Tarixi mənbələr göstərir ki, Rusiyanın işğalından sonra Azərbaycanın siyasi və iqtisadi həyatında ciddi dəyişikliklər baş verdi. ABŞ tədqiqatçısı T.Svyatoçovski yazır ki, Arazdan Şimalda yerləşən ərazinin Rusiya tərəfindən istilası Azərbaycanın çoxəsrlik tarixində mühüm hadisə oldu. Bu istila Azərbaycan əhalisinin bir hissəsinin Avropa hakimiyyəti altına keçməsinə gətirib çıxartdı və onları İranda qalan həmvətənlərindən fərqli olaraq, başqa bir tarixi inkişaf yoluna istiqamətləndirdi. Bununla belə, XIX əsrin əvvəllərində bu istila sənayeləşmə öncəsi vəziyyətdə olan iki cəmiyyətdən birinin digərini özünə tabe etməsi hadisəsi idi və yarım əsr ərzində Rusiyanın etdiyi dəyişikliklər yalnız inzibati islahatlarla məhdudlaşmışdı.
Rusiya istilasının Şimali Azərbaycan iqtisadiyyatına olan ilkin təsiri bütövlükdə cüzi idi; bəzi hallarda bu, geriyə aparırdı. Bu dəfə də məhz Kankrin rusların regionda iqtisadi maraqlarını təmin edəcək əsas qaydaları açıqlamışdı. Onun fikrincə, Qafqazarxası ərazilər "cənub iqliminə xas olan xammal istehsal edən müstəmləkə olaraq" qalmalıdır. 19-cu əsrin ortalarınadək Azərbaycan Rusiyadan, demək olar ki, heç bir sərmayə almamışdı. Bu əsnada, rus bazarına çıxmaq imkanı olduğuna baxmayaraq, cənub iqlimli bu torpağın kənd təsərrüfatı malları istehsalı yadellilərin hakimiyyəti hər cür səmərədən uzaq olduğundan, durğunluq vəziyyəti keçirirdi.
Hərbi hökumət kənd yerlərində irriqasiya işlərinin davam etdirilməsi kimi mühüm bir məsələyə etinasızlıq göstərdi. Şəhərlərdə, hətta istilanın faydalı cəhətləri olan daxili müharibələrə son qoyulsa belə, iqtisadi vəziyyət qarışıq idi. Bakı, Gəncə, Şamaxı və Nuxa kimi ayrı-ayrı şəhərlər dirçələrək əhalisinin sayı artıq 10 min və ya daha çox nəfərə çatdığı halda, Şuşa, Quba və Dərbənd kimi şəhərlərdə 1830-cu ildən sonra əhalinin sayı kəskin şəkildə azalmışdı.
İşin digər tərəfinə baxdıqda, istila bir sıra geniş əhəmiyyətli hadisələr törədir və ya onların gedişini sürətləndirirdi. Pul iqtisadiyyatına keçid, kəndlilərin, əvvəllər xanlardan, indi isə rus xənadanından icarəyə götürdükləri torpaqlar üçün vergiləri məhsul şəklindən daha çox pul şəklində ödəmələri tələbi ilə stimullaşdırılmışdı. Xanlıqların dağılması Azərbaycanın Rusiyanın hökmranlığı altında olan hissələrində iqtisadi inteqrasiyanın təşəkkülünə təkan verdi. Həmin inteqrasiya prosesi yerli pul vahidlərinin 1830-cu illərdə rublla əvəz edilməsi ilə yeni təkan aldı. Bununla belə, çar rejimi ölkədə pozuntulara səbəb olan köhnə adət-ənənələrlə bağlı əngəlləri aradan qaldırmağa tələsmirdi. Çünki bu rejim fəaliyyəti dayandırılmış xanlıqlar arasında qoyulmuş borclardan gəlir götürməkdə davam edirdi.
Azərbaycanda iqtisadi canlanmanın əlamətləri XIX əsrin ikinci yansından tez olmayaraq, rus bazarı ilə kifayət qədər inteqrasiya olunduqdan sonra görünməyə başladı. Hətta 1870-ci illərdə neftlə bağlı güclü inkişafdan əvvəl iqtisadiyyatın pambıq və tütün yetişdirmə, şərab istehsalı, misçıxarma, xalçatoxuma kimi ixracyönlü sahələrində bəzi irəliləyişlər açıq-aydın hiss olunurdu. Lakin bunlar da Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatının əsas yer tutmasına baxmayaraq, təsərrüfatın primitiv metodlarla aparılmasını dəyişdirə bilməmişdi.
1870-ci ildə Yelizavetpol, Bakı və İrəvan quberniyalarında həyata keçirilən aqrar islahatı güclü sosial və iqtisadi dəyişikliklərə gətirib çıxarmadı. Şərqi Zaqafqaziyada kəndli təbəqəsinin 70 faizə yaxını rus xənadanının xanların əlindən aldığı torpaqlarda yaşayırdı. Beləliklə, islahatların ləğv etdiyi mükəlləfiyyətlərdən azad idi. Digər tərəfdən, kəndlilər arasında hər yaşlı kişi başına 5 desyatin yer ayrılırdı. Bu torpaq sahəsi o qədər az idi ki, ortabab kəndlilər ya hökümətdən və ya yerli mülkədardan əlavə olaraq müəyyən torpaq sahəsi icarəyə götürməli idi. Mərkəzi Rusiyadan fərqli olaraq, burada hökumət kəndlilərə öz torpaq sahələrini almaq üçün kredit ayırmırdı. Bəylərə və ağalara gəlincə, onlar kənd yığıncaqları və seçilən məhkəmələr vasitəsilə hələ də idarəetmə işlərini davam etdirdiklərinə baxmayaraq, əksəriyyəti, orta hesabla 6,3 desyatin torpaq sahələrinə malik idi və öz kəndli qonşularından çox da fərqlənməyən ağır həyat tərzi keçirirdilər. Torpaq sahibkarlarından cəmi-cümlətanı 4 faizi orta hesabla 1500 desyatin torpaq sahəsinə malik idi ki, bu torpaq ehtiyatından icarə üçün də ayrılırdı. Ümumiyyətlə götürdükdə, Azərbaycan kəndinin ənənələrlə sıx bağlı olan həyat tərzi dəyişməz qalmışdı. Burada sosial təbəqələşmə və yerdəyişmə çox az idi.
Urbanizasiyanın inkişafı ləng gedirdi və əsrin sonuna kimi Yelizavetpol və Bakı quberniyalarının əhalisinin, uyğun olaraq, 89 və 70 faizi hələ də kənddə yaşayırdı. Bakı quberniyasında 1 kənd əhalisinin aşağı nisbəti onun müstəsna vəziyyətə malik olduğunu göstərirdi. Şəhər Şərqi Zaqafqaziyanın ətraf yerlərindən gələn mühacirlərlə ağzınacan dolmuşdu.
Rusiya hökmranlığının qüvvədə olduğu yarım əsrdən artıq müddət ərzində ölkədə baş verən iqtisadi və sosial dəyişikliklər orta səviyyə daşıyaraq, Arazın cənub hissəsində olduğundan, nəzərə çarpacaq dərəcədə sürətli olmasa da, Azərbaycanın Rusiyanın hökmranlığı altında olan hissəsinə sənaye əsrinin qədəm qoyması iki Azərbaycan arasında çox mühüm fərqlər yaratdı. Hətta bu halda da dəyişikliklərin əhatə dairəsi məhdud idi.
Xam neftin daim aşağı səviyyədə çıxarıldığı uzun sürən durğunluq dövründən sonra Bakıda ilk neftayırma zavodlarının tikilməsi ilə əlaqədar istehsal 1859-cu ildə ilk təkan aldı. Dönüş nöqtəsi Rusiya bürokratiyasının Azərbaycan üçün görünməmiş bir səxavətlə verdiyi mühüm hökumət qərarı nəticəsində yaranmışdı. 1872-ci ildə verilən qərara əsasən, dövlət torpaqlarında neft çıxarılması üçün verilən hüquqlar praktikası neft çıxan torpaqların ən imkanlı müştərilərə uzunmüddətli icarəyə verilməsi ilə əvəz edildi. Zəngin kapitala malik və genişmiqyaslı mexanikləşdirilmiş istehsala hazır olan yerli, rus və xarici sərmayədarların üzünə qapılar taybatay açıldı.
İslahatın həyata keçirildiyi bir il ərzində quyuların ilk dəfə uğurlu burğu üsulu ilə qazılması köhnə üsulla quyuqazmanı əvəz etdi və görünməmiş güclü neft fontanı Bakının yüksək inkişafına yol açaraq, onu dünyada başlıca neft istehsalı mərkəzlərinə çevirdi.
Bakı mədənlərindəki aramsız neft fontanları neftin çıxarılması və emalını müqayisə olunmaz miqyasda artırdı və bunun nəticəsində də 1898-ci ildə neft məhsuluna görə Bakı Amerika Birləşmiş Ştatlarını üstələdi. Lakin Bakı neft sənayesinin işə düşməsinə imkan verən məlum şərait tezliklə həddindən artıq yüksək məsrəflər tələb etməyə başladı ki, bu da Rusiya hökmranlığının cövlan etdiyi bütün müddət ərzində, onun səciyyəvi bir cəhəti idi. Neftin xaotik şəkildə və ya pal-palçıq içində qazılması və çıxarılması məhsuldarlığın aşağı düşməsinə gətirib çıxartdı. Bu minvalla uzun müddət ərzində neft ehtiyatlarının tükənməsinin sürətlənməsi ilə şəhərətrafı rayonlarda vəziyyət son dərəcə kəskinləşdi və 1905-ci ildən sonra, artıq, Bakı dünya neft bazarında başlıca amil deyildi. Bununla belə, Bakının inkişafı coğrafi anlamda ancaq Bakı neft zolağına aid olsa da, onun doğurduğu nəticələr əsil inqilabi dəyişikliklərə gətirib çıxarmışdı. Belə ki, bu inkişaf kənd təsərrüfatı ilə bağlı olmayan on minlərlə adam üçün iş yeri açmışdı, iqtisadi modernizasiyanın işçi miqrasiyası və dəmiryolu, gəmi nəqliyyatı kimi atributlarını yaratmışdı. Bütün bunlar Bakı metropoliyasının yüksəlişinə səbəb oldu. "Neft inqilabı"nın ümumi nəticəsi müstəmləkə şəraitinə xas olan parçalanmadan ibarət idi. Ümumilikdə götürdükdə, ənənəvi, lakin birtərəfli inkişafı ilə seçilən, istehsaldan daha çox təbii ehtiyatlara əsaslanaraq sürətlə inkişaf etməkdə olan bir sənaye sahəsinə malik iqtisadiyyat mövcud idi.
Çoxdilli əhalisi olan, iri addımlarla irəliləyən, sənayeləşmənin artıb-böyütdüyü Bakı Şərqi Zaqafqaziyada yad bir düşərgə kimi idi. Bununla belə şəhər durmadan ölkənin hər yerindən işgüzar, iddialı, savadlı adamları özünə cəlb edirdi. Belə adamların şəhərə toplanması Bakını nəinki Azərbaysanın əsil paytaxtına, həm də yenicə təşəkkül tapan yerli sahibkarlar sinfinin məskəninə çevirdi. Neft sıçrayışı, əvvəllər Bakı ərazisində neft quyularına, neftayırma zavodlarına, ya da neft sahələrinə malik olan müsəlmanlara tez bir zamanda külli miqdarda var-dövlət yığmaq imkanı verdi. 1872-ci ilədək davam edən neft sənayesinin genişləndiyi ilkin mərhələdə müsəlmanlar müəssisələrin əksəriyyətinə nəzarət edirdilər. Hətta o vaxtlar, 1870-ci ilin rəqəmlərinin göstərdiyi kimi, bütün quyuların 88 faizi "tatar"ların əlində olmasına baxmayaraq, onların idarə etdikləri kiçik müəssisələr Bakı neft məhsulu istehsalının ancaq yarısını verirdi. Neft sahələrinin icarəyə verilməsinin tənzimlənməsi qüvvəyə minən kimi müsəlman sahibkarlar xarici rəqiblərinə, özü də nəinki iri Rusiya və ondan da böyük Qərbi Avropa şirkətlərinə, hətta daha xırda erməni sərmayəçilərinə də uduzmağa başladı.
Müsəlmanlar neft sənayesinin böyük bir hissəsi üzərindəki nəzarəti itirsələr də və bu vəziyyət şərab istehsalı, balıq tədarükü, tütün becərilməsi kimi sahələrdə təkrar edilsə də, onların hələ də güclü olduqları ayrı-ayrı sahələr vardı. Bakının daşınmaz əmlakına qoyulan gəlirli sərmayələr, neft sənayesinin güclü inkişafı şəraitindəki bu sənayedən sadə və səmərəli yollarla istifadə etmək imkanı, əsasən, müsəlmanların əlində idi. Eynilə, Xəzər gəmiçiliyində "tatarlar" üstün mövqe tuturdular. Onlar Bakının, ümumiyyətlə, İranla, xüsusən də, Azərbaycanla genişlənən ticarətində vasitəçi aralıq adamı kimi güclü mövqe qazana bilmişdilər. Bu, ölkənin iki hissəsi arasında qohumluq əlaqələri hesabına güclənən daha bir əlaqə idi. Eyni zamanda, bir neçə müsəlman ailəsi Nuxa, Qarabağ və Ordubadda ipəkəyirmənin əksər sahələrinə nəzarət edirdilər. Əsasən Bakıda cəmləşmiş yerli sahibkarlar sinfı say etibarilə kiçik idi və əldə olan məlumata görə, onların sayı 500-ə çatırdı. Müstəmləkə hakimiyyəti və xarici rəqabət onların inkişafına mane olurdu.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru