PDF Oxu

Siyasət

  • 1 151

"Tərəflər arasında qarşılıqlı ittihamlar hələ də davam etməkdədir" - EKSPERT ŞƏRH ETDİ

image

"Son dövrlərdə beynəlxalq gündəmi məşğul edən əsas məsələlərdən biri də Rusiya və Ukrayna prezidentləri arasında görüşün nə zaman və hansı şərtlər altında baş tuta biləcəyi ilə bağlıdır. Lakin bu günə qədər Vladimir Putinlə, Volodimir Zelenski arasında birbaşa görüş baş tutmayıb və bunun bir neçə əsas səbəbi var". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.Onun sözlərinə görə, əvvəla, qeyd edilməlidir ki, bu görüşün baş tutmamasının birinci və ən əsas səbəbi Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Zelenski ilə eyni masa arxasında əyləşmək istəməməsidir: "Bu, məsələnin siyasi və psixoloji tərəfidir. Rusiya tərəfi Zelenskini legitim tərəfdaş kimi qəbul etmədiyini dəfələrlə bəyan edib. Bu səbəbdən də birbaşa dialoqun baş tutması real görünmür. Digər tərəfdən, 2022-ci ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsi dövründə Rusiya öz hərbi və strateji mövqelərini xeyli gücləndirib. Müxtəlif istiqamətlər üzrə əldə edilən uğurlar Kremlin danışıqlarda daha sərt mövqe tutmasına zəmin yaradıb. Rusiya hazırda hərbi baxımdan üstün mövqedə olduğunu düşünür və bu üstünlüyü diplomatik müstəviyə daşımaq istəyir.Bu baxımdan, Rusiyanın sərt mövqe nümayiş etdirməsi təəccüblü deyil. Müharibə meydanında üstünlük əldə edən tərəfin danışıqlarda da möhkəm və güzəştsiz mövqe tutması təbii qarşılanır. Ehtimal edilir ki, yaxın gələcəkdə də Rusiya bu mövqeyini dəyişməyəcək və Zelenski ilə birbaşa danışıqlara getmək üçün əlavə siyasi və strateji şərtlər irəli sürəcək. Rusiya yaxın müddətdə Ukrayna ərazisində hərbi əməliyyatlarını davam etdirəcək. Bu ilin sonuna doğru isə iki ölkə arasında atəşkəsin əldə olunacağı gözlənilir. Son dövrlərdə Ukraynada atəşkəsin təmin olunması istiqamətində müəyyən konkret irəliləyişlər müşahidə edilir. Bununla yanaşı, tərəflər arasında qarşılıqlı ittihamlar hələ də davam etməkdədir. Hazırkı vəziyyət onu göstərir ki, nə Rusiya, nə də Ukrayna tərəfi siyasi iradə göstərməyə və güzəştə getməyə hazır deyil. Tərəflərin sərt mövqeləri danışıqlar prosesini çətinləşdirir. Müharibənin yekun nəticələri barədə isə dəqiq fikir bildirmək hələ ki, mümkün deyil. Lakin onu demək olar ki, prosesin gedişi və son nəticə zamanla daha aydın şəkildə özünü göstərəcək".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər