Bədii söz sənətkarı birbaşa istedadın gücünə güvəndiyi üçündür ki, məsələn, universitetlərin filologiya fakültələrində heç də yazıçı, yaxud şair hazırlamaq əsas niyyət deyil.
KİV müxtəlif verilişlərlə gənclərin əxlaqi ideallarına əks təsir göstərir ki, bu da nəticədə millətin genefonduna ağır zərbə vurur. Bunlar aşağıdakılardan ibarətdir:
"* Mənfi neqativ demokratik dəyişikliklərin güclənməsi;
* doğumun aşağı səviyyəsi, intihar hallarının artması, narkomaniya və alkoqolizmə meyilin geniş yayılması, azuşaqlı, uşaqsız ailələrin çoxalması, şəxsi azadlığa meyil, ictimai təsisat kimi ailələrin zəifləməsi;
* sosiumun və nəsillərin fiziki və mənəvi kamilləşməsi, sağlam həyat tərzi keçirməsi üçün KİV vasitəsilə ümumbəşəri və milli-mənəvi dəyərlərin təbliğinin mühüm rol oynadığı məlum məsələdir. KİV aşağıdakı istiqamətlərdə diqqəti gücləndirməlidir:
* mədəni, mənəvi irsin, tarixi ənənə və ictimai həyat normalarının, bütün xalqların milli-mənəvi dəyərlərinin qorunması;
* milli-mənəvi dəyərlər, klassik ədəbiyyat, mədəniyyət əsasında yeni nəslin tərbiyəsi, eləcə də, mülki-hüquqi vətənpərvərlik, millilik və ümubəşərilik ruhunda tərbiyyənin gücləndirilməsi;
* xarici dini və missioner təşkilatların mənvi təsirlərinə qarşı durmaq".
KİV insanlarda elə düşüncə və ya təfəkkür mədəniyyəti tərbiyə etməlidir ki, onlar "praktik nəticəsindən heç kimin zərər çəkmədiyi və özlərinə fayda verə biləcək şeylər haqqında düşünsünlər, öz içərilərindəki mənfi, şər, dağıdıcı, xəbis duyğu və hissləri idarə edə bilsinlər, onların öz-özünə işə düşməsinə yol verməsinlər".
Deməli, KİV insanların daxili aləmindəki müsbət cəhətlərin onların antipodlarına çevrilməsinə, yəni mənəvi deqradasiyaya şərait yaratmamalıdır.
Qonşu Rusiyada cəmiyyətin ciddi sınaqlara məruz qalması bütün ictimai təşkilatları, KİV-i, ali rəhbərliyi ciddi düşündürür. 2013-cü il yanvarın 24-də Moskvada Dövlət Dumasında "Rusiya Federasiyasının rus və digər xalqların mənəvi-ruhi ənənələrinin müdafiəsi haqqında" mövzusu ətrafında gedən müzakirələrdə əsas məsələlərdən biri KİV üzərində mənəvi nəzarətin gücləndirilməsi idi.
Burada təhsil, mədəniyyətin daha da inkişaf etdirilməsi və KİV haqqında qanunvericilikdə dəyişikliklərin edilməsi zərurəti fikri də irəli sürüldü. Dəyirmi masada göstərildi ki, Rusiya iqtisadi böhrandan çox ruhi- mənəvi böhran keçirir ki, nəticədə mənəvi dəyərlər, əxlaq normaları, şəxsiyyət, ailə və dövlətin inkişafı nöqteyi-nəzərindən dağıdıcı təsirə məruz qalır. Rusiya cəmiyyətində mənəviyyat sahəsində aşağıdakı deqradasiya və deformasiya halları baş verməkdədir:
* əxlaqın iki növu: varlı azlığın və yoxsul çoxluğun əxlaqı arasında antaqonist qarşıdurmaların baş verməsi müşahidə olunur;
* məişət mədəniyyətinin müqayisəli tədqiqi sübut edir ki, məişət kobudluğuna, təcavüzkarlığa və özünənifrətə görə Rusiya liderlik edir, ictimai həyatın daha da kəskinləşməsinə meyil artır. Bütövlükdə, Rusiya cəmiyyətinin əxlaqi deqradasiyası güclənir.
* radikal islahatlar aparılsa da, iqtisadi, siyasi çatışmazlıqdan çox sosial, mənəvi yönümlərin dəyər və davranış nümayəndələrinin əxlaqi çatışmazlığı baş verir. Azadlıq insanları yaxşılığa deyil, pisliyə doğru aparır;
* Rusiya cəmiyyətində azadlıq çatışmazlığından çox daxili-mənəvi nəzarət çatışmazlığı var. Əhalinin əksəriyyəti qanunların kəskinləşdirilməsini və mənəvi senzuranın gücləndirilməsini istəyir.
* insanın mənəvi-ruhi əsaslarının təhlükəli dağıdıcılarından biri müasir KİV - hər şeydən əvvəl - televiziya və radiodur. Hazırda KİV milyonlarla insanın ağıl və qəlbini dərhal məhv etməyə qadir olan ən güclü silahdır. KİV qəsdən anlayışların yerini dəyişdirir, yalanın bu və ya digər formalarından geniş istifadə edə bilir.
KİV yalanı gerçəkdən ayıra bilməyən gənclərin ictimai şüuruna ciddi təsir edərək daha təhlükəli xarakter daşıyır. Onlarda maddi dəyərləri mənəvi dəyərlərdən üstün tutmaq meyili yaradır. "Mənəviyyatın vəziyyəti məsələsi çoxsahəlidir: mənəviyyat və iqtisadiyyat; mənəviyat və ailə, mənəviyyat və məktəb, mənəviyyat və cəmiyyət. Onların həlli, müxtəlif yanaşmaları nəzərdə tutulur".
KİV ayrı-ayrı adamlardan tutmuş bütün millətə qədər özünü manipulyasiya obyektinə çevirərək, onda mənfi reaksiya, əks-qiymətləndirmə, mənfi davranış yaradır, onun sosial, mədəni, əxlaqi yönümünü dağıdır, insanları real aləmdən uzaqlaşdıraraq virtual dünyaya qovuşdurur. Cəmiyyətin aparıcı qüvvəsi olan müsbət qəhrəmanların yerini KİV-də "uğurlu" sahibkarlar və biznesmenlər, "kriminal avtoritetlər", "seksual azlıqların nümayəndələri, dövlət əleyhdarları, dissidentlər və praqmatiklər" tutur.
Bəxtiyar Sadıqov yazır: "Hər gün oxucularının görüşünə təzə söz və təzə nömrəsi ilə gələn qəzetin daim köhnəlməyən problemləri olur. Bunların içində maliyyə, senzura, oxucu, yazar problemini xüsusi vurğulamaq olar (Hərçənd ki, Həsən bəy Zərdabi qəzet nəşrinə icazə məsələsini başlıca problem kimi göstərmişdi). Dəyişən dünya qəzetçilərin problemlərinin bir qismini aradan qaldırıb. Azərbaycanın timsalında bu, daha aydın görünür. Ulu Öndər Heydər Əliyevin cəsarət və qətiyyəti sayəsində düz 123 ildən sonra 6 avqust 1998-ci ildə Azərbaycanda mətbuata senzura nəzarəti ləğv edildi. Bu gün dünyada qəzet açmağın ən asan proseduru məhz Azərbaycandadır! Ədliyyə Nazirliyinə bir ərizə yazıb 7 gün gözləmək, sonra işə başlamaq olar! Azərbaycan vətəndaşına bu imkanı Ulu Öndər Heydər Əliyevin imzaladığı "KİV haqqında" Qanun vermişdir. Artıq ölkəmizdə senzura və qəzet təsisi məsələsi birdəfəlik həll olunub. Digər problemlər isə..."
Maliyyə, reklam, oxucu problemi daimidir. Bunlara müxtəlif amillər təsir göstərir və həm də bir-birilə üzvi şəkildə bağlıdır. Qəzetin maliyyə durumunun yaxşılaşması üçün çoxsaylı oxucusu olmalıdır. Yəni hər nömrəsindən külli miqdarda satılmalıdır ki, gəliri artsın. Adətən tirajı yüksək qəzetlərə daha çox reklam verilir. Əslində, hər qəzet gəlirini əsasən reklamdan götürməlidir. Reklamla satış arasındakı mənfəət nisbətinin 70-nin 30 faizə nisbətində olması yaxşı (yəni gəlirin 70 faizinin reklamdan, 30 faizinin isə satışdan götürülməsi) hal sayılır. Bu gün Azərbaycanda qəzetin 10 min tirajla çıxması uğurlu hesab olunur (Xatırladırıq: "Kommunist" qəzetinin 1990-cı ildəki tirajı 620 min nüsxə olmuşdur). Dünyanın bir sıra dövlətlərində isə gündəlik tirajı 1 milyonu adlayan qəzetlər çoxdur. Onlar faktiki olaraq maliyyə, reklam və oxucu problemlərini həll etmişlər".
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru