PDF Oxu

MİA

  • 2 075

İnsan hüquq və azadlıqlarının müdafiəsinin zəruriliyi

image

İnsan hüquq və azadlıqlarının müdafiəsi demokratiyanın əsas əlamətlərindən olub bəşəriyyəti qədim dövrlərdən indiyədək düşündürən ciddi problemlərdən biridir. Qərb tədqiqatçısı Robert Dahl yazır:

"Demokratiyaya dair ideyaların nəhəng, bəzi hallarda isə keçilməz qalağı içindən elə meyarları tapmaq mümkündürmü ki, birliyimizə rəhbərliketmə prinsipi (birliyın bütün üzvləri onun siyasəti üzrə qərarların işlənib hazırlanmasında bərabərhüquqludur) bu meyarlara uyğun gəlsin? Fikrimcə, azı beş bu cür meyar var.

1. Səmərəli iştirak. Birliyin siyasəti onun üzvləri tərəfindən qəbul edilməzdən öncə, bu siyasətin mahiyyəti üzrə öz baxışlarını birliyin digər üzvlərinə bəyan etmək üçün bütün üzvlərin bərabər və səmərəli (effektiv) imkanları olmalıdır.

2. Səsvermədə bərabərlik. Birliyin siyasəti haqqında qərar qəbul edilərkən, onun bütün üzvlərinə səsvermədə iştirak etmək üçün bərabər və real imkanlar verilməlidir, özü də bütün səslər eyni qüvvəyə malik olmalıdır.

3. Məlumatlılığa əsaslanan dərketmə. Birliyin hər bir üzvünün siyasi alternativlər və bunların ehtimal olunan nəticələri ilə sağlam məntiq çərçivəsində tanış olmaq üçün bərabər və real imkanları olmalıdır.

4. Gündəliyə nəzarət. Birlik üzvlərinin hansı məsələnin və hansı qaydada müzakirə edilməsi barədə qərar qəbul etmək üçün real imkanları olmalıdır. Deməli, əvvəlki üç meyarla nəzərdə tutulmuş demokratik prosedurlar bununla bitmir. Birliyin siyasəti onun üzvlərinin istəyi halında dəyişikliklər üçün həmişə açıq olmalıdır.

5. Yetkinlik yaşına çatanların iştirakı. Birlik üzvlərinin hamısı və ya heç olmasa onların yetkinlik yaşına çatanlarının böyük hissəsi birinci və dördüncü meyarlarla nəzərdə tutulmuş mülki hüquqlara tam dərəcədə malik olmalıdır.

Demokratiyanın verdiyi imkanlar:

1. Səmərəli iştirak.

2. Səsvermədə bərabərlik.

3. Məlumatlılığa əsaslanan dərketmə.

4. Gündəliyə nəzarətin həyata keçirilməsi.

5. Yetkinlik yaşına çatanların iştirakı.

Robert Dahl demokratiyanın üstün cəhətlərinə aid aşağıdakıları göstərir:

1. Tiraniyadan qurtulma.

2. Əsas hüquq və azadlıqlara riayət etmə.

3. Şəxsi toxunulmazlıq hüququ.

4. Öz müqəddəratını təyin etmə.

5. Mənəvi muxtariyyət.

6. Şəxsiyyətin inkişaf etmə imkanları.

7. Şəxsiyyətin təməl mənafelərinin qorunması.

8. Siyasi bərabərlik.

Bunlardan əlavə, müasir demokratiyalar nəzərdə tutur:

9. Sülhə can atma.

10. Firəvan yaşama.

İran tədqiqatçısı Əliəsgər Nəhavəndian göstərir ki, azadlıq insan varlığının başlıca əlamətlərindən biri olmaqla yanaşı, həm də insan fəaliyyətinin təbiətindən doğan və onu heyvanların davranışından, yaxud texniki sistelərin işləməsindən fərqləndirən bir xüsusiyyətdir. Demək olar ki, azadlıq insanın insanlıq rəmzidir.

Azadlıq insanın məqsədyönlü, seçkili fəaliyyətinin nəzərdə tutduğu üçün insanın azadlığından, onun iradəsindən o vaxt söhbət açmaq olar ki, insan öz hərəkətinin və əməlinin məqsəd və yönümünü ixtiyari olaraq seçə bilsin.

Azadlıq problemi bilavasitə insanın şüurunun, onun davranışının tədqiqi ilə məşğul olan elmlərin mövzusudur. Əlbəttə, bu elmlərdən hər biri həmin problemin yalnız özünə xas aspektini öyrənir, məsələn, estetika bədii yaradıcılıq azadlığı, etika insanlar arasındakı münasibətlərdə rəftarın seçilməsi azadlığı, pedaqogika azadlıq duyğusunun tərbiyə edilməsi ilə maraqlanır. Deməli, azadlıq problemini sırf fəlsəfi, eləcə də sosial, ideoloji, siyasi, mədəni, psixoloji və bir çox başqa tədqiqat səpkilərində təhlil etmək olar. Azərbaycan tədqiqatçısı Hikmət Babaoğlu insan hüquq və azadlığının müdafiəsinin zəruriliyini möhkəm əsaslandıraraq yazır ki, isanlar öz tələbatına və mənafeyinə uyğun olaraq ya fərdi qaydada, ya da bu və ya digər sosial qrupun tərkibində iştirak edir, siyasi münasibətlərə təsir göstərir və eyni zamanda müvafiq təsirə məruz qalırlar. Hələ sofistlər belə hesab edirdilər ki, "hər şeyin meyarı insandır". Hər bir sivilizasiyalı cəmiyyətdə siyasət insanlar üçün və insanlar vasitəsilə həyata keçirilir. Siyasətdə sosial qrupların, siyasi partiyaların, kütləvi ictimai hərəkatların rolu nə qədər böyük olsa da, son nəticədə onun əsas subyekti kimi insan, şəxsiyyət çıxış edir. Hər bir insanın hakimiyyətin mənbəyi, siyasətin əsas və ilkin subyekti statusuna, hər bir vətəndaşın siyasətin və bütövlükdə ictimai həyatın real və potensial iştirakçısına çevrilməsinə təminat verən insan hüquqlarıdır. İstənilən müasir cəmiyyətin demokratikliyi və vətəndaşların konstitusiya hüquqlarının qorunması ilk növbədə insan hüquqlarının müdafiəsi ilə ölçülür.

H.Babaoğlunun fikrincə, hələ qədim dövrlərdə insanın, şəxsiyyətin siyasətə və dövlətə münasibətinə, onun hakimiyyətlə qarşılıqlı əlaqəsinə müxtəlif qiymət verilirdi. Sosial- siyasi fıkrin tarixində ilk dəfə olaraq liberalizm fərdin cəmiyyətdən və dövlətdən ayrılmasını, bütün vətəndaşların siyasi bərabərliyini bəyan etmiş və şəxsiyyətin siyasi sistemin əsas elementi olduğunu təsdiq etmişdir. Liberalizm, həmçinin dövlətin hakimiyyət obyekti kimi çıxış edən şəxsiyyətə təsiri sferasını və səlahiyyətlərini məhdudlaşdırmışdır. Liberalizmə görə, siyasi quruluşun əsas prinsiplərinə şəxsiyyət azadlığı, insan hüquqlarının dövlət hüquqları üzərində üstünlüyü, hakimiyyət bölgüsü, qanunçuluq və s. aid edilir.

Bu gün dünya birliyi tərəfindən hər bir insan hakimiyyətin mənbəyi və siyasətin ilkin subyekti kimi tanınmışdır. İnsan hüquqlarını qorumaq və onlara hörmət etmək, bu sahədə müvafiq siyasət həyata keçirmək hər bir ölkənin daxili işi kimi deyil, ümumi qayğı və məsuliyyət predmeti kimi qəbul olunan hər bir ölkədə hüququn aliliyi ilə yanaşı, insan hüquqları dövlətin demokratikliyinin əlaməti və beynəlxalq əməkdaşlığın demokratik əsasını təşkil edir. Demokratiya və insan hüquqlarının birbaşa və əks-əlaqə olduqca sadədir: insan hüquqlarına hörmət olmadan demokratiya ola bilməz və əksinə, əsl demokratiyanın bərqərar olması insan hüquqlarının təmin edilməsi üçün şərait yaradır.

Hikmət Babaoğlu yazır: "İnsan hüquqlarının dövlətin konstitusiyasına daxil edilməsi konsensusun və siyasi stabilliyin əldə olunması prosesinin başlanğıc nöqtəsidir. Onların konstitusiya səviyyəsində təsbit edilməsi ayrı-ayrı hakimiyyət strukturları və eləcə də bütövlükdə dövlət hakimiyyəti tərəfindən hakimiyyətdən sui-istifadə imkanlarını məhdudlaşdırır və totalitar idarəetmə formasının təşəkkülünün qarşısını alır.

İnsan hüquqlarının inkişafı prosesi bir-birinə qarşılıqlı təsir edən istiqamətlərdə baş verir. İnsan hüquqlarının milli sistemləri fərdin azadlıqlarının həyata keçirilməsinə özünün bəzən spesifık olan yanaşmasını müəyyən edir. Beynəlxalq səviyyədə isə insan hüquqları standartlarının unifikasiyası baş verir.

Beləliklə, tamamilə aydın görünür ki, bir tərəfdən, insan hüquqları problemi hər bir insana aid olan mövzudur, digər tərəfdən isə bu problem ayrıca olaraq bir dövlət çərçivəsində mövcud deyil, beynəlxalq hüquqi-siyasi fəaliyyətin obyektidir və onun tədqiqi sahəsinin genişləndirilməsi ictimai proseslərin müasir inkişafında vacib istiqamət kimi çıxış edir".

Müəllifin fikrincə, demokratik cəmiyyətdə mövcud olan milli hüquq-müdafiə mexanizmlərinin səmərəliliyi, ilk növbədə dövlətin bu sahədəki fəaliyyətindən və onun müvafiq istiqamətdə həyata keçirdiyi siyasətdən asılıdır. Çünki birincisi, dövlətin insan hüquq və azadlıqlarının müdafiəsi üzrə fəaliyyətlə məşğul olmağa borclu olan orqanlar sistemi vardır. İkincisi, dövlətin öhdəsində təkcə pozulmuş hüquq və azadlıqların müdafiəsi və bərpa edilməsi üçün deyil, həm də belə pozuntulara yol verməmək üçün səmərəli vasitə vardır. Üçüncüsü, təkcə dövlət orqanının qəbul etdiyi normativ akt bütün digər aktlara münasibətdə zəruri mütləq qüvvəyə malikdir. Dördüncüsü, dövlətin əlində insan hüquq və azadlıqlarının pozulmasında günahkar olanları məsuliyyətə cəlb etmək üçün məcburetmə aparatı vardır.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər