MİA

  • 5 645

Qafqazda oyun qaydalarını Bakı və Moskva müəyyən edir – RUSİYALI EKSPERTLƏR

image

İlham Əliyevlə Vladimir Putinin Bakı görüşünün əsas məqamları, ümumiyyətlə Rusiya-Azərbaycan münasibətləri haqda rusiyalı ekspertlər nə düşünür?

Avqustun 19-da Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri başa çatıb. Səfərdən sonra iki ölkənin liderləri mətbuata açıqlamalar veriblər. Azərbaycan prezidenti İlham Əliyev Rusiya liderinin səfərini ölkələr arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verəcək tarixi hadisə adlandırıb. Vladimir Putin də öz növbəsində səfərin yekunlarından məmnunluğunu bildirib və əldə olunan razılaşmaların Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyini qeyd edib. Vladimir Putinin Azərbaycana səfəri mətbuatda, eləcə də Rusiya ekspert birliyində ən çox müzakirə olunan mövzulardan biri olmaqda davam edir.

Rusiyalı politoloqlar "Caliber” analitik mərkəzinə şərhlərində Azərbaycan və Rusiya arasında ikitərəfli qarşılıqlı əlaqələrin iqtisadi və siyasi aspektlərini izah edib, Rusiya Federasiyası rəhbərinin Azərbaycana səfərinin yekunlarına dair fikirlərini bildiriblər. Ekspertlərin fikirlərini oxucularımıza təqdim edirik.

Rusiya Beynəlxalq Məsələlər Şurasının aparıcı eksperti Aleksey Naumov hesab edir ki, Vladimir Putinin Bakıya səfəri, ilk növbədə, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik amilini, ən əsası isə Müttəfiqlik Əməkdaşlığı Bəyannaməsinin işlək olduğunu təsdiqlədi.

“Prezident Əliyev bunu birbaşa bildirdi və bu, Bəyannamənin etibarlı olmadığını, onun ratifikasiyaya ehtiyac olduğunu və s. deyənlərə aydın və məqsədyönlü mesajdır. Bu, ilk məqamdır. İkincisi, əgər konkret olaraq liderlərin görüşünün mühüm aspektlərindən danışırıqsa, o zaman, fikrimcə, tərəflər qaz əməkdaşlığından, “Şimal-Cənub”dan çox təmkinlə danışdılar, baxmayaraq ki, təbii ki, qarşılıqlı iqtisadi fəaliyyət, bir qayda olaraq, qarşılıqlı siyasi fəaliyyətdən asılıdır.

Amma mən ən əsas olanı qeyd edərdim. Rusiya və Azərbaycan bu gün yeni dünya nizamı qurur. Lakin bu, o demək deyil ki, müttəfiq ölkələr bundan uzaq, ya da hər şeydə birgə hərəkət edirlər. Bu, onu deməyə əsas verir ki, müttəfiq dövlətlər öz maraqlarından çıxış edirlər, lakin bir-birlərinin maraqlarını nəzərə alırlar. Düşünürəm ki, yeni dünya nizamı belə görünür. Biz öyrəşmişik ki, əgər iki ölkə müttəfiqdirsə, o zaman hər şeydə birgə hərəkət etməlidir, lakin bu yanaşma güclü tərəfin meydana çıxmasına gətirib çıxarır. Bu, xüsusilə öz siyasətini dünyaya sırıyan ABŞ-ın timsalında aydın görünür.

Rusiya və Azərbaycanın timsalında isə biz incə nüansları nəzərə alaraq bir-birinə qarşılıqlı maraqlar anlayışı ilə yanaşan iki suveren dövlətin əsl ittifaqını görürük.

Bu gün Moskva ilə Bakı arasında ciddi fikir ayrılıqları yoxdur, baxmayaraq ki, nəzəri cəhətdən bu da baş verə bilər və bu normaldır və heç bir halda konstruktiv ikitərəfli gündəliyə təsir etməyəcək. Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas tərəfdaşına çevrilib ki, bu da Ermənistan tərəfinin tamamilə qəbuledilməz davranışı fonunda və Gürcüstanın siyasi mənzərəsindəki dalğalanmalar və qeyri-sabitlik fonunda xüsusilə nəzərə çarpır. Bu iki Cənubi Qafqaz ölkəsindən fərqli olaraq, Azərbaycan sabit və proqnozlaşdırıla bilən ölkədir. Üstəlik, Azərbaycanın Rusiyanın əsas tərəfdaşlarından birinə çevrilməsi birbaşa Rusiyanın kursundan və ya prezident Putinin siyasətindən asılı deyil. Reallıq budur ki, İlham Əliyev heç vaxt kənardan gələn sifarişlə hərəkət etmir, həmişə öz ölkəsinin maraqlarını güdür.

Moskva da öz növbəsində bunu çox yaxşı başa düşür. İlham Əliyev heç vaxt Rusiyaya xəyanət etməyib, onun düşmənləri ilə danışıqlar aparmayıb, təbii ki, Moskva bunu yüksək qiymətləndirir və münasibətləri yaxın dostluq prinsipi əsasında qurmağa çalışır. Ona görə də deyərdim ki, bu, indiki dünya şəraitində bir çox ölkələr üçün örnək olan yeni tipli, yeni mənada səfər idi”,- deyə A.Naumov yekunlaşdırıb.

Rusiyalı ekspert Aleksandr Razuvayevin fikrincə, Azərbaycan Rusiyaya ən dost ölkələrdən biridir və bunu aşağıdakı faktlar sübut edir.

“Birincisi, Azərbaycan NATO və Avropa İttifaqına daxil olmağa çalışmır. Cənab Əliyev açıq şəkildə bəyan edib ki, Azərbaycan Ukraynaya silah verməyəcək. İkincisi, Azərbaycanda 1 milyona yaxın insan rus dilində təhsil alır. Azərbaycan Prezidenti İlham Əliyev isə MDBMİ-nin məzunu və keçmiş müəllimi, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini Heydər Əliyevin oğludur. Üçüncüsü, xüsusilə qeyd etmək lazımdır ki, İlham Əliyev və Vladimir Putin 2022-ci ildə Azərbaycan və Rusiya arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə imzalayıblar. İkitərəfli ticarət-iqtisadi əməkdaşlıq da yaxşı səviyyədədir ki, təkcə ilin 1-ci yarısında Rusiya ilə Azərbaycan arasında ticarətin həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,2% artaraq 2,57 milyard dollar təşkil edib. Azərbaycanda Rusiya kapitallı 1270-dən çox müəssisə işləyir. Nəqliyyat digər vacib ümumi sahədir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb hissəsi Azərbaycan ərazisindən keçir. Rusiya və Azərbaycan şirkətləri neft və qazı, o cümlədən Xəzər dənizinin şelfində hasil edir, yanacağın emalı və nəqli ilə məşğul olurlar.

2024-cü ildə Azərbaycanda qaz hasilatının 50 milyard kubmetrə çatacağı gözlənilir. Bu həcmin 50 faizini ixrac etmək, qalan 50 faizini isə daxili istehlak üçün istifadə etmək planlaşdırılır. Eyni zamanda, Azərbaycan daxili istehlak üçün Rusiyadan qaz almaqla ixracı artıra bilər. Yəni, Azərbaycan daxili istehlakı təmin etməklə Rusiyadan qazı daha rahat qiymətə alır. Eyni zamanda, ixrac üçün öz qazının tədarükünü kəskin şəkildə artırır. Avropa məhz Azərbaycan qazı hesabına Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətini 16 milyard kubmetrdən 32 milyard kubmetrə çatdırmaq istəyir.

“Qazprom”un hazırkı bazar qiymətlərindən ucuz olacağı ehtimalı azdır və bəlkə də bu, yaxşı dividendlər ümidi ilə qaz holdinqinin səhmlərini almaq üçün ilk səbəbdir. “Qazprom”un elektrik və neft biznesi müsbət irəliləyişdədir, yeganə problem qaz seqmentindədir. Avropa bazarının itirilməsi “Qazprom”un hazır olmadığı vergi yükünün kəskin artması ilə üst-üstə düşdü. İkitərəfli qarşılıqlı fəaliyyətin siyasi komponentinə gəlincə, Moskva Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanmasına, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasına kömək etməyə hazır olaraq qalır. Şübhəsiz ki, Cənubi Qafqazda, gərginlik ocağı heç kimə lazım deyil, ilk növbədə də Rusiyaya. Fikrimcə, Ermənistanın Fransanın və ya digər Qərb dövlətinin köməyi ilə Qarabağda qisas almaq cəhdləri uğursuzluğa məhkumdur və bu, Ermənistanın özünün dövlətçiliyi bahasına başa gələ bilər. Burada nəzərə almaq lazımdır ki, Ermənistan və Azərbaycanın iqtisadi və hərbi potensialı müqayisəedilməzdir. Və əgər üçüncü tərəf Ermənistan naminə münaqişəyə müdaxilə edərsə, Türkiyənin də bitərəf qalacağı ehtimalı azdır”,-A.Razuvaev deyir.

Rusiyanın dövlət və ictimai xadimi Sergey Markov hesab edir ki, Vladimir Putinin Azərbaycana səfəri mahiyyət etibarı ilə həm də onun göstəricisidir ki, Rusiya Cənubi Qafqazda əsas müttəfiqi və tərəfdaşı olan Ermənistanı Azərbaycanla əvəz edib.

“Otuz ildən artıqdır ki, Ermənistan mürəkkəb, lakin yenə də Rusiyanın regional müttəfiqi olub. Ermənistanın Qərbə üz tutaraq anti-Rusiya siyasəti nümayiş etdirməsi, Qərbin isə öz növbəsində ermənipərəst və antiazərbaycan mövqe tutması əslində Moskva ilə Bakını daha da yaxınlaşmağa və strateji müttəfiqliyə sövq edib. İnanıram ki, bu vəziyyətdə Bakı Ermənistan-Azərbaycan nizamlanmasında Qərbin vasitəçiliyindən imtina edəcək. Əgər Ermənistanla yaxşı münasibətlərlə yanaşı, sülh sazişinin bütün əsas məsələlərində Azərbaycanın şərtlərini dəstəkləsələr, Azərbaycan Qərbin vasitəçiliyinə razı ola bilər. Əgər Qərb əvvəlki antiazərbaycan siyasətini davam etdirsə, o zaman onun Ermənistan-Azərbaycan nizamlanmasında vasitəçi rolu da Bakı tərəfindən əngəllənəcək. İnanıram ki, Azərbaycan bunu çox yumşaq və diplomatik şəkildə edəcək”,- deyə S.Markov yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər