Şimali Amerikada bir çox dövlətlər yerləşsə də, onlardan ABŞ və Kanada Qərb ölkəsi hesab olunur. Tədqiqatçıların yekdil mülahizəsinə görə, geosiyasi faktorlar üzrə həm Şimali, həm də Mərkəzi və Cənubi Amerika bu bölgənin və dünyanın superdövləti hesab olunan ABŞ-ın təsir və maraq dairəsi hesab olunur. Ümumiyyətlə, müasir dünyada birqütblü dünya siyasətinin yeganə daşıyıcısı hesab olunduğundan, ABŞ bu regionun da bütün qlobal təşəbbüslərinin əsas müəllifi kimi çıxış edir.
XXI əsrin başlanğıcından Amerika dünya siyasətinin transmilliləşməsi, iqtisadi, siyasi, sosial və mədəni həyatın qloballaşması, milli sədlərin aradan qalxması və qlobal inteqrasiyanın fəallaşması istiqamətində xüsusi fəallıq göstərir.
Son illər Amerika politoloqları qloballaşmanın əsas təşəbbüskarı kimi ona rəhbərlik etmək hüququnun məhz ABŞ-a məxsus olduğunu əsaslandırmağa çalışırlar. Onlar bunu "hazırda ABŞ-ın yeganə fövqəldövlət statusuna malik olması, dünyada sülhün, sabitliyin, mülkiyyətin, insan və vətəndaş haqlarının, demokratik dəyərlərin, bazar iqtisadiyyatının qorunmasının əsas qarantı" rolunu ifa etməsi ilə əlaqələndirirlər. ABŞ politoloqlarının fikrinə görə, məhz ABŞ qloballaşmanın vahid standartlarının yaranması, ona hamılıqla əməl olunması, prosesdə qayda-qanunlara hamının tabe etdirilməsini təmin edə biləcək mexanizmlərə malikdir.
Bundan başqa, qloballaşmanın əsasən informasiya mübadiləsi sahəsindəki hüdudsuz texnoloji imkanların yaranmasına, dünya telekommunikasiya və elektron şəbəkəsinin genişlənməsinə, elektron vasitəsilə bank və maliyyə əməliyyatlarının, ticarətin genişlənməsinə, bilavasitə, təsirini və bu işlərin də başında Amerika şirkətlərinin durduğunu nəzərə alsaq, onda ABŞ-ın qloballaşmadakı hegemon rolunu inkar etmək olmaz.
Ümumiyyətlə, XX əsri bütövlükdə dünya siyasətində Amerika əsri kimi xarakterizə edirlər. Məsələ burasındadır ki, həmin əsrin əvvəlində ABŞ sürətlə dünya liderləri sırasına daxil oldu və əsrin sonuna yaxın sovet dövlətinin dağılması ilə dünya liderliyini tam əlinə aldı. Bu ölkənin iqtisadi, siyasi, hərbi gücü ona bütün Qərb yarımkürəsini, dünyanın ən əlverişli geosiyasi məkanlarını öz nəzarəti altına almağa imkan verdi.
Professor Əli Həsənov yazır: "ABŞ dünyada cəmiyyətin gərgin sosial-iqtisadi problemlərinin demokratik yolla həllinin nümunəsini yaratdı və nümayiş etdirdi. Əlverişli coğrafi məkanda yerləşməsi həm Amerika xalqının formlaşmasını kənar təsirlərdən azad etdi, həm də iki okeana sərbəst çıxışı olan geniş və kompakt ərazisi ona Atlantik və Sakit okean hövzəsində iqtisadi və texnoloji üstünlüyə malik, effektli bir təsərrüfat qurmağa imkan yaratdı. Həm Qərbdə, həm də Şərqi Asiyada (Kaliforniya və Atlantik sahili ştatları vasitəsilə) geniş çıxış və kommunikasiya xətləri quran ABŞ hökuməti bir tərəfdən ölkə daxilində, digər tərəfdən, bütün dünyada ən effektli və dinamik inkişaf edən azad iqtisadiyyat nümunəsi yaratdı. Bundan başqa, bu ölkənin müdaxiləsi olmadan dünyadakı beynəlxalq münasibətlərin sabit saxlanmasının, planetimizdə möhkəm sülhün yaradılmasının da qeyri-mümkünlüyünü və yer kürəsində ən təkmil siyasi-iqtisadi sistemin məhz bu ölkəyə məxsus olduğunu nəzərə alsaq, onda ABŞ politoloqları ilə razılaşmamaq mümkün deyil.
Hazırda bütün dünyada geniş yayılan siyasi, iqtisadi və sosial münasibətlər sistemi, demokratik dövlət idarəçiliyi və vətəndaş cəmiyyəti modeli məhz ABŞ-a məxsusdur. Dünyanın insan yaşayışı üçün, inkişaf və kommunikasiya baxımından ən effektiv ərazisi, bol təbii sərvətləri, enerji və digər mənbələri ilə zəngin torpaqları da ABŞ-dadır. Ə.Həsənov ABŞ-ın Qərbin ən qabaqcıl ölkəsi hesab edildiyini xüsusi vurğulayır: "Avropanın və dünyanın ən fəal, sivil dəyərlərə və işgüzar keyfiyyətlərə malik insanlarının (emiqrantlarının) toplaşdığı Amerika Qərbi Avropadan əxz edilmiş bu dəyərləri yaradıcılıqla inkişaf etdirmiş və daha da təkmilləşdirmişdir.
Dünyada ən təkmil hüquqi və demokratik dövləti amerikalılar yaratmışlar. Bu ölkədə azad mülkiyyəti və sahibkarlığı qanundan başqa heç bir qüvvə və subyekt məhdudlaşdıra bilməz. Ona görə də, dünyanın ən liberal iqtisadiyyatı, ən effektli idarəçilik və ən təkmil vergi sistemi ABŞ-a məxsusdur. Dövlət büdcəsi və vergi siyasəti. ABŞ-ın qanunverici və icraedici hakimiyyətinin qarşılıqlı fəaliyyətinin əsasını təşkil edir. Amerika bəlkə də dünyada yeganə ölkədir ki, vergilər və ödəmələr dövlət büdcəsini doldurmaq məqsədilə deyil, istehsalın iqtisadi stimullaşdırılması məqsədilə tətbiq edilir. "
Müstəqil Azərbaycan Respublikasının xarici siyasət strategiyasının prioritet istiqamətləri sırasında ABŞ-la ikitərəfli münasibətlərin qurulması və inkişaf etdirilməsi mühüm yer tutur.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlanan Azərbaycan-Amerika dialoqu və müstəqil dövlətimizin okeanın əks-qütbünə yönələn xarici siyasət xətti, nəinki bu çirkin erməni siyasətinə öz məqsədlərinə tam nail olmağa imkan vermədi, əksinə, tezliklə iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasına müsbət təsirini göstərdi.
Bu dövrdən başlayaraq, Azərbaycanın xarici siyasəti, o cümlədən, ABŞ ilə münasibətləri yeni mərhələyə qədəm qoyaraq, məqsədyönlü xarakter aldı və daha ardıcıl surətdə həyata keçirilməyə başladı. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin Sədri Heydər Əliyev 1993-cü ilin sentyabr ayında ABŞ prezidenti Bill Klinton, vitse-prezident Albert Qor və Konqresin spikeri Tomas Foliyə məktub göndərərək, ABŞ Konqresi tərəfindən qəbul edilmiş "907-ci düzəliş"in qeyri-obyektiv olduğunu əsaslandırmış və Azərbaycan barəsində ayrı-seçkilik bəndinin ləğv olunması üçün tədbirlərin görülməsini xahiş etmişdir. Vaşinqton dərhal bu məktuba reaksiya vermiş və öz nümayəndəsini Bakıya göndərilmişdir. Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci il oktyabrın 7-də ABŞ-ın Bakıda işgüzar səfərdə olan "Amerikares" humanitar təşkilatının fəxri sədri, görkəmli siyasi xadim Z.Bjezinskini qəbul edərkən demişdir: "Biz istəyirik ki, Azərbaycan haqqında həqiqət hər yerdə, xüsusən də, ABŞ-da və ölkənizin beynəlxalq əlaqələrlə, siyasətlə məşğul olan dairələrində bilinsin".
1995-ci il ərzində keçirilən bütün görüşlər, Azərbaycan Prezidentinin fəal səyi və məqsədyönlü siyasəti iki ölkə arasındakı münasibətlərin inkişafına və dərinləşməsinə mühüm təsir göstərdi. Getdikcə Azərbaycan-Amerika münasibətlərındə həlledici amilə çevrilən "907-ci düzəliş"in ləğvi, Ermənistan-Azərbaycan münaqişəsinə prinsipial qiymət verilməsi, Qafqaz siyasətinin əsas prioritetlərinin müəyyənləşməsi və bu regionun hər bir dövlətinə münasibət və s. strateji məsələlər Amerika ictimai-siyasi dairələrinin, kütləvi informasiya vasitələrinin, Konqresin, Senatın, hökumət dairələrinin və beynəlxalq qurumların əsas müzakirə mövzusuna çevrilməyə başladı.
Professor Əli Həsənov yazır: "Beləliklə, 1993-cü ilin ikinci yarısından başlanan məqsədyönlü xarici siyasət artıq 1994-cü ilin sonunda öz müsbət nəticələrini göstərdi və məlum oldu ki, 1988-1993-cü illərdə Azərbaycanın hakimiyyət dairələrinin görə bilmədiyi işlər Prezident Heydər Əliyevin rəhbərliyi altında cəmi bir ilə həyata keçirildi. Bu, hansı işlər idi?
- Əvvəla, erməni təbliğatı və onun yaratdığı mif darmadağın edildi, Qafqazda əsil vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyada açıqlandı və beynəlxalq ictimai rəy Azərbaycanın xeyirinə dəyişdirildi;
- İkincisi, atəşkəs əldə edildi və münaqişənin nəticələrini aradan qaldırmaq üçün xüsusi diplomatik iş quruldu. Bunun nəticəsində bir tərəfdən, Azərbaycan öz siyasəti ilə bütün dünyada sülhsevər, sivilizasiyalı ölkə kimi tanıdıldı, Avropanın və dünyanın ən böyük və nüfuzlu ölkələri ilə qarşılıqlı və ikitərəfli münasibətlər yaratmaq üçün ciddi iş aparıldı, digər tərəfdən, Dağlıq Qarabağ problemi və Ermənistan-Azərbaycan münaqişəsi ümumavropa təhlükəsizliyi müstəvisinə çıxarıldı;
- Üçüncüsü, ABŞ-ın və digər Qərb ölkələrinin iqtisadi və strateji maraqları, onları Azərbaycanla yaxından bağlamağın yolları öyrənildi və bu sahədə mühüm nailiyyətlər əldə edildi. Azərbaycanın strateji neft siyasəti ABŞ-ı və aparıcı Avropa dövlətlərini respublikamızla sıx bağladı, onların iqtisadi maraqlarını bizim milli dövlətçilik mənafelərimizlə tam uzlaşdırdı, Azərbaycanın bütün əlverişli şəraiti və əhəmiyyəti bu ölkələrin dövlət və iş adamlarına sübut edildi, Azərbaycan mövzusu ABŞ və Avropa dövlətlərinin ictimai təbliğat və kütləvi informasiya vasitələrində daimi müzakirə obyektinə çevrildi.
- Dördüncüsü, dünya siyasətinə önəmli təsir göstərən ABŞ-la qarşılıqlı-faydalı münasibətlər qurmaq sahəsində səylər artırıldı və bu istiqamətdə qarşıya qoyulan məqsədlərə əsasən nail olundu."
1995-1996-cı illər də iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyi dövr hesab oluna bilər. 1995-ci ilin may ayında alman faşizmi üzərində qələbənin 50 illiyinə həsr edilmiş mərasimlərdə iştirak edən Prezident Heydər Əliyev Moskvada ABŞ prezidenti Bill Klintonla, Londonda isə ABŞ-ın vitse-prezidenti Albert Qor ilə görüşmüşdür. Görüşlərdə qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə edilmişdir. Azərbaycan Prezidenti Heydər Əliyevin bölgədə tam müstəqil siyasət yeritdiyindən razı qaldığını qeyd edən prezident B.Klinton Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün ABŞ-ın öz səylərinin bundan sonra daha da gücləndirəcəyini, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə yardım edəcəyini bəyan etmişdir.
Professor Əli Həsənov Ulu Öndər Heydər Əliyevin Azərbaycan-ABŞ əlaqələrinin möhkəmlənməsində oynadığı rolu belə səciyyələndirir: "Azərbaycan Prezidenti Heydər Əliyevin iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəm təməlini qoyan tarixi Amerika səfəri bir daha aydın göstərdi ki, 1993-cü ildən ABŞ-la münasibətlər sahəsində Azərbaycanın xarici siyasəti qarşısında qoyulmuş bütün strateji və taktiki vəzifələr müvəffəqiyyətlə həyata keçirilib və bu sahədə nəzərdə tutulan məqsədlərə əsasən nail olunub. Bu illərdə:
- Birincisi, dünyanın fövqəldövləti hesab olunan ABŞ-la münasibətlərdəki kəskin qarşıdurma vəziyyəti aradan qalxmış, Azərbaycan Amerika maraqlarına və prinsiplərinə zidd siyasət yeridən, arzuolunmaz dövlətlər qrupundan, sivil və beynəlxalq prinsiplərə uyğun siyasət yeridən, sülhü, demokratiyanı, insan hüquq və azadlıqlarını qoruyan, dünya birliyinə və beynəlxalq təhlükəsizlik sisteminə inteqrasiya olunmağa səy göstərən, Amerikanın Qafqaz bölgəsində əsas siyasi, iqtisadi partnyoru və arzuolunan dövlətlər qrupuna müvəffəqiyyətlə daxil olmuşdur.
- İkincisi, Azərbaycanın müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq təhlükəsizlik problemləri ABŞ-ın bölgədəki siyasi və strateji maraqları ilə tam uzlaşdırılmış və bu məsələlərdə onun beynəlxalq himayəsi qazanılmışdır.
- Üçüncüsü, müstəqil Azərbaycan dövlətinin və xalqının iqtisadi mənafeləri ABŞ və onun "Atlantika Şurası" üzrə müttəfiqlərinin maraqları ilə uyğunlaşdırılmış, bu dövlətlərin güclü iqtisadi, maliyyə və qabaqcıl texnoloji imkanları məharətlə milli iqtisadiyyatımızın yüksəlməsinə və inkişafına cəlb edilmişdir.
- Dördüncüsü, Azərbaycanın həm dünya birliyinə, həm də Avropa və məhəlli təhlükəsizlik sisteminə inteqrasiya olunması yolunda rastlaşdığı müxtəlif problemlərin aradan qaldırılması, planetin sivilizasiyalı dövlətlərarası münasibətlər sistemində özünəməxsus yer tutması ilə bağlı ABŞ-ın hərtərəfli dəstəyi və himayəsi əldə olunmuşdur."
Azərbaycan-Amerika münasibətlərində yaranmış strateji tərəfdaşlıq əlaqələri təkcə respublikamız üçün deyil, bütün Qafqaz və Mərkəzi Asiya regionu üçün də çox böyük əhəmiyyət kəsb edir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru