PDF Oxu

Siyasət

  • 1 095

Xalqın rifahı, dövlətin qüdrəti

image

1993-cü ildə Azərbaycanda siyasi gərginlik və xaos hökm sürürdü. Məhz belə bir vaxtda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin tarixində mühüm və əlamətdar hadisədir. Məhz həmin gün keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, çoxlarına əfsanə kimi görünən qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.

Bu tarixdən sonra müstəqil dövlətçiliyimizin qorunması, ölkəmizin sürətli inkişafı, xalqın rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davamlı xarakter alıb, respublikamız yerləşdiyi regionda və dünyada söz sahibinə çevrilib. Bu gün əldə etdiyimiz bütün nailiyyətlərin əsası da məhz 1993-cü il oktyabr 3-dən qoyulub. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin tarixdə çox önəmli uğurları və nailiyyətləri olmuşdur. Heç şübhəsiz ki, Ulu Öndərin ən böyük uğurlarından biri məhz ölkəmizin ən çətin dövrlərində xalqı bəladan qurtarması, parçalanmanın qarşısını alması olmuşdur. Tarixinin bu böhranlı məqamında xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlamışdı. Xalqın şüurunda Heydər Əliyev təkcə 1970-80-ci illərdəki quruculuq fəaliyyəti ilə deyil, həm də blokada şəraitində yaşayan Naxçıvanda gördüyü işlərlə Azərbaycanın gələcəyinə ümidlə baxmağa əsas yaradırdı. Hamı başa düşürdü ki, ölkəni bu fəlakətlərdən yalnız Heydər Əliyev xilas edə bilər və o zamankı hakimiyyət Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə, ilk növbədə, Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin dühası, çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. Qanunsuz silahlı birləşmələr və quldur dəstələri ləğv edildi, ölkənin parçalanmaq təzahürləri dəf edildi, vətəndaş müharibəsi dayandırıldı, ordu yaradıldı. Dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən dəstəkləndi. İdarəetmə sistemi yaradıldı, insanlara öz qüvvələrinə inamı qaytarıldı.
Heydər Əliyev siyasəti, insanlara qayğı və diqqət üzərində qurub, sosialyönümlü siyasət strategiyası həyata keçirib və bütün bunları bu gün də dövlətimizin başçısı İlham Əliyev əzmlə davam etdirir.

Varis Rüstəmov
YAP Sabirabad rayon təşkilatının sədri

Digər xəbərlər