Hüquqi dövlət quruculuğunun və demokratikləşmə prosesinin dərinləşməsi, həmçinin fikir plüralizmi, söz və məlumat azadlığının güclənməsi media qurumlarının müstəqilliyini, sərbəst fəaliyyətini şərtləndirən mühüm amillər olmuşdur. Qanunvericilik təkmilləşdirilmiş, onun hüquqi-normativ bazası qabaqcıl dünya və Avropa standartlarına uyğunlaşdırılmış, müasir şəraitə və bazar iqtisadiyyatının tələblərinə cavab verən qaydalar, fəaliyyət normaları müəyyənləşdirilmişdir. "Azərbaycanda dövri mətbuatın meydana gəlməsi və peşəkar jurnalistikanın formalaşmasından günümüzədək keçən müddətdə geniş media sistemi yaranmışdır. Onlarca gündəlik qəzet, televiziya və radio kanalları, teleqraf agentlikləri səmərəli fəaliyyət göstərir. Bu fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edən qanun qəbul olunmuşdur. Bu proseslərin çağdaş elmi-nəzəri meyarlar baxımından daha geniş təhlil və tədqiqata cəlb edilməsinə böyük ehtiyac duyulur". Elmi araşdırmalara ehtiyacı olan sistemlərdən biri də informasiya sistemidir. İnformasiya münasibətləri hüquqi tənzimlənmənin predmeti kimi, informasiya-hüquqi münasibətlərin subyektləri, informasiyanın alınması, verilməsi, saxlanılması və istifadəsinin hüquqi mexanizmləri, müxtəlif məzmunlu informasiyanın, məlumat, bank və bazalarından istifadənin hüquqi rejimləri, informasiya-hüquq pozuntuları, məsuliyyət və s. məsələlər elmi müzakirələrin obyekti ola bilər.
Artıq kağız daşıyıcılara əsaslanan informasiya xidməti praktikası öz dövrünü başa vurmaq üzrədir. Onun yerinə yeni - ən müxtəlif informasiyaların elektron təsvirlərinə əsaslanan xidmət növü gəlmişdir.
İnformasiya təhlükəsizliyi sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilmiş hüquq və azadlıqların reallaşdırılması vasitəsilə dövlət maraqlarına riayət olunmanın universal meyarlarının müəyyən edilməsi də olduqca vacibdir. Həmçinin, söz azadlığının və vətəndaşların informasiya almaq hüquqlarının daha fəal surətdə reallaşdırılması üçün KİV sahəsində qanunvericiliyin səmərəli istifadə olunması, o cümlədən qəsdən istintaq orqanlarının, prokurorluq və məhkəmələrin fəaliyyətlərinin predmeti kimi qeyri-dəqiq, yalnış informasiyanın, reklam və məlumatların yayılmasına görə qanunla nəzərdə tutulmuş sanksiyaların həyata keçirilməsi məqsədilə hüquq-mühafizə orqanlarının fəaliyyətinin canlandırılması da mühüm əhəmiyyət kəsb edir.
Bütün bunlarla yanaşı, bəzi məsələlərin daha dəqiq müəyyənləşdirilməsi və bu sahədə yeni yaranan problemlərin tam əhatə olunması üçün yeni qanunvericilik aktlarının işlənib hazırlanmasına da ciddi ehtiyac duyulur. Məsələn, "Beynəlxalq informasiya mübadiləsində iştirak haqqında", ''Xidməti sirr haqqında", "Hökumət rabitəsi və informasiya orqanları "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə xarici investisiyaların tənzimlənməsi haqqında", "İnformasiya sahəsində qeyri-vicdanlı rəqabət haqqında" və s. qanunların qəbul olunmasının vacibliyini buna misal göstərmək olar. Qeyd etmək lazımdır ki, bu qanunların bəziləri postsovet respublikalarında uğurla tətbiq edilir.
Umumiyyətlə, KİV-in inkişafı, yeni texnologiyaların tətbiqi ilə əlaqədar informasiya sahəsində özünü büruzə verən yeniliklərlə və problemlərlə bağlı müntəzəm olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, müvafiq qanunlara dəyişikliklərin və əlavələrin edilməsi məsələsi daim diqqət mərkəzində olmalıdır. Bu paketə daxil olan qanun layihələri işlənib-hazırlanarkən söz azadlığı və informasiya təhlükəsizliyinin təmin olunmasının həyata keçirilməsi ilə bağlı aspektlərə xüsusi diqqət yetirilməlidir.
Ciddi məsələlərdən biri də özünün bütün təzahürləri ilə xarici informasiya ekspansiyasıdır və bu məsələ daim nəzarətdə saxlanılmalıdır. Əgər bu cür ekspansiyalar informasiya sahəsində şəxsin, cəmiyyətin və dövlətin təhlükəsizliyi üçün təhdid yaradarsa, vaxtında müəyyən edilməli və qarşısı alınmalıdır. Müasir dövrdə dünya təcrübəsində terrorizmlə mübarizə sahəsində informasiya aspektinə xüsusi fikir verilir. Terrorizmə qarşı mübarizə aparan dövlət orqanları, eləcə də kütləvi informasiya vasitələri bu sahədə mövcud olan dəqiq qaydalara riayət etməlidirlər.
Azərbaycan qanunvericiliyində hələlik cəmiyyətin getdikcə daha da artmaqda olan informasiyalaşdırılması şəraitində cəmiyyətin və dövlətin təhlükəsizliyinə təhdidləri müəyyən etmək olduqca vacib məsələdir.
Reallıqda baş verən dəyişiklikləri nəzərə alaraq, Avropa Komissiyası informasiya cəmiyyətinin inkişafı ilə bağlı öz mövqeyində bir sıra düzəlişlər etdi. Komissarlıq "Avropa informasiya cəmiyyətində həyat və iş", "İnsanlar ön plandadır" adlı yeni məruzə ilə çıxış etdi. Avropa dəyərlərinin vacibliyini vurğulayan bu sənəd "Yaşıl kitab" sərlövhəsi ilə nəşr edilib. Qeyd olunur ki, Avropada formalaşan informasiya cəmiyyətinin əsas məqsədi maarifləndirmə, demokratiyanın möhkəmlənməsi və qarşılıqlı anlaşma olmalıdır. Avropa İttifaqının diqqət yetirdiyi ən vacib məsələlərdən biri tələbələrin təhsil səviyyəsinin yüksəldilməsidir və bu məsələdən heç də az əhəmiyyət kəsb etməyən yaşlı nəslin təhsilinin artırılmasıdır.
Avropa İttifaqından fərqli olaraq, ABŞ-da formalaşan informasiya supermagistralının əsas məqsədi istehsalın artımına, ümumi bazarın və ticarətin inkişafına yönəlib. Yalnız səhiyyə və ümumtəhsil sistemində tətbiq olunan layihələr öz sosial yönümü ilə fərqlənir. Müxtəlif təşəbbüslərə yol açmaqla yanaşı, Avropa İttifaqı informasiya cəmiyyətinə keçid siyasətinin əsas istiqamətlərini öz əlində saxlayıb. Məhz buna görə Avropa İttifaqının müxtəlif qurumları bu strateji məsələ ilə bağlı vaxtaşırı geniş məruzələr, sənədlər, qətnamələr hazırlayır. Özəl sektorun qarşısında duran əsas vəzifə cəmiyyətin yeni kommunikasiya infrastrukturunu yaratmaq və gücləndirməkdir. Dövlət isə metodoloji funksiyanı yerinə yetirməlidir, proqramın gerçəkləşdirmə prinsiplərini müəyyənləşdirməli və özəl biznesə lazımi şərait yaratmalıdır.
Belə yanaşma, əslində Avropa İttifaqı və ABŞ-ı bir-birinə yaxınlaşdırır. Qarşılıqlı anlaşma "Böyük yeddilər"in nazirləri tərəfindən təşkil olunmuş konfransda özünü göstərdi. Bu tədbirdə dünyanın bir çox ölkələrinin nümayəndələri də iştirak edirdi. Konfrans tərəfindən qəbul olunmuş bəyannamədə informasiya cəmiyyətinin formalaşmasında özəl sektorun rolu həlledici hesab olundu.
Beynəlxalq hadisələr haqqında reportajlarda qlobal, regional və subregional təhlükəsizlik sahəsindəki təşəbbüslərə üstünlük verilməlidir. Proqramlarda Gürcüstanın beynəlxalq birliyə inteqrasiya prosesləri əksini tapmalıdır. Bu zaman NATO və Avropa İttifaqı ilə münasibətlərə xüsusi diqqət yetirilməlidir.
İctimai yayımçı öz fəaliyyətinin şəffaflığını təmin etmək üçün ictimaiyyətlə müntəzəm görüşlər keçirir, ictimai maraqların daha yaxşı ifadəsi məqsədilə vətəndaşların təkliflərini nəzərə alır. Bu işlərə nəzarət etmək üçün Qəyyumlar Şurasının nəzdində ictimai şuralar yaradılıb. Qəyyumluq Şurasının təqdim etdiyi proqram prioritetləri ilk redaktədən sonra cəmiyyətdə geniş müzakirə olunur və bu müzakirələrin nəticələri əsasında 3 illik fəaliyyət proqramları tərtib edilir.
Azərbaycan Respublikasını informasiya təhlükəsizliyinə yönəlmiş təhdidlərin qarşısını almağa imkan verən normaların dəqiqləşdirilməsinə, yəni informasiya təhlükəsizliyi sahəsində qanunvericiliyin pozulmasına və ya istənilən informasiyanın qeyri-təyinat üzrə istifadə olunmasına görə sanksiyaların tətbiqinin uçot-nəzarət mexanizmlərinin yenidən işlənib-hazırlanması olduqca vacibdir.
Bu sahədə kütləvi informasiya vasitələrinin də qarşısında müəyyən vəzifələr durur. Bəzi KİV-lərin düşünülməmiş və ya qanunsuz hərəkətlərinə görə cəmiyyətin və dövlətin təhlükəsizliyinə xələl gətirə biləcək hallara yol verməmək üçün KİV nümayəndələri ilə terrorizmə və separatizmə qarşı mübarizə aparan, informasiya təhlükəsizliyinin təmin olunması ilə məşğul olan dövlət strukturları arasında dəqiq qarşılıqlı fəaliyyət əlaqələrinin yaradılması, müstəsna qaydada istintaq orqanlarının, prokurorluq və məhkəmələrin fəaliyyətinin predmeti olan qeyri-dəqiq, yoxlanılmamış informasiyanın yayılmasının qarşısının alınması, KİV işçilərinə informasiya təhlükəsizliyinin təmin olunmasının qanunvericilik əsaslarının öyrədilməsinin təşkil edilməsi məqsədəuyğundur.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru