Xəbərlər

  • 4 599

Azərbaycan Türkiyənin 44 günlük müharibə dövründəki dəstəyini unutmur!

image

Türk dünyasının birliyi, həmrəyliyi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Dövlətimizin bu yönümdə atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü Türkiyə-Azərbaycan qardaşlığının möhkəmləndirilməsinə xidmət edən addımlar sırasındandır. Reallıq budur ki, Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib. Dövlət başçısı İlham Əliyev ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə belə bir əminliyi də ifadə etmişdir ki, Azərbaycan bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Onu da qeyd edək ki, həmin Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dünyasının birliyinə verdiyi töhfələrə görə Türk Dünyasının Ali Ordeni ilə təltif edilmişdir. Cənab İlham Əliyev bu ali mükafata 2021-ci ildə layiq görülmüşdür. Bu iki mühüm addım Azərbaycan və Türkiyə Prezidentlərinin Türk dünyasının birliyi ilə bağlı istəklərinin sözdə deyil, əməldə öz təsdiqini tapdığını nümayiş etdirir.

Türk dünyası böyük bir ailədir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyev Sammitdə çıxışı zamanı türk dövlətlərinin birliyinin önəmindən, Ermənistanın 30 il ərzində işğalçılıq siyasətinin nəticələrindən bəhs etdi. 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılıb. Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşüb. Torpaqlarımız azad edildikdən sonra bir neçə yerdə kütləvi məzarlıq aşkar etmişik. Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır. 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır. Cənab Prezident Ermənistanın həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayındığını bəyan edib. Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır. Cənab Prezident çıxışında həmçinin qeyd edib ki, biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir.

Hazırda işğaldan azad edilmiş torpaqlarımız erməni vəhşiliklərinin şahidləridir. Tarixi Zəfərimizdən sonra bu ərazilərimizdə olan hər kəs Azərbaycanın 30 ildə necə vəhşi bir millətlə üz-üzə dayandığını görür, bundan heyrətlərini gizlətmirlər. Bütün tikililər tamamilə dağıdılıb. Bu gün həmin torpaqlar yenidənqurma-bərpa dövrünü yaşayır. Bu ərazilərə yeni nəfəs gəlir. Azərbaycan xalqı bir daha qurub-yaradan xalq olduğunu dünyaya nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərimizdə bütün işlər müasir dövrün tələbləri əsasında həyata keçirilir. Dövlət başçısı İlham Əliyev bu torpaqlarda bərpa-quruculuq işlərinə başlayanda belə bir çağırışı etdi ki, dost ölkələrin bu prosesdə iştirakını istərdik.

Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ nəticəsində 48 min insanın həlak olması, yüz mindən artıq insanın yaralanması, genişmiqyaslı dağıntıların qeydə alınması Azərbaycanda da faciə ilə qarşılandı. Zəlzələnin ilk anından Azərbaycan dövləti ilə yanaşı, aidiyyəti qurumların, eləcə də ictimai təşkilatların və sıravi insanların yardım kampaniyalarına fəal şəkildə qoşulması bütövlükdə Azərbaycanın Türkiyə ilə bağlı həssaslığını, xalqımızın qardaşlıq bağlarının nə qədər güclü olduğunu göstərdi. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında həmin anlara bir daha diqqəti yönəldərək bildirdi ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq.

Qardaş Türkiyədə baş verən zəlzələ bütün sınaqlardan çiyin-çiyinə verərək mətanətlə çıxan Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bir daha təsdiqlədi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü bu sarsılmaz birliyin daha bir nümunəsi kimi dünyanın diqqətində oldu.

Arzu Əliyeva

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər