MİA

  • 6 407

Rusiya XİN-in keçmiş müavini: Qarabağın taleyini müəyyən edəcək kritik məqam yetişib – MÜSAHİBƏ

image

Andrey Fyodorov: Əgər hərbi əməliyyatlar başlasa, Ermənistanın Avropa və ya Amerikadan hərbi yardım almayacağına zəmanət yoxdur

Ermənistan Qarabağ ermənilərinin guya blokadaya alınması ətrafında yaranmış vəziyyəti beynəlxalq qalmaqala çevirməyə çalışır. BMT Təhlükəsizlik Şurasının iclası çağırılır, Laçın yoluna daxil olmaq üçün ATƏT nümayəndəsi göndərilir. Ermənistan bölgəyə getdikcə daha çox beynəlxalq strukturları cəlb etməyə çalışır.

Bir neçə gün əvvəl Parisin və Fransanın digər şəhərlərinin merlərinin rəhbərlik etdiyi Fransa humanitar karvanı İrəvanın baş meydanından hökumət binasının yaxınlığından təntənəli şəkildə yola düşərək Laçın yolunun girişinə gəlib və bir aydan çoxdur ki, orada dayanmış erməni yük maşınlarına qoşulub. Parisin meri Ann Hidalqo Birinci Qarabağ müharibəsi zamanı Xocalı rayonunda azərbaycanlı əhalinin qətliamında iştirak etmiş, Azərbaycan tərəfindən Laçın sərhəd-keçid məntəqəsində saxlanılan erməni yaraqlısı Vaqif Xaçatryanın qızını açıq-saçıq qucaqlayıb. Və sonra o, Emmanuel Makrona Qarabağ ermənilərinin “blokadası” ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsinin müzakirəsinə başlamağı təklif edəcəyini bəyan edib.

Eyni fonda Avropa rəsmiləri, o cümlədən yüksək səviyyəli şəxslər tərəfindən Azərbaycana qarşı ittihamlar planı işə düşməyə başlayır və bu, Qarabağda ermənilərə qarşı “humanitar fəlakət və etnik təmizləmə”nin qaçılmaz olması kimi yayımlanır. Belə ki, Bundestaq sədri bəyan edib ki, Aİ-nin monitorinq missiyası Azərbaycana genişləndirilməli, Avropa Şurasının missiyası isə Qarabağa göndərilməlidir. Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri, özünün də qeyd etdiyi kimi, fransalı həmkarı ilə söhbətdən sonra deyib ki, “Dağlıq Qarabağda insanların vəziyyəti fəlakətlidir” və ona görə də bu mövzu parlamentin iclasının Aİ xarici işlər nazirlərinin İspaniyadakı görüşünün gündəliyinə daxil ediləcək. Ancaq bu, hamısı deyil. Bəzi Avropa rəsmiləri Azərbaycana qarşı sanksiyalar tələb edir, hətta Azərbaycan prezidentini Beynəlxalq Cinayət Məhkəməsinə verməklə hədələyirlər, iddia edirlər ki, o, “tirandır” və onunla “mübarizə aparmaq” lazımdır.

Erməni diplomatiyası beynəlxalq platformalarda və ikitərəfli əsasda xarici həmkarları ilə Azərbaycanın ictimai qınağı məsələsi üzərində işləyir. Gərginlik müxtəlif səviyyələrdə süni şəkildə qızışdırılır. İrəvanda mitinqlər, Qarabağda isə separatçılar nümayişlər keçirir. Bir neçə gün əvvəl gün radikallar Azərbaycanın Livandakı səfirliyinə hücum ediblər. Qarabağdakı rus sülhməramlılarının məsuliyyət zonasında separatçılar rus hərbçilərinə qarşı bir sıra iyrənc və təhlükəli insidentlər törətdilər.

Rəsmi Bakı humanitar yüklərin tədarükü və yollar mövzusunda şouya icazə verməyəcəyini bildirib, həmçinin Fransaya etiraz notası göndərib.

Bu cür hadisələr silsiləsinin arxasında nə dayanır - Rusiya xarici işlər nazirinin keçmiş müavini (1990-1991) Andrey Fyodorov "Moskva-Baku" portalına müsahbəsində fikrini açıqlayıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Bir sıra Qərb dövlətlərinin Azərbaycana qarşı informasiya və siyasi hücumlarının partlaması göz qabağındadır. Eyni zamanda, Bakıdan Qarabağ ermənilərinə humanitar yardım göndərildikdən sonra belə Ermənistan hakimiyyəti Azərbaycan tərəfinin hansısa “erməni soyqırımı” ilə bağlı tezisini mantra kimi təkrarlamaqda davam edir. Baxmayaraq ki, separatçılar özləri bu yardımı qəbul etmirlər. Bunun arxasında nə dayanır?

- Mənim nöqteyi-nəzərimə görə, indi Qarabağ məsələsində bütün vəziyyətin gələcəyini müəyyən edəcək kritik məqam gəlib. Bu, beynəlxalq ictimai rəy vasitəsilə və ilk növbədə Fransa vasitəsilə “soyqırım” mövzusu və guya Azərbaycan tərəfinin blokadaya getməsi, humanitar yardımın keçməsinə imkan verməməsi iddiaları Ermənistan üçün son fürsətdir. Və sual budur: Azərbaycan özünü satacaq, yoxsa satmayacaq. Azərbaycanı beynəlxalq müstəvidə küncə sıxışdırmaq, beynəlxalq təcrid vəziyyətinə salmaq cəhdləri var.

Artıq Yerevan və ona BMT Təhlükəsizlik Şurasında qalmaqal yaratmağa kömək edən Qərb dövlətləri tərəfindən cəhdlər edilir. Düşünürəm ki, əgər indi Ermənistan və onun “silah yoldaşları” öz məqsədinə nail ola bilməsələr, o zaman bu, sonradan alınmayacaq, mövzu puç olacaq. Biz müxtəlif tərəflərin çoxsaylı maraqlarının üst-üstə düşdüyü bir vəziyyət görürük. Və bu maraqların mövcudluğu ona gətirib çıxarıb ki, indi Ermənistan və ona yardım edənlər tərəfindən tamamilə fərqli səviyyələrdə və platformalarda Azərbaycanı iblisləşdirməyə cəhd edilir.

Laçın yolunun, Ağdam-Xankəndi yolunun ətrafında qaynayan o ehtiraslar təkcə bir növ yol məsələsi deyil. Bu, texniki deyil, sırf siyasi məsələdir. Obyektiv olaraq, arzu olunarsa, yük istənilən yolla çatdırıla bilər. Qarabağ ermənilərinin “blokadası” və Azərbaycanın onlara humanitar yardım göndərmək üçün “yaşıl işıq yandırmaq istəməməsi” erməni və fransızları tərəfindən niyə Laçın yolu ilə yox, başqa hər hansı yolla daşınması mövzusu müzakirə olunmur? Qərbdə Ermənistan və onun Qərb tərəfdarları tərəfindən məhz humanitar problem kimi, Azərbaycanın guya humanitar hüququ pozduğu bir hal kimi təbliğ olunur. Bu təqdimat beynəlxalq rezonans verir.

Sonra da Avropa guya insan haqlarını müdafiə etməyi sevir. Məhz humanitar məsələlərə Qərbdə ictimai rəy çox həssasdır. Orada heç kim Laçın dəhlizinin nə olduğunu başa düşmür, sadəcə görürlər ki, Azərbaycanı sərt şəkildə qınayıblar, Azərbaycan insanlara humanitar yardım ötürmək istəmir, Bakı Qarabağda humanitar fəlakət, soyqırım təşkil etmək istəyir. Bu, Qərbdə təbliğ olunan çoxlu sayda materialın leytmotividir. Onlarda isə heç kim vəziyyətin geosiyasi nəticələrini müzakirə etmir.

- Beynəlxalq səviyyədə bunun arxasında kimin maraqları dayanır?

- Bunlar Ermənistan və Fransanın razılaşdırılmış hərəkətləridir. Bunlar Kanada da daxil olmaqla əsasən fransız elementi olan bütün ölkələrdir. Bir də Almaniyadır. Biz xatırlayırıq ki, Avropa Parlamentində neçə dəfə Azərbaycan əleyhinə qətnamələr qəbul edilib. Birləşmiş Ştatlar bundan bir qədər kənarda dayanır, baxmayaraq ki, o da özünəməxsus şəkildə ocağa yanacaq atır.

Fransanın Cənubi Qafqazda həmişə maraqları olub. O, burada öz oyununu oynayır. Fransa Avropada ən güclü erməni lobbisinə malikdir. Ölkə daxilində mövqelərinin zəifləməsi fonunda Ermənistan-Azərbaycan nizamlanmasında fəaliyyət Makron üçün vacibdir. Fransa əhalisi arasında erməni elektoratının xeyli sayda olmasını nəzərə alsaq, Zaqafqaziyada uğur görüntüsü yaratmaq, ermənilərin maraqlarını müdafiə etmək Fransa prezidentinin reytinqini daha da artıra bilər.

Fransa da bir sıra digər ölkələr kimi Qarabağ məsələsinin yenidən beynəlxalq miqyas almasını təmin etməyə çalışır.

Azərbaycanla Ermənistan arasında gərginliyin artmasının arxasında digər məsələlərlə yanaşı, Rusiyanın xarici siyasətinə problemlər yaratmaq vəzifəsi də dayanır. Rusiya bu gün ümumilikdə çox çətin vəziyyətdədir. Ermənistan-Azərbaycan prosesində də çətin vəziyyət yaranıb. İstər Azərbaycana münasibətdə, istərsə də Ermənistana münasibətdə balans saxlamaq lazımdırsa. Amma Qarabağ probleminin beynəlmiləlləşdirilməsi istiqamətində aktiv və ardıcıl cəhdlər, bir çox oyunçuların məsələyə cəlb olunması, eləcə də Rusiya, Azərbaycan və Ermənistan arasında əldə olunmuş üçtərəfli razılaşmaların həyata keçirilməməsi bu formatın, təəssüf ki, fəaliyyətini dayandırması deməkdir.

Azərbaycan uzun mübarizəyə hazır olmalıdır. Çətin olacaq. Çünki Bakı təbii ki, ona qarşı hiylələrə reaksiya verir, amma deyək ki, Aİ-yə, Qərbin hansısa təxribatçı ölkəsinə “yox” desə, ona qarşı təzyiqlər daha da güclü olacaq. Ona görə də diqqətlə cavab verməlidir. Çünki beynəlxalq aləmdə Azərbaycanın imici korlansa, ölkə üçün çətin olacaq. Baxmayaraq ki, Azərbaycanla enerji sahəsində əməkdaşlığın təbii ki, Avropa üçün vacib olduğunu heç kim inkar etmir. Necə ki, oradan tranzit dəhliz lazımdır və vacibdir. Hələlik Azərbaycan, ümumiyyətlə, müqavimət göstərməyi, dirənməyi bacarır. O, güclü regional oyunçudur. Və onun müstəqillik arzusu çoxlarının xoşuna gəlmir.

- Son günlər Qarabağdakı separatçıların Rusiya sülhməramlılarına qarşı necə sərt davrandığına dair görüntülər yayılıb. Mitinqlər necə gedir? Moskva ilə İrəvan arasında davamlı atışmalara diqqət etməmək mümkün deyil. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bəyan edib ki, Laçın yolunda vəziyyət İrəvanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması nəticəsində yaranıb. Həm də faktiki olaraq XİN nümayəndəsi Ermənistanın razılaşmaları yerinə yetirmədiyini açıqlayıb və onu “natəmizlikdə” ittiham edib.

- Sülhməramlılarla toqquşmalar- bir tərəfdən burada emosiyalar var, digər tərəfdən, sözsüz ki, regionda sabitliyi pozmaq üçün oynayan təxribatçılar var. Rusiya XİN ilə Ermənistan XİN arasında atışmalar da Ermənistan-Azərbaycan nizamlanması ətrafında vəziyyətin çətinliyindən xəbər verir.

- Mövcud vəziyyəti nəzərə alsaq, nizamlanma perspektivləri necədir?

- Hələlik, heç bir müsbət perspektiv yoxdur. Ermənistan bunda maraqlı deyil. O, Qarabağı öz təsirində saxlamaq istəyir. Ərazidə məskunlaşma və inkişaf üçün məhz bu nizamlanmanın mexanizmlərini işə salmaq lazımdır. Və indi bir çox səbəblərə görə dayandırılıblar.

Əgər hərbi əməliyyatlar ssenarisini nəzərə alsaq, o zaman Ermənistanın Avropa və ya Amerikadan hərbi yardım almayacağına zəmanət yoxdur.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər