MİA

  • 7 004

Rusiya XIN keçmiş müavini: Qərb Azərbaycanı istəmədiyi qərarlar verməyə məcbur etmək istəyir – MÜSAHİBƏ

image

Andrey Fedorov: “Onlar həddindən artıq suveren ölkə olan Azərbaycanın mövqelərinin daha da güclənməsinə imkan vermək istəmirlər”

Rusiya XİN rəhbərinin keçmiş müavini (1990-1991) Andrey Fedorov “Moskva-Baku” portalına müsahibəsində Qərbin niyə birdən-birə açıq şəkildə Azərbaycana qarşı kin bəsləməyə başladığı haqda fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Andrey Vladimiroviç, ötən ilin sentyabrında ərazilərini tamamilə qaytardıqdan sonra ABŞ və Aİ-də bir struktur kimi Azərbaycana münasibətdə mənfi tendensiyalar yaranıb. Biz ABŞ-dan Azərbaycana qarşı tənqidlər və sözün əsl mənasında təhdidlər gördük. Fransadan, Aİ-dən, xüsusən də bir gün əvvəl Bakıya qarşı hədə-qorxularını dilə gətirən Avropa diplomatiyasının rəhbəri Borreldən davamlı “qətnamə” və sanksiyalarla hədələmələri də həmçinin...

- Təbii ki, bunların hamısı siyasiləşdirilmiş bəyanatlardır - guya Azərbaycanın Qarabağda keçən ilin sentyabr vəziyyəti ilə bağlı humanitar hüququ pozub. Və anlamaq lazımdır ki, Qərbin Azərbaycana qarşı bu cür ritorika, bu cür addımları yaxın gələcəkdə də aktiv şəkildə davam edəcək. Çünki Azərbaycanla Ermənistan arasında münasibətlərin yekun sülh müqaviləsi formasında rəsmiləşdirilməsində maraqlı olmayan xeyli sayda qüvvələr, şəxslər, strukturlar var.

Və bu, Azərbaycanı siyasiləşmiş tənqidlər səsləndirən hər bir ölkənin milli maraqları məsələsi deyil, siyasətin şərhi məsələsidir. Çünki, məsələn, Fransa üçün erməni məsələsi tarixi səbəblərə görə xüsusi əhəmiyyət kəsb edir. Digər Qərb ölkələri üçün bu daha az əhəmiyyət kəsb edir. Amma bəzi Qərb dövlətləri, xüsusən də Böyük Britaniya başa düşürlər ki, Cənubi Qafqazda vəziyyətin yekun sabitləşməsi onların maraqlarına cavab vermir. Onlar bu bölgənin bərbad vəziyyətdə olmasını istəyirlər. Bəziləri Azərbaycana beynəlxalq təzyiqlərdə maraqlıdır. Yəni, belə demək olar ki, regionda vəziyyət bərbad vəziyyətdədir. Çünki istənilən dayandırılmış dövlət manevr üçün yer buraxır. Qərb regionda öz təsirini saxlamaq istəyir. İndi, təbii ki, söhbət qisasdan yox, qeyri-müəyyənlikdən gedir. Amma Azərbaycanı Bakının qəbul etmək istəmədiyi bəzi qərarlar verməyə məcbur etmək istəyirlər. Onlar üçün həddindən artıq suveren ölkə olan Azərbaycanın mövqelərinin daha da güclənməsinə imkan vermək istəmirlər.

Bu vəziyyətdə Rusiya həmişə olduğu kimi manevr edir və regiondakı rolunu qoruyub saxlamağa çalışır. Və bu gün hamı manevr etmək məcburiyyətindədir. Lakin Ukrayna böhranı fonunda Cənubi Qafqazın prioriteti arxa plana keçib.

Moskva indi həm Əliyevi, həm də Paşinyanı razılığa gəlməyə və az-çox stabil olacaq sülh müqaviləsi imzalamağa inandırmağa ümid edir. Və bundan sonra digər məsələlərlə məşğul olmağa çağırır.

- Ona görə də Sergey Lavrov dedi ki, Azərbaycan Rusiya ərazisində sülh sazişi imzalamağa hazırdır, lakin nazir deyib ki, Ermənistanla necə olacaq, aydın deyil...

- Bu gün Ermənistanla bağlı vəziyyət çox ağırdır. Çünki Ermənistan rəhbərliyi bundan sonra nə edəcəyini və hansı istiqamətə gedəcəyini hələ müəyyənləşdirməyib. Təhlükəsizlik sferasında Rusiya ilə nəhayət qırılacaq, ya yox. Problem ondadır ki, ən azı mənim bildiyimə görə, Ermənistan rəhbərliyi nəhayət Qərbin Ermənistana sabit hərbi-siyasi təhlükəsizlik təminatları verib-verməyəcəyinə dair qərar vermək üçün daha ay yarım gözləmək istəyir - bu zəmanətlərin Fransa, ABŞ-dan olmasını arzulayaraq.

Ermənistan artıq KTMT-yə üzvlük məsələsini faktiki olaraq dayandırıb: onlar strukturun iclaslarında iştirak etmirlər, lakin hələlik rəsmi olaraq orada qalırlar. Və bütün bunlar həm də Bakı ilə sülh müqaviləsinin imzalanmasına və bütün mübahisələrin yekun həllinə təsir edir.

- Bu gün həm amerikalılar, həm də ingilislər Ermənistanla hərbi-müdafiə əməkdaşlığını gücləndiriblər...

- Bəli, bu gün söhbət Qərbin Ermənistanın təhlükəsizliyinə hərbi təminat verməsindən gedir. Mən ABŞ və digər Qərb tərəfdaşlarından rəsmi şəkildə təhlükəsizlik zəmanəti alan Ermənistanın Bakı ilə söhbətinin tonunu dəyişmək imkanı əldə edəcəyinə inanan bəzi amerikalı həmkarların məntiqini bilirəm.

- Yəni onlar artıq açıq şəkildə Ermənistanın tərəfinə keçiblər?

- Qərb indiki vəziyyətdə Ermənistandan istifadə etməyə çalışır və artıq bu ölkənin vəziyyətindən öz xeyrinə istifadə edir.

- Həqiqətən Qərb Ermənistana təhlükəsizlik zəmanəti verə və onu silahlandıra bilərmi?

- Əlbəttə. Bacararlar, edə bilərlər. Amma bu, amerikalıların dəfələrlə danışdıqları məsələnin həllini tələb edir- Ermənistanın KTMT-dən çıxması. Və bu strukturdan çıxmaq avtomatik olaraq Rusiya hərbi bazasının Ermənistanın Gümrü ərazisindən çıxarılmasını nəzərdə tutur, baxmayaraq ki, onun Ermənistan ərazisində yerləşdirilməsi ayrıca ikitərəfli razılaşma ilə müəyyən edilir. Bu baza Rusiya üçün çox simvolikdir. Baza olmasa, Ermənistan ərazisində təhlükəsizliyin təminatçısı kimi Rusiya da olmayacaq. Amma Moskva üçün bu gün bu istiqamətdə İrəvana təsir etmək asan deyil. İqtisadiyyat vasitəsilə Ermənistana yumşaq təzyiq göstərmək cəhdləri isə həmişə ictimai olmasa da, kiçik qalmaqallara gətirib çıxarır.

- Bu gün Qərbdə Azərbaycanı təhdid edənlərin hamısı indi real fəaliyyətə keçə bilərmi: məsələn, sanksiyaların tətbiqi?

- Məncə, indiki mərhələdə yox. Amma əgər Qərb Ermənistana təhlükəsizlik zəmanəti verirsə, bəli, bu mümkündür. Amma İrəvan Qərbin xeyrinə aydın seçim edərsə. O vaxta qədər hər kəs gözləmə mövqeyində olacaq.

- Amma indi deyirlər ki, Aİ-də üzv ölkələrin yanaşması birtipli deyil- bəziləri ümumi Qərb təzyiq tendensiyalarına daha çox, bəziləri daha az reaksiya verir...

- Əlbəttə. Amma nə qədər ki, Ukrayna var, Cənubi Qafqaz Qərbin dominant gündəmində deyil. Və ancaq Borrell kimi ayrı-ayrı adamlar olacaq ki, onlar vaxtaşırı “Azərbaycan” məsələsini qaldıracaqlar. İrəvan qərar verənə qədər Azərbaycan məsələsi bütövlükdə Avropa İttifaqı üçün aktual məsələyə çevrilməyəcək.

Təbii ki, Borrell Avropa diplomatiyasının rəhbəri kimi şəxsi nöqteyi-nəzərini çatdırmır. O, Böyük Britaniya və Fransanın maraqlarını əks etdirir.

- Bu səbəbdəndir ki, Azərbaycan son vaxtlar Ermənistanla danışıqlarda Qərb platformalarının vasitəçiliyindən imtina edir?

- Bəli. Çünki aydındır: Azərbaycan bu platformalarda çox rahat olmayacaq. Yumşaq desək. Eyni zamanda, bu gün Azərbaycan və Rusiya müəyyən dərəcədə barrikadaların eyni tərəfindədir. Rusiya Bakı ilə İrəvan arasında sülh və sabitlik üçün bütün hüquqi prosedurların başa çatdırılmasının zəruriliyi baxımından Azərbaycanı dəstəkləyir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər