PDF Oxu

MİA

  • 2 739

Aleksey Fenenko: Ermənistan regionda təhlükəsizliyi pozmaqda davam edir - MÜSAHİBƏ

image

“Azərbaycan Rusiya üçün Cənubi Qafqazda ən sabit və şəffaf dövlətdir və Avrasiyada təhlükəsizliyin möhkəmləndirilməsinə böyük töhfə verir”

Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko “Moskva-Baku” portalına müsahibəsində Ermənistan siyasətinin Avrasiya məkanına təsirini şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Aleksey Valerieviç, Astanada KTMT sammitində Vladimir Putin bildirib ki, Ermənistanla KTMT arasında mövcud vəziyyət bu strukturun hər hansı fəaliyyəti ilə bağlı deyil, daha çox Ermənistandakı daxili siyasi vəziyyət və Qarabağ ətrafındakı böhranla bağlıdır. Bundan əlavə, Belarus prezidenti Aleksandr Lukaşenko həmin sammitdə bəyan edib ki, Ermənistanın orada olmaması regiondakı və strukturun özündəki vəziyyətdən xəbər verir. Son günlər həm Rusiya FSB, həm də Rusiya Xarici Kəşfiyyat Xidməti yenidən Qərbin Cənubi Qafqaza və xüsusən də Ermənistana təsir cəhdlərindən danışır. Rusiya Xarici Kəşfiyyat Xidməti bəyanat yayıb ki, ABŞ Ermənistanın hazırkı hakimiyyətinin qərbyönlü kursun həyata keçirməsinə mahiyyətcə nəzarət etmək üçün Ermənistan parlamentinə qərbyönlü partiyaları daxil etmək niyyətindədir...

- Bu, əslində amerikalıların və fransızların əldə etmək istədiklərinin nəticəsidir. Ona görə də Rusiyanın dominant olduğu assosiasiyalarda zəif halqa axtarır və onu qoparmağa çalışırlar. Hazırda bu zəif halqa ABŞ-ın Rusiyadan və rusiyayönlü strateji birliklərdən uğurla ayırdığı Ermənistandır.

ABŞ-ın Ermənistan parlamentinə daha radikal qərbyönlü partiyaları gətirməyə çalışacağı tamamilə gözlənilən addım idi. Məsələ burasındadır ki, erməni cəmiyyəti bir gün hakimiyyətə Ermənistanın yenidən silahlanmasına və ölkənin Qarabağın qisasını almasına kömək edəcək siyasətçinin gələcəyi fikrindən əziyyət çəkir. Bu cəmiyyət isə bu işdə Ermənistana hansısa böyük himayədarın kömək edəcəyini gözləyir. Ancaq bunların hamısı bir illüziyadır və başqa heç nə yoxdur. Ona görə də erməni cəmiyyəti özü həvəslə ABŞ-ın qucağına qaçır ki, belə bir fövqəldövlət Ermənistana Qarabağın qisasını almağa hansısa yolla kömək edəcək.

Bu, daha bir situasiyaya əsaslanır: Ermənistanda son vaxtlar Qərb qrantları hesabına öz taleyini sırf ABŞ-la bağlayan bütöv siyasətçilər nəsli yetişib. Və bu siyasətlər sırf Amerika doqmalarına, yəni “demokratiya”nın yayılmasına, ABŞ-ın güclənməsinə və qloballaşmaya yönəlib. Və bu iki cərəyan- liberal və millətçi- Ermənistanda çox yaxşı yanaşı yaşayır və bir-biri ilə üst-üstə düşür. Əsas odur ki, İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətində əsas günahkarın Rusiya olması fikrini qəbul etdirsinlər. Xüsusi yanaşma ilə bu gündəm aktiv şəkildə götürülür və yayımlanır.

- Belə çıxır ki, Qərb Paşinyana şübhə edir, o, Ermənistanda Qərblə yaxınlaşmanın intensivliyi və Qərbin tapşırıqlarının yerinə yetirilməsi baxımından daha radikal birini hakimiyyətə qoymaq istəyir?

- Əlbəttə. Paşinyan ara fiqurdur. Onlar gürcü ssenarisini təkrarlamaq istəyirlər. Axı Gürcüstanda 1990-cı illərdə Qərb və Rusiya istiqamətləri arasında vəziyyəti balanslaşdıran Şevardnadze var idi. O, qərbli hərbi müşavirləri və Qərb diplomatlarını içəri buraxaraq, Rusiya əleyhinə bəyanatlar verdi. Ancaq eyni zamanda Rusiya ilə dialoqu davam etdirdi.

Nəticədə Gürcüstanda Qərb tərəfindən yeni nəsil yetişdirilən kimi təşkil olunan “Qızılgül İnqilabı” Şevardnadzeni uzaqlaşdırdı və daha radikal Saakaşvilini “taxt”a oturtdu. Yəqin ki, Qərb Paşinyanla bağlı oxşar bir şeyi təkrarlamaq istəyir. Axı, bundan başqa, Paşinyan artıq 6 ildir ki, Ermənistanda hakimiyyətdədir- Qərbin fikrincə kifayət qədər kifayət qədər müddətdir.

Qərbə Ermənistanda hakimiyyətdə onunla yaxınlaşma baxımından daha fanatik olan, respublikanı KTMT-dən çıxarıb anti-Rusiya tramplininə çevirəcək biri lazımdır.

Eyni zamanda, Paşinyan Rusiya ilə dialoqu Qərbin ona diktə etdiyi üçün deyil, siyasi cəhətdən sağ qalmağa çalışdığı üçün davam etdirir. Onun qarşısında aqressiv qisas ideyasına qapılan bir cəmiyyət var. Amma o, həm də qorxur ki, Moskva ilə dialoqu gücləndirsə, Qərb onu sadəcə bayıra atacaq. Digər tərəfdən, o, Rusiya ilə dialoq aparmasa, bəlaya düçar olacağına inanır.

Qərb isə düşünür ki, intiqam yanğısına qərq olmuş siyasətçi tapa bilsə, belə mötədil Paşinyana nə ehtiyac var?

Paşinyan Qərbdən verilən vədlər müqabilində KTMT-dən imtina edir. Qərb isə İrəvanı sıxışdırır, sanki deyir ki, Rusiya ilə aranı kəsmək və Ermənistan ordusunun yenidən silahlanmasına kömək etmək kifayətdir. “Rusiya ilə əlaqəni kəsmək kifayətdir və biz Ermənistanda Amerika və ya Fransa hərbi bazası yaradaq. Biz Ermənistana Avropa İttifaqında müəyyən status verməyə hazırıq”. Daha nə vədlər verə biləcəklərini bilmirlər. Yəni, Paşinyanı boş vədlərlə qidalandırırlar. Aydındır ki, bütün bu liberal qabıqları götürüb coğrafi xəritəyə baxsanız, görərsiniz ki, Ermənistanla Qərbin ən azı sırf coğrafi səbəblərə görə heç bir əlaqəsi ola bilməz. Amma Paşinyan Ermənistanda bir çoxları kimi bunun əksinə ümid edir.

- Polşa prezidenti Anjey Duda Aİ missiyasının “monitorinq etdiyi” Ermənistan-Azərbaycan sərhədində “dürbün diplomatiyası” çərçivəsində özünü tapan çoxsaylı avropalı rəsmilərdən biri oldu...

- Bu yolla Qərb dövlətləri Ermənistana açıq-aşkar siqnal verirlər: “Buyurun, qərarınızı verin! Biz sizə kömək edəcəyik. Biz sizə yeni, çox daha yaxşı təhlükəsizlik zəmanətləri, yeni, daha yaxşı şəraitlər verəcəyik və bəlkə də Qarabağın geri alınmasına kömək edəcəyik, siz gözləyin”. Göndərdikləri mesaj budur. Paşinyan isə onu alır. Amma reallıqda heç kim Ermənistan üçün döyüşməyəcək. NATO-da, yeri gəlmişkən, Türkiyə var ki, onun ordusu struktur güclü ordulardan biridir və Qərblə Ermənistanın Azərbaycandan heç bir qisas almasına imkan verməyəcək.

- Paşinyan Aİİ-nin hazırkı sədri kimi qəfildən Ali Avrasiya Şurasının iclasının Ermənistan ərazisindən Sankt-Peterburqa keçirilməsini xahiş etdi. Bu nə ilə bağlıdır?

- Bu, Ermənistan hakimiyyətinin Qərbə hesabat verməli olacağı çətin vəziyyətə düşmək istəməməsi ilə bağlıdır. Ötən ilin oktyabrında respublika Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib. Bu o deməkdir ki, ölkə bu məhkəmənin göstərişlərinə əməl etməyə borcludur. Yada salaq ki, 2023-cü ilin martında BCM Rusiya prezidentinin həbsinə order verib. İndi Qərbdə hər dəfə BCM-ə qoşulan və Vladimir Putinin səfər etdiyi ölkələrdən əmrə əməl etməyi tələb edirlər.

- Cənubi Qafqazda mövcud siyasi vəziyyət haqqında nə deyə bilərsiniz?

- Bu gün Azərbaycan Rusiya üçün Cənubi Qafqazda ən sabit və şəffaf dövlətdir və Avrasiyada təhlükəsizliyin möhkəmləndirilməsinə böyük töhfə verir. İndiki situasiyadan göründüyü kimi, Gürcüstanda da əhali Qərbin tələb etdiyi eskalasiya əvəzinə sakitliyi və sabitliyi seçib. Ən azından vəziyyəti dəyişmək üçün heç bir ilkin şərt görmürəm. Amma Ermənistan regionda daha mürəkkəb halqa olaraq qalır və Avrasiyanın təhlükəsizliyini pozur.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər,habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər