Məlum olduğu kimi, 1980-ci illərin ikinci yarısında Sovet İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. Belə bir şəraitdə ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək, yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdülər.
1988-ci il hadisələri başlayanda ilk vaxtlar vəziyyəti son dərəcə gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların Moskvadakı himayədarları vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanan plan üzrə kütləvi mitinqlər və davamlı tətillər təşkil etdilər. Muxtar vilayətdə 1988-ci ilin əvvəllərinədək olan vəziyyəti əks etdirən rəqəmlərə nəzər saldıqda, sosial-iqtisadi inkişafın bir sıra sahələri üzrə DQMV-in Azərbaycanın digər bölgələrindən və Ermənistandan daha yüksək olduğu məlum olur. Lakin baş verən sonrakı hadisələr DQMV-in sosial-iqtisadi geriliyi barədə iddiaların yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olduğunu göstərdi.
Sovet rəhbərliyinin məsələyə vaxtında və prinsipial qiymət verməməsi, Ermənistanm əsassız ərazi iddialarının qarşısının alınmaması əvvəl Əsgəranda, sonra isə 1989-cu il yanvarın 12-də ermənilər tərəfindən hazırlanan xüsusi plan əsasında Sumqayıtda törədilmiş faciəli qarşıdurmalara gətirib çıxartdı.
SSRİ Ali Sovetinin Rəyasət Heyəti DQMV-də və onun ətrafında millətlərarası münasibətlərin gərginliyinin davam etməsi ilə əlaqədar və guya bunun qarşısını alıb regionda vəziyyəti sabitləşdirmək məqsədilə SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndinə əsasən, Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət statusunu saxlamaqla DQMV-də xüsusi idarə formasının tətbiq edilməsi haqqında fərman qəbul etdi. Həmin fərmanla DQMV-də bilavasitə SSRİ-nin ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı.
Bu komitə millətlərarası münasibətlərin kəskinləşməsinin qarşısını almaq və regionda vəziyyəti sabitləşdirmək məqsədilə yaradılsa da, əksinə, Xüsusi İdarə Komitəsinin fəaliyyət göstərdiyi müddətdə DQMV-də vəziyyət daha da kəskinləşdi. Komitənin sədri A.İ.Volski vəziyyəti sabitləşdirmək deyil, əksinə, gərginləşdirmək siyasəti yürütdü. Onun fəal "səyləri" nəticəsində az müddət ərzində vilayətin idarə və müəssisələrinin, demək olar ki, hamısı Azərbaycanın tabeliyindən çıxarılaraq, mərkəz tabeliyinə keçirildi. Bütün sənədlərdə DQMV Azərbaycanın tərkibindən çıxarıldı. Bu da yerli azərbaycanlı əhalinin ermənilər tərəfindən sıxışdırılmasına, az sonra isə kütləvi şəkildə qovulmasına şərait yaratdı.
Sovet rəhbərliyinin baş verən hadisələrə laqeyd münasibəti, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbinin vaxtında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi qiymətləndirilməməsi yaranmış vəziyyəti daha da ağırlaşdırdı. Bundan istifadə edən Ermənistan parlamenti 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında heç bir hüquqi əsası olmayan qərar qəbul etdi. 42 gün ərzində DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa sovet rəhbərliyinin fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin faktiki olaraq Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi baş verdi. Eyni zamanda, Ermənistan Respublikası mərkəzin himayədarlığı ilə Azərbaycanın digər ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə başladı.
1990-cı il yanvarın 15-də SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən DQMV-də və bəzi başqa rayonlarda fövqəladə vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul olundu. Daha sonra isə Sov. İKP MK, SSRİ Ali Soveti Rəyasət Heyəti və SSRİ Nazirlər Soveti Azərbaycan və Ermənistan xalqlarına müraciət etdi. Qəbul edilən qərar və müraciətdə təcavüzkarla təcavüzə məruz qalanın bərabər tutulması açıq-aşkar özünü göstərirdi. Bütün bunlar və erməni təcavüzünün qarşısının alınmaması Azərbaycanda SSRİ rəhbərliyinə olan inamı heçə endirmiş və çox böyük narazılıq yaratmışdı.
Bu dövrdə ermənilərin silah ələ keçirmək məqsədilə sovet ordusunun hərbi hissələrinə, o cümlədən, daxili qoşunlara etdiyi hücum və basqınları adi hal almışdı. Belə bir şəraitdə silahların ələ keçirilməsinə mərkəzi hakimiyyət tərəfindən etinasızlıq göstərilir və bilərəkdən göz yumulurdu. Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxarmış, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd digər bölgələrində erməni təcavüzünün daha geniş miqyas almasına şərait yaratmışdır. Bu illərdə Moskva-Bakı sərnişin qatarlarında, Tbilisi-Bakı, Bakı-Ağdam, Ağdam-Şuşa, Ağdam-Xocalı marşrutları üzrə hərəkət edən avtobuslarda törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı Moskvanın hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu.
1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan dövrdə Sovet İttifaqının hakim dairələri tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə minlərlə dinc sakin qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır.
Bu illərdə Sovet İttifaqının rəhbər orqanları regionda vəziyyəti sabitləşdirmək üçün səmərəli tədbirlər hazırlamaq və həyata keçirmək niyyətində olmadığını açıq-aşkar nümayiş etdirirdi. 1988-ci il hadisələri başlayan gündən Dağlıq Qarabağ məsələsi SSRİ-nin mərkəzi mətbuatının səhifələrində birtərəfli şəkildə geniş şərh olunur, informasiya blokadası Azərbaycanın ədalətli mövqeyini zəiflədirdi.
SSRİ hökumətinin, xüsusilə, onun başında duranların qətiyyətsizliyi və Azərbaycana qarşı açıq-aşkar ərazi iddiaları irəli sürən Ermənistana himayədarlıq etməsi səbəbindən hadisələr getdikcə mürəkkəbləşdi və hər iki respublika müharibə vəziyyətində qarşı-qarşıya dayandı. Moskvanın hakim dairələrində ermənilərin müdafiə olunması və Azərbaycanın o zamankı respublika rəhbərliyinin bütün bu hadisələrdə seyrçi mövqe tutması Ermənistanın Azərbaycana qarşı təcavüzünün daha da genişlənməsinə gətirib çıxartdı ki, bu da azərbaycanlıların öz yurdlarından kütləvi surətdə qovulması ilə nəticələndi.
Sovet İttifaqının mövcud olduğu illərdə mərkəzin himayədarlığı ilə öz məqsədlərinə müəyyən qədər nail olan ermənilər insan hüquqlarının müdafiəsi pərdəsi altında Dağlıq Qarabağa BMT qoşunları (əslində, rus əsgərləri nəzərdə tutulurdu) yeritmək və bütün bunlara beynəlxalq xarakter verməyə cəhd göstərirdilər. Beləliklə, SSRİ süqut etdikdən sonra ermənilər və onların havadarları Dağlıq Qarabağ məsələsini öz maraqları çərçivəsində beynəlxalq əhəmiyyətli problemə çevirmək üçün genişmiqyaslı kampaniyanın yeni mərhələsinə başladılar.
1990-cı ilin aprel ayının 7-də Yerevanda Erməni Ümummilli Hərəkatının (başçısı L.Ter-Petrosyan idi). Ermənistan milli ordusunun, müstəqillik ordusunun və başqa erməni hərbi birləşmələrinin rəhbərlərinin "birləşmiş hərbi toplantı"sı keçirildi. Toplantıda Azərbaycanın Dağlıq Qarabağ regionunda geniş miqyaslı hərbi əməliyyatlara başlamaq və regionu azərbaycanlılardan təmizləmək haqqında qərar qəbul olundu. Qeyd edək ki, belə bir əməliyyat 1988-cı ilin sonlarında Ermənistanda aparılmış və azərbaycanlıların yaşadığı 172 yaşayış məntəqəsinin hamısı tamamilə boşaldılmışdı, 1991-ci il aprelin 9-da isə Ermənistan Respublikasının Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə bunların 94-nün adları erməni adları ilə əvəz olundu.
Erməni-Azərbaycan münaqişə zonasında irimiqyaslı hərbi əməliyyatlar 1991-1992-ci illərdə geniş vüsət almağa başladı. Erməni hərbi birləşmələri ən müasir silahlardan istifadə edərək 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə DQMV-nin əhalisinin hamısı azərbaycanlı olan Xocalı şəhərini işğal etdilər. Qadınlar, uşaqlar, qocalar da daxil olmaqla 613 nəfər dinc Xocalı sakini vəhşicəsinə öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfər isə itkin düşdü. Azərbaycanın qan yaddaşına yazılan Xocalı soyqırımı, əslində, erməni faşizminin iç üzünü açıb göstərdi.
Sovet imperiyası tənəzzül edərkən fəallaşmış erməni millətçilərinin ilhamçısı təkcə Moskva deyildi. Erməni millətçi- sosialist "Daşnaksütyun" partiyasının 1985-ci ilin dekabrında Afinada keçirilən XXIII qurultayı sərsəm "Böyük Ermənistan uğrunda" mübarizəni yenidən genişləndirmək üçün yaranmış əlverişli şəraitdən səmərəli istifadə etməyə, qüvvələri birləşdirməyə çağırmışdı. "Qarabağ Komitəsi"nin Azərbaycan SSR-də, xüsusən, DQMV-də uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı bu millətçi təşkilatların bilavasitə köməyi ilə "Krunk" (durna) adı altında açıq fəal mübarizəyə başlamışdı. Dağlıq Qarabağ erməniləri arasında Ermənistanla birləşmək uğrunda "Miatsum" (birləşmə) hərəkatı genişlənirdi. Ona "55-lər komitəsi" adlı xüsusi orqan rəhbərlik edirdi.
İki xalq arasında milli ədavətin ilk qurbanları bu dəfə də Ermənistanda yaşayan Azərbaycan türkləri oldular. Öz dədə-baba yurdunda yaşayan Azərbaycan türkləri genosidinin, kütləvi qovulmasının son-dördüncü mərhələsi başlandı. Bunun üçün əvvəlcədən xüsusi silahlı dəstələr hazırlanmışdı, 1988-ci il yanvarın 25-də Ermənistanın Qafan və Mığrı rayonlarında bu cinayətkar dəstələrin əməllərindən yaxa qurtaran ilk qaçqınlar Azərbaycana pənah gətirdilər. Fevralın 18 və 23-də qaçqınların yeni dəstələri təqiblərdən yaxa qurtarıb Azərbaycana gəldi. Onlar, əsasən, Sumqayıt şəhərində və onun ətrafındakı məntəqələrdə məskunlaşdılar. 1988-ci il fevralın 19-da Yerevanda antitürk mitinqi keçirildi. "Ermənistanı türklərdən təmizləməli", "Ermənistanda ermənilər yaşamalıdır" və s. millətçi şüarlar irəli sürüldü. Erməni vandalları fevralın 21-də Yerevanda qalmış son məscidə hücum edib, bu müqəddəs ocağı dağıtdılar. Vedibasarda Azərbaycan türklərinə qarşı terror 1988-ci ilin əvvəllərində daha da genişləndirildi. Kəndlər talan olunurdu. Qız-gəlinlər, ağsaqqallar təhqir edilirdi. Heç yerdən köməyi olmayan, döyülmüş, alçaldılmış, dörd min nəfərə qədər adam ev-eşiyini atıb böyük çətinliklə, piyada, ayaqyalın-başaçıq qarlı dağ keçidləri ilə qaçıb Azərbaycana gəlməyə məcbur oldular. DQMV-dəki erməni millətçiləri bundan ruhlanaraq daha fəal siyasi aksiyalar keçirməyə başladılar. 1988-ci ilin əvvəllərindən Stepanakertdə erməni əhalisi ardı-arası kəsilməyən kütləvi mitinqlər, nümayişlər keçirirdi. Mitinqçilərin tələbi ilə fevralın 20-də vilayət sovetinin sessiyası Azərbaycan SSR Ali Sovetinə DQMV-nin statusuna baxılması haqqında müraciət qəbul etdi. Moskva münaqişəni daha da qızışdırırdı. Sov.İKP MK Siyasi Bürosunun Bakıya gəlmiş üzvü sərhədləri dəyişdirməyin yolverilməzliyindən danışır, Yerevana gedən üzvü isə DQMV-dəki separatçılığa haqq qazandırırdı.
Respublikanın suveren hüquqlarının tapdalanmasına Moskvanın, Azərbaycanın rəhbərliyinin qəti etiraz etmədiyini görən Azərbaycan xalqı böyük həyəcan içində idi. Kortəbii mitinqlər, etiraz nümayişləri olurdu. Ermənistandan azərbaycanlıların döyülüb, alçaldılıb qovulmasına, Yuxarı Qarabağda isə ermənilərin həyasız separatçı tələblərinə qarşı münaqişə zonasında yaşayan azərbaycanlılar, xüsusən, qəti etiraz edirdilər.
Erməni millətçiləri xarici ölkələrdə kök salmış lobbilərinin dünyanın əsas informasiya mərkəzlərinə təsir imkanlarından istifadə edib beynəlxalq ictimaiyyəti aldatmağa, öz istilaçılıq niyyətlərinə haqq qazandırmaq üçün ermənilərin cəfakeşliyi, azərbaycanlıların isə vəhşi, quldur, qaniçən olması haqqında yalan təsəvvürlər yaratmağa, xristian həmrəyliyinə nail olmağa, münaqişənin guya dini mahiyyət daşıdığını, hansısa qlobal xristian-islam qarşıdurmasının tərkib hissəsi olduğunu göstərməyə çalışırdılar. Öz qeyri-insani əməllərinə haqq qazandırmaq, azırbaycanlıları biabır etmək məqsədi ilə ermənilər böyük sensasiya yaradacaq dəhşətli bir faciə törətməyi planlaşdırırdılar. Onlar bu işdə Moskvanın himayədarlığına arxalanırdılar və Azərbaycanda sabitliyin pozulması ilə xalqın ciddi narazılığını mərkəzə çatdırmaq istəyən hakim dairələrin fəaliyyətsiz qalacağına əmin idilər. Bunun üçün ən münasib yer Sumqayıt şəhəri hesab olunurdu. Son iki ildə, xüsusən, 1988-ci ilin yanvar-fevral aylarında Ermənistandan zorla qovulmuş dörd min nəfərdən çox qaçqın buraya - qohumlarının yanına pənah gətirmişdi, milli iğtişaşa təhrikçilik üçün münasib şərait yaranmışdı.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru