PDF Oxu

MİA

  • 174 023

ATƏT-in Minsk Qrupunun yaradılması və fəaliyyəti

image

1992-ci ilin əvvəllərindən başlayaraq Dağlıq Qarabağ münaqişəsi daha çox beynəlxalq əhəmiyyətli problemə çevrildi. 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) üzvü oldu və həmin il iyulun 8-10-da ATƏM-in Helsinkidə keçirilən Zirvə toplantısında onun sənədlərini imzaladı. ATƏM-in üzvü olduqdan sonra Dağlıq Qarabağ münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq üzv dövlətlərin daha çox diqqət obyektinə çevrildi.

ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də keçirilən görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə edilərək, münaqişənin sülh yolu ilə nizama salınması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün ATƏM-in Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul edildi. Qərara alındı ki, Minskdə çağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilsin.

1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa və Laçının işğalı münaqişənin mahiyyətini dəyişərək yeni siyasi problem yaratdı və sülh missiyasını öz üzərinə götürmüş Minsk konfransının keçirilməsi yolunda maneəyə çevrildi. Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda qarşı tərəflər arasında ziddiyyətlərin qalması, xüsusilə, Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun üzvü olan böyük dövlətlərin mövqeyində də yekdil fikrin olmaması sülh prosesinin ləngidilməsinə və münaqişənin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxartdı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin vasitəçilik tarixinə nəzər salsaq və onu şərti olaraq mərhələlərə bölsək, bu mərhələlərin hər birinin xeyli dərəcədə Rusiya-Qərb qarşıdurmasının xarakterindən asılı olduğunu görərik. 1992-ci ilin martında Minsk Qrupu yaradılan zaman Rusiya bu təşəbbüsü müdafiə etsə də, dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən münaqişənin nizama salınmasına dair vasitəçilik səylərinin fəallaşması Rusiyanın siyasi dairələrində narahatlıq doğurmağa başlamışdı. Belə bir vaxtda münaqişənin dinc vasitələrlə həlli prosesində Rusiya təşəbbüsü beynəlxalq təşkilatların və dünya dövlətlərinin əlindən almağa və bununla da regionda özünün zəifləmiş mövqelərini möhkəmləndirməyə cəhd göstərirdi.

Öz məqsədlərinə nail olmaq üçün Rusiya Azərbaycana təzyiq göstərərək, qoşunlarını "sülhməramlı qüvvələr" adı altında münaqişə bölgəsinə gətirmək niyyətində idi. Lakin bu məqsədinə nail olmayan Rusiya Ermənistanda qoşunlarının sayını bir qədər də artırmış, onu gizli və aşkar yolla silahlandıraraq, Azərbaycan ərazilərinin işğal olunmasına dəstək vermişdir.

1997-ci ilin əvvəllərində Rusiyadan Ermənistana qanunsuz olaraq dəyəri 1 milyard dollardan çox olan müasir silahların verilməsi haqqında faktlar üzə çıxan zaman məlum oldu ki, Rusiya bu silahları 1993-cü ildən etibarən, yəni Ermənistan ilə Azərbaycan arasında qızğın hərbi əməliyyatlar getdiyi bir zamanda göndərilməyə başlamış və nəticədə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsinə şərait yaratmışdır. Ermənistanın silahlandırılması atəşkəs elan ediləndən sonra da davam etdirilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınması Ulu Öndər Heydər Əliyevin 1993-cü ildən başlayaraq xarici siyasət fəaliyyətində başlıca yer tutmuşdur. Dahi Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra münaqişənin aradan qaldırılmasına nail olmaq üçün ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də, çoxtərəfli görüşlərdə, ATƏT-in Zirvə toplantılarında, Minsk Qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, beynəlxalq forumlarda, həmçinin, Ermənistan prezidenti ilə birbaşa danışıqlarda göstərdiyi ardıcıl səylər dövlət başçısının apardığı siyasətin mühüm hissəsini təşkil etmişdir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq sahəsində təxirəsalınmaz vəzifələrindən biri davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qəti addımlar atmaqdan ibarət olmuşdur.

Bu məqsədlə Ulu Öndər Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə, Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü məsələsini beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün nüfuzlu beynəlxalq təşkilatların təsirini artırmağa çalışmışdır.

Ermənistan-Azərbaycan münaqişəsinin dinc vasitələrlə nizamlanması məqsədilə məhz Prezident Heydər Əliyevin qətiyyəti və gərgin fəaliyyəti sayəsində 1994-cü il mayın 12-də atəşkəs haqqında razılıq əldə edildi və bundan sonra ATƏT-in Minsk Qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı.

1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında beynəlxalq sülhməramlı qüvvələrin yaradılması və münaqişə bölgəsinə göndərilməsi qərara alındı. Bundan başqa, Budapeştdə həmsədrlik institutu da təsis edildi. Minsk konfransına iki həmsədrin təyin edilməsi və Minsk Qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edildi. Rusiyanın bu münaqişədə maraqlı tərəf olduğu nəzərə alınaraq, ATƏM-in Minsk konfransında, o cümlədən, Minsk Qrupunda həmsədrlik Rusiya və Finlandiyaya tapşırıldı. Bu razılıq təkcə Budapeşt görüşünə qədər gərgin olaraq qalan Qərb-Rusiya münasibətlərinin yumşaldılması deyil, həm də münaqişənin həlli istiqamətində Rusiyanın "fərdi sülhyaratma" istəyinin qarşısının alınması idi.

1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil etmiş olan sənəd Ermənistan-Azərbaycan münaqişəsini ədalətlə aradan qaldırmaq yolunda böyük siyasi nailiyyət sayıla bilər. Zirvə toplantısı zamanı Prezident Heydər Əliyevin gərgin əməyi və diplomatik istedadı sayəsində münaqişənin həllinin siyasi-hüquqi çərçivələrini müəyyənləşdirən xüsusi bir bəyanat qəbul edildi. Bu bəyanat, Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin yekun qərarında öz əksini tapdı.

ATƏT-in Lissabon Zirvə görüşündən sonra Rusiya ilə yanaşı, ABŞ və Fransa nümayəndələri də Minsk Qrupunun həmsədrləri təyin olundu. 1997-ci ilin ikinci yarısından indiyə kimi Minsk Qrupunun həmsədrləri Lissabon prinsiplərinə əsaslanaraq iki hissədən ibarət - Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 7 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə dair 3 təkliflə çıxış etmişlər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket" (bu variantda Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu) həlli, 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin "mərhələli" (bu variantda isə münaqişənin mərhələlərlə nizama salınması nəzərdə tutulurdu) həllindən ibarət idi. Azərbaycan Prezidenti həmin planlarla tam razı olmasa da, sülh prosesinin ölü nöqtədən çıxarılması məqsədilə həmsədrlərin hər iki təklifini qəbul etdiyi halda, Ermənistan tərəfi qeyri-konstruktiv mövqedən çıxış edərək həmin təkliflərlə razılaşmadı.

1998-ci il noyabrın 9-da həmsədrlər beynəlxalq hüquq normalarına zidd, həmçinin, Azərbaycan üçün qəbul edilməsi mümkün olmayan üçüncü təklifi irəli sürdülər. Bu təklif dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən "ümümi dövlət" təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşmanın göstəricisi idi.

ATƏT-in Minsk Qrupunun son təklifindən Azərbaycan tərəfi birmənalı şəkildə imtina etdikdən sonra, 1999-cu il fevralın 8-də Azərbaycan Prezidenti Heydər Əliyev Minsk Qrupunun həmsədrləri olan dövlətlərin (ABŞ, Rusiya, Fransa) başçılarına məktubla müraciət etdi. Minsk Qrupunun fəaliyyətini, xüsusilə, həmsədrlərin axırıncı təklifini ciddi surətdə tənqid edən dövlət başçısı "ümumi dövlət" ideyasının ATƏT-in prinsiplərinə uyğun olmadığını və sülh prosesinə xeyli zərər verdiyini göstərməklə yanaşı, ABŞ, Fransa və Rusiya dövlət başçılarını münaqişənin ədalətlə və tezliklə aradan qaldırılması üçün səylərini ciddi surətdə artırmağa çağırdı.

"Ümumi dövlət" prinsipi nizamasalma prosesinə ciddi maneçilik törətməklə yanaşı, münaqişənin həlli yollarına dair tərəflərin mövqeyindəkı ziddiyyətləri daha da dərinləşdirdi. Nəticədə, danışıqlar prosesində bir durğunluq yarandı və münaqişənin nizama salınması istiqamətində müsbət irəliləyiş əldə etmək mümkün olmadı.

ATƏM-in Xarici İşlər Nazirlərinin Helsinkidə keçirilmiş əlavə görüşünün qərarı (24 mart 1992-ci il)

3. Nazirlər Dağlıq Qarabağda və onun ətrafında əzabların artması və əhali arasında insan tələfatının çoxalması ilə nəticələnən hərbi münaqişənin davam etməsi ilə bağlı öz dərin təşvişlərini bildirdilər. Münaqişənin davam etməsi və genişlənməsinin regional və beynəlxalq təhlükəsizlik üçün törədə biləcəyi nəticələri xatırladaraq, münaqişənin dayandırılması yollarının və vasitələrinin geniş müzakirəsini apardılar. Onlar bütün tərəfləri dözümlülük göstərməyə çağırdılar.

4. Nazirlər yerlərdə atəşkəsi həyata keçirməyə cavabdeh olan komandirlərin fəal iştirakı ilə təcili olaraq və effektli şəkildə atəşin kəsilməsini qəti olaraq tələb etdilər. Onlar inam mühitinin, siyasi və iqtisadi təzyiq tədbirlərinin qəbul olunmasının dayandırılması da daxil olmaqla konstruktiv dialoq üçün şərtlərin bərpası ilə bağlı çağırışla müraciət etdilər.

5. Nazirlər ATƏM çərçivəsindəki hazırkı fəaliyyətin xülasəsini nəzərdən keçirdilər və Yüksək Vəzifəli Şəxslər Komitəsinin qəbul etdiyi qərara bütövlükdə razılıqlarını bildirdilər. Nazirlər ATƏM-in fəaliyyətdə olan Sədrinə bu məsələ ilə əlaqədar onlar tərəfindən qəbul olunmuş addımlara görə minnətdarlıqlarını bildirdilər və zərurət yaranarsa, ona bütün mümkün olan köməyi göstərməyə hazır olduqlarını bildirdilər.

6. Nazirlər Avropa İttifaqı və onun üzv dövlətləri, Müstəqil Dövlətlər Birliyinin üzv dövlətləri tərəfindən göstərilən qarşılıqlı tamamlayıcı səyləri, xüsusilə də, BMT-nin Baş katibi tərəfindən göstərilən səyləri alqışlayırlar.

Onlar ATƏM-in fəaliyyətdə olan Sədrindən bu məsələ ilə bağlı BMT ilə möhkəm əlaqələr qurmağı və requlyar informasiya mübadiləsi aparmağı xahiş etdilər. Nazirlər razılaşdılar ki, bu məsələyə münasibətdə sülh prosesinin inkişafı işində ATƏM mühüm rol oynamalıdır. Onlar razılaşdılar ki, Dağlıq Qarabağ və onun ətrafındakı vəziyyət ATƏM tərəfindən ardıcıl fəaliyyət tələb edir.

7. Nazirlər ATƏM-in Nazirlər Şurasının Sədri cənab İrji Dinstbirə atəşin kəsilməsinin effektivliyini əldə etmək və dəstəkləmək, həmçinin, hərtərətli dinc vasitələrlə nizamlama üçün şəraitin yaradılmasına kömək məqsədilə yaxın günlərdə regiona səfər etməsini həvalə etdilər.

8. Nazirlər ATƏM-in başçılığı altında Dağlıq Qarabağ üzrə Konfransın ATƏM-in müddəaları, vəzifələri və prinsipləri əsasında böhranın dinc vasitələrlə nizamlanması məqsədi ilə danışıqların aparılması üçün daimi fəaliyyət göstərən forumu təmin edəcəyini qəti əminliklə bildirdilər. Bununla əlaqədar olaraq, nazirlər təcili olaraq belə bir konfransın çağırılmasını ATƏM-in Nazirlər Şurasının fəaliyyətdə olan sədrindən xahiş etdilər.

9. Bundan başqa, nazirlər Minskdə təşkil olunacaq konfransın iştirakçılarının Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya Federasiyası, ABŞ, Tiirkiyə, Fransa, Çexiya və Slovakiya Federativ Respublikası və İsveç dövlətlərinin olması ilə razılaşdılar. Dağlıq Qarabağdan seçilmiş nümayəndələr isə konfransın üzvü olan dövlətlərlə məsləhətləşmələr aparıldıqdan sonra konfransın sədri tərəfindən maraqlı tərəf kimi dəvət olunacaqlar. ATƏM-in Nazirlər Şurasının fəaliyyətdə olan sədri ATƏM-in başçılığı altında olan Dağlıq Qarabağ Konfransının sədrini təyin edir.

10. Nazirlər ATƏM-in bütün üzv dövlətlərini və maraqlı tərəfləri beynəlxalq nəzarətin altında olan təhlükəsizlik dəhlizi də daxil olmaqla təcili və effektli vasitələrdən istifadə etməklə bütün ehtiyacı olan şəxslərə humanitar yardım göstərilməsinin təmin edilməsi üçün bütün zəruri olan addımların atılmasına təkidlə çağırdılar.

11. Nazirlər ATƏM-in fəaliyyətdə olan sədrinin regiondakı missiyasına, həmçinin, ATƏ-in şurasının razılığı ilə əldə olunmuş digər fəaliyyətlərə tam dəstək verməyin Ermənistanın və Azərbaycanın vəzifələri olduğunu nəzərə çatdırdılar.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər