MİA

  • 7 680

Ekosistemdə disbalans: insan oturduğu budağı kəsir - ARAŞDIRMA

image

Son illərdə ekosistemin balansının pozulması barədə olduqca çox danışılır, konfranslar təşkil edilir. Min illərdir normal tarazlıq və bəlli sistemi olan təbiət son illərdə anormal hadisələrə və təbii fəlakətlərə qucaq açıb. İnsanların təbiətə zərərli fəaliyyəti ekosistemi pozur. Bəzən deyirlər, insan təbiətə ən çox zərər verən canlıdır. Amma zənnimcə səhvdir. İnsan təbiətə zərər verən yeganə canlıdır.

Qlobal istiləşmə, istixana effekti və iqlim dəyişikliyi kimi anlayışların həyatımıza daxil olmasına səbəb olan bu genişmiqyaslı iqlim dəyişikliyi yer üzündəki bütün canlılar üçün böyük risk yaradır. Bu genişmiqyaslı təhlükənin ən əhəmiyyətli səbəblərindən biri də istixana qazlarıdır. Ozon təbəqəsinin pozulmasından bəri illərdir mübarizə aparılan istixana effekti qlobal istiləşmənin əsas mənbəyidir.

İstixana effektinin niyə qlobal istiləşməyə səbəb olduğunu anlamaq bu dünyada yaşayan hamı üçün son dərəcə vacibdir. Çünki bu zəhərli qazların atmosfetə buraxılmasını tez bir zamanda dayandırmasaq sonumuz yaxın olacaq. İstixana effekti və qlobal istiləşmə bir-biri ilə birbaşa əlaqəlidir. Yer kürəsini günəşin zərərli şüalarından qoruyan ozon təbəqəsinin nazilməsi və deşilməsi nəticəsində yer üzü zərərli günəş şüalarına intensiv şəkildə məruz qalır. Bu zərərli şüalar istixana effekti ilə birləşdikdə dünya daha çox isinməyə başlayır. Bu cümlələri oxuduqda fərqinə vardınız, son illərin qızmar havalarında insan “əməyi” nə qədər çoxmuş, deyilmi? İstixana effekti bütün havaya təsir edərək, istilik və radiasiyanın yer üzündə daha uzun müddət qalmasına səbəb olur. Kükürd və azot kimi zəhərli qazlar havaya buraxılır və istiliyi kondensasiya edərək yerin istiləşməsinə səbəb olur.

Yer səthinin orta temperaturu +15 ° təşkil edir, parnik effekti olmasa idi bu nisbət - 18° olardı. Odur ki, parnik-istixana effektinin tarazlığı Yerdə həyatın mövcudluğu üçün əsas mexanizmlərdən biri sayılır. Parnik effekti yaratmaqda atmosferdə olan su buxarı aparıcı rol oynayır. Bu baxımdan, atmosferdə yüksək konsentrasiyada olan qazlar da böyük əhəmiyyətə malikdir. Əsas parnik qazları karbon 2 - oksid (CO2), azot oksidləri, xüsusilə NO2 metan (CH4) və troposfer ozonudur (O3). Son bir neçə yüzillikdə bu təbii qazların miqdarı artıb. Atmosferə əlavə olaraq qlobal ekosistemin təbii komponenti olmayan digər qazlar da daxil olur. Onlardan ən əsasları insan tərəfindən sintez edilən xlor - flüor üzvi birləşmələri, freonlar da bu katiqoriyaya aiddir.

İnsan təbiəti qorumasa…

Son 200 ildə, xüsusilə 1950 - ci ildən sonra, hazırda da davam edən insan “fəailiyyəti” atmosferdə parnik effektli qazların konsentrasiyasının artmasına səbəb olur. İqlimin istiləşməsi atmosferdə parnik qazlarının miqdarını artıraraq parnik effektinin yüksəlməsinə səbəb olacaq. Karbon qazının hazırda parnik effektində payı 64%-ə çatır. Bu miqdar ilbəil artmaqda davam edir. Atmosferdə onun konsentrasiyasını aşağı salmaq üçun tullantıları azaltmaq vacibdir.

Metan bataqlıq qazı parnik effektində 19 % təşkil edir. Son 10 illərdə atmosferdə metanın miqdarının artması müşahidə olunur. Onun konsentrasiyasının çoxalması mənbələri sənaye tərəfindən bataqlıqların qurudulması və meliorasiya, çəltik tarlalarının sahəsinin genişləndirilməsi, maldarlığın artması və s. hesab olunur. Metanın SO2 - dən olduqca az olmasına baxmayaraq infraqırmızı şüaların udulmasında yüksək effektli uducu sayılır. Əhalinin sayının artması ilə atmosferdə metanın çoxalması müşahidə olunur.

Azot oksidləri ümumi parnik effektinin 6%-ni təşkil edir. Kənd təsərrüfatında azot gübrələrinin tətbiqinin artması və üzvü yanacaqlardan kütləvi istifadə edilməsi zamanı NO2-nin miqdarı artır. Xlor- flüor üzvi karbonlar isə tərkibində xlor, flor və brom olan maddələrdir. Bunlar yüksək effektli potensiala malik olub atmosferdə uzun müddət qalır. Onun miqdarı 7% -ə çatır. Ozon, mühüm parnik qazı hesab olunur. O, həm stratosferdə, həm də troposferdə yerləşən qısadalğalı və uzundalğalı radiasiyaya təsir göstərir.

7 milyon insan havadan zəhərlənir

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hər il dünyada 7 milyondan çox insan çirklənmiş hava səbəbindən erkən ölür. Bildirilir ki, qapalı və açıq məkanlarda yaranan çirkli hava insanlarda müxtəlif xəstəliklərə səbəb olaraq ömrünü qısaldır. TSKB İqtisadi Araşdırmalar Mərkəzinin hazırladığı “Həyat dərindən bir nəfəsdir” başlıqlı hesabatda dünya üzrə 300 milyon uşağın maksimum səviyyədən 6 dəfə çox hava çirkliliyinə məruz qaldığını deyir. Havadakı qaz, his, ozon və metan nisbətindəki dəyişikliklər, sadəcə, iqlim dəyişikliyinə səbəb olmur, eyni zamanda, hər il milyonların ölümünə rəvac verir.

Açıq mühitdəki çirkli hava hər il 3.7 milyon, evlərdə və ya ofislərdəki çirkli hava isə hər il 4.3 milyon insanı erkən öldürür. Araşdırmalara görə dünyada ekologiyanın çirklənməsinə 42 faiz insanlar, 30 faiz sənaye tullantıları, 14 faiz nəqliyyat vasitələri və 14 faiz isə digər səbəblər yol açır. ÜST hesab edir ki, ekologiyanın çirklənməsinin qarşısı alındığı təqdirdə 2050-ci ilə qədər hər il 3-5 milyon insanın erkən ölümünün qarşısı alına bilər.

İstixana qazlarının konsentrasiyası buzlaqların əriməsinə və okeanların səviyyəsinin qalxmasına səbəb olur, beləcə su artdıqca torpaq sahələri azalır. Bəzi bölgələrdə daşqın və qasırğa kimi fəlakət riski artır, bəzi yerlərdə isə əksinə, şiddətli quraqlıq müşahidə olunur. Qış mövsümündə temperatur yüksəlir, havalar erkən isinir, yaz tez gəlir, payız isə gecikir. Heyvanların miqrasiya dövrləri dəyişir və bir çox canlı növü yox olmağa başlayır. Qlobal istiləşmə sürətlənir. Tərkibindəki zəhərli qazlar və havanın temperaturu ilə insan sağlamlığına mənfi təsir göstərir, ürək xəstəliklərindən tutmuş tənəffüs xəstəliklərinə qədər bir çox zərərlərə səbəb olur. Hava yolu ilə yoluxucu allergiya xəstəlikləri artır.

Əhali artır, bəs təminat?

Dünya miqyasında mövcud problemlərdən ən böyüyü ətraf mühitin davamlı üzvi çirkləndiricilər və ağır metallarla çirklənməsinin minimuma endirilməsidir ki, bu ölkəmiz üçün də olduqca aktual və həlli vacib problemlərdəndir. Bu növ çirklənmənin əsas mənbələri neft emalı, neft-kimya, kimya, energetika, tikinti materialları istehsalı, avtonəqliyyat, kənd təsərrüfatında pestisidlərin tətbiqi və tullantıların yandırılması kimi proseslərdir ki, bu mənbələrdən ətraf mühitə dioksinlər, furanlar, bifenil və ağır metallar atılır. Xüsusilə istixana qazların təhlükəsi barədə ölkəmiz olduqca məlumatlıdır və bu təhlükənin azaldılması istiqamətində işlər görülür.

Dünyanın sürətlə artan əhalisinin və inkişaf etməkdə olan sənayenin enerji tələbatını məhdud resurslarla ödəmək mümkün deyil. Enerji istehsalı ilə istehlak arasında fərq getdikcə artır. Qlobal enerji istehlakının 2035-ci ilə qədər 1998-ci ildə istehlak edilən enerjidən iki dəfə, 2055-ci ildə isə üç dəfə çox olacağı təxmin edilir. Digər tərəfdən, neft, təbii qaz, kömür və nüvə enerjisi kimi “bərpa olunmayan” ənənəvi enerji mənbələri ətraf mühiti və insan sağlamlığını getdikcə daha çox hədələyir. Ənənəvi enerji mənbələrindən, nəqliyyat, yaşayış və sənaye sektorlarında geniş istifadə problemi daha da mürəkkəbləşdirir.

​Dünyada meşələrin sayının azalması qalıq yanacaqların yandırılması nəticəsində ayrılan karbon qazının (CO2) miqdarının artması ilə nəticələnir. Bu qaz, atmosferdəki qazlarla birlikdə günəş işığının yer üzündə əks olunmasının qarşısını alır. Bu formada da yenə “istixana effekti” yaranır və iqlim dəyişikliyinə səbəb olur. Qlobal istiləşmənin bu tempdə artmağa davam edəcəyi təqdirdə 2040-cı ilə qədər dəniz səviyyəsinin bir metrə qədər yüksələcəyi və bu halda dünyanın ən böyük şəhərlərinin su altında qalacağı ehtimal edilir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər