“Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə köç prosesi artıq yeni mərhələyə qədəm qoyub. Bu, sadəcə demoqrafik və sosial layihə deyil, həm də dövlətçilik baxımından strateji bir bərpa proqramıdır. Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi həm tarixi ədalətin bərpası, həm də milli iradənin təntənəsidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.Politoloq bildirib ki, dövlət bu prosesi tələsik deyil, planlı şəkildə həyata keçirir: “Hər bir qayıdış əvvəlcə infrastrukturla başlayır, yollar, enerji xətləri, su təchizatı, rabitə və sosial obyektlər bərpa olunur. Bu, köçün emosional yox, dayanıqlı əsaslarla təmin edildiyini göstərir. Ağalı, Talış, Laçın, Füzuli, Zəngilan, Tərtər və digər bölgələrdə artıq müasir şəhərsalma nümunələri formalaşır.Prezident İlham Əliyevin “bərpa yox, yenidən qururuq” ifadəsi bu prosesin fəlsəfəsini aydın izah edir. Dövlət yalnız dağıntıları aradan qaldırmır, həm də gələcəyin Qarabağını – ağıllı, yaşıl, təhlükəsiz şəhərləri ilə yeni regional model yaradır. Bu, həm ekoloji, həm texnoloji, həm də sosial baxımdan unikaldır.Köç edən hər bir ailə üçün sosial dəstək mexanizmləri formalaşdırılıb. Təhsil, səhiyyə, məşğulluq və kənd təsərrüfatı sahəsində layihələr eyni vaxtda icra olunur. Məqsəd, sadəcə insanları doğma torpağa qaytarmaq deyil, onların orada sabit, rifahlı həyat qurmasını təmin etməkdir. Bu gün Qarabağa qayıdan insanlar yalnız sakin deyil, milli dirçəlişin canlı simvollarıdır. Onlar torpağın bərpası ilə bərabər, Azərbaycanın gələcəyinə yeni enerji gətirirlər. Dövlətin əsas siyasəti budur: hər bir qayıdış tək bir ailənin deyil, bütöv xalqın dönüşüdür. Azərbaycan bu gün həm fiziki, həm mənəvi coğrafiyasını bərpa edir. Qarabağa dönüş təkcə bir yolun deyil, bütöv bir tarixin yenidən çəkilməsidir”.
Müəllif: Səbinə Hüseynli