MİA

  • 9 944

Rusiyalı ekspert: Ermənistan Rusiya üçün düşmən dövlətə çevrilir – MÜSAHİBƏ

image

İqor Korotçenko: Azərbaycan İrəvanı danışıqlara məcbur etmək üçün beynəlxalq hüquq çərçivəsində zorakı hərəkətlərə əl ata bilər

Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskva danışıqlarının nəticələri barədə “Moskva-Baku” portalına müsahibəsində maraqlı məqamları açıqlayıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 19-da Moskvada azərbaycanlı və erməni həmkarlarının iştirakı ilə keçirilən üçtərəfli danışıqların yekunları üzrə bildirib ki, Bakı və İrəvan əsas məsələlərdə razılaşıblar, amma sülh müqaviləsi üzərində iş fundamentaldır, delimitasiya, nəqliyyat-iqtisadi əlaqələrin blokunun açılması, Qarabağda və Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması məsələlərində sülh müqaviləsi üzrə irəliləmək çətin olsa da mümkündür. Moskva danışıqlarının nəticələri haqqında nə deyə bilərsiniz?

- Moskva bir daha qeyd etdi ki, ilk növbədə tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatların bəndlərini yerinə yetirməlidirlər. Bu, nizamlanma üçün əsasdır. Və onların həyata keçirilməsi ilə sülh müqaviləsinə doğru hərəkət etmək asanlaşır. Amma obyektiv olaraq, İrəvan əksini bəyan etməsinə baxmayaraq, nizamlanmanın heç bir sahəsində praktiki nəticə əldə etmək üçün real istək nümayiş etdirmir. “Bir addım irəli, iki addım geri”- rəsmi İrəvanın gördüyü işləri belə xarakterizə etmək olar.

Təəssüf ki, əvvəllər belə görüşlər çox olub və təbii ki, sonra da olacaq. Bu, ara nəticədir və mən şübhə edirəm ki, bu, hər hansı bir şəkildə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına işarə edə bilər və ya digər sahələrdə konkret nəticələr verə bilər.

Bəli, Sergey Lavrov bildirib ki, tərəflər artıq nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxaırlmasına dair yekun razılaşmaya yaxındırlar. Bu həftə isə baş nazirin müavinlərinin sədrlik etdiyi üçtərəfli qrup bu məsələ ilə bağlı görüşməlidir. Yaxın vaxtlarda, Rusiya XİN rəhbərinin dediyi kimi, tərəflər həmçinin Rusiyanın məsləhətçi iştirakı ilə sərhədin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın iclasının keçirilməsi barədə razılığa gəliblər. Amma bu cür bəyanatları birinci dəfə deyil ki, eşidirik, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalanandan bəri müzakirə olunur. Lakin o vaxtdan bəri bu problemlərin həlli istiqamətində praktiki irəliləyiş əldə olunmayıb. İlk növbədə, rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyinə görə.

Ermənistanın baş naziri 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalayaraq üzərinə götürdüyü öhdəliklərin əksinə olaraq, ötən ilin sonunda Zəngəzur dəhlizini açmaq fikrində olmadığını açıqladı, yəni, imzalanmış sənədin bəndlərini yerinə yetirmək fikrində deyil.

Bir diplomat kimi Sergey Viktoroviç nikbin bəyanatlar səsləndirir, lakin bir təcrübəli diplomat kimi o, yaxşı bilir ki, danışıqlar yolunu və müəyyən məsələlərin praktiki həyata keçirilməsini uzun məsafə ayırır. İrəvan tərəfdən xoşməramlılıq göstərilsəydi, hər şey problemsiz, qısa müddətdə həll oluna bilərdi. Ancaq bu yoxdur və biz bəzi çəhrayı ümidlərə qapılmamalıyıq. Azərbaycanla Ermənistan arasında sülhün dönməz olmasına, baş vermiş dəyişiklikləri düzəltməyə doğru irəliləmək uzun müddət tələb edəcək və asan olmayacaq. Amma Ermənistan bunu etiraf etmək istəmir. O, mütəmadi olaraq əvvəlki öhdəliklərinin yerinə yetirmir, kağız üzərində imzaladığından daim imtina edir.

Biz çox gözəl başa düşürük ki, tam nizamlanmaya və tam hüquqlu sülh müqaviləsinə nail olunmazdan əvvəl çox iş görülməlidir. Çox güman ki, proses Ermənistanın növbəti təxribatçı şıltaqlığı olmadan keçməyəcək. Birdən hər şeyin rəvan və yaxşı gedəcəyini düşünmək sadəlövhlük olardı. Üstəlik, Ermənistan Qərbə meylini getdikcə daha çox nümayiş etdirir.

Və dünən Ermənistanın baş nazirinin nizamlanma prosesi, Rusiya, KTMT və Qərblə münasibətlərlə bağlı geniş mətbuat konfransında səsləndirdiyi bəyanatlar buna bir daha sübutdur.

Görünür, Paşinyan əvvəl Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı konstruktiv bəyanatlar verir, sonra isə dərhal cavabını deyilənləri təkzib edən bəzi qeyd-şərtlərlə rəngləndirir, diametral əks tezislər səsləndirir. Ermənistanın baş naziri özünəməxsus rolunda çıxış edir, faktlar, rəqəmlər və şəraitlə sərbəst hoqqa çıxarır.

Paşinyanın siyasi davranışının məntiqini indi iki amil müəyyənləşdirir və məncə, onlar hər şeydən üstündür. Birinci amil siyasi həyatda qalmaq və mümkün qədər uzun müddət özünü dövlətin birinci şəxsi kimi Ermənistan siyasətində saxlamaq məntiqidir.

İkinci amil odur ki, dediyim kimi, Ermənistan Avrasiya vektorundan imtina etdiyini açıq şəkildə göstərib, təbii ki, Avropanın xeyrinə. O, yenidən KTMT-ni tənqid edir, Qərbə Rusiya ilə, KTMT ilə əl-ələ tutmadığını göstərir və İrəvan bu təşkilatda iştirakını dondurduğuna, hətta KTMT-dən çıxa biləcəyinə işarə edir - bu, Moskvaya qarşı hərbi-siyasi şantajdır. Mənə elə gəlir ki, Ermənistanın son nəticədə hara sürüklənmək istədiyinə heç bir şübhə ola bilməz. Və belə şəraitdə özünü heç nə baş verməmiş kimi göstərmək Rusiyanın uzaqgörən xarici siyasəti üçün sadəcə olaraq axmaqlıq olardı.

Bizə baş verənlərə aydın, güzəştsiz qiymət vermək lazımdır. Bunu birbaşa səsləndirməkdən çəkinmək lazım deyil, çünki başa düşmək lazımdır: Ermənistan çox yaxın gələcəkdə Rusiyaya ən azı dost olmayan, hətta bəlkə də düşmən olan ölkə olacaq.

Zaman məsələsidir ki, Paşinyan və İrəvan Moskvaya deyəcək ki, məni bağışla, xudahafiz. Moskva indi Ermənistanda və onun ətrafında cərəyan edən hadisələri hansısa yolla geri qaytara bilməsə problem yaranacaq, çünki bu proses artıq başlayıb, bəlkə də, geri dönməzdir.

- Paşinyan bildirib ki, liderlərin gözlənilən üçtərəfli görüşündə sülh müqaviləsinin imzalanması ehtimalı azdır və əgər Azərbaycan yaxın gələcəkdə qarşılıqlı məntiq əsasında sülh müqaviləsi ilə bağlı yenilənmiş təkliflər göndərərsə, güzəştlərə gedərsə, o halda İrəvanın sülh müqaviləsi imzalamağa razılıq verməsi tamamilə mümkündür. Hansı güzəştlərdən danışır?

- Qarabağla bağlı güzəştlər, Qarabağın erməni icması. Paşinyan bir tərəfdən Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, digər tərəfdən də “rəsmi Bakı Qarabağda kök salmış erməni separatçıları ilə onların statusu, təhlükəsizliyi və s.-lə danışmalıdır” tezisini irəli sürür. Bir daha təkrar edirəm: Ermənistan tərəfinin mövqeyində hər hansı dəyişiklik gözləmək sadəlövhlükdür. Yalnız ərazidə konkret şəraitdə dəyişikliklər Ermənistanı müəyyən reallıqları qəbul etməyə və hansısa konstruktiv istiqamətə getməyə vadar edir. Siyasi-diplomatik üsullar istər-istəməz Azərbaycanın İrəvanı daha konstruktiv və danışıqlara yararlı etmək üçün beynəlxalq hüquq çərçivəsində məqsədyönlü zorakı hərəkətləri ilə müşayiət olunacaq. Bu, İrəvandan Azərbaycana qarşı davamlı uzunmüddətli demaqogiya, yalan və ittiham kampaniyasından daha təsirli olacaq.

Ermənistan cəmiyyətində qisasçı qüvvələrin mövqeləri kifayət qədər güclüdür. Düzdür, onlar cəmiyyətin Ermənistanın baş nazirini dəstəkləyən hissəsi ilə müqayisədə daha kiçik bir hissəni təşkil edirlər, amma yenə də təsirli dairələrdir. Beynəlxalq erməni diasporu tamamilə revanşist mövqe tutur və başa düşür ki, əgər o, Qarabağın indi erməni icmasının sıx məskunlaşdığı həmin hissəsinə Azərbaycanın tam nəzarəti bərpa etməsi prosesini dayandırmaq istəyirsə, Paşinyana arxayın olmamalıdır. Və o, öz maliyyə və siyasi rıçaqlarından istifadə edərək aktiv şəkildə təkbaşına fəaliyyət göstərməyə çalışır ki, hansısa yolla prosesi aktivləşdirib işə salsın. Paşinyanın səsləndirdiyi ziddiyyətli bəyanatlar siyasi fitnədir. Əgər vəziyyət nəzarətdən çıxmağa başlasa, o, deyə bilər: “Baxın, mən burada Qarabağ ermənilərini müdafiə edirəm”. Bunun üçün o, bəyanatlar verir ki, Bakı Qarabağ erməniləri ilə danışıqlara getməlidir. Paşinyan üçün özünü hakimiyyətdə saxlamaq prioritetdir. Və bu istək ondan tələb edir ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, İrəvanın on illərdir həyata keçirdiyi qeyri-konstruktiv siyasəti davam etdirsin.

- Ermənistanın baş naziri bir daha bəyan etdi ki, Qarabağda ermənilərin təhlükəsizliyini təmin etməyə hazır olan bəzi dövlətlər var...

- Təbii ki, bu, ABŞ, Böyük Britaniya, Fransa, Avropa Birliyidir. Cənubi Qafqazda böyük geosiyasi oyun gedir. Qərb “Şimal-Cənub” layihəsinin həyata keçirilməsini dayandırmaq üçün Cənubi Qafqazda yeni gərginlik, hərbi münaqişə yaratmağa çalışır. Paşinyan Qərbin burada oynadığı böyük oyunda sadəcə bir piyadadır. Berlinin getdikcə fəallaşan mövqeyi də diqqətəlayiqdir. Əvvəllər bərabər məsafədə mövqe tuturdusa, indi fransızlarla birlikdə bölgəyə fəal şəkildə daxil olur.

İrəvanda fransız agentləri və alman xarici kəşfiyyatı fəal işləyir. Mühakimə edə bildiyimiz qədər, diplomatik pərdə altında kifayət qədər təcrübəli kəşfiyyatçılar gəlib. Səyahət etməyə və Ararat konyakını içməməyə gəlməyiblər. Onlar Ermənistanı Rusiya üçün ən düşmən dövlətə çevirmək və eyni zamanda, Qərbə regionda geosiyasi maraqlarını daha uğurla həyata keçirməyə imkan verəcək yeni gərginlik raundunu təhrik etmək məqsədilə öz hökumətlərinin siyasi iradəsini yerinə yetirməyə gəliblər. .

Artıq geniş tərkibdə olan, nizami hərbçilərdən və Aİ-yə üzv dövlətlərdən yığılmış bu bədnam müşahidə missiyası məsələlərin həllinə kömək etmir. Qərb Ermənistan ərazisində troya atı kimi hərəkət edir.

- Putin, Əliyev və Paşinyan arasında Moskvada gözlənilən potensial görüşün əhəmiyyəti nədən ibarətdir?

- Həqiqətən də, bu baş tutsa, vacib görüş olacaq. Bu, təkcə Moskvanın Azərbaycanla Ermənistan arasında nizamlamada əsas vasitəçi statusundan imtina etmək niyyətində olmadığını göstərmək üçün vacib deyil, əsasən, nəticələrin əldə edilməsinin mümkünlüyü baxımından vacibdir.

Paşinyanın Moskvaya səfərləri qismən ritual xarakter daşıyırsa, İlham Əliyevin Rusiyaya səfəri həmişə konstruktiv dialoq və həm Bakının, həm də Moskvanın milli maraqlarına cavab verən məsələlərin həlli üçün fürsətdir. Vladimir Putin bu əhval-ruhiyyəni görür və Azərbaycanın mövqeyini anlayır. Çünki bunu deyən və etməyən Ermənistandan fərqli olaraq, Azərbaycan öz rəhbərinin sözü ilə kənara çəkildi, əgər rəhbər desə ki, razılaşmışıq və bu razılaşmalara əməl edəcəyik, bu istiqamətdə hərəkət edəcəyik, bu o deməkdir ki, bunun belə olacağına dəmir-beton zəmanət verilir.

Ona görə də Rusiya və Azərbaycan liderlərinin konstruktiv münasibəti Ermənistan-Azərbaycan məsələsində sıçrayışlı nəticələr olmasa da, irəliləyiş gətirə bilər.

- İlham Əliyev bir daha bildirdi ki, hər şeyə rəğmən, sülh sazişinin imzalanması qaçılmazdır.

- Bu, rəsmi Bakının mövqeyidir. Sülh müqaviləsinə alternativ yoxdur. Yaxşı, Ermənistan nə vaxta qədər olduğu vəziyyətdə qalacaq. Əgər o, sülhə getməsə, bu, ona çıxılmaz vəziyyətdən və siyasi, iqtisadi perspektivlərin olmamasından başqa heç nə verməyəcək. Yalnız sülh müqaviləsi, Azərbaycan və Türkiyə ilə nəqliyyat kommunikasiyalarının açılması Ermənistana daha yaxşı gələcək üçün şans verə bilər. Heç bir Avropa İttifaqı, heç bir Amerika Birləşmiş Ştatları Ermənistan üçün milli inkişaf, iqtisadiyyatın stabil işləməsi məsələlərini həll etməyəcək. Bunu yalnız Ermənistanın özü siyasi iradə və onun inkişafının və qonşuları ilə dinc yanaşı yaşamasının zəruriliyini dərk etməklə edə bilər.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər