PDF Oxu

MİA

  • 68 961

Azərbaycan dövlətçilik tarixində qədim dövlətlər: Aratta dövləti

image

Türk xalqları içərisində ən qədim dövlətçilik ənənəsi olan Azərbaycan xalqıdır. Akademik Ziya Bünyadovun qədim şumer məktəbləri əsasında irəli sürdüyü mülahizəyə görə eramızdan əvvəl üçüncü minilliyin birinci yarısında Cənubi Azərbaycanda Aratta dövləti meydana gəlmişdir: "Aratta Cənubi Azərbaycanda e.ə. III minilliyin birinci yarısında meydana gəlmiş ilk dövlət qurumu idi. Onun ərazisi Urmiya gölünün cənub və cənubi-şərq hissəsini əhatə edirdi. Diyala çayının (cənubda) yuxarı axarı və müasir Zəncan-Qəzvin (cənub-şərqdə) ərazisi Arattanın aşağı sərhədlərini təşkil edirdi. Aratta dövləti İkiçayarasının Şumer şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi. E. ə. XXVIII—XXIV əsrlərdə Şumerdə şəhər dövlətləri fəaliyyət göstərirdi. E. ə. XXVIII—XXVII əsrlərdə Şumerin Uruk şəhər dövlətinin hökmdarı En-Merkar olmuşdu.

Dastanlara görə, Uruk ilə Aratta arasında münasibətlər gah düşmənçilik, gah dinc, gah dostluq xüsusiyyəti daşıyırdı. En-Merkar Arattanın Uruka tabe olmasını tələb edir. Aratta hökmdarı da, öz növbəsində, En-Merkarın Arattaya tabe edilməsi üçün hərbi tədbirlər görür. Lakin Sami tayfaları Uruk şəhərini mühasirə edən zaman En-Merkar hərbi yardım almaq üçün Aratta hökmdarına müraciət edir. Şumerlər Uruk şəhərindəki məbədləri bərpa etməkdən ötrü tikinti materiallarına, qiymətli metal və daşlara ehtiyac duyurdular. Uruk hökmdarı En-Merkar bu materialların Arattadan gətirilməsini istəyirdi. O, Aratta hökmdarı ilə yazışmalar aparır, qasidlər göndərir və hətta bu ölkəyə səfər edir. Arattada mövcud olan siyasi və ideoloji şərait Şumer məfhumları vasitəsilə əks olunmuşdur. Ölkəni ensi rütbəsini daşıyan hökmdar idarə edirdi. Şumerdə bu rütbə ali kahin hökmdara şamil edilirdi. Ensi rütbəsinin Aratta dilində ifadəsi qalmamışdır. Qaynaq Arattanı "saf ənənələr ölkəsi" adlandırır. Arattanın dövlət idarələri şəhərdə yerləşir, hökmdar sarayda oturur və dövləti idarə edirdi. Əsilzadə təbəqəsinə daxil olan maşmaş (kahin vəzir), sukkal (elçi—kiçik hökmdar rütbəsi), uğula (rəis) və başqaları dövlət idarəsinin qulluqçuları olmuşlar. Arattada dövlət idarəsində mirzələr də çalışırdılar. Onlar həm Şumer hökmdarına cavab məktubu yazır, həm də En-Merkarın Şumer dilində yazdığı məktubları tərcümə edirdilər. Qaynaqdan göründüyü kimi, Aratta dövlət idarələri şumer mixi yazıları və şumer dili ilə tanış idi. Şumer ilə Aratta arasında əlaqə qasid vasitəsilə həyata keçirilirdi.

E. ə. III minilliyin birinci yarısında (e. ə. XXVIII əsrdə) Arattada artıq dövlətə məxsus idarə orqanları və vəzifəli şəxsləri meydana gəlmişdi. Şumer hökmdarı En-Merkar bu dövləti özünə tabe etmək, əhalisini və sənətkarlarını Şumer məbəd tikintisində işlətmək niyyətində idi.

Arattada çoxallahlıq, yəni müxtəlif Allahlara sitayiş mövcud olmuşdu. Qaynaqdan göründüyü kimi, Arattada, Şumerdə bərəkət və məhəbbət ilahəsi hesab edilən İnannaya ibadət geniş yayılmışdı. İnannanın Arattada müqabil adı məlum deyil. Akkadlar bu ilahəni İştar adlandırırdılar. Qaynaqda Aratta ilə əlaqədar adı çəkilən ilahə Lama Arattanın mühafizəkarı hesab edilirdi. Lama Aratta ilahəsi imiş. Şumer Dumuzi, həmçinin, Arattaya himayədarlıq edirdi. Ola bilsin ki, Aratta panteonuna ilahə başçılıq edirdi və nəsli quruluşun qalıqları Arattanın dini dünyagörüşündə öz əksini saxlayırdı. Aratta erkən İkiçayarası mədəniyyəti dairəsinə daxil idi. Arattanın Şumer ilə siyasi və iqtisadi əlaqələri Şumer ilə Aratta arasında bəzən siyasi rəqabət güclənirdi. Aratta hökmdarı En-Sukuşsiranna En-Merkarın onu ali hökmdar kimi tanımasını tələb edir. En-Merkar isə ona əks tələb göndərir. Belə olduqda En-Sukuşsiranna şuranı toplayır. Şura üzvləri ona En-Merkara tabe olmağı məsləhət görürlər. Aratta hökmdarı bu təklifi rədd edir və kahini Urqirnunanı Uruku tutmağa köndərir. Lakin son məqamda kahin məğlub olur. Buna baxmayaraq En-Merkar, yəqin ki, Arattaya bir müttəfiq kimi baxırdı. Sami tayfaları Şumeri narahat edən zaman o, məhz Aratta hökmdarından kömək diləmiş və bu məqsədlə də Arattaya Luqalbandanı göndərmişdi.

Aratta ilə Şumer arasında gah ədavət, gah da dinc münasibətlər yaranırdı. En-Sukuşsiranna Şumeri tabe etmək məqsədilə vəzirini göndərir, lakin o, həlak olur. Həm Aratta, həm də Uruk öz müstəqilliyini saxlayır. Dinc münasibətlər dövründə Uruk hökmdarı En-Merkar ölkəni xarici müdaxilədən qorumaq üçün Arattadan hərbi yardım istəyir.

Aratta dövləti öz müstəqilliyini saxladı, lakin Şumer ilə iqtisadi əlaqələri kəsmədi. Arattadan İkiçayarasına qızıl, gümüş, lacivərd, qızıl və gümüş qarışığı, tikinti materialları və ola bilsin ki, daş, tunc, qurğuşun və s. gətirilirdi. Eyni zamanda, Aratta ustaları Şumerdə məbəd tikintilərində iştirak edirdilər. Mübadilə nəticəsində Şumerdən Arattaya əsasən taxıl və meyvə gətirilirdi. Aratxa İkiçayarasının mal mübadiləsinə cəlb olunmuşdu. Aratta əhalisinin məşğuliyyəti barədə mənbələrdə ətraflı məlumat var. Zəngin yeraltı faydalı sərvətləri olan Aratta ölkəsinin əhalisi qızıl, gümüş, qurğuşun, mis, dağ daşı, qiymətli lacivərd daşı hasil edirdi. Qiymətli metallardan hazırlanmış əşyalar və lacivərd daşı İkiçayarasına ixrac edilirdi. Yəqin ki, Aratta ilə İkiçayarasında mal mübadiləsi erkən dövrdən mövcud olmuşdu və onun əks-sədası Şumer dastanından da gəlirdi. Hər halda, Şumer hökmdarı En-Merkar qiymətli metalların, əşyaların və lacivərdin göndərilməsini Aratta hökmdarından tələb edirdi, əvəzində isə, Arattaya taxıl göndərəcəyini vəd edirdi. Azərbaycanda lacivərd yataqları vardı, qədim əhali lacivərdin çıxarılması və yonulması ilə məşğul olurdu. Azərbaycanda lacivərd yataqlarının mövcudluğu barədə orta əsr coğrafiyaşünası Həmdulla Qəzvini (XIV əsr) yazırdı: "Lacivərdin ən yaxşı yataqları Bədəxşandadır, lakin bir yataq Mazandaranda və Azərbaycandakı Dizmarda, digəri Girmanda vardır". Yəqin ki, qədim zamanlarda Bədəxşandan da lacivərd gətirilir, Arattada boşaldılır və buradan İkiçayarasına ixrac edilirmiş. Eyni zamanda, Mazandaran və Azərbaycanın lacivərd yataqları qədim dövrdə Arattanın nəzarəti altında imiş və xüsusi peşəkar sənətkarlar lacivərdin hasil edilməsi ilə məşğul olurdular.

Qaynaqdan da məlum olur ki, Aratta əhalisi əkinçiliklə məşğul olur, buğda və noxud becərirdilər. Qaynaqda Aratta əkinçiliyinin yağış sularından asılı olması belə təsvir edilir: "Allahların ali kahini İşkur göyü guruldadır, ildırım çaxdırır, dağlara lərzə salır və yağış yağdırır. Bu zaman buğda və noxud göyərir... yetişən buğdanı anbara... Arattanın ali kahini üçün gətirir və sarayda onun qabağına tökür..." Arattada əkinçilik təbiətin şıltaqlığına uyğun inkişaf edirdi. Şübhə yoxdur ki, əkinçilikdə dağ sularından istifadə edilirdi.

Arattanın coğrafi mövqeyi və yerləşdiyi ərazi barədə müxtəlif fərziyyə və mülahizələr irəli sürülüb. Şumer dastanı qiymətli lacivərd daşının Arattadan gətirildiyini yad etmişdir. Məhz bununla əlaqədar tədqiqatçılar Arattanı lacivərd yataqları olan əraziyə şamil edirdilər.

Bildiyimiz kimi, müasir dövrdə Cənubi Amerikada, Baykal yaxınlığında, Bədəxşanda (Əfqanıstan) və Pamirdə lacivərd yataqları məlumdur. Buna uyğun olaraq, Aratta ölkəsinin Bədəxşan lacivərd yataqlarına yaxın ərazidə yerləşdiyini söyləyirdilər. Bəziləri isə Arattanı Şərqdən Qərbə gələn yolların yaxınlığında Xəzər dənizinin cənub və cənub-şərqində, Xəzər dənizi ilə Urmiya gölü arasında, İranın Girman əyalətində, Diyala çayının yuxarı axarında Sənəndəc və Girmanşah dairəsində axtarırdılar. Əslində, Sənəndəc və

Girmanşah Arattanın cənub sərhədlərini təşkil edə bilərdi. Buradan şimala doğru isə qədim Azərbaycan torpaqları başlayırdı. Arattanın uzaq Əfqanıstanda və oradan qərbə uzanan yollar üstündə yerləşdirilməsi qaynaqların məlumatına qətiyyən uyğun gəlmir. Dastandan göründüyü kimi, Aratta dağlıq ölkə idi, burada lacivərdi əhali özü hasil edirdi. Şumer qasidi buraya bir neçə dəfə gəlib qayıdır, Aratta hökmdarı Şumeri işğal etməyə cəhd göstərir, Uruk hökmdarı ondan hərbi yardım istəyir və hətta Şumer hökmdarı En-Merkar buraya səfərə çıxır, Aratta ustaları Şumerə çağırılır. Əhalisi isə Şumerlə mal mübadiləsi aparır. Bu faktların özü Arattanın uzaqlarda yerləşməsi mülahizəsini tamamilə təkzib edir.

Dastanda deyilir ki, Şumer qasidi "Qara dağı" keçdi, beş-altı, yeddi dağı aşdı və Aratta ölkəsinə daxil oldu. Dastandakı "Qara dağ" İraqdan İrana keçidi təşkil edən indiki Süleymaniyyə ərazisində yerləşən Qaradağ ilə eyniləşdirilir. Süleymaniyyədən isə yol Azərbaycanın cənub torpaqlarına çıxırdı. E.ə. VIII əsrdə Assur hökmdarı II Sarqon (e.ə. 722—705-ci illər) Mannaya yürüşünü Süleymaniyyə keçidindən başlamışdı. O, yürüşünü belə təsvir etmişdi: "... yeddi dağı çətinliklə aşdım, oradan axan Rappa və Aratta çaylarını gur vaxtı keçdim, Mannanın vilayəti Surikaşa endim". Heç şübhəsiz, burada yad edilən yeddi dağ və Aratta ölkəsinin adını saxlamış çay dastanda eynilə əks olunmuş coğrafi mühitə tam uyğun gəlir. Sonra e.ə. VIII əsr Urartu hökmdarı I Arkişti (e.ə. 786—764-cü illər) Mannaya yürüşü zamanı Alateye dağlıq ölkəsinə qədər olan ərazini tutmuşdu. Alateye Urmiya gölünün çənub və cənubi-şərq dağlıq vilayətlərinə şamil edilirdi. Aratta və Alateye eyni dağlıq ərazinii müxtəlif dialekt adlarıdır. Hər iki adı əmələ gətirən söz "dağ" mənasını daşıyırdı. Beləliklə, Şumer qaynaqlarında yad edilən Aratta, eyni adı saxlamış Aratta çayı (yəni Aratta ölkəsinin çayı) və Alateye Azərbaycanda Urmiya gölünün cənub və cənubi-şərq dağlıq ərazisini göstərir. Arattanın sərhədləri cənubi-şərqdə Zəncana, cənubi-qərbdə isə-Zeribər gölünə (Sənəndəcin şimalı) kimi çatırmış. Aratta qədim Azərbaycan ərazisinə verilən ilk məlum addır".

Azərbaycan dövlətçilik ənənəsinə malik qədim ölkədir. Yaşar Qarayev "Tarix: yaxşı və uzaqgörən" əsərində yazır: "Tarixdə insan əməlinin dövlətidir. Tanrı öz gücünü təbiət, insan öz qüdrətini hakimiyyət (dövlət) vasitəsilə ifadə edir. Dövlət haqqında bu vaxta qədərki əksər nəzəriyyələr dövləti sinifli cəmiyyətin məhsulu hesab edib. Türk dövlətçiliyinin tarixi və taleyi bu ehkama sığmır. Qərb "tarix və tərəqqi konsepsiyası", xüsusən, K.Marksın "tarix siniflər mübarizəsidir" təlimi türk tarixinə şamil edilə bilmir. Atlı (köçəri) həyat tərzi və dövlət qurumu buna kökündən zidd idi.

Dövlətin meydana gəlməsi baxımından Azərbaycanın Şimal və Cənub ərazilərində tarixi fərqlər var idi. Məsələn, Cənubi Azərbaycan İkiçayarası quldar cəmiyyətlərinə yaxın olduğundan ictimai inkişaf bu əraziyə tez təsir etmiş, e.ə. III minilliyin birinci yarısında İkiçayarası Şumer dövlətləri ilə əlaqə saxlayan dövlət qurumları yaranmışdı. Şimal-dağlıq ərazidə isə təsərrüfatın qeyri-bərabər inkişafı və əlaqələrin zəifliyi səbəbindən yalnız Tunc dövrünün əvvəllərində (e.ə. XIV-VIII əsrlər) dövlət rüşeymləri yaranmağa başlayır. Professor Nizaməddin Şəmsizadə yazır ki, türkün xarakterini çölün, səhranın sərt iqlimi formalaşdırır, onlar ucsuz-bucaqsızlığa, genişliyə meyilli, saf və mərd idilər. Azadlığa, genişliyə meyillik onların köç etməsinin, yeni ərazilər axtarmasının əsas səbəbi idi. Qədim türklərdə dövlətçilik ehkamlara əsaslanmır, bu isə, onun zəif cəhəti idi.

Ümumən Şərq dövlətçiliyi üçün belə bir cəhət xarakterikdir ki, dövlətin dayağı onun igid döyüşçü və cəngavər başçısı idi. Göy türklər dövlətində müdrik Tonyukukla igid sərkərdə Gül Tigin vəhdəti həlledici qüvvə hesab olunurdu. Bu ənənə orta əsrlər hərbi feodal dövlətçiliyində də davam edib. Hətta nəsildən-nəslə keçən hakimiyyətdə də varis, ilk növbədə, döyüşçü, sərkərdə kimi yetişdirilirdi. (Masələn, Ali Arslan, Şah İsmayıl). Bütün böyük dövlətləri, imperiyaları belə adamlar idarə ediblər.

Türk xalqları içərisində dövlətçilik ənənələri ən qədim olan Azərbaycan xalqıdır. Çünki türk xalqları tarixində ən qədim dövlət Azərbaycanda yaranıb.

Bununla belə, İslama qədərki Azərbaycan dövlətçiliyinin tarixini iki yerə bölmək olar: 1. Tayfa dövlətçiliyi mərhələsi; 2. "Manna"dan sonralar mərkəzləşmiş dövlətçilik dövrü. Şumer-akkad mənbələrində mixi yazılarda, Şumer dastanlarında qədim Azərbaycan ərazisinə verilən ilk ad kimi Aratta xatırlanır. "Aratta" Cənubi Azərbaycanda e.ə. III minilliyin birinci yarısında meydana gəlmiş ilk dövlət qurumu idi. Onun ərazisi Urmiya gölünün cənub-qərbini əhatə edirdi" (Azərbaycan tarixi, s. 61).

Onun siyasi strukturu İkiçayarası Şumer şəhər dövlətlərinin, xüsusilə, Urukun quruluşuna bənzəyirdi. Ölkənin "ensi" rütbəsi daşıyan ali kahin-hökmdar idarə edir, fəqət maşmaş (vəzir), sukkal (kiçik hökmdar, elçi), uqula (rəis) rütbələri də mövcud idi. Aratta Şumer şəhər dövlətləri ilə qasid vasitəsilə diplomatik əlaqələr saxlayırdı.

Beləliklə, dövlətin əsasında ən ibtidai formada olsa belə, əmlak bərabərsizliyi, iqtisadi imkanlar dayanır. Dövlət, əslində, iqtisadi gücü təcəssüm etdirən siyasi maşındır. Bizcə, bu mənada, F.Engelsin fikri ilə razılaşmamaq olmaz ki, "dövlət heç də cəmiyyətə kənardan qəbul etdirilmiş bir qüvvə deyildir... Dövlət müəyyən inkişaf pilləsində cəmiyyətin məhsuludur; dövlət bunun etiraf edilməsidir ki, həmin cəmiyyət öz-özü ilə həlledilməz ziddiyyət içərisində dolaşıb qalmış, elə barışmaz əksiliklər parçalanmışdır ki, bunlardan xilas olmağa acizdir. Bu əksiliklərin, bir-birinə zidd iqtisadi mənafeləri olan siniflərin bir-birinə və cəmiyyəti səmərəsiz mübarizədə yeyib udmaması üçün sanki cəmiyyətdən yüksəkdə duran bir qüvvə, toqquşmanı zəiflədən, onu "qayda" çərçivəsində saxlayan bir qüvvə lazım gəldi. Cəmiyyətdən doğmuş olan, lakin özünü ondan yüksəkdə tutan, özünü getdikcə daha artıq ondan ayıran bu qüvvə – dövlətdir. Marksist ideoloqun ümumən doğru olan bu fikrini mütləqləşdirmək olmaz. Çünki artıq qeyd etdiyimiz kimi, qədim türk cəmiyyətlərinin tarixində bu nəzəriyyəni tam təsdiq etməyən cəhətlər var. Qədim türk cəmiyyətində Xaqanla budun (L.Qumilyov bunu "etnos" kimi yox, "demos" səviyyəsində izah edir!) arasında iqtisadi hakimiyyət yox, hərbi hakimiyyət mövcud idi. Qədim dövrlərdə "biz ierarxik quruluş prinsipinə malik hərbi demokratiya mənzərəsi ilə üzləşirik.

Vahid Ömərov,

fəlsəfə üzrə, fəlsəfə doktoru

Digər xəbərlər