Diplom xətrinə perspektivsiz ixtisas oxumaq, yoxsa vaxt istirmədən ixtisası dəyişmək?
Universitet təhsili insanın peşəkar və şəxsi inkişafında mühüm rol oynayır, ixtisas seçimi isə gələcək həyatını formalaşdıran vacib şərtlərdən biridir. Bu kontekstdə universitet və ixtisas seçərkən nəzərə alınmalı olan əsas amillər böyük əhəmiyyət kəsb edir. Harada oxumalı, hansı universiteti seçməli, hansı ixtisas daha perspektivlidir kimi suallar düzgün analiz edilməli, dəqiq qərar verilməlidir.
Son 100 ildə baş verən texnoloji inkişaf, bütövlükdə bütün tarixi hadisələrdən daha sürətli baş verib. Texnologiya inanılmaz sürətlə irəliləyir, eyni zamanda bir çox peşənin irəliləməsinin qarşısını alır. Üstəlik, bu üstələməyə təkcə texnologiya deyil, eyni zamanda elmi, sosial, mədəni, ekoloji və iqtisadi inkişaflar da çox təsir edir. Ona görə peşə seçərkən, ixtisas axtarışında olarkən bu xırdalıqları unutmamaq, dövr ilə ayaqlaşan ixtisas seçmək lazımdır.
Mütəxəssislər deyir ki, ixtisas seçimi üçün diqqət ediləcək məqamlar çoxdur. Ümumi qəbul planı, universitetlərdə ixtisaslar üzrə qəbul planı, dövlət sifarişli yerlərin sayı, bal aralıqları, keçən ilin keçid balları ixtisas seçimi zamanı vacib olan əsas məlumatlardır. Bundan əlavə, son 3 ilin analizini, keçid balını keçən abituriyentlərin sayını, abituriyentin maraq dairəsini, ixtisasların gələcək iş imkanlarını, universitetlərin müqayisəsini bilmədən ixtisas seçimi peşmanlıqla nəticələnə bilər. Ekspertlər əvvəlki illərin ballarına istinadən ixtisas seçimi etməyi doğru hesab etmir.
Abituriyentlər ixtisas seçimi edərkən mütləq günümüzün tələbatlı ixtisaslarını seçməklə yanaşı əmək bazarında iş imkanları geniş olan ixtisas olmasına diqqət etməlidir. Elə məşhur ixtisaslar da var ki, ölkəmizin əmək bazarında məhdud imkanlara sahibdir. Hazırda yüzlərlə ali təhsil müəssiəsini bitirənlər var ki, düzgün ixtisas seçimi etmədikləri üçün işsizdir və yaxud da, arzuladığı yerlərdə işləmirlər. Abituriyentlər ixtisas seçimi edərkən real tələbatları, gələcək karyerasını nəzərə alaraq düzgün seçim etməlidir.
Bilmək lazımdır ki, seçdiyiniz ixtisas ömrünüzün sonuna kimi insan taleyini həll edəcək. Hüquqşünas olmaq potensialınız yoxdursa 4 il universitetdə oxuyaraq sonra diplomlu işsiz kimi evdə oturmalı olacaqsınız. Çünki ölkəmizdə artıq öz ixtisasını sevməyən gənclər ordusu formalaşır. İxtisas seçimi zamanı valideynlərin fikri də ciddiyə alınmalı, düşüncələri diqqətlə dinlənməlidir. Valideynin övladın yerinə ixtisas seçməsi doğru deyil, amma valideynin məsləhəti ilə ixtisas seçmi olması daha uğurlu ola bilər. Çünki valideyn artıq ölkənin əmək bazarını, hansı sahədə işsizliyin çox olduğunu bilir, həyatə yeni başlayan gəncdən daha çox təcrübəsi var.
Ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura səviyyələrində, həmçinin orta ixtisas təhsili üzrə ixtisasını və ya universitetini dəyişdirmək, habelə xarici ölkə ali təhsil müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılmış portal vasitəsilə həyata keçirilir. Transfer.edu.az, tələbələrin köçürülməsi sistemini təmin edir. Əgər siz ixtisasınızı və ya universitetinizi dəyişmək istəyirsinizsə, ixtisas dəyişimi prosesi başlayanda həmin portalda qeydiyyatdan keçməli və öz şəxsi kabinetinizi yaratmalısınız. Daha sonra isə tələb olunan prosedurları həyata keçirməlisiniz. Qeydiyyat prosedurunu uğurla həyata keçirdikdən sonra, universitetə qəbul imtahanında topladığınız bal ekranda göstəriləcəkdir. Həmin bala uyğun olaraq, ölkə daxilində hansı ali təhsil müəssisəsinə və hansı ixtisasa köçürülə biləcəyinizi əks etdirən siyahı əldə edəcəksiniz və həmin siyahı vasitəsilə siz seçim edə bilərsiniz. Bu prosedurların həyata keçirilməsi üçün sizə sadəcə şəxsiyyət vəsiqəsi və imtiyazlı ailəsizsə onu təsdiq bu kimi başqa sənədlər lazım olacaq.
Əgər tələbə ali təhsil müəssisəsində ödənişli əsaslarla təhsil alırsa, tranfer olunduğu universitetədə ixtisas fərqi olmadan ödəniş etməlidir. Yox əgər tələbə dövlət əsasında təhsil alırsa, yəni ali təhsil müəssisəsinə heç bir ödəniş etmirsə ixtisas dəyişimi etdiyi zaman, yəni qəbul olduğu ixtisası başqa bir universitetdə oxumaq istəyirsə, yenədə ödənişsiz təhsil alacaqdır. Həmçinin müəyyən güzəştlərlə təhsil alan tələbələrdə qəbul olduqları ixtisası başqa ali təhsil müəssisəsində güzəştli şəkildə oxuyacaqdır. Yekun sözlə bildirsək, universitet dəyişimi etdikdə qəbul olduğunuz üzrə ödənişli və ya dövlət əsaslı təhsil alacaqsınız. Yalnız ödənişsiz şəkildə təhsil alırsınızsa, başqa ixtisasa transfer olunmaq istədikdə bu zaman ödənişli şəkildə təhsil alacaqsınız.
Həmçinin tələbələr portalda niyə tranfer olunmaq istədiklərini əsaslı şəkildə bildirməlidirlər. Çünki həmin suala cavab əsasında sizə ətraflı kömək olunacaqdır. Sizə təqdim olunan siyahıdakı ixtisaslar isə sizin universitə qəbul olduğunuz il üzrə formalaşan nəticələrdir.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması ” istiqaməti çərçivəsində hazırlanıb