PDF Oxu

MİA

  • 2 150

Hüquqi dövlətdə sosial informasiyanın rolu

image

XXI yüzillik informasiya cəmiyyətinin meydana gəlməsi dövrü hesab olunur. Həqiqətən də, indi KİV - informasiya agentlikləri, televiziya, radio, mətbuat, internet ictimai həyatın bütün sahələrində xüsusi nüfuz və populyarlıq qazanıb. Bu səbəbdəndir ki, müxtəlif informasiya vasitələrini maliyyələşdirmək yolu ilə ictimai informasiya istehsalına və istehlakına külli miqdarda vəsait sərf olunur. Sosial informasiya indi get-gedə daha çox ictimai marağın, beynəlxalq əlaqələrin güclənməsi və dəstəklənməsinin açarı kimi qəbul edilir.

XX əsrin sonu, XXI əsrin əvvəllərində dünyada baş verən, beynəlxalq münasibətləri müəyyənləşdirən hadisələr bir çox ölkə ictimaiyyətinin, beynəlxalq təşkilatların fəaliyyətinin qiymətləndirməsinə güclü təsir göstərir. İctimai rəy dövlət siyasətinin işlənib hazırlanmasında əsas hərəkətverici qüvvə rolunda çıxış edir.

Afaq Sadıqova yazır ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməklə ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda da müsbət mənada irəliləyişlərə nail ola biləcək. Lehimizə 155 ölkənin səs verməsi artıq sübut edir ki, Azərbaycan dünya dövlətlərinin diqqətini cəlb etməyi bacarıb. Azərbaycan BMT Təhlükəsizlik Şurası tribunasından istifadə edərək Dağlıq Qarabağ problemini ən yüksək səviyyədə müzakirəyə çıxara biləcək. Bu isə münaqişənin ədalətli həllinə müsbət mənada təsir edəcək. Artıq işğalçı Ermənistan Azərbaycanın daim bütün istiqamətlər üzrə uğurlar qazandığını görür və bundan ciddi təlaş keçirir. İşğalçı dövlətin hakimiyyətində baş verən son hadisələrdə bu amil də müəyyən rol oynayır. Ermənistan hakimiyyəti tutduğu yolun ona heç bir fayda verməyəcəyini anlayır. BMT Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamənin icrası barədə düşünməlidir. Azərbaycanın bu nüfuzlu quruma üzv seçilməsi həmin prosesə təkan verəcək. Əgər BMT Təhlükəsizlik Şurası həqiqətən dünyada sülh və təhlükəsizliyin təmin olunmasına çalışırsa, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qəti qərar verməlidir. Azərbaycan dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr quraraq bunu dövlətlərarası sivil münasibətlər müstəvisində daim inkişaf etdirir.

Azərbaycan milli müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq qurumlara inteqrasiya etmək, dünya birliyinin layiqli üzvü olmaq xəttini əsas götürüb. 20 il ərzində olan bu siyasi xətt özünü göstərməkdədir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi böyük diplomatik qələbədir. Son 8 ildə Prezident İlham Əliyevin siyasi fəaliyyəti respublikamıza beynəlxalq müstəvidə çoxlu dipomatik uğurlar əldə etdirib.

Prezident İlham Əliyev ölkənin müstəqilliyi dövründə 24 il ərzində belə böyük uğurun əldə edilməsinin doğrudan da tarixi nailiyyət olduğunu bildirib: "Biz 24 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü tanıdıb. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir". Azərbaycanın dövlətçiliyə, milli mənafeyə xidmət edən mətbu orqanları məsələni məhz bu istiqamətdən qiymətləndirdilər.

Müharibə şəraitində yaşadığımız indiki dövrdə Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və respublikamızın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətinin aparıcı istiqamətlərini müəyyənləşdirən dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək heç də asan deyil. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın əməkdaşlığa maraq göstərdiyi nüfuzlu təşkilatlardan biri də Birləşmiş Millətlər Təşkilatıdır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv qəbul olunması respublikamızın bu mötəbər təşkilatla əlaqələrinin yüksək səviyyədə olduğunu, onun Azərbaycanla əlaqələrdə maraqlı olmasının canlı təzahürüdür. Məhz əldə edilən tarixi nailiyyətlər nəticəsində Azərbaycan dünya siyasətini müəyyənləşdirən 15 ölkədən birinə çevrilib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması ölkəmiz qarşısında yeni imkanlar açacaq və onun nüfuzunun daha da artmasında əhəmiyyətli rol oynayacaq. Prezident İlham Əliyevin bu tarixi qələbə münasibətilə verdiyi bəyanat Azərbaycan diplomatiyasının nəyə qadir olduğunu bir daha ortaya qoydu. Bu uğur Ermənistanı iki il narahat edəcək. Məhz ölkəmizdə gedən sürətli inkişaf nəticəsində Azərbaycan dünya ölkələrinin diqqətini cəlb etdi. Aparılan düzgün iqtisadi siyasət sayəsində iki il əvvəl dünyada baş verən maliyyə böhranından da ölkəmiz ən az itkilərlə çıxdı. Dünyaya sübut olundu ki, Azərbaycanın sükanı etibarlı əllərdədir. Azərbaycanı qələbədən-qələbəyə aparan, haqqın, ədalətin tərəfini saxlayan müdrik rəhbəri var. İqtisadiyyatı güclü olan dövlətin siyasəti də güclü olur. Ölkənin nüfuzunu artıran əsas amillərdən biri onun inkişaf göstəriciləridir. Azərbaycanın Avropanın, dünyanın bir sıra dövlətlərinin enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşa çevrilməsi də ölkəmizin beynəlxalq reytinqinə xidmət edən mühüm amildir. Ona görə Avropanın mərkəzində yerləşən və BMT TŞ-yə üzvlük üçün Şərqi Avropa ölkələri qrupundan mübarizə aparan Macarıstan və Sloveniya ilə müqayisədə məhz Azərbaycanın bu quruma seçilməsi ölkəmizin nüfuzunun təsdiqidir.

İstər Azərbaycan diplomatiyasının qazandığı tarixi qələbənin əsl dəyərini anlamaq, istərsə də bədxahlarımızın cəfəng mülahizələrinin əsassızlığını sübuta yetirmək baxımından seçki prosesinə ötəri nəzər salmağa ehtiyac duyulur.

Afaq Sadıqova yazır ki, demokratiyanın genişləndiyi, inkişaf etdiyi bugünkü şəraitdə BMT öz fəaliyyətini siyasi gerçəkliyin mərkəzi aspektinə, yəni informasiya sahəsinə yönəldir və sülhyaratma işində, onun dünya miqyasında dəstəklənməsində, humanitar yardımların göstərilməsində, uzunmüddətli inkişaf prosesində, sosial ədalətin möhkəmlənməsində fəal iştirak edir.

BMT ilə əməkdaşlığa başlanandan sonra respublikamız bu mötəbər qurumun platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmiş, BMT-nin potensial imkanlarından istifadə etməklə problemin ədalətli həllinə çalışmışdır.

Torpaqlarımızın Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, Azərbaycan daim sülh tərəfdarı kimi çıxış etmiş və böyük iqtisadi və hərbi potensialına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqliyini nümayiş etdirir. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ciddi tərəfdaşa çevrilmiş ölkəmiz beynəlxalq təhlükəsizliyə böyük töhfələr verir. Bütün bunlar Azərbaycanın BMT TŞ-yə üzv seçilməsində həlledici faktorlar olmuşdur. Bu meyarlara cavab verməyən Ermənistanın BMT TŞ-yə namizədliyini geri götürməsi təsadüfi deyil. Məlum olduğu kimi, bu bədnam qonşumuz da Şərqi Avropa ölkələri qrupundan TŞ-yə üzv olmağa iddialı idi. Hətta ilk mərhələdə bunun üçün cəhd də etdi. Lakin biabır olacağını və heç birinci turdan belə keçməyəcəyini gördükdə, gizlincə namizədliyindən imtina etdi. Daha doğrusu, biabırçılıqdan xilas olmaq üçün bu prosesdən çəkindi. Azərbaycanın BMT TŞ-yə üzv olmaqla Ermənistan üzərində qazandığı mənəvi, siyasi və psixoloji nailiyyət Azərbaycan xalqının qələbəsidir.

A.Sadıqova göstərir ki, Azərbaycan Respublikası üçün BMT TŞ-nin üzvü kimi fəaliyyətinin prioritetləri ümumən bəllidir. Nizamnaməyə əsasən Azərbaycan Respublikasının əsas hüquqi öhdəliyi, təbii ki, BMT TŞ-nin üzvü olaraq qlobal sülh və təhlükəsizlik məsələlərində aydın mövqe ortaya qoymaqdan ibarət olacaq. Digər tərəfdən Azərbaycan kimi bir ölkənin BMT TŞ-də təmsil olunması bu orqanın nüfuzunun daha da artmasına, hazırda TŞ-dən, bu ali qurumdan kənarda qalan ölkələrin səsinin orada eşidilməsinə imkan yaradacaq. Bu gün bütün dünyada mövcud beynəxlaq münasibətlərin get-gedə gərginləşməsi fonunda gələn illərdə də TŞ-də ağır müzakirələr dövrü gözlənilir. Bir sıra beynəlxalq və regional münaqişələr üzrə qərarların qəbul edilməsi məhz 2012-2013-cü illərdə gözlənildiyindən Azərbaycanın bu məsələlər üzrə TŞ-də səsvermələrdə həyata keçirəcəyi fəaliyyət olduqca önəmlidir.

Bütün bunlarla yanaşı, Azərbaycan BMT TŞ-də üzvlükdən istifadə edərək ilk növbədə özünün pozulmuş ərazi bütövlüyü məsələsini bu qurumun gündəliyinə çıxarmaq imkanı qazanıb. Çünki BMT TŞ-nin müzakirə etdiyi məsələlələr əsasən dünyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Bu baxımdan Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və Ermənistanın təcavüzü faktını nəzərə alaraq, ölkəmiz BMT tərəfindən qəbul edilmiş və bu günə kimi icra olunmamış qətnamələrin yerinə yetirilməsi və Ermənistana qarşı məcburetmə vasitələrinin tətbiq edilməsi üçün əlavə imkanlar əldə edir. Ən əsası Dağlıq Qarabağ məsələsi hərbi fazaya daxil olacağı təqdirdə, ölkəmizin iradəsinin əleyhinə hansısa prosesi həyata keçirmək istəyənlərə qarşı bu tribuna Azərbaycana ən azı iki il müddətində mühüm imkanlar açacaq. Əminik ki, biz gələcək dövrə daha real, sistematik və ciddi planlaşdırılmış platftorma ilə daxil olacağıq.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər