Yaponiyada aparılan genişmiqyaslı bir araşdırma, hamiləlik və ya doğuşdan sonrakı dövrdə ağır psixoloji stress və depressiya yaşayan anaların uşaqlarının autizmlə əlaqəli xüsusiyyətləri daha çox ehtiva etdiyini aşkarlayıb. Tohoku Universitetinin tədqiqatçıları 23.000-dən çox ana-uşağı müşahidə edərək əldə edilən məlumatları təhlil etdilər. Nəticələr, hamiləliyin əvvəlində və ortasında, eləcə də doğuşdan bir ay sonrayadək analarda müşahidə edilən depressiv simptomlarla uşaqlarda neyroinkişaf fərqləri arasında əhəmiyyətli bir korrelyasiya olduğunu göstərdi. Təsir xüsusilə qızlarda özünü daha qabarıq şəkildə büruzə verib.
Elm bu günədək deyirdi ki, autizm əsasən genetik əsaslıdır, yəni bu xəstəliyin yaranmasında ən güclü rolu irsi faktorlar oynayır. Hamiləlik dövründə uzunmüddətli və çox ağır stress bəzi hallarda risk faktorlarından biri kimi araşdırılıb, lakin bu stress mütləq autizmli uşaq yaradır demək deyil. Bu günədək dünyada aparılmış bir çox araşdırmalar göstərirdi ki, stress beynin inkişafına dolayı təsir göstərə bilər, amma tək başına autizm səbəbi deyil və çox stress yaşayan anaların böyük əksəriyyətinin uşaqları tam sağlam doğulur.
Autizmlə daha çox əlaqələndirilən amillər əsasən genetik meyl, hamiləlik zamanı bəzi ağır infeksiyalar, çox erkən doğuş, valideyn yaşının yüksək olması (xüsusilə ata yaşı), bəzi bioloji və neyroinkişaf faktorlardır. Bir vacib məqam da odur ki, övladı autizm olan bir çox ana sonradan “hamiləlikdə stress keçirmişdim” deyə özünü günahlandırır. Bu günədək alimlər bunu elmi olaraq doğru yanaşma hesab etmirdi. Autizm bir ananın emosional vəziyyətinə bağlanacaq qədər sadə bir xəstəlik hesab edilmirdi.
Hamiləlikdə stress təhlükəlidir, bu doğrudur. Uzunmüddətli və çox güclü stress bəzən körpənin az çəki ilə doğulmasına səbəb ola, erkən doğuş riskini artıra bilər. Doğulan uşaqda sonradan diqqət dağınıqlığı, yuxu pozuqluğu və emosional həssaslıq ola bilər. Bəzən valideynlər diqqət dağınıqlığı olan uşaqlarının autizm ola bilmə ehtimalını düşünür, lakin bu sadəcə ehtimaldır. Diqqəti dağınıq olan hər uşağa autizm diaqnozu qoyulmur.
Autizmin erkən əlamətləri əsasən 3 yaşadək bəlli olur. Əgər 0–12 ayda göz kontaktı azdırsa, adına reaksiya vermirsə, gülümsəmənin az olması şübhələnməyə əsas verir. 1–2 yaş aralığında ən sadə sözlərdən istifadə etməməsi, barmağı ilə oyuncaqlarını və ya kimisə işarə etməməsi, “ana”, “ata” kimi sözləri deməməsi, 2–3 yaş aralığında eyni hərəkətləri təkrar etmə (əl çırpma, fırlanma), oyuncaqlarla məqsədli deyil, təkrar-təkrar oynaması, başqa uşaqlara marağın az olması, səsə, işığa, toxunuşa həddən artıq reaksiya göstərməsi autizmdən şübhələnmək üçün əlamətlərdir.
Lakin bu vəziyyətdə belə bu əlamətlərə görə valideynin öz uşağına autizmli kimi baxması doğru deyil, bu diaqnoz peşəkar tərəfindən körpə ətraflı müayinə olunduqdan sonra qoyulmalıdır. İnkarolunmaz bir fakt var ki, heç bir ana “stresli hamiləlik keçirdim deyə uşağım autizmli doğuldu, deməli günah məndədir” deyə düşünməməlidir. Autizm tək səbəbli deyil, çoxfaktorlu xəstəlikdir.
Unutmaq lazım deyil ki, erkən dəstək alan uşaqların inkişafı xeyli yaxşılaşır. Buna görə də 6–12 aylıq körpə göz kontaktı qurmursa, onu dindirəndə gülümsəmirsə, adını çağıranda baxmırsa pediatra və ya uşaq nevroloquna müraciət etmək lazımdır. 12–18 ay uşaqlarda autizmin aşkarlandığı çox önəmli dövrdür. Bu dövründə olan uşaqlar hər hanı bir istiqamətə, oyuncağına barmağı ilə işarə vermirsə, ondan gəstərməsinixahiş etdiyimiz bir şeyi göstərə bilmirsə bu zaman şübhəyə əsas var. Autizm diaqnozu bir müayinədə qoyulmur, müşahidə və testlərlə qiymətləndirilir.
Autizmin erkən diaqnozu həm uşaq, həm də ailəsi üçün çox əhəmiyyətlidir. 2–4 yaş arası müdaxilə ən effektiv müdaxilə dövrüdür. Bu dövrdə danışığı, sosial əlaqəni, davranışı xeyli yaxşılaşdıran müalicə metodları var. Bəzən valideynlər bu kimi hallarda "böyüdükcə düzələcək" kimi düşüncələrə qapılaraq çox vaxt itirirlər. Unutmaq lazım deyil ki, erkən diaqnoz autizmli uşaqları cəmiyyətə qaytarır, təhsil almasına, yaşıdları kimi sosiallaşmasına kömək edir.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “. uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb