PDF Oxu

Siyasət

  • 1 026

Ağdama həyat yenidən qayıdır

image

İşğalçı erməni silahlı birləşmələri digər ərazilərimizdə olduğu kimi, Ağdamda da qədim keçmişin şahidi olan çox sayda tarixi abidələrini, mədəni irsini, memarlıq nümunələrini, keçmiş SSRİ-də birinci, dünyada ikinci olan Çörək Muzeyini vəhşicəsinə dağıtdılar, insanların əmlaklarını qarət еtdilər. Bundan əlavə, dini ibadətgahları, şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələrini də uçurub, dağıtdılar. İşğal nəticəsində rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. 2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb. 27 ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır.
Prezident Ağdama səfəri zamanı deyib: “Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim “Qurani-Kərim”i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər, müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq. Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq”. Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, o cümlədən, Ağdamda böyük bərpa-quruculuq işləri aparılır. Ağdama yeni nəfəs, yeni həyat qayıdır. İnsanlarımızın uzun illər sonra yurd həsrətinə son qoyulur. Dövlət başçısının dediyi kimi, Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min sakinin doğma yurd-yuvasına qayıdışı nəzərdə tutulub. 2021-ci ilin 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plana əsasən, şəhərdə 5 məhəllənin yaradılması nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam rayonuna səfərləri və burada yeni müəssisələrin təməllərinin qoyulması tezliklə Ağdamın müasir bir məkana çevriləcəyindən və sakinlərinin əzəli torpaqlarına qayıdacağından xəbər verir. Səfərlər çərçivəsində dövlətimizin başçısının görülən işlərlə tanışlığı və yeni təməllərin qoyulması, tapşırıq və göstərişlərin verilməsi Ağdamın tezliklə qurulmasının göstəricisidir.Ağdamda reallaşan layihələr baş planına uyğun olaraq həyata keçirilir. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir.

Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini

Digər xəbərlər