PDF Oxu

MİA

  • 7 163

İntensivlik, təsirlilik və insan haqları

image

"Effektivlik və intensivlik" ictimai rəyin qərar qəbuletmə prosesindəki funksional əhəmiyyətində özünü daha açıq formada büruzə verir. "Effektivlik", qərar qəbul olunmasına istiqamətlənmiş bir siyasət, dəyişməyə həvəsləndirici bir amil, mövcud vəziyyəti dəyişdirəcək fəaliyyət kimi də açıqlana bilər.

Ə.Abbasov yazır: "İctimai rəyi intensivlik və effektivlik nöqteyi-nəzərindən təhlilə cəlb edən tədqiqatçılar onu bir növ fəaliyyət və hərəkət kontekstinə yerləşdirirlər. Bunun bariz nümunəsi Floyd Olport olmuşdur. Olporta görə, ictimai rəy fərdi bir fəaliyyətdir və ifadə etməyə əsaslanır. Bu fəaliyyət fərdlər (çoxluq) tərəfindən birdən edilir. Çox sayda şəxs tərəfindən bəlli bir mövzu və ya vəziyyət haqqında olur. Bu mövzu və ya vəziyyət birdən çox şəxs üçün əhəmiyyət daşıyır, müştərək problem ilə əlaqədar aksiyanın dəstəklənməsi və ya dəstəklənməməsi şəklində həyata keçirilir". Başqa şəxslərin də eyni vəziyyətə qarşı oxşar münasibət bildirəcəklərinin şüurluluğu ilə müşayiət olunur. Buna riayət edən şəxslərin eyni məkanda olmaları şərt deyildir. Hər hansı bir şeyə qarşı olmaq və ya bir şeyi əldə etmək əsas meyardır. Müştərək məqsədlərə yönəlmiş fəaliyyət növü olduqları üçün haqqında danışılan hərəkətlər münaqişəli xarakter də ala bilər. Məqsədə nailolma baxımından, müştərək fəaliyyətlərin effektiv olmaq potensialı üstündür.

Müəllifin qeyd etdiyi kimi, kollektiv ifadəyə əsaslanan və sosial bir reallıq olan ictimai rəy müxtəlif ünsür və amillərin təsiri altında formalaşır. İctimai rəyi sosial-siyasi, həmçinin, psixoloji şərtlərdən cəmiyyət həyatının mürəkkəb təsir mexanizmlərindən tədqiq etmək, yəni onu abstrakt kateqoriya kimi təsəvvür etmək, elmi həqiqət perspektivindən uzaqlaşmaq deməkdir. Buna görə də, ictimai rəyi formalaşdıran amillər ətraflı araşdırılmalıdır. İctimai rəy iki qrup ünsür və amillərin təsirilə formalaşır. Birinci qrupa ictimai rəyin yarandığı sosial və siyasi mühitə təsir edən ünsürlər daxildir. Bu ünsürlər, bilavasitə təsir etməkdən daha çox, ictimai rəyin infrastrukturunu yaradırlar. İkinci qrupa isə, bilavasitə ictimai rəyə təsir edən və onu formalaşdıran ünsür və amillər daxildir. Birinci qrup amillərə siyasi sosiallaşma, ünsiyyət, dil, sosial qruplar, ideologiya, əhali, mədəniyyət, din, siyasi-hüquqi institutlar kimi sosial, həmçinin, psixoloji xarakterli fərdi ünsürlər daxil edilə bilər.

İctimai rəyin müəyyən bir sosiallıq çərçivəsində fərdi ifadəetmə əsasında formalaşan fəaliyyət olduğunu əvvəl də vurğulamışdıq. İctimai həyat çox sayda insanın uzunmüddətli təsirlər çərçivəsində müxtəlif əlaqələr müstəvisində bir-birləri ilə münasibətlər yaradaraq, müəyyən hərəkət və davranışları icraetmə formasında meydana gəlir. Sosiallaşma cəmiyyətdə bərqərar olmuş sosial normaların, mənəvi dəyərlərin mənimsənilməsi zəminində şəxsiyyətin sosial keyfiyyətlərinin formalaşması və onun ictimai həyata qoşulmasıdır. Siyasi sosiallaşma isə şəxsiyyətin siyasi dəyərləri, normaları, davranış qaydalarını mənimsəməsi və onları öz fəaliyyətində reallaşdırması hadisəsidir. Başqa cür ifadə etsək, şəxsin cəmiyyətin bir parçası (üzvü) halına keçməsi, ümumi mənada sosiallaşma, bu prosesdə siyasi mədəniyyətin öyrənilərək, gələcəyə ötürülməsi və siyasi həyatın təkrar istehsalı isə, siyasi sosiallaşma adlanır.

Sosiallaşma bir adaptasiya və öyrənmə hadisəsidir. Fərdin mövcud sosial-siyasi norma və dəyərləri qəbul edib mənimsəməsi əsasında ictimai həyata qoşulmasından ibarətdir. Şəxsiyyətin siyasi sosiallaşmasının praktiki mənası, onun siyasi proseslərdə iştiraka cəlb olunmasıdır. Şəxsiyyətin siyasi proseslərə qoşulması, onun hakimiyyətlə münasibətlərdə öz mənafeyini reallaşdırmaq məqsədinə xidmət edir. Siyasi sosiallaşma mövcud siyasi rejimlərdən təsirlənərək, etiraz kimi aktiv siyasi iştirakçılıq ilə, siyasi baxımdan özgələşməylə nəticələnən passiv siyasi iştirakçılıq arasında müxtəlif formalar alır.

Siyasi sosiallaşma fərdin siyasi sistem haqqında mənimsədiyi norma və dəyərlərin təsiri altında öz ətrafı ilə müxtəlif əlaqələr yaratması prosesidir. İctimai rəy bu prosesin içində formalaşır. İctimai rəyin ortaya çıxmasına səbəb olan siyasi dəyər və normalar, qənaətlər, məhz siyasi sosiallaşma prosesinin təsiri altında formalaşır.

Ə.Abbasov yazır: "Fərdin qənaətləri onun psixoloji vəziyyəti və daxil olduğu ictimai mühitin qarşılıqlı təsirləri nəticəsində formalaşan individual davranış növüdür. İctimai rəyin formalaşmasında fərdi-psixoloji amillər (dəyərlər, stereotiplər, qavrama potensialı, əsəbilik, depressiya, laqeydlik, biganəlik, komplekslər və s.) effektiv ola bilər. Bu amillər şəxsiyyətin qənaət və baxışlarına hər zaman təsir edir. Fərdin hissləri və duyğuları görünməyən və ölçülə bilməyən amillərdir. Bu amillər fərdin müəyyən məsələlər qarşısında formalaşdırdığı qənaətin sentimental infrastrukturu rolunu oynayır. İnsanlar, həyatları boyunca üzləşdikləri müxtəlif hadisələrlə əlaqədar necə hərəkət edəcəklərini, sahib olduqları əqli və hissi dəyərlər, inanc və stereotiplərin köməyi ilə müəyyən edirlər. Qənaətlərin (rəylərin) yaranmasını, sadəcə, fərdi amillərlə əlaqələndirmək səhv olardı. Fərd ilə sosial mühitin qarşılıqlı əlaqəsi də, bu baxımdan, böyük əhəmiyyət daşıyır. Sosial mühit bir çox ünsürləri vasitəsilə ictimai rəyin formalaşmasına təsir edir".

Sosiallaşmadan bəhs edərkən, fərdlərarası müxtəlif əlaqələrin əhəmiyyətini vurğulamışdıq. Bu əlaqələrdən birincisi ünsiyyətdir. Ünsiyyət (kommunikasiya) sosial bir prosesdir. Bu proses informasiya və biliyin fərdlər və strukturlar arasında qarşılıqlı mübadiləsinə əsaslanır. Sosiallaşan ünsiyyət (informasiya mübadiləsi) cəmiyyətdə siyasi iştirakçılığı artıraraq, ictimai rəyin yaranmasına əhəmiyyətli dərəcədə təsir edir. Müəyyən bir mövzuda ictimai rəy formalaşdırmaq və ya mövcud qənaətlərə təsir etmək istəyənlər müxtəlif ünsiyyət kanallarına müraciət edirlər.

İctimai rəyin formalaşmasının ilkin mərhələsi, fərdlərin və qrupların müəyyən problem haqqında xəbərdar olmaları və bu problem ətrafında mübahisə etmələridir. Mübahisə edilən problemlə əlaqədar olaraq, bu fərdlərin və qrupların başqa qruplarla əlaqə yaradaraq, qənaətlərini bölüşmələri nəticəsində, ictimai rəy meydana gəlir. Bütün bu fəaliyyətlər isə ünsiyyət (kommunikasiya) vasitəsilə həyata keçirilir. Daha dəqiq desək, ictimai rəyin formalaşmasında təsir keyfiyyətinə malik hər bir vasitə, əslində, ünsiyyət prosesində informasiya ötürür.

İ.Ərdoğan və K.Aləmdara görə, ünsiyyət - insan fəaliyyəti və münasibətlərinin vacib, imtiyazlı və prioritet hissəsi, real zaman və məkan daxilində sosial bir fenomendir. Müəlliflər, ünsiyyət prosesini cəmiyyətin sosial və mədəni strukturu ilə əlaqələndirirlər. Ünsiyyət prosesi, insanların ortaq simvollarla bir-birlərini anladıqları və bu simvolları sərbəst olaraq istifadə etdikləri zaman reallaşır. Ünsiyyət yaradılmasının məqsədi informasiyanın, bütövlükdə hədəfə ötürülməsi və hədəf tərəfindən də qavranılmasıdır. İctimai rəyin formalaşması üçün qruplar daxilində və arasında yaradılan ünsiyyətin reallaşması üçün tərəflərin, hər şeydən əvvəl, müştərək simvolları olmalıdır. İbtidai qəbilələrdən başlayaraq, müasir dövrə qədər bütün insanlar inkişaf səviyyələrinə uyğun simvollar sistemi yaratmış və bundan istifadə etmişlər.

Bu simvollar sisteminin əhəmiyyətli bir növü dildir. Fundamental simvol sistemi olaraq dil, ictimai rəyin formalaşmasında ən effektiv ünsiyyət vasitəsidir. Bütün dəyərlər, mədəniyyət, ideologiya fərdə dil vasitəsilə ötürülür. Dil həm sivilizasiyanın bir hissəsi, həm də əhəmiyyətli bir meyarıdır. Dil cəmiyyət daxilində yaranır və orada təkmilləşir. İctimai rəyin ortaya çıxmasında dil vasitəçi bir funksiya yerinə yetirir. Söz və yazı formalarında informasiya mübadiləsinin mümkünlüyünü cəmiyyətdə müştərək simvollar sistemi olan dildən istifadə etmədən təsəvvür etmək çətindir. Xüsusilə, geniş insan qruplarının (xalq, kütlə və seçici qrupları) rəy və qənaətlərini dəyişdirməyi istəyən hər hansı bir şəxs və ya qrupun dilin istifadəsində daha diqqətli olması vacibdir.

İctimai rəyin formalaşmasında ideologiyaların özünəməxsus yeri var. Sosial həyatın və siyasi münasibətlərin getdikcə dünyəvi xarakter alması ideologiyaların meydana çıxmasına və yayılmasına səbəb olmuşdur. Cəmiyyətdə hakim ideologiya fərdin rəyinə daha çox təsir edir və onu formalaşdırır. İnsan və cəmiyyət ilə əlaqədar olan ideologiya fərd, cəmiyyət və dünya haqqındakı informasiya və inancları total formada qəlibləşmiş fikirlər olaraq açıqlayır. İdeologiya bir inanc sistemi və ya sistemli fikir kimi də qəbul edilə bilər. İdeologiya həm insanları və cəmiyyətləri dəyişdirərək, irəliyə aparmağa yararlı bir anlayış forması, həm də insanın öz reallığını anlamasının qarşısını almağı hədəf bilən qeyri-normal bir şüur sistemidir. İdeologiya - həyatın yeni formada dərk edilməsinə uyğun insan şüurunun yeni fikirlər tərəfindən formalaşdırılmasına, eyni zamanda, insanların dünyanı yenidən formalaşdırmağa güclərinin çata biləcəyinə inamdır.

Müasir dövrdə sosial həyatın mürəkkəbləşməsi, kütləviliyin hakim əlamətə çevrilməsi, habelə, kütləvi informasiya vasitələrindəki böyük inkişaf informasiya, düşüncə və siyasi diskussiyaların əhatə dairəsini genişləndirmiş, informasiya və biliyi, həmçinin, düşünmə tərzlərini də müəyyən qəlib formalara salmışdır. İnsanlar ümumi bir məsələ haqqında öz qənaətlərini formalaşdırdıqları zaman cəmiyyətdə hakim olan ideologiyanın təsiri altına düşürlər. Burada isə heç bir qeyri-adilik yoxdur və real fakt kimi təbii qəbul olunmalıdır. Cəmiyyət daxilində fikir cərəyanlarında yaşanan dəyişikliklər ictimai dəyər sistemlərinə və fərdi qənaətlərə yaxından təsir göstərir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər