Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən Yeni Azərbaycan Partiyasının yaradılmasından 33 il ötür. Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır.
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının adı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri, müdrik oğlu Ulu öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, yenicə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir. Artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdı. Daxildə gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur. Həmin dövrün çətinlikləri xalqın böyük əksəriyyətinin arzu və istəklərini özündə ehtiva edən 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində əksini tapmışdı. Həmin müraciətdə bildirildi ki, əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü fövlət xadimi qoyarsa o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvəyə malik bir partiya kimi görürük. Ümummilli Lider Heydər Əliyev müraciətə “Yeni müstəqil Azərbaycan uğrunda” cavabında “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” fikirləri ilə yeni yaradılacaq partiyanın gələcəyinə böyük inamını ifadə etdi.
Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını, həmçinin, bununla bağlı bir qrup görkəmli şəxslərin müraciətini nəzərə alan Ulu öndər Heydər Əliyev onlara yazdığı 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi.
Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq müasir dövrün çağırışları əsasında YAP-ın yeni Proqramı hazırlandı və 2021-ci ilin sonunda təsdiqləndi. Prezident İlham Əliyevin bəyan etdiyi bu proqram ardıcıllıqla icra edilir. Verdiyi vədlərə sadiq qalmış Azərbaycan iqtidarı bütün islahatları ardıclıqla icra edir.
Son seçkilərin nəticələri xalqın YAP-a olan yüksən etimadının göstəricisidir.
2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2024-cü il sentyabrın 1-də keçirilən yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası parlaq qələbəyə imza ataraq parlamentdə 68 millət vəkili ilə təmsil olunmaq hüququ qazanmışdır. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası qələbə qazanaraq yerli özünüidarəetmə orqanlarında yerlərin böyük əksəriyyətini əldə etmişdir.
Həqiqətən də, bu gün ölkəmiz Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın simasında dünyaya bir Günəş kimi parlayır. 2003-cü ilin prezident seçkiləri ərəfəsində Ümummilli Liderimiz Heydər Əliyevin xalqa müraciəti zamanı ifadə etdiyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” müdrik kəlamı reallıqda tam təsdiqini tapdı. Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə apardığımız “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 il işğal altında qalan torpaqlarımız azadlığa qovuşdu, ərazi bütövlüyümüz bərpa olundu. Qarşıda isə bizi daha böyük hədəflər, məqsədlər gözləyir. Bu hədəflərə çatmağın yeganə qarantı isə xalq olaraq Prezidentimizin ətrafında sıx birləşmək və Heydər Əliyev ideyalarını gələcək nəsillərə ötürməkdir. Heydər Əliyev siyasəti uğurlu və xoşbəxt gələcəyimizin əsas təminatçısıdır.
Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdə görüləcək işləri sırasında hazırda işğaldan azad edilmiş ərazilərimizdə başlayan və geniş miqyas alan bərpa-quruculuq işlərini daha da sürətləndirmək, Böyük Qayıdışın tam şəkildə reallığa çevrilməsinə nail olmaq dayanır.Azərbaycan qarşıdakı dövrdə də Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlər qazanacaq, yeni strateji zirvələr fəth edəcək. 33 ilin uğurları gələcəyə daha böyük inamla addımlamağa əsas verir. Xalqımızın Yeni Azərbaycan Partiyasına inamı, etimadı böyükdür.Eləcə də qalib xalqın Zəfər partiyası olan YAP da bundan sonra qarşısında duran milli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri