PDF Oxu

Müxalifət

  • 17

Müsavatda daxili vəziyyət yenidən gərginləşib

Müsavatda daxili vəziyyət yenidən gərginləşib

Bir neçə gündür ki, Müsavat partiyası daxilində gərgin proseslər, intriqalar hallar daha açıq şəkil alıb. Ötən həftə qurumun Divan toplantısının qurultaya hazırlıqla bağlı vermiş olduğu qərardan sonra, demək olar ki, münasibətlər daha da kəskinləşib. Müsavat partiyasının başqanı İsa Qəmbərovun qurultaya hazırlıq komissiyasına rəhbər seçilməsi də qurum daxilində əsəbləri bir qədər gərgin duruma salıb. Ona görə ki, hazırda Müsavat daxilində, demək olar ki, hərə öz bildiyini edir. Nəticədə isə, partiyadakı vəziyyət nəzarətsiz hala düşməkdədir.
Tofiq Yaqublu bir sıra yerlərdə özünü Müsavat başqanı kimi təqdim edir

Qeyd etdiyimiz kimi qurultayla bağlı hazırlıqlara qərar verdikdən sonra ümumi partiya işlərinə nəzarəti tamamilə itirmiş İ.Qəmbərov bəzi məsələlərlə məşğul olmaqdan uzaqlaşdırılıb. Onun adından verilən dəvətnamələr də partiya qərargahından kənara çıxmır. Çünki onun imzası ilə istənilən ünvana göndərilən məktubu həm müxalifət təmsilçiləri, həm də sıravi müsavatçılar hiddətlə qarşılayırlar. Bu baxımdan da regionlarda keçirilən müşavirələrdə partiya başqanı adından qurumun başqan müavini Tofiq Yaqublu özünü Müsavat partiyasının sədri kimi təqdim edir. Elə ötən gün Salyan rayonunda keçirilən toplantıda iştirak edən T.Yaqublu özünü partiya funksionerlərinə Müsavat başqanı kimi təqdim edərək, qərarverici və nəzarətedici orqanların onun əlində cəmləşdiyini bildirib.

Rauf Arifoğlu Pənah Hüseynovu İsa Qəmbərovdan bacarıqlı başqan kimi görür
Müsavatdaxili bütün proseslərdə həmişə özünün xüsusi dəst-xətti ilə seçilən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu partiyada yaranmış bu özbaşınalıqdan istifadə edərək, əsas aparıcı rolda çıxış etməyə çalışır. Müsavat partiyasından verilən məlumata görə, R.Arifoğlu bu dəfə əvvəlki metodlarından fərqli bir formada hərəkət etməklə, Müsavat partiyasını bütünlüklə nəzarətə almağa çalışır. Verilən məlumata görə, R.Arifoğlu quruma kənardan bir şəxsin başqan kimi gətirilməsinin tərəfdarı olduğunu dəfələrlə açıqlayıb. Eyni zamanda, onun bu işlə bağlı, hətta konkret addım atdığı da bildirilir. Nəzərə almaq lazımdır ki, bir neçə gün əvvəl "ACP" sədri Pənah Hüseynovla baş-başa Yessentukidə qalan R.Arifoğlu onunla bir sıra məsələləri geninə-boluna müzakirə edib. Artıq yekun qərarın da, məhz P.Hüseynovun başqanlıq postuna gətirilməsi ilə bağlı olduğu da məlumdur.

Digər xəbərlər