“İctimai Palata”da Pənah Hüseynov amili
Radikal müxalifət düşərgəsində təmsil olunan radikal müxalifət funksionerlərinin "birlik" kimi təqdim olunan "İctimai Palata" adlı qurumda cəmləşməsi və bu cəmləşmə üzündən yeni-yeni söz-söhbətlərin yaranması öz ardıcıllığı ilə davam etməkdədir. Yaranan ziddiyyətlər və qarşıdurmalar nəticəsində əmələ gələn söz-söhbətlərdə müxtəlif fikirlər formalaşır və bu formalaşma vəziyyəti daha da gərginləşdirir. Bir sözlə, müxalifət mətbuatında sırınan yazılardan fərqli olaraq, bu qondarma qurumda hər şey əksinə cərəyan edir. Eyni zamanda, adıçəkilən qurumda hər kəs özünü əsas söz sahibi kimi özünü təqdim etməklə, bütün rıçaqları öz əlində tutmağa çalışır. Orada, ümumiyyətlə, qeyri-ciddi proseslər baş verir və bu proseslərin də təqsirkarları, təbii ki, "lider" deyilən "bəylərdir". Onu da bildirmək yerinə düşərdi ki, həmin proseslərdən biri də "İctimai Palata"nın daxildən parçalanması olayıdır. Yəni bu qondarma qurumda ən çox nəzərə çarpan fakt daxili parçalanma üzərində gedən hadisələrin tez-tez dəyişməsidir. Daha dəqiq desək, hadisələr fonu dəyişsə də, parçalanma funksiyası mexaniki olaraq, öz davamiyyətini saxlayır. Məhz bu və digər faktları əlində əsas tutan "AXP" sədri, adıçəkilən qurumun "ruporu" Pənah Hüseynov qurumun bütün toplantısında bir sıra ittihamlarla çıxış edərək, qarşısına çıxanı tənqid edir, hətta bir sıra hallarda təhqirə də rəvac verir. Bu cür ittihamlardan biri də, bilavasitə, AXCP (i) sədri Əli Kərimovla Müsavat başqanı İsa Qəmbərova qarşıdır. Belə ki, P.Hüseynov istər Müsavatda, istərsə də AXCP (i)-də cərəyan edən olayların "İctimai Palata"ya da sirayət etdiyini önə çəkir və bunu qətiyyən düzgün olmayan addım kimi dəyərləndirir. Həmçinin, adıçəkilən partiyalar daxilində baş verən kütləvi istefaların reallaşması P.Hüseynovu həmin partiya sədrlərinə qarşı çıxmağa məcbur edir. Onun iddiasına görə, özünü partiya "lideri" sayan istənilən hər bir şəxs öz təşkilatını idarə edə bilmirsə, onun "İctimai Palata"da heç bir rolu və mövqeyi ola bilməz. Onu da söyləmək mümkündür ki, P.Hüseynovun bütün rıçaqları əlinə alması və sözügedən qurumda söz sahibinə çevrilməsi digər qurum- "Demokratiya Uğrunda İttifaq"da da müəyyən fikirlərə səbəb olub. Belə ki, orada toplaşanlar P.Hüseynovu öz tərəflərinə cəlb etməklə, əslində, "İctimai Palata"dakı adamları ilə gizli danışıqlara gediblər. Onlar P.Hüseynovu "İctimai Palata"dan uzaqlaşdırmaq üçün müxtəlif qurumlara, ümumiyyətlə, müxalifətdən kənarlaşdırmağa cəhd edirlər. Çünki P.Hüseynovun iddiaları və tələbləri heç birini qane etmir. Qısası, Pənah "bəy"in ora-bura dartışdırılması arxasında onun ittihamlarının qarşısının alınması istiqamətində gizli planlar həyata keçirilir. Bu isə nəinki Pənah Hüseynovun, eləcə də, bütün radikal düşərgənin parçalanmasına doğru atılmış real və qarşısıalınmaz addımlardandır.