PDF Oxu

MİA

  • 3 074

Hüquqi dövlət, modernləşmə və modern KİV

image

"Mükəmməlləşmə", "yeniləşmə", "müasirləşmə" mənasında işlənən "modernləşmə" bəşər tarixinin həyatına XX əsrdə daxil olmuşdur. Elmdə "modernləşmə" müasir dövrdə industral cəmiyyətdən informasiya cəmiyyətinə keçidi ifadə edir. Rusiya tədqiqatçısı Y.Meleşkina modernləşmə nəzəriyyəsinin öz inkişafında üç mərhələdən keçdiyini göstərir: XX əsrin 1) 50-60-cı illəri; 2) 60-70-ci illəri; 3) 80-90-cı illəri. Modernləşmə prosesləri müxtəlif terminlərlə ifadə olunur. Rusiyada bəzi tədqiqatçılar "konservativ modernləşmə", Qərb tədqiqatçılarından Y.Xabermas isə "moderniti" termini işlədir.

Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev göstərir ki, "moderniti" mədəniyyəti vaxtilə ətraf mühitdə fasiləsiz dəyişikliklər, istehsal vasitələrinin təkmilləşdirilməsi, maddi istehsal yolu ilə rasionalizmə, fərdiyyəçiliyə, elmi biliyə və rifaha bağlılıq kimi meydana gəlmişdir. Modrenləşməyə pan-Avropa ideyası kimi baxanlar var. Qərb, əslində dünyanı iki yerə bölür: müasir, moderniti cəmiyyətlər və ənənəvi, qeyri-Qərb cəmiyyətləri. Modernləşmə Qərbdə ənənəvi cəmiyyətlərin "moderniti" cəmiyyətlərə çevrilməsi deməkdir. Modernləşmə siyasəti Azərbaycanda Qərbi kor-koranə təqlid olunması deyil, tarixi, ənənəvi və milli xüsusiyyəti, özünəməxsusluğun nəzərə alınması əsasında həyata keçirilir. Azərbaycandakı modernləşməni ənənəviliyə bağlı olan "konservativ modernləşməyə" aid etmək olar.

Bundan başqa elmdə "modernləşmə mədəniyyəti", "texniki modernləşmə", "sosiomədəni modernləşmə" və s. ifadələri də işlənir. Rus tədqiqatçısı O.V.Baskakova "Rusiyanın siyasi modernləşməsi şəraitində kütləvi informasiya vasitələrinin transformasiyası" əsərində düzgün olaraq göstərir ki, "modernləşmə prosesi kütləvi informasiya vasitələri təsisatı olmadan qeyri-mümkündür". O, "kütləvi informasiya vasitələri institutu" dedikdə "insan əlaqələrinin, ünsiyyətinin, ictimai inteqrasiyanın genişlənməsinə səbəb olan, davranış nümunələrinin gerçəkləşməsi və yayılması mühitində fəaliyyət göstərən rabitənin bütün forma və vasitələrini" nəzərdə tutur.

B.Quliyevin fikrincə, cəmiyyətin siyasi-hüquqi təsisatlarında, sosial-iqtisadi, mədəni-mənəvi həyatında, insanların həyat tərzlərində, fərdi dəyərlərində baş verən dəyişikliklərə KİV öz təsirini göstərir. Eyni zamanda, bu modern dəyişikliklər öz əksini KİV-də tapır. Bu mənada ənənəvi medianın yerini tutan yeni informasiya-kommunikasiya texnologiyaları ictimai şüura yeni vasitə və üsullarla təsir edir.

Rus tədqiqatçısı S.A.Pankratovun sosiumun informasiallaşması şəraitində təklif etdiyi "modernləşmə mədəniyyəti" ifadəsi maraq doğurur. O, informasiya cəmiyyətinin yaranması şəraitində "modernləşmə mədəniyyətini" belə səciyyələndirir:

- İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə sosial və texniki tərəqqi ideyalarının hökmranlığı;

- Əsas ictimai və şəxsiyyətlərarası münasibətlərin kompüterləşməsi (informasiya kommunikasiyalarının inkişafı);

- Həyat tərzində də, sosial-iqtisadi və siyasi-hüquqi təsisatlarda da daimi innovasiyalara hazır olmaq və cəhd etmək;

- İnternet texnologiyasının tətbiqi hesabına şəxsi azadlıq və fərdiyyətiliyin genişlənməsi;

- İnternet mühitinə insan cəhdlərinin və özüntəşkilinin reallaşması obyekti kimi baxmaq;

- İdealların virtuallaşması və ideallaşmanın virtuallığı.

Göründüyü kimi, innovasion internet kommunikasiyanın tətbiqi cəmiyyətin modernləşməsində mühüm rol oynadığı kimi yeni informasiya texnologiyalarının modernləşməsi sosiumun informasiya cəmiyyətinə keçməsində həlledici amilə çevrilmişdir.

Azərbaycan tədqiqatçısı, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə modernləşmə və yeni informasiya mədəniyyətinin qarşılıqlı münasibətlərinə toxunaraq yazır: "Modernləşmə kursunun məğzi ondadır ki, bu halda zamanın çağırışlarına cavabları keçmişdə deyil, təsiri gələcəyə hesablanmış hal-hazırkı dövrün əsas təmayüllərinin dərk edilməsində axtarmaq lazımdır".

Müəllif "dövrün əsas təmayülləri" dedikdə burada yeni informasiya texnologiyalarının tətbiqi və inkişafına, informasiya mədəniyyətinə xüsusi önəm verir. O, düzgün olaraq qeyd edir ki, Azərbaycanın modernləşməsi "təkcə yeni texnologiyaların və bazar mexanizmlərinin" keyfiyyətli tətbiqindən asılı deyildir. İ.Məmmədzadə sosiomədəni modernləşmə üçün "keyfiyyətcə yeni qarşılıqlı münasibətlərin, kreativ innovasion şüurun köməyi ilə millətin sivil yeniləşməsini şərtləndirə bilən instiututların yaradılmasını" təklif edir. Şübhəsiz ki, bu institutlardan biri kütləvi informasiya vasitəsi və informasiya mədəniyyətidir. "İnformasiya mədəniyyəti biliklə yüklənən mədəniyyətdir. Başqa sözlə, istənilən biliyi tapıb istifadə edə bilən mədəniyyətdir".

Modernləşmə informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən və inkişafından asılı olan prosesdir. Müasir dövr - XXI əsr informasiya cəmiyyətinin yaranması, bu cəmiyyətdə kompüter informasiya texnologiyasının, informatika, telekommunikasiya, rəqəmsal texnologiyanın inkişafı əsridir. Kütləvi informasiya vasitələri sənayesində, qlobal və beynəlxalq kommunikasiyada əsl inqilabi çevriliş baş vermişdir. İndi vizual kommunikasiyalar, peyk texnologiyası, mikrodalğalar, hava lazerləri, videomətn texnologiyası sahəsindəki uğurlar KİV-in modernləşməsini şərtləndirən amillərdir. Lakin yeni texnologiyaların inkişafı özlərilə problemlər də yaradır. "Bir tərəfdən bəzi texnologiyalar onun haqqında geniş informasiya olmadan istehsalın kifayət qədər sürətli olmayacağı nəzəriyyəsi əsasında meydana gəlir. Bəzən ideya və ya məhsul elə tez dəbə düşür ki, o, əvvəllər nəzərdə tutulmayan, qarşıya çıxmayan problemlər gətirir".

Qərbdə belə problemlər kimi "texnologiya ilə bağlı qanunvericilik və etik problemlər" göstərilir. Xüsusilə bu cür qanuni problemlərə "sənaye standartları, sahibkarlıq, müəlliflik hüququ, məxfilik və təhlükəsizlik məsələləri" aid edilir. Buraya sosial və fərdi məsələlər, iş strukturlarındakı dəyişiklik və bərabər imkanlar da əlavə edilir.

Siyasi, iqtisadi və mədəni modernləşmə vəhdətdə olan prosesdir. "Siyasətdə modernləşmə sosiomədəni şəraitlə sıx qarşılıqlı əlaqədədir. Buna görə siyasi modernləşmə ilə yanaşı, eyni zamanda, mədəni modernləşmə problemlərini də həll etmək lazımdır. Söhbət, hər şeydən əvvəl ideya-dəyər yönümü və davranış alqoritmlərindən gedir". Müəllif doğru olaraq iqtisadi və siyasi modernləşmənin mədəni-mənəvi dəyərlərin modernləşməsinə nüfuz etdiyini, bütün bunların isə öz növbəsində ictimai inkişafa səbəb olduğunu göstərir. Akademikin fikrincə, həmin ideyalar "demokratik layihələrin reallaşması prosesinə - hüquqi dövlət və demokratik cəmiyyətin təsisatların yaranmasına təsir edir". Şübhəsiz ki, bu təsisatların içərisində "dördüncü hakimiyyətin" - KİV-in xüsusi yeri var. Modernləşmənin əsasını təşkil edən innovasion sistemin kreativ ("yaradıcı") şüurun yaradılmasında yeni informasiya-kommunikasiya texnologiyaları əsas rol oynayır. Modernləşmə, kreativlik və innovasion proseslərin qarşılıqlı əlaqəsindən bəhs edən Hans Yoans "kreativliyi - sosial fəaliyyətin müxtəlif versiyaların ümumiləşdirilməsini" məqsədəuyğun hesab edir". "Kreativ inqilabın" əsas səbəbi innovasion proseslərin vəhdəti və bir-birini gücləndirməsidir.

Azərbaycan tədqiqatçısı fəlsəfə üzrə elmlər doktoru Afaq Rüstəmova yeni informasiya texnologiyalarının bəşəriyyət üçün müsbət rol oynadığını, qarşılıqlı anlaşma, qarşılıqlı əməkdaşlıqda həlledici amil olduğunu, müxtəlif mədəniyyətləri yaxınlaşdırdığını qeyd etməklə yanaşı, onun ictimai şüurun manipulyasiyanı asanlaşdırdığını da diqqətə çatdırır: "KİV tərəfindən ictimai şüurun manipulyasiyası, informasiyanın "zombiləşdirmə" imkanları, reklamın süggestiv (təlqinedici) təsiri qeyd edilən problemlərin cüzi bir qismini təşkil edir". Müəllif KİV-in modernləşməsində müsbət cəhət kimi düzgün olaraq "sosial sərhədlərin, "zaman və məkan amilinin öz əhəmiyyətini itirdiyini, vahid sosial kommunikasiya strukturlarının formalaşması prosesini" qeyd etməklə yanaşı, mənfi cəhət kimi kommunikasiya imkanlarının artmasının özgələşmə proseslərinin sürətlənməsinə də səbəb olduğunu diqqətə çatdırır.

Tədqiqatçıların əksəriyyəti informasiya-kommunikasiya texnologiyalarının təsiri nəticəsində informasiya və biliyin vəhdəti, informasiya cəmiyyətində onların üstünlük təşkil etdiyi qənaətinə gəlmişlər. İnformasiya cəmiyyətində modernləşmə bütün sahələri əhatə edir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər