PDF Oxu

MİA

  • 2 925

Hüquqi dövlət: müasir Qərb və müstəqil Azərbaycan KİV-nin qarşılıqlı əlaqəsi

image

Qərbdə dünya şöhrəti qazanmış kütləvi informasiya vasitələrindən informasiya agentliklərindən ABŞ-ın Associated Press (AP) və United Press İnternational (UPİ), İngiltərənin Reuters, Fransanın isə Agence France Pressenin (AFP) adlarını çəkmək olar. Türkiyə tədqiqatçısı R.Nurdoğanın qeyd etdiyi kimi, "bu xəbər agentliklərinin dünyanın müxtəlif nöqtələrində büroları fəaliyyət göstərir və onlar 24 saat boyunca mütəmadi olaraq fasiləsiz informasiya hazırlayıb yayır". Dünyada xəbər axınının 80%-nin bu xəbər agentlikləri tərəfindən təmin edilir.

1848-ci ildə Nyu-Yorkda qəzetlər birliyi tərəfindən yaradılmış ABŞ-ın ən böyük xəbər agentliyi Associated Press (Mətbuat Birliyi) dünyanın 15 mindən çox media orqanlarına 1 milyardlıq oxucu kütləsi üçün xəbər və məqalələr göndərilir. Bu agentlik ABŞ-da gündəlik qəzetlərin 87,7 faizinə xidmət göstərir və qəzet dövriyyəsinin 98,7 faizini təşkil edir. Mətbuat Birliyinin 1,2 ölkəyə xidmət edən 308 xəbərlər və foto departameti var ki, onlar altı dildə xəbərlərin tərcüməsini çatdırır.

Beynəlxalq Birləşmiş Mətbuat (UPİ) 1909-cu ildən fəaliyyətdə olan Herst Beynəlxalq Xəbərlər Xidməti ("Herst İnternatsional News Service) ilə 1908-ci ildən işləyən Skirros Horvard Birləşmiş Mətbuatı ilə birləşərək müxtəlif tipli xəbərləri - qiymətli kağızlar və valyuta kursları Komissiyasının sənədlərini, peşəyə aid və müxtəlif jurnallardan və bülletenlərdən sitatları, maliyyə haqqında məlumatları satır və yayır: "Xəbərlər xidməti elə biznes sahəsi, elə birliklər və hökumət agentlikləridir ki, onlar həmişə xüsusi növ xəbərlər istəyirlər".

Qərbin beynəlxalq xidmətlər vasitələri dünyaya on milyon söz, minlərlə şəkil və yüzlərlə xüsusi radio reportajları ötürür. 24 saatlıq xəbər kanalı CNN davamlı xidmət mənbələrinə malikdir.

Dünyanın bütün radio və televiziya kanalları, qəzetləri demək olar ki, bu dörd böyük agentliyə AR, UPİ, Reuters və AFR-ə abunədir. Dünya üzrə xəbərlərin 65%-i ABŞ-dan, televiziya yayımlarının 30-70%-i Mərkəzi Avropadan alınır: "Beləliklə, üçüncü dünya ölkələri qabaqcıl sənayeləşmiş ölkələrdən 8 dəfə az radio, 15 dəfə az televiziya, 16 dəfə az qəzet kağızı istifadə edir".

Tədqiqatçılar dünyada qlobal media və kommunikasiyanın - "media imperializmi"nin meydana gəldiyindən xəbər verirlər.

Böyük Britaniyanın Bi-Bi-Si Britaniya Teleradio Verilişləri Korporasiyası dünya şöhrətli kütləvi informasiya vasitələrindən biridir. 1936-cı ildən "Ümumdünya xidməti kimi fəaliyyətə başlayan Bi-Bi-Si 1998-1999-cu illərdə 2 milyard 156 milyon dollar gəlir əldə etmişdir. 3000-dən artıq radio, televiziya və xəbərlər agentliklərindən verilən informasiyaları operativ surətdə analiz edərək çevik, etibarlı, lakin qərəzsiz yeniliklərlə çıxış edən Bi-Bi-Si-nin xidmətindən müxtəlif qurumlar və orqanlar da istifadə edir".

Bi-Bi-Si ilə Azərbaycan Respublikası arasında əlaqələr müstəqillik illərində genişləndi. 1992-ci ilin sentyabrında Bi-Bi-Si-nin beynəlxalq informasiya xidmətinin rəhbəri, əslən Cənubi Azərbaycandan olan Şəhrizad Xoraşian Azərbaycan Dövlət İnformasiya Agentliyində olmuş və Azərbaycan həqiqətlərini dünyaya yaymışdır.

Bi-Bi-Si-nin Monitorinq Xidmətinin əsas xidmətlərindən biri də Zaqafqaziya ölkələrindən daxil olan informasiyanı yüksək səviyyəli texnikanın köməyi ilə internet-beynəlxalq şəbəkəsi üzrə digər ölkələrə yaymaqdır. Bi-Bi-Si Monitorinqin köməyi ilə dünyanın hər yerindən operativ surətdə informasiya alınaraq Azərbaycanda yayımlanmışdır. Monitorinq qrupu Azərbaycanın xəbər agentliklərindən, aparıcı mətbuat vasitələrindən, dövlət və müstəqil teleradio şirkətlərindən alınan xəbərlərin qısa xülasəsini ingilis dilinə tərcümə edərək bülleten şəklində işıqlandırmışdır.

Beləliklə, göstərilən müxtəlif cür buraxılışlar, məcmuələr, xəbərlər vasitəsilə Bi-Bi-Si Azərbaycanın potensialı və eləcə də üzləşdiyi problemlər haqqında dünya ictimaiyyətini xəbərdar etmiş və onun respublikamız haqqında məlumat səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltmişdir.

1991-ci ildə internet artıq hamının mənəvi sərvətinə çevrildi. 2012-ci ildə internet 2,1 milyard insanı birləşdirdi: "İnformasiyanı ötürməyin telsiz sisteminin inkişaf tarixində bu gün mobil internet yeni istiqamət hesab olunur. Mobil internetin yaranması bilavasitə məlumat ötürə bilən CSD adlanan yeni texnologiya ilə əlaqədardır".

1998-ci ildə internetə mobil qurğu vasitəsilə daxil olmaq məhz CSD-lə mümkün oldu.

XX əsrin sonlarında rabitə texnologiyasında rəqəmsal istiqamət əsas yer tutdu. Yeni rəqəmsal rabitə dövrü meydana gəldi. Artıq XIX əsrdə səs və məlumatların ayrılması əvəzinə onların birləşməsi baş verir. Raket texnologiyanın meydana gəlməsilə telefoniya və teleqrafın imkanları birləşib vəhdət təşkil edir. Yeni bir termin "multimedia" termini meydana gəlir ki, burada informasiyanın bütün imkanlarını (səs, məlumat, efir şəbəkəsi) özündə əks olunur.

Dünya informasiya şəbəkəsi olan internet KİV-in elektron versiyalarının yaranmasına səbəb oldu. Qəzetlərin elektron versiyaları ictimai rəyə güclü təsir qüvvəsinə malikdir. İnternet transmilli qəzetlərin yaranmasına şərait yaratdı. İnterneti sivilizasiyanın yüksək inkişaf səviyyəsi və mədəni fenomen kimi dəyərləndirirlər.

"Azərbaycan Respublikasının inkişafı naminə İKT üzrə MS-da İKT-ni tətbiq etməklə telekommunikasiya infrastrukturunun və internetin inkişaf etdirilməsi nəzərdə tutulmuşdu:

- ölkədə yeni telekommuniksiya şəbəkələrinin, müasir rabitə xətlərinin yaradılması və inkişaf etdirilməsi;

- verilənlərin ötürülməsi üçün ölkə miqyaslı şəbəkələrin, o cümlədən internet şəbəkəsinin inkişaf etdirilməsi, şəhər və rayonlar arasında bu sahədə olan fərqlərin aradan götürülməsi;

- telekommunikasiya sahəsində liberallaşdırma siyasətinin aparılması, azad rəqabətə imkan verilməsi, verilənlərin ötürülməsi şəbəkə və kanallarının təşkili və istismarı ilə məşğul olan ümummilli səviyyəli verilənlər operatorlarının formalaşması və onların fəaliyyəti üçün əlverişli şəraitin yaradılması".

Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev yazır: "Qərb və Azərbaycan KİV-in inkişafında oxşar cəhətlərdən biri odur ki, Qərb ölkələrində də Azərbaycanda da KİV-ə dövlət yardım edir. Bu cəhətdən Avstriya, Fransa, Hollandiya, Norveç və İsveç fəallıq göstərir. Hollandiya və Norveçdə KİV-ə dövlət dəstəyi zamanı jurnalistlərin və medianın müstəqilliyi məhdudlaşdırılmır. İsveçdə uğur və nüfuzuna görə ikinci yer tutan KİV-ə maliyyə yardımı göstərir. Avstriya isə ehtiyacı olan əksər mətbuat orqanlarına eyni miqdarda maliyyə yardımı ayırır".

Qərb ölkələrində KİV hökumətin və dövlətin yürütdüyü siyasət barədə daha obyektiv məlumat əldə edə bilir, jurnalistlər daha çox peşəkar və məsuliyyətlidirlər. Mətbuat və söz azadlığı KİV-də ən ciddi və fundamental məsələlər olduğundan "Qərb ölkələrində azad sözün, plüralist, fərqli fikrin cəmiyyətdə bərqərar olmasına şərait yaratdı və KİV sahəsində inkişafa səbəb oldu.

Qərb ölkələrində, xüsusən ABŞ-da hərbi KİV-də analitik informasiyaya xüsusi diqqət yetirilir. Azərbaycana nisbətən Qərb ölkələrində dövlət idarəçiliyinin informasiya siyasəti və informasiya-analitik təminatının iki əsrlik tarixi var. Belə ki, analitik informasiya Qərb ölkələrində XIX əsrin sonu XX əsrin ortalarında həm dövlət, həm də qeyri-dövlət sektorunda inkişaf etmişdir. ABŞ-ın bütün strukturlarında analitik informasiya bölməsi mövcuddur ki, bunun köməyilə informasiyalar toplanır, təhlil edilir, proqnozlar və ssenari modelləri həyata keçirilir, dövlət idarəçiliyi təkmilləşdirilir. Müasir ABŞ dünyada innovasiya prosesinin bir növ meneceri rolunu oynayır.

ABŞ-da hərbi, kəşfiyyat və mülki müəssisələrdə analitik informasiya prinsiplərindən geniş istifadə edilir. Bütün postsovet ölkələrində olduğu kimi Azərbaycanda da dövlət sektorunun analitik informasiya mənbəyindən istifadə olunur.

F.ü.f.d. B.Quliyevin fikrincə, 1990-2000-ci illərdə ABŞ-da güclü milli informasiya infrastrukturu yarandı ki, onun da əsas məqsədi telekommunikasiya, informasiya və kompüter texnologiyası sisteminin inkişaf konsepsiyasını həyata keçirmək idi. ABŞ telekommunikasiya texnologiyası və informasiya resursları ilə qarşılıqlı əlaqə şəraitində əhalini və hakimiyyət orqanlarını informasiya ilə təmin edir. Burada müxtəlif telekommunikasiya kompüterləşmiş sistem, internet və informasiya texnologiyasının inkişafı sintez təşkil edir və tətbiqi xarakter daşıyır.

ABŞ-da informasiyanın operativ və ətraflı təhlili üçün informasiya texnologiyasına XX əsrin 90-cı illərində 600 milyard dollar, vəsait ayırmışdı. İnformasiya texnologiyanın inkişafına 425 proqram hazırlanmışdı.

Azərbaycanda hərbi nəşrlər və verilişlər azlıq təşkil edir. Ermənistanla müharibə vəziyyətində olan bir ölkə kimi vətənpərvərlik tərbiyəsini, düşmənə nifrət hissini gücləndirməlidir.

ABŞ-da hakim KİV özlərini azad, asılı olmayan, obyektiv və neytral media hesab etdikləri halda Amerika tədqiqatçısı M.Parenti onları "çoxluq üçün, amma azlığın maraqlarında olan" media adlandırır. Daha çox xalqın marağını təmsil edən və heç bir korporasiyaya tabe olmayan Azərbaycan mediasından fərqli olaraq ABŞ KİV-i: "Qəzet, jurnal, radio, kino, televiziya korporativ Amerikanın ayrılmaz komponentləridir. Onlar müxtəlif növ korporasiyaları edirlər. 2000-ci ilin məlumatlarına görə, Amerikanın səkkiz müxtəlif növlü korporasiyası milli kütləvi informasiya vasitələrinin böyük hissəsinə nəzarət edir.

1989-cu ildə belə koporasiyaların sayı iyirmi üç idi. ABŞ-da gündəlik çıxan qəzetlərin 80%-i nəhəng qəzet konsernlərinə – "Gannett" və "Knight-Ridder"ə aiddir və təmərküzləşmənin güclənməsi tendensiyası dəyişməz qalır. Hazırda Amerikanın 2%-dən az şəhərində digər sahibkarlara məxsus rəqabət aparan qəzetlər nəşr olunur".

ABŞ KİV-lərini izləyərkən təəssüf ki, obyektivliyi, qərəzsizliyi, həqiqəti özünün əsas prinsipi hesab etmiş mətbuat orqanlarının qərəzli mövqeyilə üzləşmək olur.

ABŞ-ın məşhur "Vaşinqton-Post" qəzeti öz səhifələrində Azərbaycanın Dağlıq Qarabağ ərazisini Artsax, Xankəndini Stepanakert kimi təqdim edir, Dağlıq Qarabağın Azərbaycana sovet dövründə zorla qatıldığını israr edir, açıq ermənipərəst mövqedən, ikili standartlar prinispindən çıxış edir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər