1988-ci ildən Azərbaycanda siyasi qurumların formalaşması prosesi, sovet rejiminin və Kommunist partiyasının süqutu xalq hərəkatının gedişində özünü daha fəal göstərməyə başladı. Artıq Azərbaycan ziyalıları ayağa qalxaraq öz haqq səslərini tribunalardan deməyə başladı. Bu dövr ölkədə bir sıra təşkilat və partiyaların yaranması ilə də yaddaqalandı. Mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi olaraq son dərəcə ağır və keşməkeşli günlər yaşayan Azərbaycan yenicə müstəqillik əldə etmiş bir xalq kimi müxtəlif qurumlar yaratmağa başladı. Lakin yaradılan bütün bu qurumlar heç də vəziyyəti böhrandan çıxara bilmədi, əksinə siyasi sabitlik daha da gərginləşdi.
Məhz belə bir zamanda ölkəni düşdüyü ağır siyasi və mənəvi böhrandan çıxaracaq xalqın taleyini düşünən, sınanmış müdrik liderə ehtiyac vardı. Tarixin keşməkeşli dövründə Azərbaycanın 91 nəfər ziyalısı öz imzaları ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Müraciətdə ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Bu dövrdə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədrlik edirdi. Həmin illər gənc Azərbaycan çətin günlərin yaşayırdı. Müstəqilliyin ilk ili çox ağır keçir, xalqımız böyük faciələrlə üzləşir, ölkə öz gələcəyi üçün nicat yolu axtarırdı. Belə bir şəraitdə partiyanın yaranması tarixi hadisə idi.
1992-ci ilin noyabr ayı gənc respublika üçün yeni bir mərhələyə yol açdı. Belə vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər ziyalılar yeni bir partiyanının yaradılması təklifini irəli sürdülər. Bu missiyanı isə xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi, böyük təcrübəyə malik Heydər Əliyevin simasında görürdülər. Ziyalıların müraciətinə cavab isə yeni bir partiyanın yaradılmasına razılığını verməklə yanaşı, gələcəyə böyük inamını ifadə etdi. Müstəqil Azərbaycanın gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğurdu. Müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində, siyasi-ictimai həyatında fəal iştirakı illər sonra partiyanın tarixində özünü bir daha göstərdi. Yeni Azərbaycan Partiyası Heydər Əliyevin şəxsiyyəti ətrafında sıx şəkildə birləşdi.
Azərbaycanda hüquqi dövlət, sabit vətəndaş cəmiyyəti qurmaq ideyaları özünü Yeni Azərbaycan Partiyasının Nizamnamə və Proqramı əsasında fəaliyyət göstərən sağ mərkəzyönümlü siyasi partiya kimi daha aydın göstərir. 1992-ci il noyabr ayının 21-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin sədrliyi və Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə təsis konfrans keçirildi. Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının bütün bölgələrindən nümayəndələrin iştirakı onların verdikləri tarixi qərarlar ölkəmizdə yeni səhifənin açılmasına gətirib çıxardı. Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsindən bəhs edərkən Yeni Azərbaycan Partiyasının yaradılmasının müstəsna əhəmiyyətindən, bəhs edir.
Cəmiyyətdə Heydər Əliyevə olan inam çox yüksək səviyyədə idi. Bu inam Ümummili Lideri YAP-ın təsis konfransından bir müddət sonra xalqın tələbi ilə Bakıya dəvət edir, əvvəlcə parlamentə sədr, oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçir. Müstəqil dövlətçilik, vətəndaş həmrəyliyi, qanunçuluq, azərbaycançılıq YAP-ın qarşısında duran siyasi gələcəyinin ideya bazasını şərtləndirir. Bu illər siyasi sabitlik və iqtisadi islahatları baxımından dövlətçiliyimizin əsasları çox möhkəm qoyuldu. Sözün əsl mənasında, güclü Azərbaycan dövləti quruldu. 1 oktyabr 2003-cü ilin prezident seçkiləri ərəfəsində Heydər Əliyevin xalqa müraciəti oldu:“Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var”.
Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Ümummilli Lider Heydər Əliyev ideyaları siyasətininin davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası bilavasitə nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçərək bugünümüzə gəlib. Yeni Azərbaycan Partiyası ölkənin siyasi, iqtisadi, ictimai və demokratik inkişafında üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.Yeni Azərbaycan Partiyası dövlət idarəçiliyinin aparıcı intellektual qüvvəsinə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı qlobal miqyasda üstün mövqeyə yüksəldir. 2020-ci ildə Qələbə ilə başa çatan Vətən müharibəsi xalq-lider birliyinin parlaq təzahürüdür. Qələbəmiz tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlara meydan açdı. Bu Azərbaycan dövlətçiliyinin təntənəsi, Yeni Azərbaycan Partiyasının illər boyu yaratdığı ideoloji platformanın məntiqi nəticəsi oldu. Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsində sözsüz ki, bu gün də Yeni Azərbaycan Partiyasının üzərinə mühüm vəzifə və məsuliyyət düşür. Üzərinə düşən şərəfli missiyanı həyata keçirməkdə qazanılan zəngin təcrübə dövlətimizə və Yeni Azərbaycan Partiyasına bundan sonra daha möhtəşəm uğurlar, zəfərlər qazandıracaq.
Afaq Sadıqova
Bakı Dövət Universitetinin müəllimi