Dünyada hər bir sahədə, o cümlədən, hüquqi dövlətdə idarəetmə proseslərinin bu qədər genişləndiyi bir zamanda bu sahədəki boşluq yolverilməzdir. Diqqətlə fikir versək, bizim hamımızın həyatının daima bu əlaqənin təsiri altında olduğunu görərik. Axı şüurlu və fəaliyyətdə olan hər bir insan daima nəyi isə idarə etməklə məşğuldur. Ən azı o özü-özünü, ailəsini, ailə büdcəsini idarə edir. Ə.Qəşəmoğlu yazır ki, bir var hər hansı bır şeyin mahiyyəti barədə düşünmək, bir də var həmin şeyin mahiyyətini idarəetmədə nəzərə ala bilmək məharəti. Hər kəsin fəaliyyətində bunların hər ikisi olduqca vacibdir. Hər bir kəs də, əslində, bu işin hər ikisi ilə də həmişə bu və ya başqa dərəcədə məşğul olur. Hələ lap qədim zamanlardan insanlar hər hansı bir şey barədə düşünəndə onun hansı əsas xüsusiyyətlərinin olduğunu, idarə etmək istədikləri obyektlərdə bu xüsusiyyətlərin bəzilərini nəzərə almağa çalışırdılar. Məsələ bu işi nə dərəcədə, hansı şəkildə həyata keçirməyi bacarmaqdan ibarətdir. Sadə məsələlərdə mahiyyəti dərk etmək, onu nəzərə almaq təfəkkürlü adam üçün o qədər də çətin deyil. Amma mürəkkəb məsələlərdə bu məsələ elmin, xüsusilə, sistemli yanaşma metodlarının, kompüterin, başqa köməkçi vasitələrin köməyi olmadan mümkün deyildir. Bəzi insanlara bu mövzu o qədər də əhəmiyyətli, diqqətəlayiq görünməyə də bilər. Amma tarixə, ətrafımıza fikir versək, hər addımda idarəetmə zamanı mahiyyətə lazımi şəkildə diqqət yetirilməməsinin acı nəticələrini görə bilərik. Misal üçün, SSRİ kimi nəhəng bir ölkə həm də ona görə dağıldı ki, bu dövlət yaradılarkən və idarə edilərkən nə tarixi proseslərin mahiyyəti, nə əhatə etdiyi ölkənin coğrafi-etnik xüsusiyyətləri nə də bir sıra bu kimi başqa amillərin özəllikləri lazımi şəkildə nəzərə alınmamışdı. Övladının xüsusıyyətlərini nəzərə almadan onu hansısa bir sənəti öyrənməyə məcbur edən valideyn də beləcə uğursuzluğa məhkumdur. Qarabağ probleminin həlli sahəsində həm də ona görə uğur qazana bilmirik ki, problemin mahiyyətini dərindən öyrənərək, bunu onun həlli sahəsində apardığımız işlərdə nəzərə ala bilmirik. Bir çox hallarda hər birimizin fəaliyyətində müəyyən uğursuzluqların əsas səbəblərindən biri həm də yerinə yetirmək istədiyimiz işin mahiyyətinə lazımi diqqət vermədən tələsik qərar çıxarmağımız olur. İndiki vaxtda, dünyada gedən nəhəng qlobollaşma prosesinə subyektiv müdaxilə edən dünyanın güc mərkəzlərinin də yer üzünün mahiyyətini düzgün nəzərə almamalarının acı nəticələri göz qabağındadır.
Ə.Qəşəmoğlu göstərir ki, idarəetmədə mahiyyətin lazımi şəkildə nəzərə alınmamasının bir səbəbi intellektual, elmi imkanların məhdudluğudursa, daha mühüm səbəbi bu sahədə vərdişlərin olmaması, təcrübəsizlik, metodoloji səhvlərdir. Hər hansı bir obyekti, prosesi idarə edərkən idarəetmə mexanizmi müxtəlif şəxslər tərəfindən müxtəlif şəkildə qurulur. Kimisi qarşısına konkret məqsədlər qoyur və nəyin bahasına olursa-olsun, həmin məqsədə çatmaq istəyir. Başqa birisinin öz konkret məqsədi olmasa da, başqalarını yamsılamağa çalışır. Bu zaman hüquqi dövlətdə idarə edilən obyektin əsas xüsusiyyətləri yaddan çıxır. Bu isə istər ailədə, müəssisədə, hər hansi səviyyəli bir idarəetmədə avtoritarlıq, xaos, uğursuzluq yaranmasına səbəb olur. İndiki dövrdə insanlığın, vətəndaşlığın, həyatın, ömrün, şəxsiyyətin, ailənin, tutduğu vəzifənin, karyerasının, nüfuzunun mahiyyətini yada salmadan, nəyin bahasına olursa-olsun, varlanmaq, milyoner olmaq həvəsinə düşənlərin, biri-biri ilə yarışanların çoxaldığını görürük. Onlar arasında böyük uğur qazananlar da olur. Amma bu uğurların əksəriyyəti qısa və ya bir qədər uzanan zaman kəsiyində əldən də çıxır. Bir çox cinayətkarlıq halları da elə bu səbəblərdən doğulur.
Ə.Qəşəmoğlu göstərir ki, bir sıra hallarda, müstəqillik yoluna təzə qədəm qoymuş ölkələrdə dərhal başqa ölkələrin təcrübəsindən istifadə etməyə üstünlük verilir. İstər təhsil, mədəniyyət sisteminin, istərsə iqtisadiyyatın, sosial problemlərin və s. həllində qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməyə çalışırlar. Bu məsələ xüsusi ilə qanunvericilik sahəsində özünü olduqca qabarıq göstərir. Başqa ölkələrin qanunlarından istifadə edərək qanunlar hazırlanır və qəbul olunur. Nəticə də əksər hallarda arzu edilən səviyyədə olmur. Başqa ölkələrin təcrübəsi lazımi nəticəni vermir, qanunlar uğurla işləmir və s. Bu təbiidir və belə də olmalıdır. Çünki başqa ölkələrin qanunları o ölkənin mahiyyətinə uyğun olaraq hazırlanmışdır və o ölkənin də idarəetməsində uğurlu nəticələr verir. Bu qanunlar bu biri ölkənin mahiyyətinə uyğun olmadıqda isə, təbii ki, ortaya arzuolunmaz nəticələr çıxacaqdır. İstər obyektin mahiyyətinin lazımi şəkildə dərk olunması, istərsə də bu mahiyyətin idarəetmədə uğurla nəzərə alınması yalnız sistemli yanaşmanın köməyi ilə mümkündür.
Hüquqi dövlətdə insanın yaratdığı idraki sistemləri idarə etdikdə bu idarə tamamilə nəzarət altında ola bilər (o sistemin elementlərinin və idarə edən insanın özünün də təbii sistemlər olduğunu nəzərə alsaq, bunun da nisbi olduğunu görərik). Təbii sistemləri idarə etdikdə isə insanın idarə etməsi ilə yanaşı özünün yön aldığı bir hədəfin, müəyyən bir fəaliyyət trayektoriyasının da olduğunu nəzərə almaq lazımdır. Bu zaman aydındır ki, insanın həyata keçirdiyi idarəetmə, təbii inkişaf trayektoriyasına zidd olmamalıdır Bu ziddiyyət nə qədər böyük olarsa, idarəetmənin də o qədər uğursuzluğa düçar olacağı qaçılmazdır. Əslinə qalsa bu, hər iki sistem üçün doğrudur. Amma təbii sistemlərdə bu məsələ daha ciddidir. Dediklərimizi misallar vasitəsilə izah edək. Təyyarəni insan yaratmışdır. Amma təyyarəni idarə edəndə, onun mahiyyətinə uyğun olaraq idarə etmək lazımdır. Belə olmadıqda qəzanın baş verəcəyi qaçılmaz bir haldır. Tutaq ki, təyyarədən avtomobil kimi istifadə edildi. O zaman o, tezliklə dağılacaqdır. Yaxud həmin təyyarəyə mümkün olduğundan çox yükləndikdə, yenə də qəza baş verəcəkdir. Və yaxud səmada həmin təyyarəyə mümkün olduğundan artıq sürət verilir, onun imkanları xaricindəkı uçuşlar edilməyə çalışılır. Bu halda da qəzanın baş verəcəyi şəksizdir. Yaxud tutaq ki, təyyarəni bütün tələblərə uyğun olaraq idarə edirik, lakin onun hissələri keyfiyyətsiz materiallardan hazırlanıb, özü keyfiyyətsiz yığılıb, yenə də nəticənin necə olacağı məlumdur.
Təbiətin sistemlərində məsələ bundan da mürəkkəbdir. Hər hansı bir məqsədyönlü sistemi idarə ediriksə, həmin sistemin can atdığı məqsəd- təbii mövcudluq yolunda seçdiyi trayektoriya idərə prosesində çox mühüm rol oynayacaqdır. Misal üçün, tutaq ki, biz hər hansı bir çayın məcrasını dəyişmək istəyirik. Bu zaman biz istər - istəməz çayın xüsusiyyətlərini, yön aldığı istiqaməti, ümumiyyətlə, çayın missiyasını nəzərə almalıyıq. Əgər nəzərə almasaq, bu amillər bizdən asılı olmayaraq da gördüyümüz işə təsir edəcək. Öz hökmlərini göstərəcəklər. İnsan müalicə edilirsə, yəni onun sağlamlığı idarə olunursa, yenə də insanın, onun orqanizminin, fərdi xüsusiyyətlərinin nəzərə alınması hökmən vacibdir. Bunun kimi də istənilən sosial qrupun, şəhərin, ölkənin, bütün yer üzünün idarə olunmasında həmin sistemin stixiyası, missiyası, psixoloji xüsusiyyətləri təbii olaraq yön aldığı istiqamət hökmən nəzərə alınmalıdır.
Ümumiyyətlə, fəlsəfədə "mahiyyət və idarəetmə" mövzusunun geniş araşdırılmasına olduqca böyük ehtiyac vardır. Misal üçün, tutaq ki, hər hansı bir yaşayış məntəqəsində işsizlik problemi vardır. Bu ciddi problemi ortadan götürmək üçün bu ərazidə işsizliklə bağlı mövcud sosial sistem müəyyənləşməli və idarə edilməlidir.
Ə.Qəşəmoğlunun fikrincə, iş yerləri açmaq üçün bir çox tədbirlər barədə duşünmək olar. Misal üçün, bu məntəqədə mineral sular zavodu, konserv zavodu, elivator və s. də tikmək olar, qurğuşun, alüminium, kağız istehsal edən zavod da. Birinci tip zavodlar ekoloji cəhətdən elə bir təhlükəyə malik olmadıqları, əhalinin qidalanmasına da yardım edəcəyi halda ikinci tip zavodlar ekoloji cəhətdən çox təhlükəli zavodlardır. Əgər bu ərazidə əhalinin ekologi təhlükə barədə məlumatları azdırsa, eyni zamanda, bu zavod ətrafdakı flora və faunaya da ciddi zərbə vuracaqsa, özündən qat-qat qiymətli sərvətləri məhv edəcəksə, o zaman belə bir zavodun tikilməsi sosial problemin həlli yox, bu əraziyə, bu əhaliyə düşmənçilikdir. Dediklərimizə misal olaraq ötən əsrin 50-ci illərində sovet rejiminin Bakı şəhərinin lap "burnunu ucunda" saldığı Sumqayıt şəhərini göstərmək olar. Bir-birinin yanında tkilmiş onlarca kimya zavodları bu şəhərdə bir cəhənnəm mühiti yaratmışdı. O biri tərəfdən isə Sumqayıt şəhərinin salınması mədh edilir, böyük bir şücaət kimi qiymətləndirilirdi. "Tərpənir hər qarış yer Sumqayıtda xarüqələr yaradır, el Sumqayıtda..." sətirli mahnı uzun zaman dillər əzbəri olmuşdu. Başqa misallar olaraq, Gəncədəki alüminium zavodunu, Əli Bayramlıda istilik-elektrik stansiyasını, Yevlaxda yun zavodunu və s. göstərmək olar. Problemin belə həlli ac adama zəhər qatılmış çörək vermək kimi dəhşətli bir hadisədir. Təbii ki, ölkədə belə zavodlar da tikilməlidir. Amma onlar üçün münasib yer seçilməli, ekoloji, texniki təhlükəsizlik qaydalarına maksimum riayət edilməli müxtəlif təhlükəsizlik tədbirləri görülməli və əhali arasında belə obyektlə yanaşı yaşamaq, orada işləmək üçün ciddi maarifləndirmə işi aparılmalıdır.
Ekoloji cəhətdən təhlükəli olmayan zavodlar da bəzən başqa cəhətdən təhlükəli ola bilər. Misal üçün, balaca bir rayon mərkəzində tikilmiş şərab zavodu, bir sıra ciddi tədbirlər görülməzsə, az bir vaxtda bütün rayon alkoqollar məskəninə çevrilə bilər.
Ə.Qəşəmoğlu yazır: "Bunlar məsələnin ümumi tərəfi. Əslində isə idarəetmənin meyarlarının seçilməsi ilə hər birimiz hər addımda qarşılaşırıq. İnsanların hər biri, bütün fəaliyyətləri dövründə bu və ya başqa dərəcədə idarəetmə məsələləri ilə məşğuldur. Hər kəs səhərdən-axşama qədər, müxtəlif qərarlar qəbul edib, qarşılarına müxtəlif məqsədlər qoyaraq bu məqsədə çatmaq üçün fəaliyyət göstərməkdədirlər. Kimi öz işlərini idarə edir, kimi ona tapşırılan işi, kimi ailəsinin, təşkilatının, dostlarının işini idarə edir və s. Bu işlər şəxsi, intim, məişət xarakterli, siyasi, biznes xarakterli və s. ola bilər. Hər dəfə də hər şəxs fəal ya qeyri-fəal, lap şüuraltı olaraq belə hansı yolun daha düzgün olduğu barədə düşünür. Bu sahədə isə konkret, yekdil bir tövsiyə yoxdur. Amma belə bir tövsiyyəyə böyük ehtiyac vardır. Bu məslənin elmi olaraq araşdırılması, elmi nəticələr əsasında hansı yolun daha üstün olması barədə müzakirələr aparılması olduqca vacibdir. Sürətlə qlobollaşan, insanların sayının, qarşılıqlı əlaqələrinin durmadan artdığı bir zamanda idarəetmə meyarlarını da obyektiv olaraq qiymətləndirilməsi olduqca mühüm məsələdir. Çünki günü-gündən bir vahid, olduqca mürəkkəb olan, fəallaşan sistem halına gələn yer üzündə insanların birgəyaşayış normaları hər bir hərəkətin daha dəqiq olmasını tələb edir. Əks halda, birinin fəaliyyəti o biri üçün birbaşa, özü üçünsə dolayısı olaraq ciddi problemlər yaradacaqdır. Elə bütün tarix, yaşadığımız dövr də bu əlaməti ilə xarakterikdir. Yer üzündəki bəlaların çoxunun kökündə də insanlara öz davranışlarında, istənilən miqyasda idarəetmə prosesində də konkret meyarların olmaması dayanır. Qloballaşma sürətləndikcə, bu boşluğun fəsadları daha da təhlükəli olmaqdadır."
Müasir vaxtda, kimi Avropa həyat tərzinə, Avropanın hüquqi dövlətdə prinsiplərinə, kimisi Şərq, yaxud islam, xristian, yəhudi və s. kimi dinlərin tələblərinə uyğun davranışa üstünlük verilməsini məqbul sayır. Mahiyyəti axıra qədər aydın olaraq izah edilməsə də, demokratik prinsiplərlə idarəetmə geniş təbliğ olunur. Bir çox filosofların, sosioloqların, psixoloqların və s. ortaya qoyduqları müxtəlif idarəetmə prinsipləri vardır.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru