Ekspert: Paşinyan ilkin olaraq öz missiyasında irəli sürdüyü ssenarini həyata keçirir- Cənubi Qafqazda Rusiyanın Qərblə əvəzlənməsi
Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Moskva-Baku” portalına müsahibəsində İrəvanın anti-Rusiya vektorunun Cənubi Qafqazda təhlükəsizlik arxitekturasını nə üçün pozmaq təhlükəsi yaratdığı haqqında maraqlı şərhlər verib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Bu gün biz Ermənistanı manipulyasiya etmək üçün aşkar cəhdlər görürük. Ermənistanın regionda və Rusiya ilə münasibətlərdə sabitliyi pozan bəzi hərəkətlərə açıq-aşkar təhrik edilməsi. NATO strukturlarından Şimali Atlantika Alyansına qoşulmaq çağırışları, İrəvanın mütəmadi olaraq Rusiya əleyhinə qalmaqallı bəyanatları Qərb dövlətlərini regiona sürükləyir.
- Bu proses yeni deyil. Paşinyanın anti-Rusiya bəyanatları yeni deyil, lakin onların tezliyi getdikcə artır. Paşinyan hakimiyyətə Qərb strukturlarının dəstəyi, Sorosun qrantları hesabına gəlib, onun gəlişi Qərbdən maliyyələşən media tərəfindən dəstəklənib. Sifarişçi əvvəldən aydın idi. Ermənistan rəhbərliyinin Paşinyan timsalında Rusiyadan uzaqlaşmaq və Ermənistanı Vaşinqtonun nəzarət çəngəlinə daxil etmək kursu, daha çox NATO-ya, daha çox Avropa İttifaqına doğru hərəkət ilkin olaraq uzunmüddətli strategiya idi. İndi Paşinyan artıq açıq şəkildə (yeri gəlmişkən, Ermənistanda hakimiyyətə gələnə qədər fəal şəkildə etdiyi kimi) respublikanın gələcəyi ilə bağlı layihəni təsvir edir. Bəli, Ermənistanın baş naziri bir gün yuxudan ayılacağına və Rusiyanın Cənubi Qafqazda olmayacağına ümid edir.
Onun bütün bu illər ərzində yerinə yetirdiyi siyasi sifariş indi yeni, kritik mərhələyə qədəm qoyub. Onun üçün bu, qısamüddətli perspektiv kimi görünür. Fransa Ermənistana kömək edir. Paris açıq şəkildə geosiyasi mövqeyini itirir. Bütün dünyada Fransanın ənənəvi nüfuzuna malik olan dövlətlərdə antifransız əhval-ruhiyyəsi güclənir. Paris geosiyasi güc kimi mövqeyini itirir, ona görə də Makronun öz aktuallığını, təsirini göstərməsi çox vacibdir. Bir nöqtədə geri çəkildiyini, digərində isə fəal irəlilədiyini göstərmək üçün. Fransanın Ermənistan-Azərbaycan məsələsində fəaliyyətinin növbəti mərhələsi, Paris merinin rəhbərlik etdiyi humanitar yük maşınlarının Laçın yoluna “şou səfərləri” və Makronun İrəvana gözlənilən səfəri bununla izah olunur.
- Kreml bildirib ki, Moskva Paşinyanın bəyanatları ilə razı deyil və Rusiya Cənubi Qafqazdan və konkret olaraq Ermənistandan çıxmayacaq. XİN isə ənənəvi olaraq “müttəfiqin” növbəti açıqlamalarına sərt reaksiya verib. Rusiya Ermənistanın getdikcə artan məsafəsinə hazırdırmı?
- Rusiyanın hazırlığını və bu vəziyyətdə Moskvanın ata biləcəyi addımları bölüşmək lazımdır. Rusiyanın gələcək addımlarını diplomatların açıqlamalarına əsasən, qiymətləndirmək mümkün deyil. Real addımlar atılandan sonra danışmaq mümkün olacaq. Diplomatlar həmişə vəziyyətin daha sakit və münaqişəsiz olması üçün çalışacaqlar. Bu, onların işidir.
Təbii ki, ictimai olmayan iş də var. Və Paşinyanın Rusiya əleyhinə bəyanatları cavabsız qalmayacaq.
- Praktikada bu gün İrəvanın real anti-Rusiya addımlarından danışmaq olar, yoxsa hər şey Ermənistan rəhbərliyinin hay-həşiri ilə məhdudlaşır?
- Ermənistan və Ermənistan rəhbərliyi hələ də iki fərqli şeydir. Erməni xalqının heç də hamısı anti-Rusiya ritorikası ilə çıxış etmir. Paşinyan hakimiyyətə gələndə rusiyapərəst əhval-ruhiyyə yüksəlirdi. Onun vəzifəsi bir neçə ildən sonra bu əhval-ruhiyyəni dəyişdirmək idi ki, bu, əslində, yerinə yetirildi.
Biz bu illər ərzində hansı anti-Rusiya addımlarını gördük: Paşinyanın hakimiyyətə gəlişinin lap əvvəlində KTMT-ni gözdən salmaq cəhdi, Ermənistanda Rusiya mediasının işini məhdudlaşdırmaq, Amerika bioloji laboratoriyalarının işini rus mütəxəssislər üçün bağlamaq. Və yenə də “mövzu” təkrarlanır: biz Ermənistanın KTMT-də işləməkdən tədricən imtina etməsini strukturdan mümkün çıxma xəbərdarlığı ilə görürük. İndi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı daimi nümayəndəsini geri çağırıb və onun yenisini təyin edib-etməyəcəyi məlum deyil. Eyni zamanda, biz təmasların, NATO ilə və hərbi komandanlıq səviyyəsində işin güclənməsini, o cümlədən Şimali Atlantika Alyansına qoşulmaq çağırışları ilə müvafiq informasiya dəstəyi, Ermənistanın NATO təlimlərində iştirakını görürük. Aİ müşahidəçilərinin Ermənistan ərazisinə dəvət edilməsi- hər kəs yaxşı bilir ki, “mülki” monitorinq missiyasına müvəqqəti istefa ərizəsi yazan hərbçilər də daxildir. Bunlar Rusiyanı Cənubi Qafqazdakı proseslərdən sıxışdırmaq üçün real addımlardır. Ermənistan kiçik addımlarla sakitcə anti-Rusiya yolu ilə irəliləyir.
- Yəni, Cənubi Qafqazda təhlükəsizlik məsələsində Ermənistan Rusiyanı sıxışdırmaq üçün Ermənistan-Azərbaycan nizamlanmasından istifadə edir?
- Bəli. Ermənistan Rusiya və KTMT ilə münasibətləri götürüb dərhal kəsə bilməz. İrəvan üçün bunlar onun ərazisində təhlükəsizliyin təminatçılarıdır. Eyni zamanda etiraf edirəm ki, NATO Ermənistanı getdikcə özünə daha da yaxınlaşdıracaq. Ermənistan NATO-ya hansısa hipotetik daxil olana qədər KTMT-dən çıxa bilməz.
Ermənistanın bütün bu addımları regionda onun öz təhlükəsizliyinə təsir edir. Həmişə təxribat, sabitliyi pozmaq üçün oynamaq cəhdi var. İkinci, cənub cəbhəsini açmaq cəhdi. Ona görə də faktiki olaraq regionda vəziyyət ciddidir.
- Yəni, tədricən də olsa, mənfi ssenarinin başvermə ehtimalı yüksəkdir?
- Real döyüş əməliyyatlarının başvermə ehtimalı azdır. Biz son aylarda rus sülhməramlılarının təmkinini gördük. Amma Rusiya-Ermənistan münasibətlərindən danışsaq, o zaman perspektivlər yaxşı deyil. Paşinyan Ermənistanla NATO arasında daha da sıx yaxınlaşma üzərində işləyir. O, bu prosesi başa çatdırmalıdır, yoxsa nə vaxtsa respublikada vəziyyət dəyişəcək. Ermənistan Ukrayna ssenarisinə yaxınlaşır.
İrəvanın Roma Əsasnaməsini ratifikasiya etmək niyyəti Ermənistan və Qərbin bir daşla iki quş vurmaq istəyidir. Azərbaycanı məhkəməyə ver, Rusiyaya çirkin oyun aç.
Anti-Rusiya hərəkətləri də məqsədyönlü siyasətdir, davam edən anti-Azərbaycan fəaliyyətdir.
Düşünürəm ki, indi Putinlə Paşinyan arasında təmaslar ciddi şəkildə məhdudlaşdırılacaq. Və Rusiya rəsmilərinin Ermənistana səfərləri azalacaq.
Eyni zamanda, Rusiya-Ermənistan münasibətlərində problemlərin açıq şəkildə olduğu bir şəraitdə Rusiya-Azərbaycan münasibətləri müsbət görünür. Rusiya və Azərbaycanın öz problemləri var- həm ikitərəfli, həm də çoxtərəfli. Bu, həm də Vladimir Putinin mütəmadi olaraq qaldırdığı Şimal-Cənub dəhlizi məsələsidir. Rusiya üçün bu, son dərəcə vacib strateji layihədir. Bu, həm də Xəzər əməkdaşlıq layihəsidir.
- Bəs paralel olaraq etirazların- Ermənistan müxalifətinin, xaricdəki erməni lobbiçilərinin, Azərbaycan səfirliklərinə hücumları və separatçı aksiyaların baş verməsini necə izah edirsiniz?
- Ulduzlar yanıbsa, deməli, kiməsə lazımdır. Hesab edirəm ki, bu cür prosesləri əlaqələndirmək olmaz. Ermənistan-Azərbaycan nizamlanması məsələsində, Rusiya-Ermənistan münasibətlərində hər şeyin necə inkişaf edəcəyini birmənalı demək mümkün deyil. Paşinyan çevik siyasətçidir. Ona görə də istənilən ssenari mümkündür. O cümlədən, onun mütləq Rusiyanın düşməni olduğunu söyləmək də mümkün deyil.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb