Yeni Azərbaycan Partiyası müasir Azərbaycan dövlətçiliyinin siyasi sistemində mühüm yer tutan, ölkənin ictimai-siyasi inkişafına əhəmiyyətli töhfələr vermiş aparıcı təşkilatdır. 2025-ci ildə partiyanın yaradılmasının 33-cü ildönümü qeyd olunur. Bu müddət ərzində YAP Azərbaycan Respublikasında siyasi sabitliyin təmin olunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və ölkənin uzunmüddətli inkişaf strategiyasının formalaşdırılması istiqamətində mühüm tarixi missiyanı yerinə yetirmişdir. Yeni Azərbaycan Partiyası 1992-ci ilin mürəkkəb və ziddiyyətli siyasi proseslər fonunda, ölkədə idarəetmədə səriştəsizliyin, xaosun və qeyri-sabitliyin hökm sürdüyü bir dövrdə yaranmışdır. Müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikası həmin illərdə ciddi təhlükələrlə üz-üzə qalmış, torpaq itkisi, iqtisadi tənəzzül və sosial gərginlik dövlətçiliyi ciddi sınaq qarşısında qoymuşdu. Belə bir şəraitdə məşhur “91”-lər tərəfindən Ulu Öndər Heydər Əliyevə müraciət olunmuş, Azərbaycanın xilasının yalnız onun siyasi liderliyi ilə mümkün ola biləcəyi bəyan edilmişdir. Bu tarixi çağırışın məntiqi nəticəsi olaraq 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası təsis edilmişdir. YAP yaranan gündən Ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına əsaslanan siyasi xətt müəyyənləşdirmiş, Azərbaycan Respublikasının milli mənafelərini prioritet qəbul edən, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunu əsas hədəf kimi müəyyən edən təşkilata çevrilmişdir. 1993-cü ildə Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik təmin edilmiş, iqtisadi islahatlara başlanılmış, ordu quruculuğu istiqamətində mühüm tədbirlər görülmüş və ölkənin xarici siyasətində balanslı, çoxşaxəli xətt formalaşdırılmışdır. Bu proseslər Yeni Azərbaycan Partiyasının siyasi kursunun dövlətin inkişafında həlledici rolunu təsdiq etmişdir. Partiya ötən 33 il ərzində geniş təşkilatlanma yolu keçmiş, ölkənin bütün bölgələrini əhatə edən çoxsaylı yerli strukturlar formalaşdırmış və cəmiyyətin müxtəlif təbəqələrini birləşdirən geniş sosial bazaya malik siyasi təşkilata çevrilmişdir. 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən Ulu öndər Heydər Əliyevin siyasi xətti ardıcıl şəkildə davam etdirilmiş, Yeni Azərbaycan Partiyasının ideoloji və strateji prinsipləri müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilmişdir. Bu dövrdə ölkədə sosial-iqtisadi inkişafın yeni mərhələsi başlamış, Azərbaycanın regional və beynəlxalq miqyasda mövqeləri əhəmiyyətli dərəcədə güclənmiş, iri infrastruktur və enerji layihələri həyata keçirilmişdir. Ordu quruculuğu sahəsində əldə olunan sistemli nailiyyətlər 2020-ci ildə tarixi Zəfər ilə nəticələnmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilmişdir. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma prosesi uğurla davam etdirilir ki, bu da YAP-ın siyasi xəttinin davamlılığını əks etdirən mühüm istiqamətlərdən biridir. Müasir mərhələdə Yeni Azərbaycan Partiyası ölkənin qarşısında duran yeni strateji hədəflərin reallaşdırılması istiqamətində fəaliyyətini daha da gücləndirməkdədir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, dayanıqlı inkişaf modelinin dəstəklənməsi, milli həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycanın regional və qlobal miqyasda mövqelərinin daha da gücləndirilməsi partiyanın əsas prioritetlərini təşkil edir. Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyəti müasir Azərbaycanın dövlətçilik tarixinin ayrılmaz hissəsidir. Bu illər ərzində partiya ölkədə siyasi sabitliyin qorunmasına, iqtisadi və sosial inkişafın təmin olunmasına, milli birliyin möhkəmləndirilməsinə və ölkənin strateji məqsədlərinin gerçəkləşməsinə mühüm töhfə vermişdir. Bu gün YAP yalnız siyasi təşkilat kimi deyil, həm də Azərbaycan dövlətinin gələcəyi ilə bağlı strateji vizyonu formalaşdıran və onun reallaşmasına sistemli şəkildə xidmət edən geniş ictimai-siyasi platforma kimi çıxış edir.
Fuad Həbibzadə
YAP Yasamal rayon təşkilatının məsləhətçisi