığını və təhlükəsizliyini daha üstün tutaraq onlardan imtina edən ölkələr də var - Avstriya, Danimarka, Filippin, İtaliya, Qazaxıstan. Almaniya da AES-ləri qapatmağa hazırlaşır.

Azərbaycanın hansı siyahıda olacağı hələlik tam müəyyən edilməyib. Bəs bizim atom enerjisinə nə dərəcədə ehtiyacımız var, ümumiyyətlə varmı?

Azərbaycana atom stansiyası lazımdırmı?

Xatırladaq ki, bir vaxtlar SSRİ Nazirlər Komitəsinin qərarı ilə Azərbaycanda AES tikmək barədə layihə də hazırlanmışdı. Bu layihə çərçivəsində Nəvai qəsəbəsi yaxınlığında yer də müəyyənləşdirilmişdi və işə başlanılmışdı. Çernobıl qəzası SSRİ-nin digər respublikaları kimi Azərbaycanda da bu istiqamətdə aparılan işlərin dayandırılmasına səbəb oldu. Lakin mütamadi olaraq bu məsələ bəziləri tərəfindən aktuallaşdırılır.

Onlar hesab edir ki, nüvə texnologiyası Azərbaycana gəlməlidir Deyilir ki, ölkəmizin enerji sistemi bütünlüklə AES-ə keçsə, bunun üçün ildə 50-60 ton uran lazım gələcək. Onun sözlərinə görə, atom stansiyasında alınan enerjinin qiyməti adi yolla alınandan təqribən 2 dəfə ucuz- hər kilovat saatı cəmi 2-3 qəpiyə başa gəlir.

Lakin, atom stansiyaları yaratmaq böyük vəsait tələb edir. Məsələn, 1000 meqavat gücündə olan AES təxminən 5 milyard dollara başa gəlirsə, istilik stansiyası bundan 2 dəfə ucuzdur. Su elektrik stansiyaları isə daha ucuz başa gəlir, xeyli enerji verir, üstəlik təhlükəsiz və daimidir.

Qəza və fəlakət riski ilə yanaşı, AES-lərin radiaktiv tullantılarının konvervasiyası da ayrı bir probemdir. Bu çox ağır və bahalı bir prosesdir. Məhz bu səbəbdən Qərb dövlətləri geridə qalmış ölkələrə pul ödəyərək bu tullantılar onların ərazisində konvervasiya edirlər. Son vaxtlar isə, Ukraynada, Çernobıl AES ətrafındakı qadağan zonada Qərb dövlətlərinə məxsus böyük həcmdə radiaktiv tullantılar basdırılır. Mütəxəsislər işlənmiş nüvə yanacağı doldurulmuş və yerin dərinliyinə basdırılmış bu çənlərin 25-30 il ərzində çürüyəcəyini və həmin maddələrin qrunt sularına qarışaraq çox böyük ərazilərə yayılacağını ehtimal edirlər və həyəcan təbili çalırlar.

İri enerji resurslarımız olduğu halda riskə dəyərmi?

Əksər mütəxəssislər hesab edir ki, enerji qıtlığı ilə üzləşən ölkələrdən fərqli olaraq, böyük neft və qaz ehtiyatları olan Azərbaycanda atom enerjisindən istifadə məsələsindən danışmağa belə ehtiyac yoxdur.

Hesablamalara görə, Azərbaycanın neft və qaz ehtiyatları ən pis halda əsrin sonundək kifayət edəcək. Ölkə prezidenti də bunu dəfələrlə bəyan edib. Bizim perspektiv neft-qaz yataqlarımız da var ki, gələcəkdə onlardan böyük həcmdə yanacaq çıxartmaq mümkündür.

Azərbaycanda AES-ın inşasına ehtiyac yoxdur və ölkəmiz enerji təlabatını neft-qaz və alternativ enerji mənbələrinin hesabına ödəyə bilər, hətta böyük həcmdə enerji ixrac da edə bilər. AES-lərdə hər an qəza baş vermə ehtimalı yüksək olur. Nüvə tullantılarının utilizasiya edilməsi də olduqca bahalı və təhlükəli bir əməliyyatdır.

Azərbaycan hələlik özünün hidroresurslarından, alternativ enerji mənbələrindən tam istifadə etmir. Külək və günəş stansiyalarının sayını çoxaltmaqla, üstəlik, kiçik SES-lər tikməklə enerji istehsalını xeyli artıra bilərik.

Ümumiyyətlə, əksəriyyət hesab edir ki, biz atomsuz da keçinərik. Təbiət bizə yerüstü və yeraltı enerji mənbələri bəxş edib ki, hələ yüz illər boyu enerji problemini yoluna qoymağa kifayət edər. Ona görə də, düşünmək lazımdır- “5-10 manat” qazanc naminə təhlükəli riskə getməyə dəyərmi? Bu sualın cavabını “Çernobılçılar” daha obyektiv verə bilərlər…

Yeri gəlmişkən, Azərbaycanda Çernobıl əlillərinə xüsusi qayğı göstərilir. Onlar dövlət tərəfindən mənzillər, avtomobillərlə təmin olunur, xüsusi müavinət alırlar. “Atom adamlar” buna layiqdirlər, çünki dünyanı xilas edən həqiqi qəhrəmanlardır.

Qafqazda “3-cü Çernobıl”ın baş verməsi ehtimalı yüksəkdir

Oyanmaqda olan daha bir nüvə əjdahası isə Ermənistandadır. Azərbaycan beynəlxalq aləmdə həyəcan təbili şalmaqda davam edir ki, “Metsamor” AES bütün bölgəni fəlakətə sürükləyə biləcək böyük təhlükə mənbəyidir. Bu AES-də ən köhnə texnologiyadan istifadə edilməsi, maliyyə olmadığından modernləşdirilməməsi hər an qəza təhlükəsi gözlənildiyini deməyə əsas verir.

1977-ci ildə tikilən həmin reaktorun fəaliyyət müddəti 25 il idi və 2001-ci ildə bu müddət başa çatıb. Hazırda bu stansiya dünyada ən köhnə texnologiyada olan yeganə AES-dir. Üstəlik, yüksək seysmik zonada yerləşir.

1988-ci ildə Spitakda baş verən zəlzələ nəticəsində “Metsamor” AES də yararsız vəziyyətə düşdü. Möcüzə sayəsində Qafqazda növbəti atom faciəsi baş vermədi. Bu günə kimi bu stansiyada 100-dən artıq kiçik qəza baş verib.

Azərbaycan dövləti beynəlxalq tribunalardan ən yüksək səviyyələrdə bu təhlükəni qaldırıb və həyəcan təbili çalıb. MAQATE və Avropa İttifaqının ekspertləri də bu stansiyanı ən təhlükəli obyekt kimi qiymətləndiriblər.

Qeyd edək ki, 2001-ci ildə Ermənistan Avropa Şurasına üzv qəbul edilərkən “Metsamor” AES-in fəaliyyətini dayandıracağına dair öhdəlik götürüb. Amma bu öhdəlik hələ də yerinə yetirilməyıb. Beləcə, Qafqazın ortasında bir kabus dolaşmaqdadır- “3-cü Çernobıl kabusu”…

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Çernobıl qəzası haqda maraqlı arxiv kadrları ilə bu linkdə tanış ola bilərsiniz

https://www.youtube.com/watch?v=oICbjaUZSPU

Digər xəbərlər