COVID-19 pandemiyasından sonra elliklə bir şeyin fərqinə vardıq ki, biz bu cür vəziyyətlərə hazır deylik, müdafiə olunmağı bacarmırıq, ehtiyat tədbirlər barədə məlumatlı deyilik. Pandemiyanın vurduğu sosial, psixoloji, iqtisadi zərərlərin bir çoxu hələ də bərpa olunmayıb. Əgər növbəti dəfə oxşar vəziyyətlə üzləşsək müdafiə olunmağı, vəziyyətdən çıxmağı bacaracağıqmı? Bax, bu, sual altındadır.
Mütəxəssislər fikirləşir ki, bu cür qlobal pandemiya vəziyyətlərində dünya ölkələri birlikdə virusa nəzarət sistemi yaratmalı və təkmilləşdirməlidir, səhiyyə sistemlərini gücləndirməli və universal sağlamlıq təminatı vədini həyata keçirməlidir. İnkişaf etmiş ölkələr pandemiya ilə mübarizə üçün tibbi ləvazimat ehtiyatı yığdıqda təbii olaraq maddi təminatı zəif olan ölkələrdə bu ləvazimatların qıtlığı yaşandı, bəzi ölkələrdə insanlar adi dezinfeksiya məhlullarını güclə əldə edir və ya ümumiyyətlə əlçatanlıq mümkün olmurdu.
Fövqaladə hadisələr baş verdikdə, təbii fəlakətin olduğunu anladıqda qətiyyən çaxnaşmaya düşməyin və panikaya təslim olmayın. Ətrafınızdakıları da sakit olmağa təşviq edin. Hər hansı bir fövqəladə vəziyyətdə panikaya qapılıb edəcəyimiz şüursuz hərəkətlər ciddi nəticələrə səbəb olur və xilasedicilərin, yanğınsöndürənlərin, tibb işçilərinin və digər mütəxəssislərin işini çətinləşdirir.
Mümkünsə, dərhal hadisəyə uyğun olaraq xilasedicilərə, yanğınsöndürənlərə, təcili tibbi yardıma, yaxud da bir yaxınınıza zəng edin. Qısa və aydın danışmağa çalışın. Hadisənin baş verdiyi yeri dəqiqliklə təsvir etmək daha tez xilas olmağa kömək edir. Əgər hadisənin şahidi olsanız və təhlükədə deyilsinizsə, xilasedicilər, yanğınsöndürənlər və polis əməkdaşları gələnə qədər hadisə yerində qalmağa çalışın və ucadan danışaraq zərərçəkənlərlə əlaqə yaradın. Zərər çəksəniz və ya yaralansanız, yaxud da kiminsə yaralandığını görsəniz ilk yardım göstərin. İlk yardımın vaxtında göstərilməsi ağır nəticələrin qarşısını alır və həyat qurtarır. Belə anlarda yardım göstərə bilmək üçün zamanında ilk yardım qaydaları barədə məlumatlanmaq lazımdır.
Qəza və ya fəlakət anında mütəxəssislərin, xilasedicilər və yanğınsöndürənlərin, polis əməkdaşlarının, tibb işçilərinin tövsiyələrinə əməl edin. Bu, zərərçəkənlərə vaxtında yardım göstərməyə, ağır nəticələri azaltmağa və ya qarşısını almağa kömək edəcək. Ümumiyyətlə, əksər vaxtlarda insanlar təbii fəlakətlər, fövqaladə hallar zamanı da necə davranacağını, necə qorunacağını bilmir. Əksəriyyət panikaya düşür, bu da başqalarının panikasına səbəb olur, beləcə xaos yaranır. Biz bunu bəzi ölkələrdə baş verən zəlzələlər, sunamilər, uçqunlar zamanı tez-tez müşahidə edirik. Elə iki gün əvvəl Azərbaycan Hava Yollarına aid təyyarədə baş verən qəza anının kadrları yayımlananda da fərqinə vardıq, stüardessanın xəbərdarlığına başqamayaraq insanlar fövqaladə vəziyyətdə belə təhlükəsizliyə əməl etmirlər, kəmərlərini açıb ayağa qalxırlar, təyyarənin dəhlizində gəzirlər.
Bir vacib məsələni də qeyd edək ki, xilasedicilərin, yanğınsöndürənlərin, tibb işçilərinin, polis əməkdaşlarının, ictimai nəqliyyat işçilərinin hərəkətlərinə mane olan və ya əngəl törədən şəraitin yaranmasında çox vaxt sürücülər günahkar olur. Ya yanlış parklama qaydası, ya da hərəkət zamanı zolaqlardan düzgün istifadə etməmək onların hadisə yerinə gec çatmasına və daha çox tələfata səbəb olur.
Fövqəladə hal vəziyyətlərinin müxtəlifliyini nəzərə alaraq deyə bilərik ki, onların hər birinin özünəməxsus xilas mexanizmləri var. Əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilməli olan tədbirlərin siyahısı da baş verən hadisənin növünə görə təyin edilir. Fövqəladə hallar zamanı insanların müdafiəsi üçün görülən tədbirlərin ümumi qaydası müəyyən edilib ki, buraya həm əvvəlcədən, həm də fövqəladə hadisə baş verdikdə dərhal həyata keçirilən tədbirlər daxildir.
Fövqəladə hal baş verməzdən əvvəl müəyyən ərazidə mümkün fövqəladə halların proqnozlaşdırılması, habelə onların miqyasının qiymətləndirilməsi, fövqəladə hallardan itkilərin azaldılmasına yönəlmiş tədbirlər, görüləcək tədbirlərin planlaşdırılması, yardım üçün qüvvə və vasitələrin hazırlanması, belə hallarda tələb oluna bilən əşyaların ehtiyatının yaradılması, əhaliyə, eləcə də silahlı qüvvələrin şəxsi heyətinə fövqəladə hallarda davranış qaydaları üzrə təlimlərin keçirilməsi də bu tədbirlərdəndir. Təhlükə və ya fövqəladə vəziyyət baş verdikdə isə əgər kontakt vasitəniz varsa vəziyyətin artıq baş verməsi barədə əlaqədar orqanlara, xilasetmə dəstələrinə təcili məlumat vermək lazımdır.
Fəlakət və qəzalardan başqa bəzən elə vəziyyətlər olur ki, ona müdaxilə faciəyə səbəb ola bilər. Misal olaraq, əgər harada isə sahibsiz və şübhəli görünən bir əşya görürsünüzsə ona toxunmayın, yaxınlaşmayın. Əlaqədar qurumları vəziyyətdən xəbərdar etməklə və şübhəli olduğunu hesab etdiyiniz obyektə başqalarının yaxınlaşmasına mane olmaqla təhlükəsizlik tədbiri görmüş olursunuz. Unutmayın, bəzən fəlakət və qəza yox, bu vəziyyətlərdə necə davranacağını bilməmək öldürür.
Lalə Mehralı