PDF Oxu

Siyasət

  • 537

Azərbaycan Avropanın vacib və etibarlı tərəfdaşıdır

image

Prezident İlham Əliyev: "Azərbaycan bu gün Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatçısıdır"

Dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olmaq əsas məsələlərdən biri olaraq diqqətdədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişafdadır və ölkələrarası münasibətlər etibarlı tərəfdaşlığa söykənir. Bu gün Azərbaycan Avropa enerji təminatının şaxələndirilməsində mühüm əhəmiyyətə malik lider ölkə kimi yüksək imicə sahibdir. Beynəlxalq aləmdə reallaşdırdığı layihələrlə körpü rolunu oynayan ölkəmiz tranzit ölkə olaraq beynəlxalq aləmdə uğurla əməkdaşlıq edir.

Məlumdur ki, mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfər edib. Dövlət başçımız Albaniyanın paytaxtı Tirana şəhərində "Avropa Siyasi Birliyi" 6-cı Zirvə toplantısının açılış mərasimində iştirak edib. Builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak ediblər. Tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması kimi mövzular müzakirə olunub. Vurğulayaq ki, "Avropa Siyasi Birliyi" təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Azərbaycan Prezidentinin səfəri çərçivəsində mayın 16-da Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü olub. Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndiriblər.

Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyi sisteminin yaradılması prosesinin fəal iştirakçılarından və təşəbbüsçülərindən biri olması beynəlxalq aləmdə də etiraf olunur. Ölkəmizin bu sahədə real imkanları onun xarici siyasətdə qazandığı uğurlara təkan verir, onu daha da dəyərləndirir.

Azərbaycan bütün sahələrdə olduğu kimi, enerji sektorunda da qazandığı uğurları, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası ilə diqqətdədir. Bu layihələr ölkələr, xalqlar arasında körpü rolunu oynayır, onları daim bir araya gətirir. Əməkdaşlığın coğrafiyasının ildən-ilə daha da genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir.

SÜLHÜN VƏ SABİTLİYİN TƏMİN OLUNMASINDA MÜHÜM PLATFORMA

Görüşdə Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulanıb. Bununla yanaşı, ölkəmizin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da məmnunluqla qeyd edilib. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq regionda sülhün bərqərar olması üçün bütün imkanları nəzərdən keçirir və xalqlar arasında iqtisadi, mədəni, siyasi, diplomatik əlaqələrin dərinləşməsini, insanların daha yaxşı, rifah içində yaşaması üçün yeni qərarların qəbul olunmasında əzmkarlıq nümayiş etdirir.

Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində "Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandum"un imzalanması olduqca vacib və əhəmiyyətli sənədlərdən biridir. Avropa İttifaqı ilə Azərbaycan enerji münasibətlərinə dair Anlaşma Memorandumunun imzalanması Azərbaycanın Avropa İttifaqı ilə strateji əməkdaşlığına yeni töhfədir. Azərbaycanın böyük layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirmək, yeniləmək gücündədir.

Azərbaycan Prezidenti çıxışlarının birində bildirdiyi kimi, "Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq. Sonra qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır".

Müasir dünyamızda enerji təhlükəsizliyi vacib məsələlərdəndir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq öz nəticələrini verir. Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Xüsusi olaraq qeyd edək ki, ölkəmizin enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatçıdır.

AZƏRBAYCAN Aİ-NİN ENERJİ SAHƏSİNDƏ STRATEJİ TƏRƏFDAŞIDIR

Prezident İlham Əliyevin Azərbaycanla Avropa İttifaqı arasında imzalanan Anlaşma Memorandumunu gələcək əməkdaşlığın yol xəritəsi adlandırması da əbəs deyil. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr ikitərəfli əməkdaşlıq, eləcə də Şərq Tərəfdaşlığı çərçivəsində çox uğurla inkişaf edir. Bu gün Azərbaycan Avropa İttifaqının bir çox sahələrdə uğurlu əməkdaşlığı var. Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşıdır. Azərbaycan həmçinin Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasında həlledici rol oynayır. 2006-cı ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu müvafiq sahədə ikitərəfli əməkdaşlığın bünövrəsini qoymuşdur.

Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir.

AZƏRBAYCAN VƏ AVROPA İTTİFAQI ARASINDA ENERJİ SAHƏSİNDƏ BÖYÜK PERSPEKTİVLƏR

Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində roluna toxunub. Dövlətimizin başçısı ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu bildirib, bu gün Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında Azərbaycanın rolunu vurğulayıb.

Əlbəttə ki, bu günkü real vəziyyət onu qətiyyətlə deməyə imkan verir ki, ölkəmiz Avropa enerji təminatının şaxələndirilməsində mühüm əhəmiyyətə malik lider ölkədir. Azərbaycan tranzit ölkə olaraq beynəlxalq aləmdə reallaşdırdığı layihələrlə körpü roluna yeni-yeni əlavələr edir. Hasilatı və Avropa bazarlarına çatdırılması məqsədi ilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında Azərbaycanın önəmli yer tutmasına şərait yaratmışdır. Ölkəmizin həyata keçirdiyi xarici siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında göstərdiyi fəaliyyətə görə ölkəmiz etibarlı müttəfiq imicini artıq yaradıb.

Ölkəmizin Orta Dəhlizdə oynadığı vacib rola toxunan Prezident İlham Əliyev bu dəhlizin inkişafı məqsədilə Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş investisiyaları və bu istiqamətdə aparılan işləri qeyd edib. Dövlətimizin başçısı Orta Dəhlizlə yüklərin daşınma həcminin artdığını da diqqətə çatdırıb.

Söhbət zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri səviyyəsində Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq haqqında Sazişə, həmçinin Qara dənizin dibi ilə bərpaolunan enerji resurslarının ixracı üçün elektrik kabel xətti layihələrinə toxunulub. Avropa İttifaqı ilə əməkdaşlıq üçün bu istiqamətlərdə geniş imkanların olduğu qeyd edilib.

Görüşdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılan müzakirələrə toxunuldu, bu sahədə də Avropa İttifaqı ilə əməkdaşlıq üçün böyük perspektivlərin mövcud olduğu vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Avropa İttifaqı və Azərbaycan arasında münasibələr yüksələn xəttlə inkişafdadır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sosial-iqtisadi inkişaf parametrlərinə görə, dünyada analoqu olmayan uğurlara imza atıb. Cəmiyyət həyatının bütün sahələri yenilənib və müasirləşib, əhalinin rifah halı müqayisəolunmaz dərəcədə yaxşılaşıb, sabitlik və təhlükəsizlik mühiti tam təmin edilib, respublikanın beynəlxalq nüfuzu daha da artıb. Azərbaycan Prezidenti İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, layihələr, islahatlar diqqətdən kənarda qalmır. Prezident İlham Əliyevin ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolunu düzgün qiymətləndirməsinin nəticəsidir ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir.

Azərbaycanın enerji diplomatiyası sahəsində qazandığı bu uğurlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyası müstəqil dövlətimizi beynəlxalq aləmdə etibarlı enerji təchizatçısı kimi rolunu daha da artıracaq.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər