Xəbərlər

  • 3 205

YAP Zərdab rayon təşkilatında Qurtuluş Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

image

Zərdab rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının birgə təşkilatçılığı ilə Zərdabda 15 iyun Milli Qurtuluş Günü və şəhər ərazisində tikilmiş “Abad məhəllə”nin açılışı münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları pandemiya qaydalarına uyğun şəraitdə Ümummilli Liderin abidəsini ziyarət ediblər. Daha sonra tədbirin rəsmi hissəsi yeni salınmış nümunəvi məhəllədə davam etdirilib. Tədbirdə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Milli Məclisin deputatı Jalə Əliyeva, hüquq-mühafizə orqanları və rayonda fəaliyyət göstərən digər əlaqədar təşkilatların rəhbərləri, YAP fəalları iştirak ediblər.

Gülqoyma mərasimindən sonra bir qrup YAP fəalı Heydər Əliyev mərkəzində Ulu Öndərin abidəsini ziyarət edib, onun mənalı ömür yolu və Azərbaycan xalqı və dövlətçiliyi üçün tarixi xidmətləri ilə tanış olublar.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə rayon sakinlərini Milli Qurtuluş günü münasibətilə təbrik edib. Qeyd edib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə bayram deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ölkəmizin inkişaf strategiyası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir və ötən illər ərzində Müstəqil Azərbaycan Respublikası bu strategiyaya əsaslanaraq böyük inkişaf yolu keçmişdir. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və cənab Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanmışdır və bu gün də dayanır.

Daha sonra Zərdab şəhəri ərazisində inşa olunmuş abad məhəllənin açılışı münasibətilə məhəllə sakinlərini təbrik edən icra başçısı burada görülən işlər barədə sakinlərə məlumat verib. Bildirilib ki, şəhərin Azərbaycan küçəsi istiqamətində, 10-cu məhəllədə inşa olunan sahəsi 0,54 ha olan abad məhəllənin tikintisinə cari ilin aprel ayında başlanılıb və iyun ayında yüksək keyfiyyətlə başa çatdırılıb. Abad məhəllədə 1600 kv.metr sahəyə dekorativ tamet tavalar vurulub, 400 p/m bardür düzülüb. Sakinlərin istirahəti üçün 4 ədəd kölgəlik, 10 ədəd dekorativ oturacaqlar quraşdırılıb, diametri 10 metr olan aqlay tavalarla üzlənmiş dairəvi formalı oturacaq inşa edilib. 2 ədəd əyləncə qurğusu hazırlanaraq uşaqların istifadəsinə verilib.

Ərazidə 2000 kv.metr sahədə yaşıllıq zonası salınıb, 100 ədəd həmişəyaşıl ağaclar əkilib.

Daha sonra millət vəkili Jalə Əliyeva da tədbir iştirakçılarını Milli Qurtuluş Günü və “Abad məhəllə”nin açılışı münasibətilə təbrik edib. O, öz çıxışında qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində hamımızın yaxşı xatırladığı kimi Azərbaycanda xaos, anarxiya baş alıb gedir, iqtisadi tənəzzül yaşanırdı, ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə -1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi, dahi siyasətçi, əsl vətənpərvər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Bununla da ölkəmizdə milli qurtuluş hərəkatının əsası qoyuldu. Beləliklə, 15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş günü kimi daxil oldu.

Jalə Əliyeva həmçinin onu da bildirib ki, Ümummilli Liderimizin işləyib hazırladığı inkişaf konsepsiyası bu gün də ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla həyata keçirilir. Bu gün görülən işlər, həyata keçirilən layihələr bir daha göstərir ki, Ulu Öndər ideyaları əbədidir, onun hazırladığı inkişaf konsepsiyası müstəqil Azərbaycanın uğur modelidir.

Tədbirdə çıxış edən məhəllə sakinləri görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Nəzakət

Digər xəbərlər