Rusiya və Ukrayna arasında 2022-ci ildə başlayan hərbi əməliyyatın dördüncü ili sona yaxınlaşdıqca, münaqişə daha çox "maliyyə dayanıqlığı müharibəsinə" çevrilir. Ukrayna gündəlik 172 milyon dollarlıq müdafiə xərclərini maliyyələşdirməkdə çətinlik çəkir və 588 milyard dollarlıq yenidənqurma işlərinə hazırlaşır.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Xnatovun paylaşdığı məlumatlara görə, 2025-ci ildə müharibənin orta gündəlik xərcləri 172 milyon dollara (145,7 milyon avro) çatıb. Bu, 2024-cü ildəki təxminən 140 milyon dollarlıq gündəlik orta göstərici ilə müqayisədə 23 faiz artım deməkdir.
Qeyd edək ki, Ukrayna ordusunun hazırkı əməliyyat xərclərinin tempi əsgərlərin maaşları, sursat təchizatı və yeni döyüş texnologiyalarının yerləşdirilməsi daxil olmaqla ayda təxminən 5 milyard dollara (4,2 milyard avro) ehtiyac olduğunu göstərir.
Bu müqavimət səviyyəsini qorumaq üçün Ukrayna ümumi daxili məhsulunun (ÜDM) 30 faizindən çoxunu birbaşa hərbi büdcəsinə ayırır. Buna baxmayaraq, sülh dövründə bir çox Avropa ölkəsi NATO-nun 2 faizlik müdafiə xərcləri hədəfinə çatmaq üçün belə mübarizə aparır.
General-leytenant Xnatov Ukraynanın bu maliyyə yükünü təkbaşına daşıya bilməyəcəyini vurğulayaraq, Qərbdən maliyyə dəstəyinin iqtisadi çöküşün qarşısını almaqda əsas amil olduğunu bildirdi. Müharibə beşinci ilinə qədəm qoyarkən, Ukrayna hökuməti Dünya Bankı, Avropa Komissiyası və Birləşmiş Millətlər Təşkilatı tərəfindən hazırlanmış son Birgə Sürətli Zərər və Ehtiyacların Qiymətləndirilməsi (RDNA5) hesabatını dərc etdi.
Sözügedən hesabata görə, 2025-ci ilin dekabr ayı etibarilə Ukraynanın növbəti on il ərzində yenidənqurma və bərpa xərcləri təxminən 588 milyard dollar (500 milyard avro) olaraq qiymətləndirilir. Bu məbləğ ölkənin ötən ilki nominal ÜDM-dən təxminən üç dəfə çoxdur. Birbaşa fiziki zərərin 195 milyard dolları (165 milyard avro) keçdiyi təxmin edilir.
Məlumat üçün qeyd edək ki, dağıdıcı hadisələrin böyük hissəsi cəbhə xəttinə yaxın ərazilərdə və böyük şəhərlərdə cəmləşsə də, ən çox mənzil, nəqliyyat şəbəkələri və enerji infrastrukturu zərər görüb. Dünya Bankının məlumatları, xüsusilə sərt qış aylarında Rusiyanın hücumlarının artması ilə əlaqəli olaraq, son bir ildə zədələnmiş və ya məhv edilmiş enerji aktivlərində 21% artım olduğunu göstərir. Bildirilir ki, ölkə daxilində evlərin 14%-i zədələnib və ya dağılıb və bu, üç milyondan çox ev təsərrüfatına birbaşa təsir göstərib.
Lakin, artan dağıntılara baxmayaraq, Ukrayna hökuməti qətiyyət mesajı göndərib. Ukraynanın Baş naziri Yuliya Svyrydenko hesabatın dərc olunmasından sonra verdiyi açıqlamada deyib: "Bu qış enerji infrastrukturumuza və evlərimizə misli görünməmiş hücumlara baxmayaraq, xalqımız dözümlülük nümayiş etdirir, sahibkarlarımız işləməyə davam edir. Biz sürətlə bərpa olunur və inkişaf etməyə davam edirik."
Yenilənmiş Birgə Sürətli Zərər və Ehtiyacların Qiymətləndirilməsi hesabatının dərc olunmasından sonra, Aİ-nin Genişlənmə üzrə Komissarı Marta Kos Brüsselin bərpa səylərinə dəstəyini bir daha təsdiqləyib. Kos bildirb: "Rusiyanın təcavüzkar müharibəsi nəsillər boyu görünməmiş dağıntılar gətirib. Biz Ukraynanı güclü, müasir AB ölkəsi kimi yenidən quracağıq. Biz bu dağıntıları cəsarətli islahatlar və hərtərəfli investisiyaları səfərbər etmək üçün alətlərimiz olan Ukrayna İnvestisiya Çərçivəsi vasitəsilə rifaha çevirəcəyik."
Qeyd edək ki, Müharibə 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi hücumu ilə başlayıb. Müharibə beşinci ilinə qədəm qoyduqca, cəbhə xətləri artıq yalnız şərqdəki səngərlərdə deyil, həm də beynəlxalq maliyyə masalarında çəkilir. Ukrayna üçün qələbə həm müdafiənin dağıdıcı gündəlik xərclərini daşımaq, həm də yenidən ayağa qalxmaq üçün lazım olan yarım trilyon dollarlıq böyük investisiyanı təmin etmək tələb olunur. Bu nə qədər real görünür, proqnozlaşdırmaq çətindir.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb