PDF Oxu

MİA

  • 32 422

Albaniyanın tarixi coğrafiyası, siyasi-inzibati bölgüsü

image

Albaniyanın tarixi coğrafiyasının öyrənilməsi qədim və orta əsrlər Azərbaycanın və ümumən Qafqazın tarixi coğrafiyasının öyrənilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Fəridə Məmmədova yazır: "Ən qədim dövrlərdən başlamış orta əsrlərin sonuna kimi Azərbaycanın tarixi coğrafiyasının tədqiqi həm müstəqil bir mövzu kimi Azərbaycai tarixi üçün, həm də, bütünlükdə, Qafqaz və Zaqafqaziya xalqlarının tarixi coğrafiyası probleminin həlli üçün son dərəcə mühüm əhəmiyyətə malikdir.

Tarixi coğrafiyanın vəzifələrinə etnik qrupların məskən saldıqı yerlərin aşkara çıxarılması, etnik siyasi birliklərin lokallaşdırılması, tayfaların birləşib xalq və dövlət əmələ gətirdiyi ərazinin öyrənilməsi, dövlətin siyasi sərhədlərinin müəyyənləşdirilməsi daxildir.

Beləliklə, tarixi coğrafiya məsələləri xalqın etnogenezi-tarixi mənşəyi, ölkənin xarici və daxili siyasi vəziyyəti, siyasi statusu, bu və ya digər ideologiyanın hakim mövqeyi və yayılması problemləri ilə sıx əlaqədardır."

F.Məmmədova Azərbaycanın tarixi coğrafiyasını öyrənmək üçün mənbənin kasad olduğunu qeyd edir: "İlkin orta əsrlər Cənubi Azərbaycanın tarixi coğrafiyası VII əsr mənbələrindən birində işıqlandırılmışdır ("İranın şəhərləri" - İran şəhr). Adları çəkilən coğrafi əsərlərə ərəb və fars coğrafiyaşünasları və tarixçilərinin, tarixi-coğrafi traktatların və tarixi narrativ mənbələrin məlumatlarını da əlavə etmək olar.

Azərbaycanın (şimali) tarixinə gəldikdə isə, əlimizdə heç bir yerli coğrafi mənbə olmadığından, mənbəşünaslıq bazamız da çox kasaddır.I-VII əsrlərdə Azərbaycan tarixini işıqlandıran yeganə yerli mənbə VIII əsr alban müəllifi Musa Kalankatlının "Alban tarixi" əsəridir ki, müəllif burada I, V və VIII əsrlərdə alban xalqının yaşadığı ərazilərin sərhədlərini aşkara çıxarmağa cəhd göstərir. İlkin və son orta əsrlərdə Azərbaycanın tarixi coğrafiyası haqqında məlumatlar ərəb və fars müəlliflərinin əsərlərində də saxlanılmışdır.

Antik dövrdə və ilkin orta əsrlərdə Albaniyanın (Azərbaycanın) tarixi coğrafiyası məsələlərinə A.Yanovskinin, B.Dornun, V.Tomaşekin, A.Krımskinin, S.V.Yuşkovun, S.T.Yeremyanın, K.V.Treverin, K.Əliyevin və başqalarının əsərlərində toxunulmuşdur Lakin onların hamısı, əsasən, antik mənbələrə, erməni ənənələrinə, və erməni tarixşünaslığına birtərəfli şəkildə istinad etmiş, həmin mənbələrin etibarlı olub-olmadığını yoxlamağa çəhd köstərməmişlər.

Keçmiş sovet tarixşünaslığında VII-IX əsrlərdə Albaniyanın cənub-qərb və cənub sərhədləri məsələsi ilk dəfə olaraq, akademik 3.M.Bünyadov tərəfindən düzgün qoyulmuşdur. Kürün sağ sahilində ilk Şəkinin qalıqlarını aşkara çıxarması 3.M.Bünyadovun uğurlu tapıntısıydır. Bunun sayəsində Albaniyanın tarixi coğrafiyasında ayrı-ayrı hadisələri dəqiq bərqərar etmək mümkün olmuş və bu, Azərbaycanın tarixi coğrafiyasının ayrı-ayrı qaranlıq səhiflərinin işıqlandırılmasına imkan vermişdir. VII-IX əsrlərdə Azərbaycanın cənub sərhədləri də 3.M.Bünyadov tərəfindən dəqiq müəyyənləşdirilmişdir.

Albaniyanın inzibati bölgüsü haqqında F.Məmmədova alban mənbələrinə əsaslanaraq ətraflı məlumat verir. O qeyd edir ki, alban mənbələrinə görə Albaniyada dörd havar əsas yer tutur: Qəbələ, Şəki, Kambisena və Əcəri. Bunlar ən böyük və siyasi çəhətdən ən əhəmiyyətli vilayətlər sayılırdı. Üç vilayət (Qəbələ, Şəki, Kambisena) həm də inzibati kilsə vahidləri, yepiskopluq idilər ki, bunların da nümayəndələri (yepiskoplar) bütün alban kilsə məclislərində iştirak edirdilər. Sol sahil Albaniyasına adları çəkilən havarlardan başqa, iki ölkə-Lpina və Çola da daxil idi. Lakin bunlar bir sıra dövrlərdə Albaniya dövlətinin tərkibinə daxil olmurdular. Hələ V əsrin ikinci yarısında Lpina və Çola müəyyən daxili muxtariyyəti olan mərkəzdən uzaq vilayətlər sayılırdı. Lakin 488-ci ildən sonra alban hökmdarı III Vaçaqanın hakimiyyəti dövründə Lpina və Çola həmişəlik Albaniya dövlətinin tərkibinə qatıldılar.

Belə hesab edilir ki, Çola (Çor, Çol) adı İran mənşəli sözdən yaranıb. Çola vilayəti Çola (Dərbənd) keçidindən cənuba doğru, təxminən Beşbarmaq dağınadək Xəzər sahili zolağını əhatə edirdi. Vilayətin iri şəhərləri Çola (massaget Arşakilərinin paytaxtı) və Dərbənd idi. Çola vilayəti üzüm, meyvə və taxılla zəngin idi. Vilayətin həm də böyük strateji əhəmiyyəti vardı. Böyük Qafqaz dağları ilə Xəzər dənizi arasındakı alban darvazaları adlanan keçid məhz burada yerləşirdi, Şimalda həmin qapıdan ölkəyə müxtəlif köçəri tayfalar soxula bilirdilər ki, bu hücumlar təkcə Albaniya üçün deyil, Sasanilər və Bizans üçün də təhlükə törədirdi. Buna görə də, həmin keçidin qorunması yalnız albanlar üçün yox, o dövrün iri dövlətləri olan Sasani İranı və Bizans üçün də vacib idi.

Çolanın şimal-qərbində, Çola ilə Şəki arasında Lpina vilayəti yerləşirdi. Bu ərazi, demək olar ki, başdan-başa fındıq, qoz ağacları ilə zəngin meşələrlə örtülmüşdü. Görünür, hələ o vaxtlar yerli əhali şabalıd yetişdirməklə, ipək əyirməklə, baramaçılıqla məşğul olurmuş. Həmin yerlərdə albanlar, lpinlər, leqlər və başqa etnik qruplar yaşayırdılar.

Lupenlər bu etnosun yunanca, lpin isə ermənicə adıdır. Alban tarixçisinin yazdığına görə, lpinlər Dağıstanın dağlıq hissəsində silvlərlə-çilblərlə qonşuluqda yaşayırdılar. Bəziləri lpinlərin Samur çayının yuxarı axarında və mərkəzi hissələrində, başqaları Alazan çayının vadisində qərar tutduqlarını qeyd edirlər. Görünür, lpinlər Samur çayının mərkəzi hissələrindən Alazan çayı vadisinədək uzanan bir ərazidə yayılıbmışlar.

Lpina da Çola kimi ölkənin periferiya vilayəti olduğundan, müəyyən dövrlərdə (450-451-ci illər, 551-ci ildən 630-cu ilədək) qismən müstəqilliyə malik idi ki, bu da bir sıra mənbələrlə yanaşı, bayaq adı çəkilən "Albaniya, Lpina və Çola" triadasında öz əksini tapmışdır.

Yunan müəlliflərində Kambisena, adlanan ərazi Albaniyanın şimal-qərbində,İberiya sərhədində yerləşmişdi. Kambisena şimal- qərbdə Alazan və İori çaylarının orta axarlarından, cənubda Kür çayınadək,şərqdə isə Alazan, İori, Kür çaylarının qovşağınadək ərazini əhatə edirdi.Daş-kəsəkli Şirak yaylasının yarısıda bu əraziyə daxil idi.Tədqiq olunan dövrdə Kambisenanın əhalisini albanlar, lpinlər, skif və sak qəbilələrinin varisləri, türkdilli köçəri xalqlar-savirlər təşkil edirdilər.Bəziləri Alazan çayı vadisində çilblərin (silvlərin) qərar tutduqlarını yazırlar. Siyasi və ideoloji baxımdan Kambisena siyasi-inzibati və kilsə-inzibati vahid (yepiskopluq) idi.

Əcəri-Həcəri. Qəbələ vilayətinin cənubunda Qarasu və Girdman çayları arasında yerləşmişdi və cənubda Kür çayına söykənirdi. Burada əhali, əsasən, əkinçiliklə məşğul idi.

Bu vilayət barəsində alban müəllifinin qeydləri qanunsuz olaraq qarışıq nikahlara yol verilməsi ilə əlaqədardır. Bu cür nikahlar Arşakaşen və Əcəri vilayətlərində təsadüf olunurdu. Əcəri barədə əlimizdə başqa bir məlumat yoxdur.

Qəbələ vilayəti - yunanca Kabala (indiki Qəbələ rayonu). Lpinadan cənubda, tarixi Əcəri vilayətindən şimalda Şəki və Çola vilayətləri arasındakı ərazini əhatə edirdi. Bu vilayətdə Alban dövlətinin paytaxtı Qəbələ şəhəri yerləşirdi ki, bu barədə də ilk dəfə eramızın I əsrində Böyük Plini xəbər verir. Qəbələ antik dövrlərdən ilkin orta əsrlərə- V əsrədək Albaniyanın paytaxtı, alban Arşakilərinin iqamətgahı və alban arxiyepiskopunun qərargahı olmuşdur. 510-cu ildə alban Arşakilər öz hakimiyyətini başa vurduqdan sonra Qəbələ Sasanilərin təyin etdikləri mərzbanların qərargahına çevrilir və onunla əlaqədar Qəbələ vilayəti həm də "Vostan-i-mərzban" adlandırılır. Qəbələ vilayəti siyasi-inzibati və kilsə-inzibati vahid (yepiskopluq) idi. V əsr Aluen kilsəsi və VIII əsr Bərdə kilsəsi cədvəllərində Qəbələ yepiskoplarından Manase (V əsr) və İohannın (VIII əsr) adları da var.

Şəki. Şəki vilayəti eyniadlı Şake, Nuxpato (gürcü mənbələrində; (indiki Zaqatala-Şəki zonası) şəhəri ilə birlikdə Albaniyanın şimal-qərbində, Qafqazın dağətəyi rayonlarında, Qəbələnin şimal-qərbindəki ərazini tuturdu, qərbdə və cənub-qərbdə tarixi Kambisena vilayətilə, şimal-qərbdə Lpina ilə, cənub-şərqdə Qəbələ ilə həmsərhəd idi. III-VIII əsrlərin toxuculuq mərkəzlərindən biri olan Şəki vilayətində tut ağacları yetişdirilirdi ki, bu da yüksək keyfiyyətli ipək parça istehsalını xammalla təmin edirdi.

A.Y.Krımski belə hesab edir ki, antik dövrlərdə Ay allahına (Selenaya) həsr edilmiş məbəd Şəki vilayətində yerləşirdi. Selena məbədinin İberiyanın yaxınlığında yerləşməsi haqqında Strabonun məlumatına əsaslanan K.V.Trever haqlı olaraq A.Y.Krımskinin fikrini təkzib edir və bildirir ki, e. ə. I əsrdə Şəki İberiya sərhədlərindən xeyli uzaqda idi. Şəkidə albanlarla, utilərlə yanaşı, skif və ya sak qəbilələrinin nəsilləri də yaşamış, bu da toponimdə öz əksini tapmışdır. Onlardan başqa burada zekenlər (tsekanlar), xenuklar (genioxlar) yaşayırdılar. Vilayətin əsas şəhəri isə Şəki idi.

F.Məmmədova yazır: "Nazərdən keçirdiyimiz Şəki, Qəbələ Kambisena, Lpina, Əcəri, Çola vilayətləri solsahil Albaniyasında yerləşirdi. Sağsahil Albaniyasının siyasi-inzibati, etnik vahidlərinə gəlincə, deməliyik ki, burada dörd böyük nahanqlıq (əyalət) mövcud idi. Bunlar Arsax, Uti, Paytakaran və Sünik nahanqları idi. Onların hər biri özlüyündə havarlara (vilayətlərə) bölünmüşdü. Arsax, Uti, Paytakaran və Sünik isə kilsə-inzibati vahidi sayılırdı."

Paytakaran Kaspk, Kazbk (erməni mənbələrində), Roma mənbələrində) Paytakaran -Balasikan (Musa Kalankatlı) Balasakan (fars və ərəb mənbələrində) müasir Azərbaycanın cənub-şərq hissəsində yerləşir, şərqdə Xəzər dənizinin sahillərinə qədər uzanır. Mil və Muğan düzlərinin bir hissəsini əhatə edirdi. Ehtimal ki, Paytakaran ayrı-ayrı vaxtlarda vilayətin cənubunda Atropatenanın şimal-şərq torpaqlarını da özündə birləşdirmişdir.

Tarixi əyalət sayılan Uti, (yunanca) Paytakaran kimi, Kürün sağ sahilində yerləşirdi. Şərqdə Paytakaranla, cənubda Arsaxla həmsərhəd idi. Şimalda Kür çayı ilə əhatə olunmuşdu, qərbdə isə Albaniya ilə İberiya sərhədlərinə qədər uzanmışdı. Antik şəhərlərdən Ayniana, Xani, Anariaka, eləcə də, Xalxal, Soqarn.

Girdman Kürün sağ sahilində yerləşən siyasi-inzibati vahid kimi Uti əyalətinə daxil idi. Mənbələrdə bu vilayət Qardman (qədim erməni dilində), Girdman (qədim İran dilində) və Qardabani (qədim gürcü dilində) adı ilə tanınırdı. Bu vilayətin lokallaşdırılması ilə bağlı üç nəzəriyyə mövcuddur. Bir çoxu onun Ağsu və Girdman çayları rayonunda (İ.Əliyev, F.Osmanov), digərləri müasir Qazax rayonunun ərazisin də üçüncü qrup isə Şəmkirçay hövzəsi ətrafında və Gədəbəy rayonunda (Z.M.Bünyadov) yerləşdiyini iddia edirdilər. F.Məmmədova isə yazır: "Mənə belə gəlir ki, Girdman vilayəti Albaniyanın şimal-qərbində, Kürün sağ sahilində, yerləşmişdi.

Sünik Albaniyanın cənub ucqarında və Arsax (şimalda) sərhədləri arasında, Göyçə gölündə cənub tərəfdə yerləşmişdi. Sünik ifadəsi Sisakandan qədimdir. Yevsevi və Prokpi Kesari Süniki albanların qonşusu kimi xatırladırlar.

VIII əsr Sünik müəllifi Stepannos Orbelyana görə, Erincak və Qoxtan Sünikin vilayətlərindən sayılırdı. Sünikin mərkəzi isə Naxçıvan idi. (Stepannos Orbelyan, II.) Qoxtan müasir Naxçıvan Respublikasına daxil olan Ordubad rayonudur. Naxçıvan isə Azərbaycanın ən qədim vilayətlərindən və şəhərlərindən biridir. O, Araz çayınıi sol sahilində salınmışdır. Naxçıvan haqqında V-VII, XIII-XVII əsrlərin müəlliflərində, eləcə də, VIII-XIII əsrlərin alban, IX-XIII əsrlərin İran, ərəb tarixçilərinin və çoğrafiyaşüaslarının əsərlərində kifayət qədər məlumat var. "VII əsr Ermənistan coğrafiyası" saxtakarlıq edərək, Naxçıvanın Ermənistana məxsus vilayət və şəhər olduğunu xəbər verir. Burada deyilir ki, Naxçıvan da Qoxtan kimi "böyük Ermənistan" Araz çayının sağ sahilində yerləşən iri Vaspurakan əyalətinin böyük vilayətidir. Naxçıvan 34-cü, Qoxtan isə 33-cü vilayət sayılırdı. Bununla belə, "Ermənistan coğrafiyası" onların bu tərkibdə nə qədər qaldığını göstərmir.

F.Məmmədova erməni tarixçilərinin əsassız iddialarını alt-üst edərək, göstərir ki, farsların tutduqları şəhərlərin siyahısı, onların qoşunlarının keçdiyi yolların təsviri mətndə söhbətin Araz üzərindəki Naxçıvandan, yəni alban Naxçıvanından getdiyinə şübhə yeri qoymur. Mətndən göründüyü kimi, ermənilər Naxçıvan əhalisinin cüzi hissəsini təşkil etmişlər, özü də burada Naxçıvanın o vaxt erməni şəhəri olması haqqında heç bir eyham yoxdur. Bu, Favstos Buzandlının Naxçıvan haqqında verdiyi yeganə məlumatdır. V əsrdə Qoxtanın vəziyyəti haqqında məlumatdar isə Koryunda saxlanmışdır.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər