PDF Oxu

MİA

  • 39 734

Qədim Azərbaycan Manna dövlətinin mənşəyinə dair

image

Qədim Manna dövlətinin yaranması və mənşəyi haqqında tarix elmində müxtəlif yanaşmalar mövcuddur. AMEA-nın müxbir üzvü İqrar Əliyevin fikrincə, artıq er.əv. IX əsrin ikinci yarısından etibarən Urmiyayanı ərazidə tədricənf Manna dövlətinin rüşeymləri meydana gəlmişdi. VIII əsrdə Manna siyasi həyatda və beynəlxalq münasibətlərdə mühüm amilə çevrildi. Manna çarlığını Cənubi Azərbaycan ərazisində yaranmış ilk böyük siyasi vahid hesab etmək olar.

Manna çarlığı qədim ənənləri olan ərazidə, uzun müddət ərazində iqtisadi və mədəni cəhətdən aparıcı mövqelərdə olmuş bölgədə təşəkkül tapmışdı. Manna er.əv. III-II minilliklərdə bu regionda yaşamış kutilərin, lulludilərin, hurrilərin, digər tayfaların və tayfa ittifaqlarının varisi olmuşdur. Manna dövlətinin ehtiva etdiyi torpaqların əhalisi hələ çox qədim zamanlarda Mesopotamiya vilayətləri ilə mədəni, iqtisadi, siyasi münasibətlərdə olmuş, bu isə burada məskunlaşmış tayfalarda ibtidai icma quruluşunun dağılması prosesinin sürətlənməsində mühüm əhəmiyyətə malik olmuşdu. Er.əv. IX əsrin sonuna qədər Manna Zamua vilayətlərinin onlarca digər "ölkələri"ndən az fərqlənirdi.

İlk dəfə mixi yazısında Mannanın ("Muina" formasında) adı III Salmanasarın kitabəsində er. əv. 843-cü ildə çəkilir. Aşşurlular adətən Mannanı "Mannalılar (tayfası) ölkəsi" urartulular isə "Manna ölkəsi" adlandırırdılar. Bibliyada Araratın (Urartunun), Minninin, skiflərin (Aşkenazın; sknz- səhvdir, əslində, askuz olmalıdır) adları bir sırada çəkilir. Buradakı "Minni" adı "Manna" ilə eyniləşdirilir.

"Manna" mənşəcə yerli addır. Ehtimal etmək olar ki, əvvəllər o, Urmiyayanı tayfalardan birinin adı olmuş, sonra isə mannalılar birləşdirilmiş bütün ərazilərə şamil edilmişdir.

Mannada hakim mövqe tutan tayfalarla yanaşı, digər tayfalar da (məsələn, sunbilər, teurlalılar, dalilər) vardı. Lakin artıq etnik konsolidasiya əlamətləri hiss edilirdi. Məsələn, Manna çarı nəinki Urartu hökmdarı tərəfindən zəbt edilmiş torpaqları geri qaytarmaq, hətta "...səpələnmiş mannalıları yerlərinə qaytarmaq" qayğısını da çəkirdi.

Əgər III Salmansarın dövründə Manna vilayətlərinin Urmiyayanı ərazinin bir hissəsinin (vilayətlərin bir hissəsinin başında aşşaurlulara tabe olmayan və "dağlarda gizlənən" hökmdar Udaki dururdu) birləşməsi üçün ilkin əlamətlər var idisə, eponimlər siyahısında isə qeyd edilmiş "Mannalılar ölkəsi" tezliklə Urmiyayanı ərazinin xeyli hissəsini tutur. Bu, həmin ərazidə İzirtu şəhərində qərar tutmuş hökmdarların başçılığı altında olan birləşmə prosesinin genişləndiyini sübut edir.

Aşşur məlumatlarına əsasən, Manna çarlığı böyük Zamua vilayətinin (bunun adı əvvəllər Lullubum idi) bir hisəsi olan Daxili Zamua ərazisində təşəkkül tapmışdı. Güman etmək olar ki, "Zamua" mənşəcə etnik anlayışdır və böyük lullubi tayfalarından birinin adıdır.

Bu vilayətlərdə Manna tayfalarının siyasi birləşməsinə ciddi təkan vermiş iki təhlükə var idi. Bu dövrdə möhkəmlənmiş Aşşur dövləti, tezliklə isə Urartu dövləti tərəfindən er. əv. IX əsrin 20-ci illərində mannalılar ölkəsi Urmiyayanı bölgənin əksər hissəsini əhatə edirdi. Mərkəzi hakimiyyət kifayət qədər güclü idi. Lakin bu hakimiyyət nəsli cəmiyyətin müxtəlif orqanları tərəfindən məhdudlaşdırılır.

Akademik Z.Bünyadov ilə Y.Yusifovun fikrincə isə, Manna adı ilə ilk dəfə e.ə. 843-cü ildə Assuri qaynaqlarında yad edilmişdir. Ölkənin adı mixi qaynaqlarda Mannaş, Munna və daha çox Mana şəklində yazılırdı. Urartı mixi yazıları ölkəni Manna, Tövraq isə Mini kimi qeyd edirdi. İossif Flavi (I əsr) Urmiya gölünün cənub-qərbində şamil edilən Miniada formasını işlətmişdi. Assur qaynaqlarında Manna əslində tayfa adını bildirirdi.

Qaynaqlarda "mat mannaya" yəni "mannalılar ölkəsi" ifadəsi işlənir. Munna forması göstərir ki, ad bəlkə də Mona kimi tələffüz olunurmuş. Mixi yazılarda "o" işarəsi olmamışdır. "-Ş" toponimik göstəricisi vasitəsilə Mannaş ölkə adı əmələ gəlmişdir. Adın mənşəyi məlum deyil.

Assuri hökmdarı III Malmanasar (e.ə. 859-824-cü illər) e.ə. 856-cı il ildə Mannanın Zamua vilayətinə soxulur. Burada Nikdiara və Nikdimanın şəhərlərini tutdu. Görünür, bunlar şəhər hakimləri olmuşlar, çünki hakimiyyət rütbələri göstərilməmişdir. III Salmansar dəniz (Urmiya gölü) döyüşündə onların ordusunu məğlubiyyətə uğradır. Elə həmin il Urmiya gölünün qərbində yerləşən Gilan vilayətinin hökmdarı Asau oğlanları və qardaşları ilə birlikdə III Salmansarı qarşılayır, ona at, dəvə, mal-qara və şərabdan ibarət xərac verir. Bu yolla Gilan hökmdarı ölkəni assurların talanından qoruyur. E.ə. 836-cı ildə o, Mannanın cənubunda, Parsua ölkəsinin qonşuluğunda yerləşən Messi vilayətinə də hücum edir.

E.ə. 829-cu ildə III Salmansar, bilavasitə, Manna hökmdarı Ualkinin (Udaki) hakimiyyəti altında olan torpaqlara soxuldu. Ualki də müqavimət göstərə bilmədi, paytaxtı Zirtu (sonraki-İzirtu) şəhərini tərk edərək qaçdı. III Salmansar müdafəsiz qalmış Mannanın saysız-hesabsız mal-qarasını, davarını və var-yoxunu taladı, şəhərlərini dağıdaraq yandırdı. Bir il sonra Salmansar Mannanın Buştu vilayətinin eyni adlı şəhərini tutdu. Gilzanda hakimiyyətə gəlmiş Upu və uzaq Andiya vilayəti ona xərac göndərdi.

Beləliklə, e.ə. IX əsrin ortalarında, bəlkə də birinci yarısında Urmiya gölü hövzəsində Manna dövləti artıq yaranmışdı. Manna bütün Cənubi Azərbaycan torpaqları üzərində hakimiyyətini bərqərar edə bilməmişdi, hələ müstəqil siyasət yürüdən vilayətlər mövcud idi. Xüsusilə, Gilzan müstəqil hökmdarları tərəfindən idarə olunurdu. Zamua-lullubilər ölkəsi Mannanın mərkəzi torpaqları ilə Assuriyanın hərbi müdaxilələri Manna hökmdarlarını ölkəni vahid mərkəzdə birləşdirməyə vadar edirdi. Lakin Manna uzun müddət buna nail ola bilməmişdi. Çünki mannalılar iki cəbhədə müdafiə olunmağa məcbur idilər. Bir tərəfdən assur hökmdarları Mannaya hərbi yürüşlər təşkil edir, şəhər və yaşayış məntəqələrini dağıdır, əhalini çapıb-talayır, öldürür, digər tərəfdən isə Van gölü hövzəsində e.ə. IX əsrdə meydana gəlmiş Urartu dövləti Mannaya qarşı işğalçılıq siyasəti yürüdərək, torpaqlarını zəbt edir və burada möhkəmlənmək niyyəti güdürdü.

Manna artıq e.ə. IX-VIII əsrlərin hüdudunda Urmiya gölü hövzəsində ən güclü bir dövlətə çevrilirdi. Eyni zamanda, xırda hakimiyyətlərin vahid bir mərkəzdə birləşdirilməsi sahəsində ilk addımlar atırdı.

S.Qoşqar "Manna" sözünün mənşəyini aşağıdakı kimi göstərir: "e.ə. I minilliyin əvvələrindən Urmiyayanı Zaqros zonasında müxtəlif birləşmələrin yaranması burada ilk iri siyasi birləşmənin - Manna çarlığının meydana gəlməsi üçün zəmin hazırlayır. Bu çarlığı Cənubi Azərbaycan ərazisində ilk iri dövlət qurumu hesab etmək olar. Manna birləşməsi qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi.

Manna e.ə. - III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullube, hürri tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilvasitə varisi idi.

Mannanın adı mixi yazıda ilk dəfə e.ə. 843-cü ildə III Salmanasar kitabəsində -"Munna" formasında çəkilmişdir. Adətən, assurlar Mannanı -"manneylər ölkəsi", Mannaş, urartular isə Mana ölkəsi adlandırırdılar.

Manna adı mənşəcə yerli ad idi. Bəlkə də, bu ad əvvəlcə Urmiyayanın tayfalardan birinə məxsus olmuş, sonra mannalıların birləşdirdiyi torpaqların hamısına yayılmışdı.

III Salmanasarın hökmranlığının on altıncı ilindəki (e.ə. 843-cü il) yürüş təsvir edilərkən, məlumat verilirdi ki, çar Daxili Zamuada məskənləri tuta-tuta Munna ölkəsinə çatmışdır. Lakin salnamələrdə Mannanın qarət və işğal edilməsindən, yaxud ondan bac alınmasından bir kəlmə də danışılmır. Görünür, assurlar Mannanı istila edə bilməmişdilər, ya da ölkənin yalnız sərhədlərinə gedib çatmış, sonra dönüb qonşu Allabrianın üzərinə yerimişdilər.

E. ə. 829-cu ilin salnamələrində Mannanın adı darmadağın edilmiş ölkələrin adları sırasında çəkilir. III Salmanasar artıq qocalmışdı və Assuriya qoşunlarına bu dəfə sərkərdə Dayan-Aşşur başçılıq edirdi. Assuriya kitabəsində yazılmışdır: "Mən mannalı Udakinin məskənlərinə yaxınlaşdım. Mannalı Udaki mənim silahımın parıltısından dəhşətə gəlib, canını qurtarmaq üçün öz çar şəhəri Zirtanı tərk etdi. Mən onun dalınca düşdüm. Saysız-hesabsız qaramalını, qoyunlarını, mülkiyyətini apardım. Şəhərlərini viran qoyudum, dağıtdım, od vurub yandırdım."

"Manna" sözünün türkmənşəli olması fikrini Y.Yusifov, Tofiq Hacıyev, Qiyasəddin Qeybullayev, N.Şəmsizadə və başqaları təsdiq edirlər.

Q.Qeybullayev yazır: "Qeyd olunmalıdır ki, Manna və Mana yerli tələffüz forması məlum olmayan etionimin assur və urartu dillərində yazılış formalarıdır və deməli, mannaların özlərini necə adlandırdıqları bilinmir. Maraqlıdır ki, er.əv VII əsrin sonlarına qədər Assur və Urartu mənbələrində bu etnos "Manna" və "Mana" kimi qeyd olunsa da, az sonra er.əv. 519-cu ilə aid fars dilində Bisütun qaya yazısında və er.əv. V əsrdə yaşamış və Midiya haqqında ətraflı məlumat vermiş Herodotun "Tarix" əsərində "Manna", yaxud "Mana" etionimi yoxdur. Tədqiqatçılar bunu belə izah edirlər ki, guya Manna dövləti Midiyaya birləşdirildikdən sonra bu etnos arimənşəli tayfalarla, o sıradan madaylara qaynayıb qarışmış və tarix səhnəsindən çıxmışlar. Əlbəttə, bu yanlış fikirdir, təxminən 100 il müddətində dövlət qurumuna malik olmuş etnos bu tezliklə əriyib yoxa çıxa bilməzdi.

Bu da maraqlıdır ki, mannalar haqqında məlumat verən assur və Urartu mənbələrində "maq" etnonimi çəkilmir. Lakin qədim fars və yunan mənbələrində "maq" etnonimi işlədilir. "Manna" etionimi isə göstərilmir. Maqlar, Herodotun yazdığına görə, Midiya tayfa ittifaqına daxil olmuş tayfalardan biridir. Belə nəticəyə gəlmək olar ki, assur və urartu mənbələrindəki Manna və Mana qədim fars və qədim yunan mənbələrindəki "maq" etnoniminin ekvivalentidir. Buradan "manna" və "maq" etionimlərinin eyniliyi aydınlaşır. İlk dəfə bu düyünü Azərbaycan türoloqu T.İ.Hacıyev açmışdır. O yazmışdır ki, "Manna" etnonimi türkmənşəlidir və onun ilkin forması "Manqa" ("nq" səsilə) olmuşdur. (16, 131). Araşdırmalarımız bu fikrin doğruluğunu sübut etmişdir: "Manna" (Mana) etnosunun adı, əslində, Manq olmuşdur. Başqa sözlə, bu etnonimin sonunu təşkil edən "nq" qovuşuq səsi danışıqda "q" səsinə keçmiş və "manq" etionimi "maq" etioniminə çevrilmişdir. Belə bir fonetik əvəzlənmə türk dilləri üçün səciyyəvidir: "nq" qovuşuq səsi bir halda "n" səsinə (məsələn, qədim türk mənşəli "qonqur" və "donqua" sözləri Azərbaycan dilində qovaq kimi tələffüz olunur) digər halda "q" səsinə (məsələn, əsli "qovanq" olan söz Azərbaycan dilində qovaq kimi tələffüz olunur; yaxud qədim türk mənşəli "tenqri" sözü xakaslarda "teqri", yakutlarda "dəqiri", balkar-karaçaylarda "teyri" kimidir) keçdiyinə görə, Manqa etnonimi Maq formasını kəsb etmişdir. Bununla aydınlaşır ki, bir sıra tədqiqatçıların illər boyu izah edə bilmədikləri "manna" (mana) etionimi "manqa" etnoniminin fonetik formasıdır. Bu, Manna adını daşıyanların türk mənşəli olduğunu göstərən faktlardan biridir.

Mannaların dil və etnik mənsubiyyətləri məsələsi ilə çoxlu tədqiqatçı məşğul olmuşdur. Ümumi fikir belədir ki, mannalar guya hürri dillər qrupuna mənsub idilər və Qafqaz dillərinə yaxın dildə danışırdılar. Bu məsələ ilə bağlı fikirlərin burada sadalanmasının əhəmiyyəti yoxdur, çünki onlar həqiqətdən kənar fikirlərdir. Mannaların türkdilli olması fikri ilk dəfə Y.V.Yusifov tərəfindən irəli sürülmüş (182, 120-124) və sonra əsərlərimizdən birində (85) əsaslandırılmışdır. Mannaların türkmənşəli olduğunu göstərən faktlardan biri də "manq" etnoniminin Altay-Türk xalqları içərisində idiyədək qalmasıdır. Qeyd etmək lazımdır ki, Baykalətrafı və Amurətrafı tunqus-mancurların rəvayətlərində "manqi" adını daşımış nəhəng gövdəli adamlar haqqında çoxlu rəvayətlər mövcuddur. (77, 29). Bu tayfadan olanlar tunqusların qızlarını oğurlayanlar kimi göstərilir. Bu da maraqlıdır ki, guya tunquslarla, mancurlarda və şamanlarda manqilərin ruhları yaşayır. Çünki manqilər şamanlar olmuşlar. (77,31). Bu etnonim qədim türk monqollarda "manqut" ("manq" etionimindən və türkcə cəm bildirən - ut şəkilçisindən) etionimində qalmışdır. Cənub-Şərqi Asiyada erkən orta əsrlərdə yaşamış türkmənşəli bir etnosun adı (68, 202) manqut idi. Hazırda noqaylarda, qırğızlarda, qaraqalpaqlarda, türkmənlərdə və tuvalılarda manqut adlı tayfa vardır. Çingiz xanın qvardiyasının özəyini çox döyüşkən manqutlar təşkil edirdi. Monqol (qədim forması manxol, 124), "manq" sözündən (türk dillərindəki "q") səsini monqol dillərində "x" səsi kimi tələffüz səciyyəvidir) və -ol-ul şəkilçisindən, manqas (Altayda türkdilli tayfanın adı) (158), "manq" sözündən və -as şəkilçisindən ibarətdir. Manqas qədim türk tayfalarından biri sayılır. Y.Q.Ramsted yazır ki, monqolların ulu əcdadlarının türk manqaslarla qanlı müharibələri olmuşdur. (162, 50); mansi (qədim forması manqi), qədim türk tayfalarından birinin adı (94, 255, 296); mansi Altay dil ailəsinə mənsub dildə danışan və Altayda yaşayan türk xalqlarından birinin adı (124, 122); (man, qədim forması manq sözündən və -si-çi şəkilçisindən, 94, 122, 341); mancur, Altay dil ailəsinə mənsub dildə danışan xalqlardan birinin adı (manq etninimndən və çur, yəni qüvvətli, əzamətli, vüqarlı, ləyaqətli, 160, IV, I, 672 ) sözlərindən; quruluşca Qaraçur, Sarışor türk tayfalarının adları ilə eynidir; manqi, Altay dil ailəsinə mənsub tunqus-mancurlarda türk tayfasının adı; maniş, Altayda yaşayan bir türk tayfasının adı (94, 34), monquş (əsli manquş), qırğızlarda bir tayfanın adı (35, 182), monqol, başqırdlarda türk tayfalarından birinin adı (124, 196); munqal və menqu, Tuvada türk tayfalarının adları (35, 183); munqet, xakaslarda bir tayfanın adı (123; makar, Altayda (maq, manq etionimindən və bir sıra qədim türk tayfalarının-avar; avşar, bolqar, qacar, savar, kəngər, xəzər və s. adları üçün səciyyəvi ar, ər "kişi", "igid", "döyüşçü" sözlərindən) bir tayfanın adı (159). Qeyd edilməlidir ki, Altay dil ailəsində mənsub dildə danışan tunqus-mancurlar Amur çayına Manqbu deyirlər (maraqlıdır ki, Amur çayının bir qolu Kür, digər qolu Urmi adlanır). Tunqus mənşəli ulçilərin etnik adı da manqbudur.

Q.Qeybulayev sonda yazır: "Gətirdiyimiz etionimik paralellər Azərbaycan ərazisində Manqetioniminin Altay mənşəli olması fikrinin düzgünlüyünə dayaqlardandır. Çox ehtimal ki, manq (manx, monq, munq) sözü Altay dil ailəsinə mənsub etnoslardan birinin qədim çağlardan adı olmuşdur. Ona görə, Manna, Mana kimi qeyd olunmuş etnonimin "Man (q) ay" kimi bərpası doğrudur. "Manq" sözünün mənası məlum olmasa da, onun qədim türk dillərindəki manqa, munqa (əyilməz, itaət etməyən, öz bildiyini edən (100, 349) sözü ilə bağlılığı ehtimal edilə bilər."


Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər