MİA

  • 5 703

İqor Korotçenko: Paşinyan bu məqsədlə Konstitusiyaya dəyişiklik etmək niyyətindədir - MÜSAHİBƏ

image

Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko “Moskva-Baku” portalına Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması məsələsində irəliləyişin olmamasının, eləcə də Ermənistanda qarşıdan gələn Konstitusiya dəyişikliyinin səbəblərini şərh edir.

- İqor Yuryeviç, yanvar ayı başa çatır, lakin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması məsələsində, necə deyərlər, işlər hələ də pis gedir. Keçən ilin sonunda hər iki tərəfdən sazişi imzalamağa hazır olduqları, onun 70 faiz hazır olması barədə aktiv bəyanatlar səsləndi. Amma ortada real heç nə yoxdur. Hətta görüşlər də yoxdur. Səbəb nədir?

- Ermənistan hər zaman İrəvan üçün xarakterik olan eyni qeyri-konstruktiv mövqeni ölkənin hər bir liderinin dövründə də davam etdirir. Bu, mövcud reallıqları etiraf etmək istəməməkdir. İrəvan bu gün ABŞ, Fransa, Almaniya və qismən Aİ kimi xarici oyunçular tərəfindən İrəvanın mövqeyini gücləndirə biləcəyi danışıqlar platformalarından istifadə etmək cəhdlərini davam etdirir.
Bu səbəbdən indi Azərbaycan əvvəllər istifadə edilən Amerika və Avropa platformaları üzrə danışıqlardan imtina edir. Fakt budur ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəndən sonra Qərb əsəbiləşdi. Bu gün Fransanın güclü təsir gücünə malik olduğu ABŞ və Aİ Bakıya qarşı dost deyil. Ona görə də Bakının heç bir vasitəçi olmadan İrəvanla danışıqlar formatını birbaşa formata keçirməsi təbiidir. Çünki Ermənistan da öz növbəsində bu gün Rusiyanı vasitəçi kimi görmək istəmir. Ona görə də bu gün gördüyümüz vəziyyət yaranıb.
Bundan başqa, görünür, erməni tərəfi sülh sazişinin imzalanmasından sonra həll oluna biləcək bəzi xırda məsələləri ortaya qoymağa çalışır. Məsələn, İlham Əliyevin qeyd etdiyi kimi, sərhədin delimitasiyası və sonradan demarkasiyası prosesi hətta sülh sazişi imzalandıqdan sonra da həyata keçirilə bilər, çünki bu, mürəkkəbdir və illər çəkə bilər.
Görünən odur ki, ABŞ, Aİ, Fransa, Almaniya kimi ölkələr indi bir sıra amillərə görə sülh müqaviləsinin imzalanmasına həvəs göstərmirlər. Mənə elə gəlir ki, bu, indiki vəziyyətin əsas elementidir- Qərb oyunçularının çox istəksizliyi budur. İstər-istəməz bu İrəvanın taktikasına da təsir edir. Bunlar reallıqlardır. Kimsə bunun asan olacağını gözləyirdi? Yox.
Azərbaycan Prezidentinin məqsədyönlü hərbi-siyasi taktikası olmasaydı, üçtərəfli bəyanatın imzalanmasından keçən üç il ərzində bir məsələ də həll olunmazdı. Hər şey yerində qalacaqdı. Əvvəllər olduğu kimi, Qarabağda da terror və təxribat mənbəyi olmaqda davam edəcək separatçı bir qurum görəcəkdik. Nəticə etibarı ilə Azərbaycan Ermənistanı konstruktivliyə doğru aparmaq üçün hər şeyi etdi. Amma indi Azərbaycanın ərazi bütövlüyü probleminin rəsmi Bakı üçün qapalı olduğu görünəndə Ermənistan özünü yumşaq desək, qeyri-konstruktiv aparır. Bu, erməni siyasətinin, erməni liderlərinin xarakteridir. Deməli, yalnız Bakının sərtliyi istənilən əməli nəticə verə bilər.
Ötən həftə biz Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan eşitdik ki, Bakı Rusiya ərazisində sülh sazişi imzalamağa hazırdır, lakin Yerevanın bu barədə nə düşündüyü bəlli deyil.
Bu gün biz Rusiyanın mövqeyində müsbət dəyişikliklərin şahidi oluruq. Əgər əvvəllər Rusiya Xarici İşlər Nazirliyi tərəfindən İrəvana qarşı birbaşa tənqid yox idisə, nazirlik balanslı mövqe tutmağa və ehtiyatlı ifadələr işlətməyə çalışırdısa, indi biz İrəvana ünvanlanmış konkret iddialarla daha prinsipial, dəqiq, aydın mövqe görürük.
Bu, Rusiyanın mövqeyinin təkamülüdür. Biz görürük ki, bu gün Rusiyanın ekspert təşkilatları fəal şəkildə Xarici İşlər Nazirliyinə vəziyyətlə bağlı məlumat gətirirlər. Və XİN-in müvafiq strukturları nəticəyə gəlir. Sonra zaman faktoru var, reallıq faktoru var. Və bütün bunlar Moskvanın hazırkı vəziyyətin açıq bəyanatı ilə əvvəlki ehtiyatlı mövqeyinin dəyişməsinə səbəb oldu. İrəvan isə, yumşaq desək, erməni lobbiçiləri kimi Moskvanın müntəzəm olaraq bəyan etdiklərini bəyənmir. Bunlar yeni reallıqlardır. Bir neçə il əvvəl erməni lobbiçilərinin diş qıcamalarına səbəb olan qiymətləndirmələrimi bu gün nazir Lavrov səsləndirir. Bu gün Rusiyanın milli maraqlarına əsaslanan hadisələrin düzgün təhlili aparılır. Və bu sevindirməyə bilməz.

- Etiraf edirsiniz ki, Bakı və İrəvan birbaşa danışıqlar aparır, amma bu, ictimaiyyətə açıqlanmır?

- Azərbaycan Prezidentinin Administrasiyası ilə Ermənistanın baş nazirinin aparatı arasında kanal yaradılıb. Göründüyü kimi, danışıqlar gedir, lakin tərəflərin bunu açıqlamaq niyyəti yoxdur. Proses davam edir, bir sıra amilləri təhlil etməklə bu nəticəyə gəlmək olar. Çox şey yəqin ki, ictimaiyyətə açıqlanmır. Digər tərəfdən, görünən nəticələr, heç bir irəliləyiş yoxdur ki, ictimaiyyətə təqdim olunsun.

- Ermənistan hələ də Qərb qarantlarında israrlıdır.

- Burada zamin ola bilməz. Bu, Azərbaycanın daxili işlərinə qarışmaq olacaq. Sülh prosesi ikitərəfli prosesdir. Bakı üçün zaminlər məsələsi ümumiyyətlə qəbuledilməzdir.

Zaminlərin Ermənistanın tərəfində oynayacağı aydındır. Yaxşı, Makron qarant olacaq, yoxsa Bayden, yoxsa Şolz? Əlbəttə heç biri.
Biz görürük ki, Aİ-nin Azərbaycanla sərhəddə müşahidəçi missiyası genişlənir. Bu missiya tamamilə dağıdıcıdır.

- Və danışıqlar prosesi hansısa qeyri-müəyyən vəziyyətdə olduğu bir vaxtda Qərb dövlətləri anti-Azərbaycan sənədlərini irəli sürməkdə davam edir.

- Bu sənədlər erməni lobbisinin koordinasiyalı səyləri ilə qəbul edilir. Həm də erməni təşkilatlarının birbaşa agentləri olan siyasətçilər tərəfindən. Qarşıda ABŞ-da seçki kampaniyası var, büdcəyə ianələr tələb olunur, seçici dəstəyi tələb olunur, buna görə də bir çox amerikalı siyasətçi və iş adamı digər məsələlərlə yanaşı, erməni lobbisinin eqoist maraqlara söykənən istəklərini rəhbər tutacaq.

- Ermənistanın baş naziri Konstitusiyaya dəyişikliyi elan edərək, bunu digər məsələlərlə yanaşı, mövcud qlobal və regional çağırışlara reaksiya kimi izah etdi...

- Etiraf edirəm ki, bu, Azərbaycan üçün yaxşı xəbər ola bilər. Prezident İlham Əliyev hələ 2021-ci ildə bəyan etmişdi ki, Ermənistan Konstitusiyanı dəyişdirməli olacaq, çünki orada ərazi iddiaları var. Mən istisna etmirəm ki, Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün Konstitusiyaya dəyişiklik etmək niyyətindədir. Əgər o, köhnə Konstitusiya ilə barışığa imza atsa, əsas qanuna istinad edərək ölkə daxilində ona qarşı şikayətlər səslənməyə başlayacaq. Həmçinin Konstitusiyada təsbit olunmuş ərazi iddiaları sülh müqaviləsinin imzalanmasına maneə ola bilər. Ola bilsin ki, Paşinyan ölkənin əsas qanununu dəyişdirməklə bir sıra problemləri “paketləmək” niyyətindədir. Beləliklə, o, Konstitusiyanın müasir reallıqlara uyğun olmayan müddəalarından imtina edərək, sülh müqaviləsi imzalaya və Qarabağ məsələsini Ermənistan üçün əbədi bağlaya biləcək. Ermənistana köçmüş Qarabağ separatçılarının iddialarından sığortalanacaq. Bu, həm də şəxsi hakimiyyət rejimini gücləndirəcək. Axı bildiyimiz kimi, dəfələrlə onu devirməyə cəhdlər edilib. Lakin onların hamısı uğursuz oldu. Amma görünür, onu hakimiyyətə gətirən Qərbin hələ də ona ehtiyacı var.
Ola bilsin ki, Ermənistanın baş naziri növbədənkənar parlament seçkiləri keçirməyə də cəhd göstərsin, həmçinin ölkəni əvvəllər olduğu kimi prezident idarəetmə modelinə qaytarsın.
Ermənistanın indiki baş nazirinin bu gün prezident üsul-idarəsi formasına qayıtmaq niyyətini inkar etməsinə gəldikdə isə... Vaxtilə Paşinyan Qarabağın Ermənistan olduğunu bəyan etmişdi. Ona görə də o, bu gün bir şeyi, sabah başqa bir şey deyə bilər. Qəfilrdən deyə bilər: xalq bunu istəyirdi və bizim vəzifəmiz həm daxildən, həm də xarici qüvvələrdən ölkənin dövlətçiliyinə, təhlükəsizliyinə zərbə vurmaq cəhdlərinin qarşısını almaqdır. Ona görə də biz bunu dəyişəcəyik. Şəxsi hakimiyyət rejiminin qorunması, səlahiyyətlərin qanuni şəkildə uzadılması- bu gün onun üçün bu, hər şeydən vacibdir.

- Ermənistanın Qərb vektoru hansısa şəkildə yeni Konstitusiyada öz əksini tapa bilərmi?

- Məncə, lazım olmayacaq. Hər hansı formulalar varsa, bu nəyi dəyişəcək? Bu gün Ermənistanın Qərblə qarşılıqlı əlaqələrinin güclənməsi reallıqdır.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər