Elçin Bayramlı
əvvəli burada
https://sesqazeti.az/news/mia/1233880.html
X YAZI Həyatın yaranmasını təmin edən ilkin şərtlərdəki qüsursuz dəqiqlik və mükəmməllik
“Göyləri, yeri və onların arasındakıları 6 gündə xəlq edən, sonra ərşi yaradıb, hökmü altına alan Allahdır” (Quran, 32/4).
Əvvəlki hissədə Günəş sistemi ilə tanış olduq. Məlum oldu ki, ən azı bizim sistemdə bioloji həyat yalnız Yer planetində mümkündür. Dünyamız bunun üçün xüsusi dizayn edilmiş və həyatın yaranması üçün milyonlarla (bəlkə də trilyonlarla, kim bilir?) vacib şərtlərlə təchiz edilmişdir. Yerdə həyatın mövcud olması üçün təkcə planetin özü deyil, bütün ətraf sistem də uyğun bir formada təşkil olunmalıdır. Günəşin, planetlərin ölçüsü, məsafəsi, kimyəvi tərkibi, ağırlığı, orbiti, Günəşə qarşı duruş bucağı… planetimizdə həyatın meydana gəlməsi üçün vacib olan kənar şərtlərdəndir.
Maraqlı fakt: Günəş hər saniyədə kosmosa 1,5 milyon ton maddə püskürür. Günəş küləkləri kimi tanınan bu maddələr və saniyədə 160 km kimi dəhşətli sürətlə hərəkət edən yüksək enerjili hissəciklərlə doludur. Əgər bu hissəciklər birbaşa Yerə dəysəydi, bu, atmosferimizə və həyatımıza ciddi təhlükə yarada bilərdi. Lakin Yerin maqnit sahəsi bunun qarşısını alır.
Günəş sistemindəki planetlərin sistemdən sovrularaq dondurucu soyuq “kosmosa” atılmasının qarşısını alan təsir Günəşin “cazibə qüvvəsi” ilə planetin “mərkəzdənqaçma qüvvəsi” arasındakı tarazlıqdır. Günəş böyük cazibə qüvvəsinə görə bütün planetləri özünə çəkir və onlar fırlanmalarının mərkəzdənqaçma qüvvəsi sayəsində bu cazibədən qaçırlar. Ancaq planetlərin fırlanma sürətləri bir qədər yavaş olsaydı, bu planetlər sürətlə Günəşə doğru çəkiləcək və nəhayət, böyük bir partlayışla Günəş tərəfindən udulacaqdılar. Planetlər daha sürətli fırlansaydı, Günəşin gücü onları saxlamağa kifayət etməyəcək və planetlər qalaktik fəzaya sovrulacaqdı. Ancaq sistemimizdəki tarazlıq qüsursuz şəkildə qurulmuşdur və yaradılmış dəqiq qüvvələr bu tarazlığı qoruduğu üçün davam edir.
Məsələ təkcə Günəş və planetlərlə bitmir, Yerin təbii peyki olan Ayın da planetimizdə həyatın meydana gəlməsində və tənzimlənməsində inanılmaz dərəcədə vacib rolu vardır. Bunun üçün Ayın ölçüsü, ağırlığı, tərkibi, Yer ətrafında fırlanma sürəti və Yerdən hansı məsafədə yerləşməsi çox vacibdir və bu ölçülər mükəmməl şəkildə tənzimlənmişdir.
Ay olmasa nə olacaqdı?
-Dünya iqlim şəraitinə görə şiddətli tufanların və qasırğaların heç vaxt dayanmadığı bir planet olardı.
-Atmosfer indiki kimi olmazdı. Bizdə daha yoğun bir atmosfer olardı.
-Dalğalar 70% azalardı. Ay işığında aktiv qalan canlılar inkişaf etməzdi. Məlum olduğu kimi, bəzi canlı növləri çoxalmaq üçün Ayın fazalarını izləyir.
-Fəsillər mövcud olmazdı.
-Çəkilmə və qabarmalar olmayacağı üçün yer üzündə həyat olmayacaqdı. Yer yalnız Günəşin varlığının yaratdığı küləklər və yağışlardan ibarət boş bir planet olardı.
Göründüyü kimi, Yerdə həyatın əmələ gəlməsində xarici faktorların rolu saysız-hesabsızdır. Biz bu yazıda onların heç 1 faizini sadalamadıq. Oxucu üçün daxili faltorların daha maraqlı olacağını düşünürük. Yəni, dünyamızda həyat nədən və necə yaradılıb sualı hamı üçün daha maraqlıdır.
Dünyamızın təşkili və burada bioloji həyatın mövcud olması üçün daxili faktorların da sayı hesabı yoxdur. Burada atmosferin tərkibindən tutmuş, Yerin özünün kimyəvi tərkibi, ağırlığı, Günəş ətrafında və öz oxu ətrafında fırlanma tezliyi, nüvəsinin quruluşu, mantiyanın və yer qabığının kimyəvi tərkibi və sair kimi saysız-hesabsız faktorlar var ki, onlardan tək birinin olmaması burada həyat nağılının başlamamış bitməsi demək olardı.
Yuxarıdan başlayaq- səmadan. Yer kürəsinin atmosferi 77% azot, 21% oksigen, 1% karbon və arqon, eləcə də, digər qazların qarışığından ibarətdir. Burda ən maraqlısı tənəffüs etdiyimiz havadakı oksigen miqdarının olduqca həssas tarazlıqlar üzərində müəyyənləşdirilmiş olmasıdır.
İngilis mənşəli Avstraliyali alim Maykl Denton bu mövzuda belə yazır:
“Atmosferimiz, tərkibində daha çox oksigen saxlasaydı, bu, həyatın mövcud olmasına imkan verərdimi? Xeyr! Oksigen çox reaktiv bir elementdir. Hazırda atmosferdə olan oksigenin miqdarı, yəni 21%, həyatın təhlükəsizliyi üçün lazımi həddin tam ideal nöqtəsindədir. Məsələn, 21%-lik göstəricinin üzərinə əlavə olunan hər 1%-lik oksigen miqdarı bir ildırımın meşə yanğını başlatma ehtimalını 70% artırar”.
İngilis biokimyaçı alimi Ceyms Lavlok isə bununla bağlı başqa bir müqayisə verir:
“Oksigenin miqdarı 25%-dən artıq olsaydı hazırda qida kimi istifadə olunan bitkilərin, bütün tropik meşələr və arktika tundraları çox cüzi hissəsi onları yox edəcək nəhəng yanğınlardan qoruna bilərdi… Atmosferdəki hazırkı oksigen miqdarı, təhlükənin və faydanın mükəmməl şəkildə tarazlandığı səviyyədədir”.
Atmosferin çox yaxşı şəkildə tarazlaşdırılmış digər bir cəhəti isə onun, tənəffüs etməyimizə imkan verən ideal sıxlığıdır. Havanın təzyiqi 760 mm civə sütunudur. Bu qiymətlər, əslində, həyatımız üçün çox kritikdir. Çünki, tənəffüs edən canlıların mövcud ola bilməsi üçün, atmosferin ümumi xarakteristik xüsusiyyətləri (sıxlığı, axıcılığı, təzyiqi və s.) hazırkı qiymətlərə uyğun olmalıdır.
Maykl Denton bu haqda belə deyir:
“Əgər havanın sıxlığı və ya durğunluğu bir az çox olsaydı, havanın müqaviməti çox böyük nisbətlərə yüksələrdi və havanı tənəffüs edən canlıya ehtiyac duyduğu oksigen nisbətini təmin edən tənəffüs sistemini hazırlamaq qeyri-mümkün olardı... Ehtimal olunan atmosfer təzyiqi ilə oksigen nisbətini müqayisə edərək həyat üçün uyğun ölçü axtardığımız vaxt çox məhdud intervalla qarşılaşırıq. Həyat üçün lazım olan çoxlu şərtlərin hamısının bu kiçik intervalda reallaşması və atmosferin də bu intervalda olması, əlbəttə ki, çox möhtəşəm uyğunluqdur”.
Bioloji həyatın mövcud olmasını təmin edən şərtlərdən biri də tempraturdur. Amerikalı geoloqlar Frank Press və Raymond Siever bu məqama diqqət çəkirlər: “Həyat yalnız çox məhdud temperatur intervalında mövcud ola bilər… Eləcə də, bu temperatur intervalı Günəşin temperaturu ilə mütləq sıfır temperaturu arasında ola biləcək temperaturların təxminən 1%-lik hissəsini təşkil edir. Yer kürəsinin temperaturu tam bu kiçik intervaldadır”.
Yer kürəsinində həyatın necə formalaşdırılmasını təmin edən faktorları öyrənmək istəsək, bitib bitməyəcəkmiş kimi görünən olduqca uzun “həyat üçün lazımi tarazlıqlar” siyahısını yarada bilərik. Amerikalı astronom Hyu Ross Yerin həyat üçün əlverişli olmasında ən əsas rolu olan faktorları belə sadalayır:
Yerin cazibə qüvvəsi: Əgər daha güclü olsaydı, planetin atmosferi xeyli ammonyak və metan toplayar, bu da həyat üçün çox əlverişsiz olardı. Daha zəif olsaydı, Yerin atmosferi çox su itirər və həyat mümkün olmazdı.
Günəşə olan məsafə: Əgər daha çox olsaydı: planet çox soyuyar, atmosferdəki su dövranı bundan mənfi təsirlənər və planet buzlaşma dövrünə daxil olardı. Daha yaxın olsaydı, planet qovrular, atmosferdəki su dövranı bundan mənfi təsirlənər və həyat qeyri-mümkün olardı.
Yer qabığının qalınlığı: Əgər daha qalın olsaydı, atmosferdən yer qabığına daha çox oksigen ötürülərdi (bunun necə bir fəlakət olacağı haqda bir az yuxarıda danışmışıq). Daha nazik olsaydı, həyatın yaranmasını qeyri-mümkün edəcək qədər çox sayda vulkanik fəaliyyət baş verərdi.
Yerin öz ətrafındakı fırlanma sürəti: Əgər daha yavaş olsaydı, gecə-gündüz arasındakı temperatur fərqi çox böyük olardı. Daha sürətli olsaydı, atmosfer küləkləri olduqca böyük sürətə çatar, qasırğalar və tufanlar həyatın yaranmasını qeyri-mümkün edərdi.
Ay ilə Yer arasındakı cazibə qüvvəsi təsiri: Əgər daha çox olsaydı, Ayın güclü cazibə qüvvəsinin, hava şəraiti, Yerin öz oxu ətrafında fırlanma sürəti və okeanlardakı qabarma-çəkilmələr üzərində çox kəskin təsirləri olardı. Daha az olsaydı, kəskin iqlim dəyişikliklərinə səbəb olardı.
Yer kürəsinin maqnit sahəsi: Əgər daha güclü olsaydı, çox sərt elektromaqnit fırtınalar baş verərdi. Daha zəif olsaydı, Yer Günəş küləyi adlanan və Günəşdən atılan zərərli hissəciklərdən qoruna bilməzdi. Hər iki halda da həyat qeyri-mümkün olardı.
Albedo təsiri (yer səthindən əks olunan Günəş şüasının, yer səthinə çatan Günəş şüasına olan nisbəti): Əgər daha çox olsaydı, tezliklə buzlaşma dövrü başlayardı. Daha az olsaydı, parnik effekti Yerin həddən artıq isinməsinə səbəb olar, Yer kürəsi əvvəlcə buzlaqlar əriməsiylə sular altında qalar, sonra isə qovrulardı.
Atmosferdəki oksigen və azot miqdarı: Əgər daha çox olsaydı, həyati funksiyalar mənfi şəkildə sürətlənərdi. Daha az olsaydı, həyati funksiyalar mənfi şəkildə yavaşlayardı.
Atmosferdəki karbon və su miqdarı: Əgər daha çox olsaydı, atmosfer çox qızardı. Daha az olsaydı, atmosferin temperaturu azalardı.
Ozon təbəqəsinin qalınlığı: Əgər daha çox olsaydı, Yer səthinin temperaturu çox azalardı. Daha az olsaydı, Yer səthi həddən artıq isinər, Günəşdən gələn zərərli ultarbənövşəyi şüalardan qoruna bilməzdi.
Seysmik proseslər: Əgər daha çox olsaydı, canlılar davamlı olaraq məhv olardı. Daha az olsaydı, okeanların dibindəki qidalandırıcı maddələr suya qarışmaz və bu da okeanlar və dənizlərdəki həyata, dolayısilə dünyadakı bütün canlılara mənfi təsir edərdi.
Qeyd olunanlar dünyada həyatın mövcudluğu və davam edə bilməsi üçün lazım olan olduqca həssas tarazlıqlardan yalnız bir neçəsidir. Milyonlarla belə faktor var. Lakin, təkcə burada qeyd olunanlar belə, Kainatın və Yerin təsadüflər nəticəsində meydana gələ bilməyəcəyini qəti şəkildə göstərmək üçün kifayətdir.
Dünyanın nüfuzlu alimləri bunu belə şərh edirlər:
“Təbiət qanunlarının gördüyümüz kainatı meydana gətirmək üçün necə də fövqəladə şəkildə tənzimləndiyini gördükdə kainatın öz-özünə meydana gəlmədiyini, bunun arxasında bir məqsədin olduğunu anlayırsınız”- İngilis fiziki Con Polkinhorn.
“Yaradıcı həyatın yaradılması məqsədiylə istifadə olunmaq üçün xüsusi maddələr yaratmışdır”- Amerikalı fizik Robert Klark.
“Kainatda müəyyən bir nizam hökm sürür... Bu nizam ancaq şüurlu təşkilatlanma yolu ilə meydana gələ bilərdi”- Nobel mükafatlı fizik Maks Plank.
Müqəddəs kitablarda da eyni şeylərdən danışılır. Quranda bütün bunların məqsədli şəkildə yaradıldığı sadə dildə izah olunub:
“Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu, onun qübbəsini yüksəltdi və ona müəyyən nizam verdi, gecəsini qaranlıq edib, səhərini də nurlandırdı. Sonra yeri döşəyib, onda su və otlaq yaratdı, dağları da yerə bərkitdi. Bunlar sizin və heyvanların faydalanmasından ötrüdür”. (Naziat surəsi, 27-33)
“Həqiqətən, Allah göyləri və yeri dağılıb getməsinlər deyə, tutub saxlayır. Əgər dağılıb getsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz”. (Fatir surəsi, 41)
Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər Ucadır! (Mümin surəsi, 64)
ardı olacaq
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb