PDF Oxu

MİA

  • 1 038

Beyin sağlamlığı: şərtlər və reallıq

image

22 iyul Ümumdünya Beyin Günüdür. Bu tarix, beyin sağlamlığını təşviq etmək və nevroloji xəstəliklər barədə məlumatlılığı artırmaq məqsədi ilə Ümumdünya Nevrologiya Federasiyası tərəfindən təyin edilib.

İnsan bədənindəki hər bir orqanın, hər toxumanın, hər hüceyrənin sağlamlıq baxımından əvəzsiz rolu var. Ancaq ən vacib olan yerimiz - beynimiz sağlam deyilsə, digər orqanlarımızın sağlamlığının elə də böyük əhəmiyyəti yoxdur. Çünki bizim bədənimizi beynimiz idarə edir. Sağlam bir beyin bədənimizi məharətlə idarə etmək qabiliyyətinə malikdir. Beyin daim işlədikcə daha da itilənir, ustalaşır. İşləmək beynimizə çox şey qazandırır. Xüsusilə beynimizi gücə salan, fikirləşməyə, düşünməyə məcbur edən məşğuliyyətlərlə maraqlanmaq özümüzə edə biləcəyimiz ən böyük yaxşılıqdır. Çətin teoremlər, rebuslar həll etmək, yaradıcı ideyalar inkişaf etdirmək, ən çətin şeyləri yadda saxlamağa çalışmaq, yüksək diqqət tələb edən tapşırıqları yerinə yetirmək, cəld hesablamalar aparmaq, öyrənmək, şərh etmək, əsaslandırmaq, hər gün mütaliə etmək beynimizi aktiv saxlayan faktorlardır.

Beynimiz gündəlik həyatımızda qan vasitəsilə ötürülən çoxsaylı maddələrə -oksigen, vitaminlər, minerallar, qlükoza və s. ehtiyac duyur. Bütün bu ehtiyaclar, xüsusilə oksigen, fasiləsiz və lazımi səviyyədə təmin edilməlidir. Buna görə də beynimizin işləməsini dəstəkləyən qan dövranı, tənəffüs və digər sistemlərin düzgün işləməsi beyin sağlamlığımız üçün vacibdir. Beynin qüsursuz fəaliyyəti üçün oksigen həyati əhəmiyyət daşıyır, çünki beyin hüceyrələrinin enerji istehsalı və normal işləməsi bilavasitə oksigenə bağlıdır. Beyin bədənimizin yalnız 2-3%-ni təşkil etsə də, gündəlik oksigenin iethlakımızın təxminən 20%-ni istifadə edir. Çünki neyronların, yəni beyin hüceyrələrinin fəaliyyəti üçün adenozin trifosfat (ATP) adlı enerji molekulu lazımdır. Bu molekul yalnız oksigenlə oksidləşmə prosesində baş verir.

Beyin bir neçə dəqiqə oksigensiz qaldıqda hüceyrələr zədələnir və biz ölməyə başlayırıq. Əgər oksigen istehlakımız zəifləyirsə bizdə yaddaş zəifliyi, diqqət dağınıqlığı, reaksiya müddətinin uzanması, əhval-ruhiyyəmizin aşağı düşməsi baş verir. Bizim istehlak etdiyimiz oksigen ağciyərlər vasitəsilə qana keçir və eritrositlər onu beyinə daşıyır. Beyin damarlarında problem olduqda, məsələn, insult baş verirsə, oksigen çatışmazlığı yaranır və beyin toxuması məhv ola bilər.

Beynimizin ehtiyaclarını ödəmək üçün ən vacib amillərdən biri də düzgün qidalanmadır. Elə zənn edin ki, beynimiz bir motordur və onun qüsursuz işləməsi üçün keyfiyyətli yanacağı – yaxşı qidaya ehtiyacı var. Beynimiz bədənimizin sərf etdiyi gündəlik enerjinin 20-25%-nə sahibdir. Beyin fəaliyyətinin qaydasında olması üçün əsas enerji mənbəyi qlükozadır ki, bu da gündəlik qəbul etdiyimiz karbohidratlardan alınır. Amma çalışıb bu ehtiyacı şəkərli və emal olunmuş qidalardan yox, kompleks karbohidratlar –taxıl məhsullarından, tərəvəzlərdən almaq lazımdır.

Beynin funksiyalarının qüsursuz işləməsi üçün Omega-3 yağ turşuları vacibdir. Yaddaş və sinir hüceyrələrinin quruluşu üçün bu turşuların istehlakı yetəri qədər olmalıdır. Bu yağ turşuları əsasən balıqlarda olur. Bütün balıq növlərində Omega-3 var, hətta ən ucuz balıq olan kilkənin tərkibində da çox Omega-3 var. Həmçninin kətan və ciya toxumunda, soya bitkisində də Omega-3 yağı var.

B qrupu vitaminlər, xüsusilə B6, B9 və B12 sinir impulslarının ötürülməsi və əhvalın tənzimlənməsi üçün əhəmiyyətlidir. B1 – tiamin beyin hüceyrələrinin enerji ilə təmin olunmasına kömək edir, yaddaşı gücləndirir, diqqət və konsentrasiyanı artırır. Bu vitaminin əskikliyi yorğunluq, əsəbilik, qavrama zəifliyi yaradır. B2 - riboflavin enerji metabolizmasında və hüceyrələrin balansının qorunmasında rol oynayır. Bu vitamin beyni oksidləşdirici zədədən qoruyur və əskikliyi baş ağrısı, əsəbilik, diqqət dağınıqlığına səbəb olur.

B3-niasin neyrotransmitterlərin - sinir rabitə maddələrinin sintezində vacib rol oynayır. Bu vitamin zehni aydınlıq və əhval-ruhiyyənin sabitliyini qoruyur, əgər əskik olarsa konsentrasiya pozğunluğu, depressiyaya meyl yaradır. . B5 -pantoten turşusu hormon istehsalında və stressə adekvat cavab reaksiyalarında mühüm fayda verir. Bu vitamin həm də bizim stressə davamlılığımızı artırır. Beynimizdə əskikliyi yuxusuzluq, sinir sistemi zəifliyi yaradır. B6, yəni piridoksin serotonin, dopamin və melatonin kimi əhvalı və yuxunu tənzimləyən maddələrin istehsalında iştirak edən əhəmiyyətli vitamindir. Bizə faydası əhvalımızı stabil saxlaması, narahatlığımızı azaltması, yuxumuzu normallaşdırmasıdır.

B7 - biotin hüceyrə böyüməsi və enerji istehsalına dəstək verir. Bizim enerjimizə təsir edərək neyronların fəaliyyətini gücləndirir. Əgər orqanizmimizdə B7 əskik olarsa depressiya, qıcıqlanma, unutqanlıq halları yaşayarıq.B9 - fol turşusu DNT sintezi və yeni hüceyrələrin yaranmasında rol oynayır. Fol turşusu beyin inkişafı, yaddaş və öyrənmə funksiyalarını təşviq edir. Depressiya, unutqanlıq, doğuşdan əvvəl dölün beyin inkişafı problemləri fol turşusu əskikliyi zamanı yaranır. B12 – kobalamin isə sinir hüceyrələrinin qoruyucu örtüyü olan miyelini normada saxlamağa kömək edir. Yaddaş, sinir sisteminin qorunması, enerji artımı kimi vacib funksiyalarda rolu böyükdür. Əgər əskikliyi yaranarsa ciddi yaddaş itkisi, əl-ayaqda keyimə, sinir zədələnməsi, ciddi hallarda demensiya yarada bilir.

D vitamini beyin neyronlarının sağlamlığı və depressiyadan qorumaq üçün vacibdir. Onu iki yolla qəbul etmək olur, günəış şüaları və qida vasitəsilə. Əgər gündəlik 15–30 dəqiqə günəş şüası dəriyə təmas edərsə D vitamini ehtiyacımızı ödəyərik. Qidalardan isə balıqların, kərə yağının, süd məhsullarının, göbələyin tərkibində var. Maqnezium, sink, dəmir bizim gündəlik konsentrasiya və enerji səviyyəsimizi normada saxlayır, ona görə də tərkibində maqnezium olan qidalardan – kətan toxumu, çiya toxumu, fındıq, qoz, badam, yulaf, qrabnaşaq, lobya və digər paxlalılar, yaşıl yarpaqlı tərəvəzlərdən qəbul etmək lazımdır.

Antioksidantlar da beyin üçün vacibdir, o hüceyrələri sərbəst radikallardan qoruyur , bu da Alzheimer və Parkinson kimi xəstəliklərin qarşısını almaqda rol oynayır. Meşə meyvələri -qaragilə, böyürtkən,qadağat, moruq, qoz, yaşıl çay kimi məhsullar beyni oksidativ stresdən qoruyur, yaşlanma prosesini yavaşladır. Həmçinin, beynin 75-80%-i sudan ibarət olduğu üçün kifayət qədər su içilmədikdə konsentrasiya azalır, baş ağrısı yaranır, yuxululuq və əsəbilik artır.

Dünya üzrə beyin xəstəlikləri statistik məlumatları ən son 2021-ci ilə aiddir, həmin il təxminən 3.4 milyard insan sinir sistemi xəstəliklərindən əziyyət çəkirdi — bu, dünya əhalisinin təxminən 43%‑ə bərabər idi. Bu xəstəliklər səbəbindən 11.1 milyon insan ölüb, 443 milyon insan isə əlil qalıb. İnsult dünya üzrə ən böyük beyin xəstəliyi və ölümlə nəticələnən səbəbdir.

Beyin xəstəliklərindən ikinci ən çox yayılanı miqrendir. Dünyada təxminən 3 milyarddan çox miqren xəstəsi var. 55 milyon insan demans xəstəliyindən əziyyət çəkir, 2021‑də 1.8 milyon demans halı ölümlə nəticələnib. Proqnozlara görə 2050‑dək 150 milyona qədər arta bilər. Dünyada 50 milyon insan epilepsiya xəstəsidir, 10 milyon insan Parkinsondan əziyyət çəkir, 210 milyondan çox insanda diabetik neyropatiya var, 7 milyon insanda fərqli skleroz növləri var.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər