Tarixi mənbələrdə Albaniyanın Mehranilər tərəfindən idarə olunmasına dair məlumatlar var. Fəridə Məmmədovanın fikrincə, 510-cu ildə alban Arşakilərinin hakimiyyəti sona yetdi və ölkə qısa müddət ərzində İran mərzbanları tərəfindən idarə olundu. VI əsrin sonu, VII əsrin əvvəllərində Girdman vilayətinin feodal hakimi olan Mehranilər nəsli kücləndi. Kalankatlının geneloji arayışına əsasən başda Mehr olmaqla, İran Mehranilərinin nəsli VI əsrdə saray çevrilişində iştirak etdiyinə görə, İran şahı II Xosrov Pərvizin qisasından qurtulmaqdan ötrü 30 min ailə ilə birlikdə Xosrovun düşmənləri-xəzərlərə qoşulmaq üçün İrandan qaçmışdılar. Bundan narahat olan Xosrov onu qabaqlamağa tələsdi və Mehrə məktub göndərərək, bildirdi ki, yaşayış yeri seçməkdə Mehranilərə tam azadlıq verir. Şahın məktubu Mehrə Uti vilayətinin Girdman havarında çatdı və Mehr elə burada qalmağı qərara aldı. Mehr və törəmələri onlar üçün nəsil ocağına çevrilmiş Girdmanda möhkəmlənərək, yerli feodalları cismən məhv etmək, habelə, qohumluq əlaqələri sayəsində yerli Aranşahi knyazlarını sıxışdırıb bütün Albaniyaya yiyələndilər. Onlar "Qafqazın vəhşi xalqlarını da özlərinə tabe etdilər". İranın bu hiyləgər siyasətini yerli knyazlar yalnız sonralar başa düşdülər. Çox güman bu vəziyyət farslara qarşı 603-cü il üsyanının səbəblərindən biri idi. Mehranilər iki əsr ərzində Albaniyanın birinci böyük knyazı-işxanı adını daşımaq hüququnu saxlamışdılar.
Musa Kalankatlının yazdığına görə, Mehr Girdman vilayətinin şimalına yeridi və onun 12 hakimini hüzuruna çağırıb qılıncdan keçirdi və ölkəyə sahib oldu. Mehrin nəvəsi Cəsur Vardan Albaniya hakimlərinin sonuncu 60 nümayəndəsini məhv etmiş və beləliklə, Albaniya tamamilə yeni sülalənin əlinə keçmişdir.
Mehranilərin Albaniyaya gəlməsi siyasi vəziyyətlə bağlı idi. İran dövlətinin şimal sərhədlərinin qorunmasında Albaniyanın mühüm strateji əhəmiyyəti vardı. Sasanilər məhz buna görə, Albaniyada möhkəmlənməyə can atırdılar. Yeni şəraitdə orada, xüsusilə də, Girdmanda fars elementini kücləndirmək lazım idi. Mehranilər də məhz orada məskən salıb möhkəmləndilər. Girdman təsadüfən seçilməmişdi, çünki həmin havar 591-ci il müqaviləsindən sonra Bizans dövlətinə tabe olan torpaqlarla həmsərhəd idi. Bizansın mümkün müdaxilələri zamanı qərb sərhədlərinin qorunmasında Sasanilər yerli knyazlara bel bağlaya bilməzdilər. Buna görə də, bu işi dini və siyasi cəhətdən İrana yaxın olan Girdmanın yeni hakimlərinə - Mehranilərə etibar etdilər.
Sasanilərin alban Mehraniləri barəsində ümidləri doğrulmadı. Mehranilər iki nəsildən sonra farslıqlarını itirib xristianlığı qəbul etdilər, yerli alban kübarları ilə qohum oldular, alban mədəniyyətinə və dininə öyrəşdilər, bir sözlə, tamamilə albanlaşdılar.
V.V.Bartold belə hesab edirdi ki, Mehranilərin simasında Albaniyada "fars mənşəli olsa ki, milli alban sülaləsi yenidən bərpa olunmuşdur." Mehranilərin qətiyyətlə albanpərəst siyasət-Albaniyanın müstəqilliyi siyasəti yeritməsi Sasaniləri dərindən peşman etmişdi.
Mehranilər Albaniyada 603-cü ildə möhkəmlənsələr də, aydınlaşdıra bilmişik ki, onlar yalnız 630-cu ildə bütün ölkənin tamhüqüqlu hakimləri-Albaniyanın birinci böyük knyazları ola bilmişlər.
F.Məmmədova qədim mənbələrə istinad edərək yazır ki, hələ də İran mərzbanlarının idarə etdikləri Albaniyaya gəlincə, Girdman knyazı Mehrani Varaz-Qriqor özünü İraklinin vassalı elan edir. Yeni hökmdarını tanımaq və onun dinini-diofizitliyi qəbul etməklə, o, bütün Albaniyanın tamhüqüqlu hakiminə çevrilir. Lakin bizcə, beynəlxalq aləmdə baş verən dəyişikliklər üzündən Varaz-Qriqor İraklinin ona verdiyi hüquq və səlahiyyətlərdən tam istifadə edə bilmədi. Bu dövrdə İran şahı II Xosrov öldürüldü və taxta çıxan II Qubad 628-629-cu ildə İrakli ilə sülh bağladı və II Xosrovun tutduğu torpaqları ona qaytardı. Albaniya isə yenidən İranın nüfuz dairəsində qaldı. Bu vaxt xəzərlər Albaniyanın tam sahibinə çevrildilər. 629-cu ildə Albaniyaya daxil olan xəzərlərin xaqanı Şat (xəzərlərin üçüncü hücumu) Albaniyada oturan İran mərzbanının və 628-ci ildə İranda siyasi dustaqlıqdan azad olmuş katolikos Vironun yanına elçi göndərərək, ölkəni onun tabçiliyinə veməyi tələb etdi. Bu dəfə söhbət ölkənin xəzərlərə siyasi tabeliyindən gedirdi. Albaniya müqavimət göstərmək iqtidarında deyildi, mərzban isə tələbi rədd edərək, İrana qaçmışdı. Katolikos Viro başda olmaqla, Albaniya zadəganları xəzərlərin ali hakimiyyətini etiraf etdilər.
Albaniya Xəzər xaqanının "əbədi mülkünə" çevrildi. Beləliklə, xəzərlər Albaniyanı "İran şahı Qubadın oğlu Ərdəşirin hakimiyyətinin ikinci ilində", yəni 629-630-cu illərdə zəbt etdilər. Xəzərlərin fasiləsiz hücumları və hökmranlığı Albaniyanı əldən salmışdı. Ölkədə aclıq və yoluxucu xəstəliklər tüğyan edirdi. Saysız-hesabsız adam, o cümlədən, Albaniya katolikosu Viro da bu qarışıqlıqda həlak oldu.
Ölkənin tamhüquqlu sahibinə çevrilən xəzərlər alban feodallarından əvvəllər Sasani xəzinəsinə göndərdikləri dövlət vergilərini və töycüləri tələb edirdilər.
Albaniyanın Kürün sol sahilində yerləşən hissəsi də, ölkənin qədim paytaxtı, həmin dövrdə Xəzər adlanan Qəbələ şəhərində möhkəmlənmiş xəzərlərin əlində idi.
Beynəlxalq vəziyyət-İranda taxt-tac üstündə çarpışmalar, Bizansda xalkidonçular və monofizitlərin mübarizəsi diqqəti şimal sərhədlərindən uzaq Albaniyada baş verən hadisələrdən yayındırırdı. VII əsrin 30-cu illərinin əvvəlində Xəzəristanda gedən daxili çəkişmələr (Cebu xaqanın öldürülməsi) xəzərlərin Albaniyadakı hökmranlığına son qoydu və ölkəni dəhşətli dağıntılardan xilas etdi.
Bu dövrdə Yaxın Şərqdə ərəblər sürətlə küclənirdilər. Onlar 632-ci ildə İrana qarşı hərəkət etdilər. Kalankatlı bu yürüşün dəqiq tarixini göstərir: "İran şahı Böyük Xosrovun ölümündən 4 il sonra Azkert III Yezdəgird hakimiyyət başına gəldi. 12 qəbilə ilə birləşdikdən sonra küclənmiş Aqari nəsli səhrada qasırğa kimi sürətlə irəliləyir. Onlar Assuriyanı ələ keçirərək, tələsik İran şahının üstünə gəlirlər".
III Yezdəgird ərəblərə qarşı durmaq üçün tabeliyində olan ölkələrdən və vilayətlərdən qoşun tələb edirdi. Albaniyanın böyük knyazı Varaz-Qriqor dörd oğlundan birini-Cavanşiri onun hüzuruna göndərmək qərarına gəlir, Kalankatlı Cavanşiri poetik şəkildə, məhəbbətlə təsvir edir: "Varaz-Qriqor ...məğrur, əzəmətli və gözəl bir gənc olan ikinci oğlu Cavanşirə nəzər saldı. Üzünə təzəcə tük gələn, atasının sevimlisi, silahdan yaxşı baş çıxaran, şahin kimi çevik, hər işi bacaran, atasının dayağı olan Cavanşir idarə işlərində ona kömək etmək, görkəmli adamların cərgəsinə çıxmaq və həmişə şahlarla bir yerdə olmaq arzusunda idi". Cavanşir Albaniya dövlətinin bütün qoşunlarının sərkərdəsi oldu. 636-642-ci illərdə alban qoşunlarının sparapeti-baş komandanı olan Cavanşir öz ordusu ilə İran ordusuna qoşuldu. Ölü dəniz yaxınlığındakı Kadisiyada baş verən döyüşdə (637-ci il) o, öz şücaəti ilə fərqləndi. Cavanşirin bu şücaəti III Yezdəgird tərəfindən yüksək qiymətləndirildi, ona "bayraq və şeypurlar, iki qızıl mizraq və qızıla tutulmuş iki qalxan verdi ki, bunları həmişə onun önündə aparırdılar. Belinə mirvari ilə işlənmiş qızıl kəmər, qızıl dəstəkli qılınc bağladı, qolbaqlar verdi, başına tac qoydu. Həmçinin, ona mirvari ilə işlənmiş düzüm verdi, boynuna mirvari boyunbağı asdı. Ərəblər, nəhayət, İran şahını öz paytaxtı Ktesifonda mühasirəyə aldılar. Cavanşirin başçılıq etdiyi üç minlik alban ordusu 6 ay ərzində iranlılarla birlikdə Ktesifonun müdafiəsində iştirak etdi.
Bir qədər sonra, 642-ci ildə Nəhavənd yaxınlığında məşhur döyüş baş verdi. həmin döyüşdə də Cavanşirin alban ordusu iştirak edirdi. Bu döyüşdə İran ordusu darmadağın oldu. III Yezdəgird isə qaçıb Dəclə çayının sahilindəki qalada gizləndi. Ərəblərin qələbəsindən və İranın məğlubiyyətindən sonra Albaniyanın sparapeti Cavanşir onlarla (iranlılarla - F.M.) vidalaşdı və Atropatakan əyalətinə gəldi, oradan da öz ölkəsinə qayıtdı.
Beləliklə, "Cəsur Cavanşir yeddi il ərzində bu çətin müharibələrdə vuruşdu. Bu müharibədə on bir ağır yara alıb, onlarla vidalaşdı..." Vətənə qayıdan Cavanşir 642-643-cü illərdə, hələ atası Varaz-Qriqorun sağlığında Albaniyanın ilk böyük knyazı-işxanı olur. "Nurani Cavanşir İran müharibələrindən şan-şöhrətlə qayıtdı və şahın əmrilə Albaniyanın taxtına çıxdı" (Kalankatlı, II, 19). Cavanşirin hakimiyyətinin ilk ilini, ədəbiyyatda rəsmən qəbul olunduğu kimi, 636-cı il yox, 642-643-cü il kimi qəbul etmək lazımdır. Knyaz taxtına çıxan Cavanşir İran hökmranlığına qarşı üsyan qaldırdı. O, sağsahil kimi, sol sahil Albaniyasına da yiyələnmək istəyirdi. Cavanşir bu məqsədlə atası ilə qoşun çəkib Bərdədən şimalda Kür çayının solsahilinə adladı. Elə bu vaxt İran qoşunları da Albaniyaya soxuldular. Məsələ burasındadır ki, ərəblər tərəfindən darmadağın olunan Sasanilər dövləti öz ömrünü başa vurandan sonra, əzilmiş fars qoşunlarının qalıqları şimala-Albaniyaya doğru geri çəkilərək, Kalankatlının yazdığı kimi, burada möhkəmlənməyə cəhd göstərirdilər.
Cavanşir farslarla uzun müddət döyüşməli oldu. Nəhayət, Kambisenanı və Girdmanı onlardan təmizləyə bildi. Cavanşir burada - Kambisenada İberiya hakimi Atrnersexlə "sarsılmaz ittifaq" bağladı. Onun yardımına arxalanan və köməkçi gürcü ordusu ilə təmin olunan Cavanşir Uti vilayətinə yollandı, farsları oradan qovdu, paytaxt Bərdəni düşmənlərdən təmizlədi, farsların əsirliyində olan anasını və qardaşlarını xilas etdi. Farslar da, öz növbələrində, Atropatendən ordular göndərdilər. Sakasena vilayəti yaxınlığında iki döyüşdə fars orduları Cavanşir tərəfindən məğlub edildi. Bununla belə, farslar Sünik knyazı vasitəsilə Cavanşiri barışığa təhrik edə bildilər. Bundan sonra o, "böyük İran imperiyasının süqutunu və Şərqin ilk hökmdarlarını (alban hökmdarlarını) xatırladı, onların şan-şöhrətini özünün şah vüqarı ilə müqayisə etdi və özünə söz verdi ki, bundan sonra onun knyazlığında yadların hökmranlıq etməsinə imkan verməyəcək." Tezliklə farslar Cavanşirlə bağladıqları ittifaqa xəyanət etdilər. İran ordusunu baş komandanı yenidən öz alaylarını silahlandırıb, Albaniya üzərinə göndərdi, hətta onun ayrı-ayrı vilayətlərinə hakimlər təyin elədi. Cavanşir gürcü ordularının köməyi ilə farsları məğlub edərək, ölkəni təmizləyə bildi. Albaniyanın müstəqilliyi uğrunda Cavanşirin farslarla apardığı müharibə ərəblərin müdaxiləsi nəticəsində dayandı. Ərəblər 642-645-ci illərdə Atropatena tərəfindən Zaqafqaziyaya hücum etdilər və Albaniyaya soxuldular, ancaq burada möhkəmlənə bilmədilər.
Ərəblərə qarşı mübarizənin ilk dövrlərində Albaniyanın böyük knyazı Cavanşir ərəblərə boyun əymiş Ermənistan işxanı Teodoros Rştuni ilə ittifaq bağlamışdı. Cavanşir ondan fərqli olaraq, Bizansın vassallığını qəbul etməyi daha üstün tutmuşdu. Bizansdan vassal asılılığı şərtilə olsa da, Albaniyada dövlət quruluşunu və ölkənin müstəqilliyini qoruyub saxlaya bilmişdi. Kalankatlı Cavanşirin hakimiyyəti dövründə ölkənin ərazi hüdudlarını dəqiq köstərir. "O, İberiya sərhədlərindən hun keçidinə və Araz çayına qədər əsil şah kimi əzəmətlə hökmdarlıq etmişdir". O ki qaldı Bizans imperiyasının Albaniya barəsində siyasətinə, deməliyik ki, Bizans Albaniyanın strateji mövqeyini, təbii sərvətlərini, burada keçən ticarət yollarının əhəmiyyətini dərk edir və siyasətdə də buna əsaslanırdı. Bundan başqa, cənubdan təhlükə yarandığı bir dövrdə (ərəb basqını nəzərdə tutulur) imperiyanın şərq sərhədlərini möhkəmləndirmək vacib idi. Xəlifənin yanında Cavanşirin nüfuzu o qədər yüksəlir ki, Bizans imperiyası ilə Xilafət arasında danışıqlarda Albaniya hökmdarı vasitəçi kimi çıxış edir. Cavanşir bu danışıqları elə məharətlə aparır ki, hər iki tərəf razı qalır. Onu hədiyyələrlə mükafatlandıran xəlifə Sünik knyazlığını Cavanşirin ixtiyarına verir və tələb edir ki, Atropateni də idarə etməyi öhdəsinə götürsün. Ancaq Cavanşir bu təklifi qəbul etmir və xəlifədən xahiş edir ki, "onun ölkəsi üzərinə qoyulmuş (xəlifə tərəfindən) ağır vergini bir qədər yüngülləşdirsin. Cənublu hökmdar məmnuniyyətlə razılaşır və vergi boyunduruğunu üçdə biri qədər azaltmaq barədə əmr verir". Alban müəllifi dəfələrlə yazır ki, xəlifə Cavanşiri "elə ehtiram və təmtəraqla qəbul edirdi ki, digər canişinlərin heç biri belə şərəfə nail ola bilməmişdi". "O, əmr verdi ki, Şərq hökmdarına "tac gəzdirən şah kimi ehtiram etsinlər".
Cavanşirə həm Bizans imperatoru II Konstant, həm də xəlifə Müaviyə tərəfindən şah ləyaqəti ilə yanaşılması, şah kimi ehtiram göstərilməsi diqqətəlayiq faktdır. Şübhəsiz, Cavanşirin qazandığı hörmət, ehtiram, iltifat yalnız Albaniyanın əhəmiyyətilə, Xilafətin şimal sərhədlərində tutduğu strateji vəziyyətlə və ölkənin qiymətli təbii sərvətlərilə deyil, həm də Cavanşirin özünün yüksək şəxsi keyfiyyətləri ilə bağlı idi.
O, VII əsrin ortalarında Zaqafqaziya xalqları tarixində ən çətin dövrlərdən sayılan, fars, ərəb, Bizans və Xəzər işğalları illərində öz ölkəsinin müstəqilliyini qoruyub saxlaya bilmiş görkəmli sərkərdə, həssas diplomat, müdrik siyasətçi və görkəmli dövlət xadimi idi. Onun ölkəsi yalnız vergi verirdi. Təəccüblü deyil ki, alban müəllifi ona belə bir mədhnamə həsr etmişdir: "Allahın hökmü ilə Cavanşir şöhrət və əzəmət üçun doğulmuşdu və tanrı bu günə qədər ona hər işdə şöhrət sahibi olmağı layiq bilmişdir... O, dörd işğalçı dövlət tərəfindən hörmətlə sayılan və həmin ölkələrin hökmdarlarından aşağı səviyyədə durmayan bir şəxs olmuşdur.
Cavanşir siyasi qəsd nəticəsində öldürülmüşdür. K.V.Trever tamamilə doğru olaraq qeyd edir ki, onun saray çevrilişlərinin, yaxud sinfi mübarizənin qurbanı olduğu naməlum qalır.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru