MİA

  • 9 466

Tovuzlu fermer: “Kəndlidə can, məhsulda bərəkət qalmayıb” - MÜSAHİBƏ

image

14 may Ümumdünya Fermerlər Günüdür

Əgər bir gün həyatımızın ən mühüm tərkib hissəsi olan əkinçilər, kəndlilər, fermerlər, əkməkdən, suvarmaqdan, yetişdirməkdən, istehsal etməkdən, böyütməkdən imtina etsələr olacaqları düşünün – aclıq, qıtlıq, bahalıq... Kənd təsərrüfatı bütün ölkələr üçün kritik əhəmiyyət kəsb edən istehsal sahəsidir. Əkinçilik isə bütün dövrlərdə sivilizasiyaların əsas gəlir və istehsal mənbəyi olub. Bu zəhmətkeş insanların əməyinin qiymətləndirilməsi məqsədi ilə 1984-cü il mayın 14-dən etibarən hər il bu gün Ümumdünya Fermerlər Günü kimi qeyd edilir.

Azərbaycanda kəndlinin, fermerin, əkinçinin mövcud problemləri, ehtiyacları, çətinlikləri barədə tovuzlu fermer-bağban Məhərrəm Mehralıyev ilə söhbətləşdik. Əslində o mənim əmimdir və bu günə özəl yazı hazırlamaq üçün ən yaxşı nümunədir. Çünki mən özümü dərk edəndən əmimi əlində kürək, toxa, yaba, oraq, dırmıq bağda-bostanda işləyən görmüşəm. Bütün uşaqlığım onunla birlikdə bostanda, üzüm və kartof sahələrində keçib, birlikdə qarpız-qovun toplamışıq, kartof yığmışıq, qarğıdalı dərmişik. Onun əlinin hər qabarına, alnında parıldayan hər damla tərinə şahid olmuşam. Ömrü boyu ya bostan salıb qarpız yetişdirib, ya üzüm tingi əkib məhsul becərib, ya ağac budayıb bəhrə artırıb. O, ölkəmizin heç vaxt “yoruldum” deməyən, işləməkdən bezməyən zəhmətkeş əkinçilərinin ümumiləşdirilmiş obrazıdır.

-Bu gün sənin təmsilində bütün kəndlilərin problemlərindən danışaq. Nə çətinliyiniz var?

-Əsas problemimiz həmişə su ilə bağlı olub. Ağ su yoxdu, artezian quyularından çıxan sudur, o da istədiyimiz vaxt olmur, çünki artezian azdır, əkinimiz gec-gec sulanır. Bu il bəxtimizdən yağış çox oldu, əkinimiz vaxtında sulandı, amma hər il belə olmur. Su ən birinci və daimi problemdir. Bundan başqa toxum problemimiz var, çox baha alırıq. Kartofun toxumunun kilosunu 1 manatdan alırıq. Biz nə qədər məhsuldar əkin yetişdirə bilərik ki, bu qiyməti kompensasiya eləsin? Yəni əkin əkmək üçün xərci çox çəkirik, amma mövsüm sonunda istədiyimiz qiymətə sata bilmədiyimiz üçün ya borcda qalırıq, ya da başabaş ödəşirik.

-Pay torpağı ehtiyacınızı qarşılayır?

-Demək olar ki yox. Çoxumuzda pay torpağıdır, sahəsi bəlli, imkanları bəlli. Nə uzana bilirik, nə qısala. Tək əkməklə iş bitmir, texniki xərclər var, dərman və suvarma xərcləri var, aqrotexnikaya xərcimiz çıxır. Düzdür, dövlət bir az kömək edir, gübrə verir, amma yetərli olmur. Çünki əkinin mayası çoxdur. Şəhərdə elə bilirlər toxumu torpağa qoydun, bir-iki dəfə su verdin, vəssalam, məhsul çıxdı, satdın gəlir əldə etdin. Elə deyil. Gəl hesablayaq, əyani vəziyyəti deyim. Tutaq ki, kartof əkirik, bir hektar sahəyə 3 tondan artıq toxum lazımdır, toxumun kilosunu 1 manatdan alırıq, bu 3 min manat edir. Məhsul ərsəyə gələnədək çəkilən digər xərcləri – dərmanı, gübrəni, becərmək üçün lazım olan texnikanı, suvarılmanı, işçi əməyini də əlavə edəndə 6-7 min manat edir. Məhsul çıxanda yarı qiymətinə də sata bilmirik, kilosu 40 qəpik olanda sevinirik. Yəni toxumu baha alıb məhsulu ucuz satırıq. Deməyim odur ki, birillik bitkilərdə qazanc yoxdur, mövsüm sonunda mayanı hesablayanda məlum olur ki, il boyu qarın toxluğuna işləmişik. Nə kəndlidə taqət qalır, nə də aylarla can qoyub becərdiyi məhsulunun bərəkəti olur.

-Bəs kəndli nə əkməlidir ki dolana bilsin? Bağçılıq daha yaxşıdır, yoxsa bir illik əkin növləri?

-Ən qazanclı sahə üzümçülükdür. Yaxşı qazancı var, əgər yaxşı becərə bilsən. Bizim zonanın yaxşı üzüm sahələri də olub zamanında. Sonra qırıb-tökdülər. Çünki zavod-fabriklər fəaliyyətini dayandırdı, məhsul kəndlinin əlində qalırdı. Gəncə-Qazax zonasında bir dənə zavod qalmayıb, hər rayonda bircə dənə çaxır zavodu olsa üzümçülükdən yaxşı, qaznclı sahə yoxdu. Qazax-Gəncə arası kənd təsərrüfatında bir dənə gəlirli sahə üzümçülükdür. Bizim torpaqlar ancaq üzümçülük üçündür. Amma zavod yoxdur. Vaxt vardı ki, Tovuzun istehsal etdiyi çaxırlar bütün SSRİ-də məşhur idi, əkdiyimiz məhsul hələ yetişməmiş zavodlar gəlib beh verirdi, narahat olmurduq ki, məhsul əlimizdə qalar.

Amma indi alverçilər almasa, məhsul qapıda qalasıdır. Alverçi də təbii ki qiyməti öldürür. Özümüzün bazara çıxışımız yoxdur, olsa da o qədər məhsulu hansı bazara çıxaraq? Soyuducusuz o qədər məhsulu necə saxlasın kəndli? Soyuducuda saxlamaq da xərc tələb edir. Ona görə çaxır zavodu şərtdir. Bax belə problemə görə mən pay torpağımızı bağ etmişəm. Onunla da nə artıra bilərik ki? İllərlə qulluq edirik, amma məhsul zamanı bağın bəhrəsi pula getmir. Bu il nə ərik var, nə gilas var, yağış yudu çiçəkdə. Əsas pula gedən meyvələr də onlardı. Alça oldu, o da çox ucuz. 70 qəpiyə satdıq alçanı. Keçən il 1 manatdan satdıq, amma sonra 50 qəpiyədək endi qiymətlər. Bir alça satmaqla əkin xərclərini ödəmək olmur. Bizim məhsulumuzdan bizə pul qalmır. Qısası, əkinçiliklə heç nə artıra bilmirik. Çünki maya dəyəri çoxdur, əkdiyimiz də pula getmir.

-Təbii fəlakətlər də çox zərər verir, elə deyil?

-Əlbəttə. Dolu söyür, şaxta vurur, yağış yuyur aparır. Bəzən görürsən televizorda, xəbərlərdə göstərirlər, soğanın, kartofun, meyvə-tərəvəzin bahalığından şikayətlənir insanlar. Amma o bahalığın arxasında yatan səbəblərdən danışmırlar. Hansı il, hansı tərəvəz, meyvə baha olursa, bilin ki, o ili təbii fəlakət olub, məhsulu sel, yağış yuyub. Bu il də bir neçə rayonda təbii fəlakət oldu, dolu düşür, yağış yağır, məhsul olmur. Bax onda baha olur, yoxsa kəndlinin məhsulu su qiymətinə olar. Bax, keçən il yox, əvvəlki il kələm baha oldu, ölkədə kələm əkini ilə məşğul olan rayonlarda dolu oldu deyə kələm baha oldu, bir manatdan da baha oldu.

-Məhsulu sığorta etdirməmişdiniz?

-Çox gec ağlıma gəldi, artıq gec idi, yağış vurmuşdu məhsulu. Amma növbəti mövsümdə etdirməyi planlamışam. Təbii fəlakətlərin sayı artır, sığorta yeganə çıxış yoludur belə olan halda.

-Bəs meyvə bağlarının bəhrəsini artırmaq olmaz? Məhsul çox olsun, qiymət ucuz olsa kompensasiya etsin heç olmasa.

-Təbii ki, olar. Ağaca baxmaq lazımdır. Boşuna deməyiblər, bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Gərək budama işlərini, dərmanlamanı vaxtında edəsən ki məhsulun da təmiz olsun. Ağaclar göy budama olmalıdır. Ağac əsasən qışda budanır, yəni qış budaması ayrı şeydir. Yazda göy budama olur, artıq zoğları kəsib seyrəldirik, ağacın ortasını havalandırmaq, günəş şüası düşməsinə şərait yaratmaq lazımdır. Əgər bunu etməsək o artıq zoğlar böyüyür, bu böyümə də ağacın qüvvəsini alır, beləcə məhsul gözləri məhv olur. Hər ağacın özünün göy budama vaxtı var. Alçanı, əriyin göy budamasını çoxdan etmişik, indi korolyok ağaclarını edirik. Bu üsul daha çox məhsul əldə etmək deməkdir. Hansı ağac budanırsa yaxşı olur, meyvəsi iri olur, sağlam olur, gözəl olur.

-Məhsulu daha çox hara aparırlar? Xarici bazar alternativi daha sərfəlidir yəqin ki.

-Əgər xarici bazarlara çıxış olursa kəndlinin malı pula gedir. Bax onda kəndli də sevinir, çünki zəhməti boşa getmir, əlinə pul gəlir, ehtiyaclarını ödəyir. Amma yox, xarici bazara çıxış olmursa bu o deməkdir ki, kəndli batdı. Özü də batdı, məhsulu da. Çünki ziyanda qalır. Üzümdə xarici bazara çıxış olmasa pay torpağında üzüm bağı salan kəndli hər bir hektara görə 3000 manat ziyanda qalır deməkdir. Kəndliyə qalan məhsulunu topdan sata biləcəyi fürsətlərdir, əli sevinir, soyuducusu dolu olur, qız tədarükünü görə bilir. İndi fikirləşək, çaxır zavodları yoxdur, xarici bazara mal göndərmək olmur, çünki malın çoxu yolda xarab olur, xarab olmamağı üçün soyuducu vaqonlar lazımdır, bu da baha başa gəlir, belə olan halda nə etsin kəndli? Əvvəl üzümün çoxunu Rusiya bazarlarına aparırdılar, amma indi alıcılıq aşağı enib, çox az məhsul göndərilir xaricə. İndi kəndli nə becərsin, necə etsin ki, sata bilsin?

Lalə Mehralı

Digər xəbərlər