PDF Oxu

Xəbərlər

  • 4 284

Milli Məclisin plenar iclasında 25 məsələ müzakirə olunub

image

Aprelin 3-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, 25 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra deputatlar günün aktual məsələlərinə münasibət bildirdilər. Xaricdə məskunlaşmış bəzi soydaşlarımızın sosial şəbəkələrdə və saytlarda yer alan qeyri-etik çıxışları yolverilməz sayıldı və şiddətlə pislənildi. Çıxışlarda vurğulandı ki, Vətənin, xalqın, ordunun şərəf və ləyaqətini qorumaq, milli maraqları və millətin mənafeyini nəzərə almaq siyasi baxışlarından asılı olmayaraq hər bir vətəndaşın borcudur.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan hökuməti ilə Əfqanıstan hökuməti arasında hava əlaqəsi haqqında, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişləri şərh etdi. Parlament hər iki sazişi təsdiqlədi.
Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov 2005-ci il 3 may tarixli Qanunla təsdiq olunmuş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”yə təklif edilən dəyişikliklər barədə məlumat verdi. Bildirdi ki, komissiyanın əsas vəzifələrinə və əsas hüquqlarına dair maddələrə edilən dəyişiklik qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda edilmiş dəyişikliklərin ötən ilin oktyabr ayından etibarən tətbiqi ilə əlaqədardır.
Deputatlar qanunun qəbulunu məqsədəuyğun saydılar.
Sonra Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Hidrometeorologiya fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələni təqdim etdi. Nəzərə çatdırıldı ki, sənəd qanunvericiliyin uyğunlaşdırılması məqsədilə hazırlanıb. Parlament qanun layihəsinə müsbət münasibət bildirdi.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Gəmiçilik sahəsində xidmətlərə görə” medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda zəruri dəyişiklikləri şərh etdi. Bildirdi ki, hər iki medal milli dövlətçilik atributlarını əks etdirir. Məsələ müzakirə olundu və qanun qəbul edildi.
Gündəlikdəki növbəti dörd qanun layihəsi Milli Məclisə bir zərfdə daxil olmuşdu. Bildirildi ki, “Banklar haqqında”, “Kredit büroları haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” qanunlarda və Mülki Məcəllədə edilən dəyişikliklər 2016-cı ilin oktyabrından etibarən tətbiq olunan “Kredit büroları haqqında” Qanunla əlaqədardır. Bu dəyişikliklər banklar tərəfindən borcalanlar haqqında məlumatın Mərkəzləşdirilmiş kredit reyestrinə verilməsi mexanizmini dəqiqləşdirmək, eləcə də reyestrdə toplanan məlumatların qorunmasını təmin etmək məqsədi daşıyır. Plenar iclasda rəy və təkliflər dinlənildi. Səsvermə zamanı deputatlar qanun layihələrinin dördünə də müsbət münasibət bildirdilər.
İclasda Mülki Məcəllədə dəyişikliklərə dair daha bir qanun layihəsinə də baxıldı. Qeyd edildi ki, məqsəd hüquqi şəxs adından çıxış edən şəxsin məsuliyyətinin artırılmasıdır. Qanun qəbul olundu.
Qanunvericiliyin uyğunlaşdırılması baxımından “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” və “Valyuta tənzimi haqqına” qanunlara təklif olunan dəyişikliklər də müsbət qarşılandı.
Parlament “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun olaraq hazırlanmış iki sənəddə - Ticarət Gəmiçiliyi Məcəlləsində və “Yerin təki haqqında” qanunda dəyişiklik edilməsini də məqsədəmüvafiq saydı.
Sonra Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə bir zərfdə daxil olmuş beş məsələyə baxıldı. Qanunvericiliyin təkmilləşdirilməsi və dəqiqləşdirilməsi baxımından Şəhərsalma və Tikinti Məcəlləsinə, Mülki Məcəlləyə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İcra haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara təklif edilən dəyişikliklər barədə məlumat dinlənildi. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyuldu və qəbul edildi.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deputatlara məlumat verdi ki, “Tibbi sığorta haqqında” Qanunun 12-ci və 16-cı maddələrində aparılan dəyişikliklər “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 24 noyabr tarixli Prezident Fərmanına uyğun olaraq “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin yaradılması ilə əlaqədardır, həmçinin İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırma xarakteri daşıyır. Sənəd səsə qoyuldu və qəbul edildi.
Deputatlar İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində, “Fərdi məlumatlar haqqında” Qanunun 13-cü, İnzibati Xətalar Məcəlləsinin 28-ci və 43-cü maddələrində edilən dəyişikliklərə də razılıq verdilər.
Sonra parlamentə “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” yeni qanun layihəsi təqdim olundu. Komitə sədri Əli Hüseynli bildirdi ki, zamanın tələbinə əsasən Azərbaycan qanunvericiliyində mövcud olan daktiloskopik qeydiyyat haqqında qanun genişləndirilib və layihəyə genom qeydiyyatı məsələsi də əlavə olunub. Dörd fəsil, 21 maddədən ibarət olan bu qanun ölkəmizdə insan şəxsiyyətinin eyniləşdirilməsi üçün aparılacaq dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyənləşdirəcək, bu sahədə yaranan ictimai münasibətləri tənzimləyəcək. Qanun cinayətkarlığa və terrorizmə qarşı mübarizədə, həmçinin itkin düşmüş şəxslərin tapılmasında səmərəli nəticə əldə etməyə töhfə verəcək.
Fikir mübadiləsində qanun layihəsi konseptual baxımdan məqbul sayıldı və səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
İclasın yekununda elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli ikinci oxunuşda müzakirəyə çıxarılmış “Peşə təhsili haqqında” qanun layihəsi barədə ətraflı məlumat verdi. Sənəd əsas kimi qəbul edildi və maddə-maddə müzakirəyə başlanıldı. Deputatlar müsbət fikirlərini, təkliflərini parlamentin diqqətinə çatdırdılar. Qeyd olundu ki, ölkəmizin inkişaf etdiyi, yeni istehsal sahələrinin yarandığı indiki dövrdə peşə təhsilinə çox ehtiyac var. Qanun layihəsində innovasiya və sahibkarlıq fəaliyyəti, müasir dövrün çağırış və inkişaf tendensiyaları da nəzərə alınıb.
Plenar iclasda “Peşə təhsili haqqında” qanun layihəsi öncə fəsil-fəsil, sonra bütövlükdə səsə qoyuldu və ikinci oxunuşda qəbul edildi. Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.

Digər xəbərlər