PDF Oxu

MİA

  • 6 451

Hüquqi dövlətdə dövlətçilik və azərbaycançılıq ideologiyasının təbliğində KİV-in rolu

image

KİV-də öz əksini tapan dövlətçilik ideologiyası insanların öz dövlətinə hörmət və ehtiram bəsləyən bir vətəndaş kimi yetişdirir, onlarda vətənə məhəbbəti, dövlət və xalq mənafeyini hər şeydən üstün tutmağı formalaşdırır. Ulu Öndər Heydər Əliyevə görə, dövlətçilik ənənələri dövlətçilik ideologiyası, dövlətçilik psixologiyası və dövlətçilik praktikasının vəhdətindən yaranır.

Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev yazır ki, dövlətçilik ideologiyası cəmiyyətdə hüquqi və siyasi mədəniyyəti yüksəltməklə insanların şəxsi həyatının, şəxsi maraqlarının xalqın mənafeyilə əlaqələndirilməsini, dövlətin idarə olunmasında xalqın iştirakının və beləliklə demokratik idarəçiliyin gerçəkləşməsini, dövlətçilik şüurunun dövlətçilik praktikası ilə uzlaşmasını təmin edir.

Dövlətçilik ideologiyası, iqtisadi təfəkkür və iqtisadi mədəniyyətə də sıx bağlıdır. Dövlət tərəfindən iqtisadi islahatların həyata keçirilməsi ictimai, şəxsi mənafeyi və həyat tərzi ilə bağlılığı da nəzərdə tutur.

Dövlətçilik ideologiyası kimi azərbaycançılıq ideologiyası xalqın milli-mədəni kimliyini müdafiə və qoruyan hüquqi-demokratik dövlətlə insanların bütün sosial-mədəni maraqlarını birləşdirir. Bu ideologiya Azərbaycan cəmiyyətində vahid sosiumun – bütün azərbaycanlıların və ölkəmizdə yaşayan xalqların milli birliyini formalaşdıran qüdrətli bir fenomen kimi çıxış edir.

F.ü.f.d. B.Quliyevin fikrincə, KİV-də dövlətçilik şüuru və ənənələrinin və azərbaycançılığın təbliği ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında KİVDF-nin iki layihəsi həyata keçirilmişdir:

1. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqaməti üzrə "KİV-in Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsi və təbliğində rolu".

2. Azərbaycançılıq ideyasının təbliği istiqaməti üzrə "Azərbaycançılıq ideyasının təbliğində KİV-in rolunun artırılması" layihəsi.

Birinci istiqamət üzrə dövlətçilik tariximiz və dövlətçilik ənənələrimiz qədim dövrdən müasir dövrədək tədqiq olunmuş, burada aşağıdakı məsələlər şərh olunmuşdur:

* Azərbaycanın qədim, orta əsrlər və indiki dövlətlərinin yaranması tarixi inkişaf mərhələləri və süqutunun səbəbləri araşdırılmışdır.

* Dövlətçilik tariximizlə yanaşı, milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliği ilə əlaqədar yazılar çap olunmuşdur.

İkinci istiqamət üzrə aşağıdakı məsələlər öz əksini tapmışdır:

* Azərbaycançılıq ideyasının yaranması tarixi, inkişafı və sosial-fəlsəfi mahiyyəti;

* XIX əsrdə azərbaycançılıq ideyası: maarifçilik fəlsəfəsi və azərbaycançılıq;

* Maarifçi filosofların əsərlərində azərbaycançılıq ideyası;

* Azərbaycan Xalq Cümhuriyyətinə aparan yolda milli ideya axtarışları: azərbaycançılıq, türkçülük və islamçılıq;

* XX əsrin sonlarında milli azadlıq hərəkatında azərbaycançılığın rolu;

* Müstəqil Azərbaycan Respublikası və azərbaycançılıq;

* Azərbaycançılıq milli ideologiya, siyasi, dövlətçilik, ideologiya, ədəbi-estetik təlim, "milli mətbuat və etnik şüur, elmi-dini, maarifçilik mənəvi özündərk nümunəsi kimi;

* Azərbaycançılıq və milli-mənəvi dəyərlərimiz;

* Azərbaycançılıq və dövlətçilik, azərbaycançılıq və türkçülüyün qarşılıqlı münasibətləri, azərbaycançılıq milli həmrəylik və xalq dostluğu tolerantlıq kimi;

* Azərbaycançılıq ideologiyasının inkişafında Ulu Öndər Heydər Əliyevin rolu;

* Azərbaycançılığın müasir tədqiqi.

Müasir Azərbaycanın müxtəlif KİV və elm sahələrində azərbaycançılıq ideyası və ideologiyası artıq tədqiqat obyektinə çevrilmişdir.

KİV-də öz əksini tapan əsərlərdə göstərilir ki, Azərbaycanın dövlətçilik ənənələri zəminində XIX əsrdə və XX əsrin əvvəllərində daha da inkişaf edən azərbaycançılıq 1918-ci ildə Şərqdə ilk demokratik dövləti - AXC-ni yaradan ideologiyaya çevrildi, XX əsrin 70 illik totalitar ideologiyaya əsaslanan sovet dövründə xalqın əsas müqavimət gücünə, əsrin sonunda müstəqil Azərbaycanın azadlıq məfkurəsinə çevrildi.

Sona xanım Vəliyevanın qeyd etdiyi kimi, bu gün azərbaycançılıq ideologiyası, Yaşar Qarayevin təbirincə söyləsək, özünün növbəti - üçüncü səviyyəsinə yüksəlməkdədir. Görkəmli alimin fikrincə, "milli ideya dövlətçilik hüdudunda milli məfkurəyə o zaman çevrilir ki, bu ideyaya sahiblikdə, üstəlik, dövlət ərləri və öndərləri ilə ziyalı elita və bütöv əhali arasında monolit həmrəylik hökm-fərma olur. Əzəli, əbədi Azərbaycanı yumruqda birləşdirən mənəvi cazibə məkanı da indi yalnız bütövlüyün məhvərində yarana bilər".

Azərbaycan tədqiqatçısı Mübariz Yusifov azərbaycançılıq ideyalarının azərbaycançılıq anlayışı ilə üzvi şəkildə bağlı olduğunu göstərərək yazır: "Azərbaycançılıq ideyaları bütövləşir, ümumiləşir və azərbaycançılıq anlayışını yaradır. Azərbaycançılıq anlayışının yaranmasında ümumiləşən azərbaycançılıq ideyalarının bazasını ictimai təfəkkürün mövcudluğu, milli-mənəvi dəyərlər və müstəqil dövlətçilik ənənələri təşkil edir. Azərbaycançılıq anlayışının özü isə cəmiyyət həyatında çox mühüm ictimai, siyasi, ideoloji və hərəkətverici əhəmiyyət daşıyan milli şüur mənasında başa düşülür". Beləliklə, müəllif azərbaycançılıq anlayışının daxili məzmununu belə səciyyələndirir: azərbaycançılıq ictimai təfəkkürdə milli-mənəvi dəyərlər və müstəqil dövlətçilik ənənələri əsasında formalaşan milli şüurdur. Bu, o deməkdir ki, ictimai təfəkkürdə xalqın şüurunda milli ideyaların təşəkkül tapması, milli-mənəvi dəyərlər də yarana bilməz. İctimai təfəkkürdə yaranan milli-mənəvi dəyərlər isə dövlətçilik şüuru tərəfindən qorunur, zənginləşir və inkişaf edir.

F.ü.f.d. B.Quliyev yazır ki, dövlətçilik şüuru, psixologiyası və ideologiyası sayəsində milli ideyalar daha geniş dairədə, xalqın təfəkküründə reallaşa bilər. Azərbaycançılıq tarixi və müasir anlayış kimi cəmiyyətin inkişafının bütün dövrlərində və hazırkı mərhələdə də ictimai-siyasi və mənəvi fenomen kimi çıxış edir. Bu gün azərbaycançılıq KİV-in bütün tipologiyasında öz əksini taparaq rəsmi dövlət siyasətində, yaradıcı insanların ədəbi-bədii fəaliyyətində, mədəniyyət və incəsənət əsərlərində, dilçilikdə, ictimai həyatın bütün sahələrində böyüklərə hörmət, milli-mənəvi dəyərlərə ehtiram, dövlət rəmzlərinə, atributlarına məhəbbət şəklində hər bir azərbaycanlının şüuruna və qəlbinə hakim olmuşdur: "Azərbaycançılıq xalqımızın çox əzab-əziyyətə nail olduğu tarixi sərvətdir. O, real müstəqilliyə nail olmaq, bölünməz Azərbaycanı qoruyub-saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Bu gün "azərbaycançılıq" milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların əlaqə və təsirini tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizəsinin tarixi təcrübəsidir".

Bir sözlə, ictimai həyatımızın bütün sahələrində – "milli mədəniyyətimizdə, milli əxlaqımızda, mənəviyyatımızda və siyasətimizdə dövlətçilik ideologiyası kimi təzahür edən milli ideologiya - azərbaycançılıq istiqamətləndirici məfkurə kimi" tarixi keçmişimizin sərvəti olan milli-mənəvi dəyərlərin varlığını qoruyub saxlayır. S.Xəlilov milli-mənəvi dəyərlər və dövlətçiliyin qarşılıqlı münasibətləri haqqında yazır: "Milli dövlətçilik və milli-mənəvi dəyərlər arasında sıx bir daxili əlaqə vardır... milli dövlət bir tərəfdən ərazinin və iqtisadi sərvətlərin qorunmasına xidmət edirsə, digər tərəfdən və daha çox dərəcədə milli-mənəvi dəyərlərin qorunması və nisbi müstəqil inkişafının təmin olunması məqsədi daşıyır". Müəllifin fikrincə, milli dövlətlə yanaşı, azərbaycançılıq milli-siyasi məfkurə, dövlət ideologiyası olaraq milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əsas amil kimi çıxış edir. S.Xəlilov göstərir ki, milli ideologiyamızın əsası olan azərbaycançılıq milli dövlət, dövlətçilik ənənəsi və milli-mənəvi dəyərlərimizlə sıx bağlı şəkildə meydana gəlmiş, formalaşmış və inkişaf etmişdir.

F.ü.f.d. B.Quliyev göstərir ki, medianın aşıladığı dövlətçilik şüuru, təfəkkürü və ənənələri Azərbaycan xalqının əsas milli-mənəvi dəyərini, habelə insan, cəmiyyət və dövlət maraqlarının vəhdətini təşkil edir ki, bunlar da siyasi, iqtisadi, sosial və mənəvi tələbatların məcmuusundan ibarət olmaqla, aşağıdakılardır:

Azərbaycan dövlət müstəqilliyinin qorunması, onun siyasi, iqtisadi, informasiya, dövlət , milli və qlobal təhlükəsizliyinin təmin edilməsi, ölkənin dünya informasiya məkanına inteqrasiyasına nail olunması;

- Azərbaycan xalqının monolitliyini daha da möhkəmləndirmək üçün azərbaycançılıq ideyasının reallaşdırılması;

- vətəndaş cəmiyyətinin təsisatlarının, o cümlədən, söz, fikir, mətbuat azadlığının təmin olunması;

- demokratik cəmiyyətdə dövlətçilik şüurunun və təfəkkürünün xalqın milli-mənəvi və siyasi sərvətinə çevrilməsi;

- dünya azərbaycanlılarının həmrəyliyini və birliyini təmin edən dəyərlərin, onun mədəni-tarixi irsinin, o cümlədən dövlətçilik şüuru və ənənələrinin, dili, dini, milli-mənlik şüuru, milli kimliyi, milli özünüdərkinin, vətənpərvərlik və milli iftixar hissi ilə vəhdətdə inkişaf etdirilməsi.

Göstərilən bu problemlər dövlətin və dövlətçiliyin mövcudluğu, onun inkişaf perspektivləri, milli birliyi, ölkənin beynəlxalq səviyyədə nüfuzunu özündə ehtiva edir. Bu məsələlər KİV-lərin gələcək fəaliyyətini təmin edən şərtlər hesab oluna bilər. Bu mənada dövlətçilik şüurunun və onun həyata keçirilməsi sahəsində "dövlət siyasətinin necə reallaşması KİV-in xüsusi maraq dairəsinə daxildir. Milli maraqların qorunması və təmini istiqamətində həyata keçirilən siyasətin müsbət tərəflərinin KİV-də dəstəklənməsi və çatışmazlıqların tənqid obyektinə çevrilməsi media vasitələrinin sonrakı inkişaf və nüfuzunu şərtləndirən amillər sırasına daxil edilə bilər. Məhz bu səbəbdən milli maraqlarla bağlı dövlət siyasətinin işıqlandırılması KİV üçün daim aktual xarakter daşımalıdır".

Bir sözlə, KİV-in aşıladığı azərbaycançılıq və müstəqil dövlətçilik ideologiyası, vətənpərvərlik hissləri ilə vəhdətdə azərbaycanlıların qəlbində və ictimai şüurunda öz dövlətinə, xalqına, vətəninə böyük məhəbbət və ehtiram yaradır.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər