PDF Oxu

MİA

  • 1 729

Süni İntellekt və rəqəmsal vicdan

image

Bəşər tarixinin heç bir dövründə, hətta ilk dəfə ixtira edildiyi dövrdə belə texnologiya bu günkü qədər populyar olmayıb. Gün boyu başımızı qaldırmadığımız smartfonlar, önündə robota döndüyümüz sosial şəbəkələr, asılı olduğumuz alqoritmlər, bizə yön verən internet, getdikcə daha çox sahədə üzərimizdə hökmranlıq quran süni intellekt sistemləri hər an daha çox həyatmıza soxulur.

Son illərdə süni intellekt texnologiyalarının inkişafı insan həyatının demək olar ki, hər aspektini dəyişdirməyə başlayıb. Alqoritmlər bankçılıqdan təhsilə, səhiyyə sektorundan təhlükəsizlik sistemlərinə qədər bir çox sahədə aktiv rol oynayır. Bu gün bəzi şirkətlər işə qəbul proseslərində namizədlərin qiymətləndirilməsini süni intellekt dəstəkli sistemlərdən istifadə edərək aparırlar, xəstəxanalar diaqnostik proseslərdə məlumatların təhlilini ona həvalə edir. Sosial şəbəkə platformaları hansı məzmunun daha çox göstərilməli olduğuna qərar vermək üçün istifadəçi davranışlarını təhlil edir, bir sözlə bizi rəqəmsal dünya idarə edir.

Ortaya maraqlı və son dərəcə vacib bir sual çıxır: öhdəsinə əhəmiyyətli qərarlar buraxılan bu sistemlər həqiqətən ədalətlidirmi? Mütəxəssislərin fikrincə, süni intellekt sistemləri yalnız ona verilən məlumatlar qədər qərəzsiz ola bilər. İstifadə olunan məlumatlarda qərəz varsa, alqoritmlər eyni qərəzləri təkrarlaya bilər. Bu vəziyyət, xüsusən də işə qəbul, kredit qiymətləndirməsi, təhlükəsizlik təhlili və dövlət xidmətləri kimi vacib sahələrdə ciddi etik müzakirələrə səbəb olur.

Bu gün şəxsi məlumatlar rəqəmsal iqtisadiyyatın ən dəyərli resurslarından biri hesab olunur. İnsanların hansı məzmunu izlədikləri, nə aldıqları, harada olduqları və hətta hansı mövzularla maraqlandıqları böyük məlumat sistemləri tərəfindən təhlil edilir. İnternet, süni intellekt bizi qarabaqara izləyir desək, yanılmarıq. Mütəxəssislər bildirirlər ki, sosial şəbəkə istifadəçiləri tez-tez fərqinə varmadan rəqəmsal izlər buraxırlar. Bu isə, məlumatların təhlükəsizliyi və məxfilik müzakirələrini əvvəlki dövrlə müqayisədə daha vacib edir. Xüsusilə, son illərdə baş verən böyük məlumat sızmaları, şəxsi həyatların faş olması milyonlarla insanın şəxsi məlumatlarının təhlükəyə atıla biləcəyini göstərdi.

Kibertəhlükəsizlik mütəxəssislərinin fikrincə, qeyri-etik məlumatların istifadəsi gələcəyin ən böyük qlobal problemlərindən biri olacaq.Texnologiya şirkətlərinin istifadəçi məlumatlarını necə topladığı, saxladığı və istifadə etdiyi artıq yalnız texniki məsələ deyil; bu, həm də insan hüquqları ilə birbaşa əlaqəli bir məsələ hesab olunur.

Generativ süni intellekt sistemlərinin yayılması ilə etik məsələlərin müzakirəsi yeni bir müstəviyə keçdi. Artıq saniyələr ərzində insan səsindən fərqlənməyən şəkillər, saxta olduğu çətin anlaşılan deep-fake videolar və məzmun yaratmaq mümkündür. Əgər açıq desək, süni intellekt xüsusilə hökumətləri qəfil yaxaladı. Məxfi informasiyalar təhlükə altına düşdü, onlara əlçatanlıq mümkün oldu. Ona görə də bir çox ölkə hökuməti süni intellekt sistemləri üçün yeni qaydalar üzərində işləyir. Texnologiya mütəxəssisləri gələcəkdə etik qaydalara əməl etməyən süni intellekt sistemlərinin ciddi sanksiyalarla üzləşə biləcəyini bildirirlər.

Ümumiyyətlə, texnologiya dünyasında sadəcə innovativ olmaq artıq yetərli hesab edilmədiyi üçün, şəffaf, məsuliyyətli, insan mərkəzli, təhlükəsiz sistemləri inkişaf etdirilməlidir. Rəqəmsal dövrün ən böyük etik müzakirələrindən biri sosial şəbəkə platformaları vasitəsilə baş verir. Çünki milyardlarla insanın hər gün etdiyi standart paylaşımları əsasən alqoritmlər tərəfindən formalaşdırılır. Mütəxəssislərin fikrincə, sosial şəbəkə sistemləri istifadəçiləri platformada daha uzun müddət saxlamaq üçün tez-tez emosional reaksiyaları artıran, diqqəti cəlb edən məzmunlara üstünlük verir. Bu isə sosial şəbəkələrdə qütbləşməni, informasiya çirklənməsini, rəqəmsal asılılığı gündəmə gətirir.

Texnologiya sahəsindəki etik müzakirələr təkcə şirkətləri deyil, həm də təhsil sistemini dəyişdirir. Dünyanın bir çox ölkəsində universitetlər indi mühəndislik və proqram təminatı təhsili üzrə etika kurslarına da üstünlük verirlər. Çünki gələcəkdə proqram təminatı sahəsində fəaliyyət göstərəcək tələbələr yalnız kod yazmayacaqlar, onlar həmçinin hazırladıqları texnologiyaların cəmiyyətə təsirini, şəxsi həyat toxunulmazlığını, ictimai təhülkəsizliyi də nəzərə almalı olacaqlar.

Gələcəkdə etik standartların süni intellekt mühəndisliyi, robototexnika, biotexnologiya, kibertəhlükəsizlik, məlumat və informasiya ehtiva edən digər sahələrdə də əhəmiyyətli olacağı gözlənilir. Etik bacarıqların inkişaf etdirilməsi texno-şirkətlər üçün müsbət cəhət hesab olunacaq.

Rəqəmsal dövrdə ən böyük rəqabət artıq yalnız sürət və innovasiyaya əsaslanmayacaq, həm də etik qaydalara əməl etmək üstünlük olacaq. Yaxın gələcəkdə texnologiya şirkətlərinin qlobal bazarda qala bilmələr üçün etik uyğunluq, məlumatların şəffaflığı, istifadəçi təhlükəsizliyi, insan hüquqlarına hörmət kimi anlayışların daha həlledici olacağı gözlənilir. Çünki artıq insanlar təkcə yaxşı işləyən texnologiyaları deyil, həm də vicdanlı və düzgün işləyən sistemləri seçəcəklər.

Texnologiya hər gün daha da güclənir, inkişaf edir, təsəvvür etdiyimizdən də fərqli müstəvilərə keçir. Lakin məsələ texnologiyanın nə qədər inkişaf etmiş olması deyil, insanların ondan hansı məqsədlər üçün istifadə etmələridir. Çünki gələcək yalnız süni intellekt sistemləri, alqoritmlər və ya məlumat mərkəzləri ilə müəyyən edilməyəcək, gələcək həm də bu sistemlərə nəzarət edən insanların vicdanı ilə formalaşacaq. Əgər vicdan da rəqəmsallaşacaqsa gələcək daha təhlükəli olacaq.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması ” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər