MİA

  • 72 274

İnsan hüquqlarının mahiyyəti və vətəndaşların hüquqi statusu

image

İnsan hüquqları, onların sosial kökləri təyinatı, bəşəriyyətin tarixi, sosial-mədəni inkişafının əbədi problemlərindən biridir. Bu haqlar daim dini, fəlsəfi, siyasi və etnik fikrin diqqət mərkəzində durmuşdur. İnsan haqları mürəkkəb və çoxcəhətli fenomendir. Müxtəlif dövrlərdə siyasi-hüquqi dəyişməz dəyər olmuşdur, gah dini etnik, gah da fəlsəfi əhəmiyyət kəsb etmişdir. İnsan haqları bir-birini qarşılıqlı tamamlayan insan və dövlət kateqoriyaları arasında əsas yeri tutur.

İnsan hüquqları və ya insan haqları - Humanizm və Maarifçilik Dövründə insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlanı təsvir edir. İnsan haqlarının əsas konsepti ondan ibarətdir ki, bütün insanlar insan olmalarına görə hamısı eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hamıya aid edilir.
İnsan hüquqları institutu, məzmun etibarilə həm müxtəlif, həm də eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. Lakin mülkiyyət hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafinda birləşməyi təmin edən həmrəylik (solidarity) hüquqlarının mahiyyəti belə tam aydınlığa qovuşmayıb. Habelə, insan hüquqları institutu mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır. Konkret hüququn məzmununun doldurulması da maraq kəsb edir. Belə ki, mülkiyyət hüququnun məzmununu dolduran mülki hüquq olduğu halda, söz azadlığı kimi hüquqların məzmununu fəlsəfə və siyasət elmi doldurur. Konkret hüquqlar baxımından, bunu niyə bilməliyik? Məsələn, ayrı-seçkiliyə məruz qalmama hüququnun necə formalaşdığını bilməsək, müxtəlif hadisələrdə onu düzgün tətbiq edə bilməyəcəyik. Yəni hüquq hansı prinsiplərin təmin edilməsinə yönəlir və mütləq bilinməlidir. Burada bir məsələni qeyd etməliyik. İnsan hüquqları institutu anarxiya rejiminə yönəlmir və insanın hər istədiyini edə biləcəyi bir mühiti formalaşdırma məqsədini güdmür. Dövlətin insan hüquqlarına hörmətlə yanaşması, dövlətin bu sahədə tənzimləmə aparma səlahiyyətini aradan qaldırmır, ancaq bu tənzimləmənin məqsədini tənzimləyir və məhdudlaşdırır. Anarxiya nizamı, bütün hüquqları təhlükə altına aldığına görə, nizam-intizam qorunmalıdır və dövlətin hakimiyyət səlahiyyətlərinə də hörmətlə yanaşmaq lazımdır. Lakin hakimiyyət səlahiyyətləri, insanların legitim və ağlabatan maraqlarının məcmusundan ibarət olan ictimai maraqların doyurulmasına yönəlməlidir. Burada insan hüquqları nəzəriyyəsi, demokratik rejimlərə bir məhdudiyyət gətirir və konkret insanın çoxluq tərəfindən pozulmaz hüquqlar "qalasını" göstərir. Avtoritar rejimdə isə, insan hüquqları institutu bir az daha fərqli məqsədə yönəlir və effekt də daha zəif olur; o simvolik bir protestə və zülmə qarşı dirənən çoxluğun ideologiyasına çevrilir.
İnsan haqları demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. Bu məsələnin universallığından, çox vaxt bu və ya digər dövlətlərdə insan haqlarından sui-istifadə halları əsas götürülərək, onlara qarşı hərbi və iqtisadi təzyiq göstərmək üçün istifadə edilir. Konstitusiyalarda əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkarolunmaz bir hüquq kimi qəbul edilməlidir. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanunlaşdırılmışdır.
İnsan haqları bir çox hallarda, bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq, aşağıdakı kimi ifadə olunur:
Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, doğum və başqa hallardan asılı olmayaraq, təmin olunmuş insan haqlarına və azad olmaq hüququna matikdir.
İnsan haqları azadlıq, əmin-amanlıq və ədalətliliklə sıx bağlı olan anlayışdır. Bu, onların universallığı, bərabərliyi və ayrlmazlıq vəhdətini də özündə əks etdirir. Onlar planetdə və Yer kürəsində yaşayan bütün insanlara aiddir.
Siyasi münasibətlər sahəsinə qədəm qoyan hər bir insan, ilk növbədə, öz şüuru və davranışı ilə həmin münasibətlərə müəyyən təsir göstərir və bununla da sanki "siyasəti yaradır". Bu mənada, insan siyasətin subyekti kimi çıxış edir və onun bu statusu siyasətin kollektiv subyektlərinin statusundan fərqlidir. Başqa sözlə, insan siyasətin xüsusi subyektidir. İnsanın siyasət subyekti olması onun ictimai mahiyyətinin konkretləşməsi deməkdir. Belə ki, insan cəmiyyətdə onsuz da müəyyən siyasi mənafelərin, ziddiyyətlərin daşıyıcısı və ifadəçisi kimi çıxış edir. Başqa cür ola da bilməz, çünki hər bir şəxs, onun öz istəyindən asılı olmayaraq, birincisi, müəyyən dövlətin vətəndaşıdır və ikincisi, bu və ya başqa bir sosial, yaxud etnik qrupun nümayəndəsidir.
Gündəlik həyatda hər bir insan, müəyyən sosial rolu yerinə yetirir. Həmin rollar məcmu halında şəxsiyyətin sosial statusunu müəyyən edir. Şəxsiyyətin sosial statusunun özü, artıq onun fərdi siyasi mövcudluğunun əsaslarını şərtləndirir və hətta əgər hər hansı bir şəxs özünü siyasətdən kənar hesab etmiş olsa da, o, bu və ya başqa bir səviyyədə siyasi münasibətlərə cəlb olunmuş olur.
Hikmət Babaoğlunun qeyd etdiyi kimi: "İnsan hüquqlarını qorumaq və onlara hörmət etmək, bu sahədə müvafiq siyasət həyata keçirtmək hər bir ölkənin daxili işi kimi deyil, ümumi qayğı və məsuliyyət predmeti kimi qəbul olunur. Hər bir ölkədə hüququn aililiyi ilə yanaşı, insan hüquqları dövlətin demokratikliyinin əlaməti və beynəlxalq əməkdaşlığın demokratik əsasını təşkil edir. Demokratiya və insan hüquqlarının birbaşa və əks əlaqəsi olduqca sadədir: insan hüquqlarına hörmət olmadan demokratiya ola bilməz və əksinə, əsl demokratiyanın bərqərar olması insan hüquqlarının təmin edilməsi üçün şərait yaradır.
İnsan hüquqlarının dövlətin konstitusiyasına daxil edilməsi konsensusun və siyasi stabilliyin əldə olunması prosesinin başlanğıc nöqtəsidir. Onların konstitusiya səviyyəsində təsbit edilməsi ayrı-ayrı hakimiyyət strukturları və eləcə də, bütövlükdə, dövlət hakimiyyəti tərəfindən hakimiyyətdən sui-istifadə imkanlarını məhdudlaşdırır və totalitar idarəetmə formasının təşəkkülünün qarşısını alır".
Dövlət və insanın qarşılıqlı münasibətlərinin hüququ rejimini qanunlar müəyyənləşdirir. Burada insan və vətəndaşın hüquq və azadlıqları əsas yer tutur. Hüquq özünün klasski mənasında cəmiyyətin və ictimai münasibətinin əsas tənzimləyicisidir, o, özündə normativliyi və ümumi məcburiliyi əks etdirir. Hüquqi normalar ictimai münasibətlərə bu və digər şəkildə təsir edir. İnsanın hüquqlarını müxtəlif meyarlara əsasən təsnif etmək olar.
İnsan hüquqları müxtəlif təsnifat sistemlərinə tabedir. Əsas təsnifatlardan biri, bunları bir tarəfdən mülki və siyasi, digər tərəfdən isə iqtisadi, siyasi və mədəni hüquqlara bölməkdir. 80-ci illərdə bunlara 3-cü nəsil adlanan hüquqlar da əlavə olunub, bunlara həmrəylik hüquqları da deyilir. Lakin bu 3-cü nəsil hüquqlar hıqqında fikir birliyi yoxdur, nələrin bu kateqoriyaya daxil olduğu və bunların hüquqi rejimi mübahisəlidir. İnsan hüquqlarının 3 nəslə bölünməsi, 1979-cu ildə Strasburqdakı Beynəlxalq İnsan Hüquqları İnstitutunun üzvü, milliyyətcə çex olan Karel Vasak tərəfindən irəli sürülüb. Vasakın bu təsnifatı öz köklərini Avropa hüququndan aldığı kimi, Avropa dəyərlərini əks etdirirdi.
Fərhad Mirzəyev "Kəmiyyətdə və təcrübədə insan hüquqları" əsərində yazır: "Mülki və siyasi hüquqlar öz əksini Avropa İnsan Hüquqları Konvensiyasında, UDHR-in 3-21-ci maddələri arasında, habelə, 1966-cı il tarixli BMT Mülki və Siyasi Hüquqlar haqqında Sazişdə (İCCPR) tapıb. İqtisadi, sosial və mədəni hüquqlar isə, UDHR-in 22 - 28-ci maddələri arasında, Avropa Sosial Şərtində, habelə, yenə 1966-cı il tarixində bu hüquqlar üçün xüsusi olaraq tənzimlənən iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktda (İCESCR) göstərilib.
BMT səviyyəsində iki ayrı Paktın hazırlandığını görürük. Bunun səbəbi nədir? UDHR-də hər iki nəsil hüquqlar birləşdirildiyi halda, niyə 1966-cı il Paktlarında bunlar ayrı müqavilələrdə tənzimlənib? Səbəbi budur ki, bu hüquqlar fərqli hüquqi rejimə tabedir və dövlətlərə gətirdiyi öhdəliklər də fərqlidir. Sosial hüquqları təminetmənin həm ideoloji, həm də iqtisadi yönləri var, hər dövlətin də şəraiti buna uyğun olmaya bilər. Mülki və siyasi hüquqlar baxımından, vəziyyətin belə bir cəhəti də vardır ki, başda SSRİ olmaqla, bəzi dövlətlərin öz təbəələrinə bütün bu hüquqları tanımaq niyyətləri yox idi. Bu səbəblə, bu Paktlara həm qeyd-şərt imkanları gətirildi, həm də hüquqlar ayrı-ayrı sənədlərdə (Konvensiyalarda) tənzimləndi. Üçüncü nəsil hüquqlara gəldikdə, bunlarla bağlı hər hansı beynəlxalq sənəd mövcud deyildir".

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər