MİA

  • 1 554

Sərhədi olmayan bəla – TERROR - ANALİZ

image

Terror hər zaman, istisnasız olaraq qəsdən törədilən cinayətdir. Terrorçunun niyyəti adamöldürmə, soyğunçuluq və s. səbəblərdən cinayət törədən şəxslərin niyyətindən fərqlənir. Çünki qətl və ya soyğunçuluq cinayətində iki tərəf - cinayətkar və zərərçəkmiş varsa, terror aktında üçüncü tərəf - terror təşkilatı var. Terrorçular qurbanla maraqlanmır, onları narahat etmir günahsız insanlar öləcək, körpələr qətl ediləcək, onlar yalnız tapşırığın yerinə yetirilib-yetirilməməsi ilə maraqlanırlar. Çünki beyinləri yuyulub, robot kimi proqramla işləyirlər, özünü öləcəyini gözə alaraq canlı bomba olmağa da buna görə razılaşır.

Terror problemi bu gün istənilən dövlət üçün aktualdır, çünki bu qlobal bəla mühüm iqtisadi, siyasi və sosial problemlərə səbəb olur. Terror daha çox irqi, milli və dini nifrət hallarının mövcudluğu və yayılması hallarında təzahür edir. Hazırda terrorizm bütün təzahürləri ilə dünyada təsir vasitələrindən birinə çevrilib. Çox vaxt mediada terror aktları, irqi və dini nifrət zəminində törədilən qətllər, dövlət məmurlarına qarşı hücumlar barədə məlumatlar dərc olunur, bunun bir neçə nümunəsini biz öz ölkəmizdə də görmüşük. 2007-ci ildə həyata keçirilməsinin qarşısının alındığı Bakı terror planı, Azərbaycan Dövlət Neft Akademiyasındakı terror hadisəsi, Bakıda 106 saylı avtobusun partladılması, Qarakənd faciəsi, Gümrü (Leninakan) yaxınlığında İl-76 qəzası (1988), Susuzluq faciəsi, Şuşa yaxınlığında terror (2021), Tbilisi-Ağdam marşrut avtobusunun partladılması (1990), Ziya Bünyadovun qətli də bu hadisələrdəndir.

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə atəşə tutulması, Bərdə rayonunun Qarayusifli kəndinə, Bərdə şəhərinə olan raket hücumları da terror hadisəsi idi. Həmçinin, uzun illər işğal altında saxlanan torpaqlarımızın ermənilər tərəfindən minalanması və müharibənin bizim xeyrimizə başa çatmasından sonra minalanmış ərazilərin xəritəsinin Azərbaycana tam verilməməsi, içərisində partlayıcı qurğu olan oyuncağın Ermənistan ərazisindən Azərbaycana axan çay vasitəsi ilə ölkəmizə daxil olması nəticəsində baş verən partlayış da terror hadisəsidir. O cümlədən Azərbaycanın xarici ölkələrdə olan səfirliklərinə qarşı olan hücumlar da terakt kimi qiymətləndirilir.

Terror əksər hallarda bu əməllər böyük ictimai rezonans doğurmaq, dövlət hakimiyyətinin nüfuzunu sarsıtmaq, cəmiyyətdə sabitliyi pozmaq məqsədi ilə xüsusi qəddarlıqla törədilir. Terrorizmin cəmiyyət üçün təhlükəsi son dərəcə yüksəkdir, çünki o, təkcə qəddarlığı və vəhşiliyi tərənnüm etmir, həm də onun inkişafına töhfə verir. Terrorizm cəmiyyətdə daim qorxu hissi yaradır və onu suvararaq gücləndirir. Terrorizmin gözündə insan həyatı dəyərsizdir. Terrorizm ekstremizmin ifrat təzahürüdür. Bu, vətəndaşların həyatına və sağlamlığına təhlükə yaradan zorakılıqdır, qətliamdır. Terrorizmin bir çox növü var, beynəlxalq, regional siyasi vəziyyətlə əlaqəli ola bilər, külli miqdarda pul vəsaiti əldə etmək məqsədi ilə törədilə bilər, dini və irqi nifrətin yaratdığı əməl ola bilər. Terrorçuların əməllərindən dünyanın hər yerində insanlar əziyyət çəkir.

Terrorun tarixi qədimdir. Müasir terrorizmin tarixi, eramızın I əsrində Roma işğalçılarına qarşı yəhudi dini sektası olan “Zealotos”ların keçirdiyi terror aktlarına qədər gedib çıxır. “Terrorçu” və “terrorizm” terminləri isə 18-ci əsrin sonlarında Böyük Fransa inqilabı zamanı yaranıb. Terrorizm, terrorçuların mənafeyinə uyğun olaraq hər hansı qərarın qəbul edilməsinə və ya rədd edilməsinə birbaşa və ya dolayısı ilə təsir göstərmək məqsədilə əhalini qorxutmaq deməkdir. Bu qorxutma özündə çox şeyi ehtiva edə bilər – terror aktlarının planlanması, təşkili, həyata keçirilməsi və s.

Terrorizmi yaradan əsas səbəblər adətən, həll edilməmiş sosial, milli və dini problemlər olur. Terror aktlarının bəzi ölkələrdə hərbi əməliyyatların bir hissəsinə çevrildiyi də sirr deyil. Bəzi hallarda öz iradəsini başqa ölkələrə və sosial qruplara diktə etməyə qadir olan ölkələr üçün terror təsir vasitəsi ola bilir. Bəzən də bəşəriyyətin xilası, ümumbəşəri xeyir, ədalət və firavanlıq sisteminin yaradılması, insanların əbədi xilasını düşündüyünü iddia edən qruplaşmalar, təriqətlər olur ki, onlar terroru təsir vasitəsi edir.

Siyasi terrorizm ən çox rastlanan vəziyyətdir. Bu akt arzuolunmaz siyasi liderləri aradan götürmək məqsədi daşıyır, hədəf dövlətdir. Həyata keçirilərkən metod girov götürmək, girov saxlamaq, onların həyatı müqabilində hakimiyyətdən ciddi güzəştlər əldə etməkdir. Dini terrorizm ikinci ən çox rastlanan terror növüdür, “Əl-Qaidə”, “Taliban” kimi müxtəlif dini baxış və konfessiyaların nümayəndələrinin həddindən artıq dözümsüzlük və zorakılığa meylliliyinin nəticəsidir. İnformasiya terrorizmi isə dövrümüzdə ən güclü silah kimi xarakterizə olunur. İnsanların davranışlarına təsir mexanizmi məhz bu terror növü ilə yaradılır. İnformasiya terrorizmi insanların psixologiyasına və şüuruna birbaşa təsirdir və bu yolda KİV, sosial şəbəkələr əhəmiyyətli silahlardır.

Müasir terrorizmin mühüm və təhlükəli xüsusiyyəti onun beynəlxalq xarakter daşımasıdır. Qeyri-rəsmi məlumatlara görə dünyada müxtəlif güc və təsir gücünə malik 500-dən çox terror təşkilatı mövcuddur. Onların əksəriyyətinin aralarında çoxlu fikir ayrılıqları və ziddiyyətlər olur ki, bu da bəzən açıq münaqişələrə çevrilir. Bununla belə, bütün mövcud terror təşkilatları üçün çox spesifik amillər var ki, onlar da radikalizm, ekstremizm, fanatizm, fundamentalizm, terrorizmdir.

Radikalizm həmişə müxalif bir istiqamətdir, mövcud ictimai və siyasi institutlarda ən sərt və həlledici dəyişikliklərin tərəfdarıdır. Onlar tələblərinin “burada və indi” üsulu ilə həllinə çalışanlardır. Ekstremizm, siyasətdə və ideologiyada ifrat fikirlərə və hərəkətlərə bağlılıqdır. Fanatizm, subyektin müəyyən inanclara sarsılmaz bağlılığıdır, alternativ baxışlara qarşı dözümsüzdür. Dini, ideoloji fanatizm hər an fədakarlığa və çətinliklərə hazır olmaq, yeri gələndə özünü qurban verə bilmək ruhunda tərbiyələndirmə üsuludur. Məhz buna görə canlı bomba olan insanlar onlardan seçilir.

Fundamentalizm modernləşməyə qarşıdır, köhnə dəyərlərə, strukturlara sadiq qalmaq istəyidir. Nümunə olaraq islam fundamentalizmi kimi vəhhabiliyi misal göstərmək olar. Terror, sadaladığımız mərhələlərin yekunudur, zəncirin son həlqəsidir. Terrora rəvac verən şey insanların bəzi ekstremal baxışları və mövqeləri ilə başlayır. Tələblər əvvəlcə ekstremizmdə özünü göstərir, daha sonra radikallıq və ekstremizmin ifrat dərəcəsi olan fanatizm və fundamentalizmdə meydana çıxır. Siyasi, sosial, dini, etnik, irqi, iqtisadi – səbəbi hər nə olursa-olsun, terror bəşəriyyət üçün təhlükəli silahdır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya ictimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər